Ermənilər onun əleyhinə Avropa və Amerikada da güclü təbliğat aparırdılar.
28 may 1918-ci ildə Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycanın Müstəqil Dövlət elan edilməsi haqqında qərar qəbul edildi. Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan ərazisində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycanı Müstəqil Dövlət elan etmiş İstiqlal Bəyannaməsini imzalamış 26 tanınmış ictimai-siyasi xadimdən biri də Xosrov bəy Paşa bəy oğlu Sultanov olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası I müvəqqəti hökumətin tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul etdi. F.X.Xoyskinin sədrlik etdiyi I müvəqqəti hökumətinin tərkibində (28.05.1918.-17.06.1918.) Xosrov bəy Sultanov hərbiyyə naziri vəzifəsinə təsdiq edildi. O, bu vəzifəni 1918-ci il iyunun 17-dək icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçür. 1918-ci il iyunun 17-də Hökumət tərəfindən Azərbaycan Respublikası Nazirlər Şurasının ikinci kabinetinin tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul edildi. Hökumət üzvləri arasında nazir portfellərinin bölüşdürülməsi haqqında 19 iyun 1918-ci il tarixli qərara uyğun olaraq Xosrav bəy Paşa bəy oğlu Sultanov ikinci hökumətin tərkibində Əkinçilik naziri vəzifəsinə təyin edildi və o, bu vəzifəni 06.10.1918-ci il tarixə qədər icra etdi.
Hökumətin nazirlər portfelinin bölüşdürülməsi haqqında 1918-ci il oktyabrın 6-da qəbul etdiyi qərara uyğun olaraq kabinədaxili dəyişikliklərdən sonra Xosrov bəy Sultanov F.X.Xoyskinin sədrlik etdiyi II müvəqqəti hökumət kabinəsində Əkinçilik və dövlət əmlakı naziri vəzifəsinə təyin edildi və bu vəzifəni 1918-ci il dekabrın 7-dək icra etdi. Sonrakı dövrlərdə Azərbaycan Respublikası Nazirlər Şurasının üçüncü, dördüncü və beşinci kabinələrinin tərkibində Xosrov bəy Sultanov yer almamış və o, Azərbaycanın Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının qeneral-qubernatoru vəzifəsini uğurla icra etmişdir.
Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və siyasi xadimi, Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonunda) dünyaya göz açmışdır. Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasında təhsil almışdır. Onun Yelizavetpol kişi gimnaziyasında təhsil aldığını təsdiq edən bəzi arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin f.319 "Yelizavetpol kişi gimnaziyası” fondunda qayğı ilə qorunub saxlanılır. Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasını bitirdikdən sonra Odessadakı Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuş və 1903-cü ildə həmin universiteti bitirmişdir. Xosrov bəy Sultanov universiteti bitirdikdən sonra vətəninə qayıtmış, Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək təmənnasız olaraq xəstələri müalicə etmişdir. Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir.
1918-ci ilin yanvarında Rusiyanın mərkəzində hakimiyyəti ələ keçirmiş bolşeviklər tərəfindən Rusiya Müəssislər Məclisi qovulduqdan sonra Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də hakimiyyət orqanı olaraq Zaqafqaziya Seyminin yaradılmasını qərara aldılar. Zaqafqaziya Seyminə üzv seçilmiş deputatların siyahısında Xosrov bəy Sultanovun da adı vardır. Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Xatırladırıq ki, 1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başlamışdır. Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında erməni-daşnak quldur dəstələri tərəfindən törədilmiş kütləvi qırğınların, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayıraraq, müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. 1919-cu il yanvarın 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general- qubernatoru vəzifəsinin təyin edilməsi haqqında qərar qəbul edildi. Həmin qərarla daxili işlər nazirinə tapşırılırdı ki, hökumətin növbəti iclasında baxılması üçün general-qubernator vəzifəsinə müvafiq namizədi seçsin və onun sərəncamına ayrılacaq məbləğ haqqında fikirlərini təqdim etsin. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Xosrov bəy Paşa bəy oğlu Sultanov Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edildi. Lakin Azərbaycan hökumətinin Qarabağ general-qubernatorluğunun təsis edilməsi haqqında qəbul etdiyi qərar Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılandı. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskiyə ünvanladı. Həmin təcili diplomatik məlumatında qeyd edilirdi: " Ermənistan hökumətinə bildirin ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X.b.Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa rayonunda baş vermiş iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına düşmüşdür.”
Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər nəticəsində erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün oldu. Lakin 1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.
Tarixi mənbələr təsdiq edir ki, Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsində, sülhün bərqərar olunmasında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və onun qardaşı Sultan bəyin böyük xidmətləri olmuşdur. Xosrov və Sultan bəy Sultanov qardaşlarının və digər dəyərli vətən övladlarının simasında tarix bir daha sübut etdi ki, Vətənin və xalqın çətin günündə ona sahib çıxa bilən oğulları meydanda olmuşdur, var və olacaqdır! Təsadüfü deyildi ki, həmin dövrdə ermənilər məhz Xosrov bəy Sultanovun əleyhinə yalnız Transqafqazda deyil, Avropa və Amerikada güclü təbliğat işi aparırdılar. General-qubernator Xosrov bəy Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparmışdır. Həmin mübarizənin nəticələrindən biri idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. 2 sentyabr 1919-cu il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. İyirmi altı bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi: "Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi...7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar.” Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də, Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmış bu qiyam nəticəsində ermənilər Əsgəran qalasını ələ keçirə bildilər. Qarabağda ermənilərin törətdikləri separatçı qiyamlar və soyqırımı 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğal edilməsini sürətləndirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra - 1923-cü ildən general Xosrov bəy Sultanov mühacirətdə yaşamalı olur. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamışdı. Xosrov bəy Sultanov Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov Paşa bəy Sultanov Trabzonda məskunlaşmışdır. O, 1943-cü ildə Türkiyədə vəfat etmişdir.
Əvvəllər onun məzarının Trabzonda olduğu düşünülürdü, lakin bu istiqamətdə aparılmış axtarışlar bir nəticə verməmişdi. 2015-ci ilin avqustunda tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca İstanbulda Azərbaycanın tarixi şəxsiyyətləri barədə sənədli film çəkərkən, Fəriköy məzarlığında olmuş və Xosrov bəyin məzarını da aşkarlamışdır. Xosrov bəy Sultanovun 1943-cü ildə İstanbul şəhərində vəfat etdiyi müəyyən edilmişdir.
Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılmış Xosrov bəy Sultanovun xidmətləri xalqımız tərəfindən heç vaxt unudulmur. Onun öz xalqı və dövləti qarşısındakı xidmətləri daim böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və
istifadəsi şöbəsinin baş məsləhətçisi
Bugün: | 310 |
Dünən: | 774 |
Bu həftə: | 5679 |
Son həftə: | 6350 |
Bu Ay: | 18388 |
Son Ay: | 25108 |
Bu İl: | 284537 |
Ümumi: | 1304958 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az