XX əsr ədəbiyyatımızda sağlam məfkurəli, dolğun düşüncəli ədəbi gəncliyin böyük bir dəstəsi yetişmişdir. Onların çoxu yaradıcılıq işinə Böyük Vətən müharibəsi illərində başlamışdır. Dövrün şairləri yaradıcılıqlarının çoxunu düşmən üzərində qələbəyə ruhlandırmaq, müharibədən sonra gedən böyük quruculuq işlərini tərənnüm etməyə həsr etmişdilər.
XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatına gəlmiş yeni nəfəsli qələm sahiblərindən biri də Adil Babayevdir. Görkəmli şair, dramaturq, tərçüməçi Adil Qafar oğlu Babayev 1925-ci il yanvar ayının 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Onun uşaqlıq və ilk gənclik illəri Tiflis keçmişdir. O, Tiflis şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. 1943-cü ildə isə Tbilisidə A.S.Puşkin adına ikiillik Müəllimlər İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olmuşdur. Bədii yaradıcılığa müharibə günlərində başlayan istedadlı şair ilk lirik şeirlərini də məhz həmin vaxtlarda yazmışdır. 1940-cu ildən başlayaraq mütəmadi olaraq öz qələmini sınamış, şeirlərini nəşr etdirmişdir. O, “Şərq qapısı”qəzetində əvvəl korrektor, daha sonra “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.1945-1947-ci illərdə “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildən isə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur.
Adil Babayevin yaradıcılığında həyat eşqi,gələcəyə ümid,insana inam,vətənə sevgi başlıca xüsusiyyətlərdən idi. Yaşadığı bütün haqsızlıqlara baxmayaraq, sağlam əqidəsi onun ümidlərini heç zaman qıra bilməyib. Onun misralarında hər zaman vətəndaş harayı, haqq-ədalət naminə mübarizə vardır. Bədii yaradıcılığında “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim” pyesləri teatr səhnəsində tamaşaya qoyulmuşdur. Şair zamanla öz qələmini bədii tərcümə səhnəsində də sınamışdır. A.S.Puşkinin, R.Taqorun lirik şeirlərini N.A.Nekrasovun “Sükut”, “Saşa”, “Yoxsul və bəzəkli” və.s şeir, poemalarını tərcümə etmişdir.
Adil Babayevin ömrünün bütün dövrləri gərgin zəhmətlə keçmişdir, lakin bütün bu illər ərzində o, haqq yolundan dönməmişdir. 1956-cı ilə qədər ona xalq düşməninin oğlu kimi çox əziyyətlər veriblər və şə, böhtanlarla dolu günlər çox zaman onun irəli getməsinə mane olub, onu çox incidib narahat ediblər. 1956-cı ildə atası tam bəraət aldıqdan sonra üzərindən qara günlərin kölgəsi çəkilmişdir. Görkəmli xalq şairi, ədəbiyyatşünas Bəxtiyar Vahabzadə öz xatirələrində yazırdı: “Adil çox yerdə sıxıntı keçirir, çox yerdə sözünü açıq deyə bilmirdi, ehtiyat edirdi. Atasının həbs olunaraq, xalq düşməni kimi güllələnməsi onun üstünə kölgə salırdı və ona görə də çox zaman ona irəli getməsində mane olurdu. Atası güllələndə Adil bir neçə aylıq olub. 1956-cı ildə tam bəraət alana kimi Adili çox incidirlər. Mən bunun şahidiyəm.”
Adil Babayevin ocağında böyüyən ziyalı, əməkdar jurnalist, pedaqoq Etibar Babayev öz atası haqqında müsahibələrindən birində deyir: “ Altı yaşım vardı, ev telefonumuz zəng çaldı. Mən uşaq marağı ilə qaçıb telefonun dəstəyini götürmək istəyəndə atam artıq dəstəyi məndən əvvəl götürmüşdü. Mən isə sakitcə dayanıb atama sığınmışdım. O, atama atasının tam bəraət aldığını bu barədə sənədlərin artıq Moskvaya göndərildiyini xəbər verdi. Ani bir sükut yarandı. Birdən gördüm ki, əlimin üstünə su damcıları düşür. Başımı qaldırıb baxanda atamın ağladığını gördüm. Həmin zəng sonralar Adil müəllimin xoşbəxt olmasına kömək etdi, desəm yalan olar. Bəzən adama ele yaralar vururlar ki, sonradan baş verənlərin onun üçün əhəmiyyəti olmur. Atam ona qədər də xoşbəxt idi. O, artıq öz həyatını, yaşam tərzini, hətta yaralarını da olduğu kimi qəbul etmişdi. İçindəki işıq ona əlli iki il yaşamağa bəs etmişdi”.
Adil Babayev 19 avqust 1977- ci ildə 52 yaşında ürəktutmasından vəfat etmişdir. Dünyasını dəyişəndən sonra qələm sahibinin 1985-2018-ci illərdə “Ata sorağında”, “ Anamın bayramı”, “Yaşamağı bacarmıram”, “Seçilmiş şeirlər” kitabları nəşr olunmuşdur. Onun yaradıcılığına həsr olunmuş elmi məqalələr və dörd monoqrafiya yazılıb. Görkəmli şairin Azərbaycan Telefilm Yaradıcılıq birliyində “Ata olsam belə, ata istərəm” adlı sənədli filmi çəkilib. Xatirəsini əbədiləşdirmək məqsədilə Bakı və Gəncə şəhərində onun adı iki küçəyə verilmişdir. Bütün bunlar şairin yaradıcılığına verilən dəyərin mümunəsidir.
Bu gün Adil Babayev irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 41 N-li fond adı altında qorunur və saxlanılır. Fond öz zənginliyi ilə seçilir. Sənədləri arasında onun əlyazmaları (poemaları, şeirləri, məqalə, bədii tərcümələri), yazışmaları, tərcümeyi-hal sənədləri üstünlük təşkil edir. Sözün və sənətin Adil Babayev zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı çox çətinliklərdən, sınaqlardan çıxmışdır. Ona qarşı olunan haqsızlıqlar şairə böyük təsir göstərmişdir. Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədləri arasında o illərin yaşadığı çətin məqamları da əks olunmuşdur. Məqalədə 41 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.
Gülnar Şərifova
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 470 |
Dünən: | 961 |
Bu həftə: | 2106 |
Son həftə: | 5782 |
Bu Ay: | 22762 |
Son Ay: | 20603 |
Bu İl: | 69983 |
Ümumi: | 1382568 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az