Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Xalqa həsr edilmiş ziyalı ömrü - Abbas Zamanov 110

Son Yenilənmə : 2021-09-22 02:16:45
Baxış sayı : 1271

Məqalə görkəmli ədəbiyyatşünas-alim Abbas Zamanovun

anadan olmasının 110 illiyinə həsr edilmişdir

 

Görkəmli ədəbiyyatşünas-alim, Azərbaycan ədəbiyyatının ardıcıl və sistemli tədqiqatçılarından biri olmuş Abbas Zamanovun adı elmi ictimaiyyətə yaxşı tanışdır. Abbas Zamanovun ədəbi-elmi axtarışları və bunların nəticəsində yaranan kitabları, məqalə və çıxışları elmi ictimaiyyət tərəfindən hər zaman ədəbi hadisə kimi qarşılanmışdır. Onun klassik Azərbaycan ədəbiyyatı tarixi üzrə araşdırmaları, mətnşünaslıq tədqiqatları araşdırılan məsələlərin məğzinə nüfuzetmə dərinliyi, professional səviyyəsi ilə fərqlənir.

            Abbas Zamanov tədqiqatçı alim kimi, əsasən, klassik Azərbaycan ədəbiyyatını, xüsusən C.Məmmədquluzadə və M.Ə.Sabirin adı ilə bağlı olan “Molla Nəsrəddin” və mollanəsrəddinçilər dövrünü araşdırmışdır. Abbas Zamanovun klassik ədəbiyyatımızın korifeylərindən olan M.Ə.Sabirin, daha sonra C.Məmmədquluzadə, A.Səhhət, Ə.Qəmküsar, H.Cavid, ən nəhayət öz dövrünün nümayəndələrinin fəaliyyəti ilə əlaqədar çox qiymətli elmi-tədqiqat əsərləri ədəbi ictimaiyyətimiz arasında ona böyük nüfuz qazandırmışdır. Onun böyük demokrat Cəlil Məmmədquluzadənin təsis etrdiyi “Molla Nəsrəddin” jurnalı və bununla əlaqədar realist ədəbi məktəbin nümayəndələri  haqqında yazdığı məqalələri öz dərinliyi, sanbalı, elmi tutumu ilə fərqləınir.

        Abbas  Zamanovun yarım əsrlik elmi yaradıcılığının əsas obyekti və mövzusu, ən iri sanballı tədqiqatları böyük şairimiz Sabirin adı ilə bağlıdır. Alimin Sabir haqqındakı tədqiqat əsərlərinin adı da simvolikdir: “Sabir və müasirləri”, “Sabir bu gün”, “Sabir gülür”, “Sabir xatirələrdə” və s.  Abbas Zamanov üçün Sabir bütöv bir ədəbi epoxadır, ədəbi hadisədir və buna görə də o özünün hər kitabında ədəbiyyatımızın bu hadisəsinə qayıtmış, bu sahədəki tədqiqatlarını dərinləşdirmiş, əldə etdiyi yeni faktlarla sabirşünaslığı zənginləşdirmişdir. Müəllif  bu məqalələrində Sabir satirasının novator xüsusiyyətlərindən, onun müasirlik gücündən və dərinliyindən, Sabir poeziyasının ədəbi ənənələrimizlə bağlılığından, Sabir sənətinin dünya şöhrətindən və s. bəhs edir. Eyni zamanda, Sabir haqqında müasirlərinin, yaxınlarının, qohum və dostlarının xairələrinin toplanıb çap etdirilməsi işində də sabirşünas alim, professor A.Zamanovun xidməti böyükdür.

            Maraqlıdır ki, Sabirlə bağlı belə xatirələrdən birini Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin elmi işlər üzrə direktor müavini olmuş Rəşid Quliyev mərhum yazıçı-jurnalist Əvəz Sadığın arxivindən tapmış, lakin xatirənin aşağısında imza qoyulan yer cırıldığı üçün onu sabirşünas professor A.Zamanova verərək xatirə müəllifinin müəyyənləşdirilməsində ondan kömək istəmişdi (f.526, siy.3, sv. 333, vər.49).

             A.Zamanov eyni zamanda təcrübəli mətnşünas idi. Klassiklərimizdən bir çoxunun – M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, S.Qənizadə, M.Hadi və başqalarının əsərlərinin tərtibində, nəşrə hazırlanması və redaktəsində onun xidmətləri böyükdür. O, həmçinin, Q.Zakirin, S.Ə.Şirvaninin, C.Məmmədquluzadənin kitablarını rusdilli oxuculara təqdim etmiş, ədəbiyyatımızın bir çox nümunələrini əski əlifbası  ilə nəşr etdirmişdi.

            Yazıçı Elçin Abbas Zamanov haqqında yazdığı qeydlərində göstərir ki, onun ötən əsrin 80-ci illərindəki Türkiyə səfəri zamanı ədəbi məclislərdə, görüşlərdə, yığıncaqlarda türk yazıçıları, ədəbiyyatşünaslar, sənət adamları ondan əsasən iki nəfəri xəbər alır və o iki nəfərə salam göndərirdilər: unudulmaz maestro Niyazini, professor Abbas Zamanovu (f.526, siy.3, sv.333, vər.87). O zaman Abbas Zamanov hələ Türkiyədə olmamışdı, lakin ədəbiyyatımızın, mədəniyyətimizin təbliği naminə göstərdiyi fəaliyyət onu qardaş ölkənin ədəbi cameəsında məşhurlaşdırmışdı. Abbas müəllimin fəaliyyəti, türk mütəxəssislərinə etdiyi yardım sayəsində Anadolu türklüyü Azərbaycanı daha yaxından tanımaq imkanına sahib olmuşdu. A.Zamanov, eyni zamanda, Atatürk adına Türkiyə Yüksək Humanitar Elmlər Cəmiyyəti dil qurumunun müxbir üzvü idi.

            S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Zamanov Abbas Fəttah oğluna məxsus fond mühafizə edilir. 4 siyahıdan, 1112-dən artıq saxlama vahidindən ibarət fondun böyük hissəsini Abbas Zamanovun məktubları təşkil edir. Buraya müxtəlif ölkələrdən və şəxslərdən həm ona gələn, həm də onun göndərdiyi məktublar daxildir. Sayı 600-dən çox olan bu məktubların böyük qismini Abbas Zamanovun Türkiyə məktubları təşkil edir. O, Yaxın Şərq ölkələrindən tutmuş İspaniya, Almaniya və ABŞ-adək dünyanın bir çox ölkəsində yaşayan azərbaycanşünas alimlərlə, qələm sahibləri ilə yaradıcılıq əlaqəsi saxlayır, Azərbaycanla bağlı hər hansı məlumatı əldə etmək üçün müxtəlif ünvanlara məktub yazmaqdan yorulmur, yeni çıxan bədii kitablarımızdan, eləcə də tariximizlə, dilimizlə bağlı nəşr olunan kitablardan ibarət bağlamaları xarici ölkələrə göndərirdi. A.Zamanov həmin ölkələrlə ədəbi-mədəni əlaqələrimizin inkişafına şəxsi yaradıcılıq töhfəsindən əlavə əcnəbi qələm yoldaşlarına ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif sahələrinə dair qiymətli əsərlər göndərməklə  əvəzsiz xidmət göstərmişdir. Təsadüfi deyil ki, Türkiyədəki Ərzurum universitetində A.Zamanovun hədiyyə etdiyi kitablardan ibarət “Abbas Zamanov bağış kitabxanası” adlı bir kitabxananın fəaliyyət göstərməsi məhz həmin nəcib xidmətin nəticəsi idi. Eyni zamanda, Abbas müəllim Azərbaycanla bağlı bir çox kitabı, yaxyd məsələn, Parisdə yaşayan azərbaycanlı rəssamın əsərlərinin orijinalını xaricdən gətirmiş və ya gətirtmişdir.

            Abbas Zamanovun vətənpərvərliyinin əsas göstəricilərindən biri də onun dünya azərbaycanlıları ilə müntəzəm əlaqə saxlaması, məktubları, yazışmaları idi.  Turxan Gəncəyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Əbdüllətif  Bəndəroğlu (İraq), Cavad Heyət (İran) kimi görkəmli ziyalılar A.Zamanovun saldığı dostluq körpüsündən keçərək Azərbaycana gəlmək imkanı qazanmışdılar.

            Xüsusilə onun Cənubi Azərbaycandakı ədəbi hərəkatın canlanması uğrunda göstərdiyi fəaliyyət misilsizdir, təqdirəlayiqdir. Cənubda yazıb-yaradan ziyalılarla sıx əlaqə saxlayan, onlarla kitab mübadiləsi edən professor  Abbas Zamanovun ünvanına, demək olar ki, hər gün Cənubi Azərbaycandan yeni məktub və kitablar gəlirdi. Eyni zamanda, Təbrizdəki Tərbiyyət kitabxanası Abbas müəllimin Cənubi Azərbaycana göndərdiyi mindən artıq kitabla zənginləşmişdir. Bu sözlərə bilavasitə A.Zamanovun təşəbbüsü ilə o dövrdə “Azərbaycan müəllimi” qəzetində açılmış “Cənubdan səslər” rubrikasını və onun Cənubla ədəbi-mədəni əlaqələrimizin artmasında rolunu da əlavə etmək olar (f.526, siy.3, sv.333, vər.28).

            A.Zamanov 2-ci Dünya müharibəsinin bütün illərində cəbhədə olmuş, Krım, Şimali Qafqaz, Ukrayna cəbhələrində hərbi müxbir sifəti ilə iştirak etmiş, qanlı döyüşləri gözləri ilə görmüşdü. O, müharibənin dəhşətlərindən qorxmayaraq ən çətin döyüş nöqtələrində olmuş, qəhrəman həmyerlilərimiz haqqında oçerklər yazmışdı. Bu fəaliyyətinə görə  A.Zamanov “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. A.Zamanov hələ o zaman həmin qəhrəmanların igidliyi barədə müxtəlif oçerklər yazıb dövri mətbuatda dərc etdirmiş, bəziləri isə əlyazma şəklində qalmışdı. Sonralar bu oçerklər bir yerdə  “Sizi unutmaram, mənim cəbhədaşlarım” adlı cəbhə qeydləri şəklində dövri mətbuatda çap olunmuşdu (f.526, siy.3, sv.333, vər.75).     

            Abbas müəllimin dostları xatırlayır ki, Abbas müəllimə zəng edərək onun əhvalını soruşanda bu suala həmişə eyni cavabı alarmışlar: “Şikayətim yoxdur !” (f.526, siy.3, sv.333, vər.87). Onun bu cavabı mənalı və rəmzi idi: nə qədər çətinliklər də olsa, 82 illik həyat yolunda keşməkeşlər də olsa Abbas müəllim həmişə “şikayətim yoxdur !” deyirmiş.  Belə bir nikbinliyin səbəbi isə həyat eşqi, ədəbiyyat eşqi, yazıb-yaratmaq şövqü , xalqın mənəvi sərvətlərinin keşiyində dayanmaq istəyi, xalq məhəbbəti idi.      

           Məqalənin hazırlanmasında 526 nömrəli fondun materiallarından istifadə edilmişdir.

 

Xatirə QƏDİROVA    

S.Mümtaz adına ARDƏİA-nın

aparıcı arxeoqrafı  

 



Bugün: 860
Dünən: 817
Bu həftə: 860
Son həftə: 6197
Bu Ay: 6132
Son Ay: 25580
Bu İl: 218950
Ümumi: 1239371
1239371