Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Elmi, ədəbi, ictimai xadim Abbasqulu ağa Bakıxanovu xatırlayarkən...

Son Yenilənmə : 2024-06-13 07:59:02
Baxış sayı : 338

Abbasqulu ağa Bakıxanov - 230                         

                               Böyük mütəfəkkir, maarifpərvər alim, şair Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə dünyaya gəlmişdir. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Abbasqulu ağa səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlıq çağlarını Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda əmisi oğlu Hüseynqulu xana məğlub olması səbəbindən məcbur qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçmüşdür. Abbasqulu ağa ömrünün on altı ildən çoxunu, iyirmi beş yaşına qədər - 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalmış təhsilini davam etdirmişdir. Burada, o, ərəb və fars dillərini yetərincə öyrənmiş, bu dillərdə yazılmış xeyli kitablar oxumuşdur. 1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun çağırışı ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə xidmət etmişdir. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüşlər onun dünyagörüşündə böyük dönüş yaratmışdır. Belə ki, əvvəllər onun dünyagörüşü üçün dini sxolastika  mistika səciyyəvi idisə, "Meraci-xəyal" ("Xəyalın uçuşu"), "Məclisi-firəng" ("Firəng məclisi") kimi əsərlərində dini mistikadan əsər-əlamət belə yoxdur. Həmçinin, burada o, A.S.Qriboyedovla tanış olmuşdur; hətta sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tiflisdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində Bakıxanov yaradıcılığına yüksək qiymət verir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.

Abbasqulu ağa Bakıxanov A.S.Qriboyedov, A.S.Puşkin, A.A.Bestujev (Marlinski), V.K.Küxelbeker, A.Çavçavadze, Q.Orbeliani, N.Barataşvili, F.Bodenştedt, Fazilxan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. 1833-1834-cü illərdə, o, Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur. 

Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdir. 1835-ci ildə yenidən Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı  Qubada “Gülüstan” adlı ədəbi məclisi yaratmışdır.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan sənədlər içində dörd saxlama vahidində Abbasqulu ağanın adı xatırlanır. Onlardan ən qiymətlisi “Süvarilərdə polkovnik-leytenant A.Bakıxanovun xidməti və ləyaqətinin rəsmi siyahısı” sənədinin 25 sentyabr 1835-ci ildə tərtib edilmiş surətidir. Sənəddə Rusiya imperatorundan və İran şahından verilən təltiflər, qulluq dövründə tarixləri göstərilməklə hərbi rütbələri, xidməti nailiyyətləri haqqında ətraflı məlumatlar qeyd olunmuşdur (f.979, siy.1, sax.vah.1, vər.1-6).

A.Bakıxanov "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb, fars dillərində müxtəlif şeirlərin və bədii əsərlərin müəllifidir. Bədii ədəbiyyatda maarifçilik ideyalarının yaranması da onun adı ilə bağlıdır. Həm lirik, həm də epik növdə, yalnız əruz vəznində yazıb yaratmışdır. Onun bədii yaradıcılıq fəaliyyətini şeirlər külliyatı, poemaları, avtobiorafik şeirləri, mənzum hekayələri, qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri əhatə edir. “Riyazül-qüds”, “Kitabi-Əsgəriyyə” əsərləri ilə bədii nəsrin hekayə janrının ilk nümunələrini yaratmışdır. Həcmcə ən böyük əsərləri “Mişkatül-ənvar” və “Miratül-cəmal” məsnəviləridir.

“Miratül-cəmal” avtobioqrafik məzmun daşıyır. Burada şairin Polşada, xüsusilə Varşavada  keçirdiyi həyat, iştirak etdiyi məclislər və vətəninə olan məhəbbəti tərənnüm olunur. “Mişkatül-ənvar” məsnəvisi insan və cəmiyyətə, dövlətin idarə olunmasına, hökmdar və xalq münasibətlərinə həsrolunmuşdur. Forma və məzmun baxımından Nizaminin  “Sirlər xəzinəsi”ni xatırladır. Əsərdə bir sıra təmsil və mənzum hekayələr  də vardır ki, onların bir qismində nəsihətamiz fikirlər söylənilir, ikinci qismində isə mövcud həyatdakı ictimai eyiblər, mütləqiyyət zülmü tənqid olunur.

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm”, “Kəşfül-qəraib”, “Ümumi coğrafiya” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Bakıxanıva qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə olaraq bu parakəndə materialları toplamış və onlara əsasən “Gülüstani-İrəm” adlı əsərini yazmışdır. Bu əsərlə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyduğu üçün Azərbaycanın ilk tarixçi alimi hesab edilir. Eyni zamanda Azərbaycan arxeologiyasının  və linqivistikasının da banisi sayılır.

Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, arxelogiya, astronomiya, məntiq,  psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri 1828-ci ildə fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir.

Bakıxanova aid Tarix Arxivində qorunan ikinci maraqlı sənəd “Kaspi vilayəti rəisinin dəftərxanası” fondundakı 16 oktyabr 1843-cü il tarixli Quba qəzası üzrə hökumətdən Rusiya dövlətçiliyinə etdiyi xidmətlərdən ötrü  pensiya və digər müavinətlər alanların siyahısıdır. Burada birinci Abbasqulu ağanın adı qeyd olunub. Göstərilir ki, ona, Rusiya hökumətinə sədaqətinə görə 1600 rubl gümüş pul pensiya təyin edilmişdir (f.31, siy1, sax.vah.34, vər.8).

Ömrünün axırlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 31 may 1847–ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə də dəfn olunmuşdur.

1847-ci ilin avqust ayına aid pensiya ilə bağlı daha bir sənəd “Kaspi quberniyası vergi idarəsi” fondunda aşkarlanmışdır (f.29, siy.1, sax.vah.135, vər.59-60).  

Arxivimizdə Abbasqulu ağanın adı çəkilən sonuncu sənəd “Bakı-Dağıstan xalq məktəblərinin rəhbərliyi” fondunda 15.01.1864-cü ildə  Quba ibtidai məktəbinin nəzarətçisinin general-mayor  Cəfərqulu ağa Bakıxanovdan qardaşı Abbasqulu ağa Bakıxanova aid 12 nüsxəlik fars dilinin qısa qrammatikası əsərinin məktəbə hədiyyə alınmasına dair raportudur (f.309, siy.1, sax.vah.130, səh.1)

Xalq dahi mütəfəkkiri ilə həmişə fəxr etmişdir. Haqqında sənədli-bədii film çəkilmiş, Bakının qəsəbələrindən birinə adı verilmişdir. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Abbasqulu ağa Bakıxanovun adını daşıyır. Bakıxanov qəsəbəsində və Qubada heykəli qoyulmuşdur.

 

Dövlət Tarix Arxivinin

Sənədlərin nəşri və istifadəsi

şöbəsinin müdiri Rövşən Həsənli

                                                                                              



Bugün: 265
Dünən: 774
Bu həftə: 5634
Son həftə: 6350
Bu Ay: 18343
Son Ay: 25108
Bu İl: 284492
Ümumi: 1304913
1304913