Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Yurdu üçün ağlayan şair - Almas İldırım

Son Yenilənmə : 2022-12-21 01:57:22
Baxış sayı : 1587

1907-ci ilin martın 24-də Bakının Qala kəndində bir uşaq dünyaya göz açır. Bu uşaq Vətənə bəslədiyi sonsuz məhəbbətə görə gələcəkdə amansızcasına təqib olunacaq, doğma od-ocağından ömürlük didərgin salınacaq acı taleli şairlərimizdən olan Almas Yıldırım idi.

            Şairin dünyaya göz açdığı illərdə Bakıda inqilab rüzgarları coşub qaynamaqda idi. Nəhayət, 28 may 1918-ci ildə demokratik Azərbaycan Respublikası qurulur. Onun ailəsi Bakının Çəmbərəkəndinə köçür, atası da burada ticarətlə məşğul olmağa başlayır. Almas uşaq qəlbi ilə milli dövlətçiliyin qürurunu duyur, bunları duya-duya, seyr edə-edə kiçik cızma-qaralar da edirdi.

            1920-ci ilin aprelində Azərbaycan üzərinə yenidən bolşevik kabusu çöküncə Almas ruh düşgünliyünə qapılır. Artıq üç rəngli müstəqil, demokratik Azərbaycan bayrağı yox idi... Müstəqil Azərbaycan Respublikasının süqutunun acısını Almas İldırım ömrü boyu qəlbində daşımışdır.

O, 1927-ci ildə Bakıdakı Şərq ədəbiyyatı fakültəsinə qəbul olunur. Bir neçə ay dərslərə davam edəndən sonra fakültəyə vermiş olduğu bəyannamənin incələnməsi nəticəsində ailəsinin tacir zümrəsinə mənsub olduğu irəli sürülür və onu qəbul olunduğu Bakı Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edirlər (ARDƏİA f. 666, s.1, sv.12). 20 yaşlı gənc bu hadisədən sarsılır, ancaq yıxılmır. O zaman yeni təşkil edilən Azərbaycan proletar yazıçıları cəmiyyətinə müraciət edərək, “Cığırdaşlar”a qoşulur. “Qızıl qələmlər” məcmuəsimdə bir neçə şeir dərc etdirir. Onun ilk şeirlərindən olan “Sevdiyim” və “A dağlar” o zaman İstanbulda çıxan “Həyat” qəzetində dərc edilir. Şair vətəninin əsarətdə olmasını, sərvətlərinin talanmasını “A dağlar” şeirində obrazlı şəkildə dilə gətirir:

 Çiçəkli qoynunda bir bağça tikdim

Sulamaq üçün göz yaşları tökdüm

  Gecə-gündüz əməyini mən çəkdim.

Yoldu meyvəsini yellər, a dağlar!..

 

İldırımın həyatında qara yellər də elə bu ildən əsməyə başlayır. Bədxahların fikrincə onun sözləri dağlara yox, guya müsavata ünvanlanmışdır və buna görə də o, bolşevik platformasından uzaqlaşdırılmalıdır. Bunun nəticəsində Almas İldırım ədəbiyyat cəmiyyətindən atılaraq təqib edilir və nəticədə Dağıstana sürgün edilir. Bu vaxtsız və yersiz sürgündən dolayı böyük bir üzüntü yaşayan şair hisslərinin sözlə belə ifadə edirdi:

Gizli yol kəsmədim, qaçaq olmadım,

  Sakin bir həyatı pozmadım mən ki!...

                                          Dost üçün qanlı bir bıçaq olmadım,

           Heç bir qətlə fərman yazmadım mən ki!...

 

Dağıstanda qaldığı iki illik sürgün həyatında heç bir qəribçilik çəkməyən Almas İldırım qısa bir zaman içərisində istiqbal və hürriyətə susamış yüzlərcə vətənpərvər və milliyətçi şəxslərlə tanış olur. Dağıstanın milli həyatından ilham alaraq yazdığı şeirləri ilə eldən-elə dolaşır. Şair həmin illərdə “Dağıstan füqərası” adlı qəzetdə öz kəskin, lirik şeirləri ilə çıxış edir. Bu illərdə o, həm də professional jurnaslist kimi də fəaliyyət göstərmişdir (ARDƏİA f.666, s.1, sv.12).

O zaman şairin nəşr olunan “Dağlara səslənirkən” adlı şeirlər kitabı sonradan kommunizmə qarşı yad fikirlər daşıdığı bəhanəsi ilə yasaq edilərək mağazalardan yığışıdırılır.  Qeyd etmək yerinə düşərdi ki, xoşbəxtlikdən yeganə nüsxə professor Abbas Zamanovun şəxsi kitabxanasında qorunmuşdur və bu gün həmin kitab S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində illərin yadigarı kimi mühafizə edilir (ARDƏİA f.666, s.1 sv.15).

Almas İldırım artıq Dağıstanda qala bilməzdi. Ətrafına toplaşan istiqlalçı ünsürlər də hökuməti bir xeyli narahat edirdi. Təqiblərdən qorxub çəkinməyən şair bu dəfə daha uzağa – Türkmənistana sürgün edilir. Almas İldırım bu qərarı belə qarşılayır: “Mənim bu şəkildə dolanmam onlar üçün daha fəna olur. Mənə yurdumun hər bucağını gəzdirirlər. Millətimin boynuna asılan hər zəncir həqqəsi məndəki kinləri genişləndirir” (ARDƏİA f.666, s.2 sv.12).

A.İldırım Aşqabadda göz həbsində saxlanmasına baxmayaraq coşğun ədəbi-ictimai fəaliyyətini davam etdirir, azadlığa, müstəqilliyə qəlbən inanır və bu yolda inamla addımlayır:

                                    Sən istərsən qəlbimi parçala, gir, çeynə, əz,

                                    Mənim sənə bu yolda tükənməz bir canım var!

                                    Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz,

                                    Mənim də bir gün yenə sana bir üsyanım var!...

 

Belə kəskin ictimai-siyasi məzmunlu şeirlərinə görə o, Dövlət Təhlükəsizlik Komitəsi işçiləri tərəfindən izlənilir və təqib olunur. Şair “Neçin şair doğuldum ?” şeirində onu incidən, narahat edən suallara cavab axtarır:

 

Mən niyə qəribəm bu doğma eldə

               Məhbəsmi dörd yanım, mənki boğuldum.

        Məlun bir zamanda, məhkum bir eldə

      Allahım, mən neçin şair doğuldum?...

 

Bütün bu fikirlər şairin Aşqabadda çalışdığı “Zəhmət” qəzetində dərc edilir, xalq tərəfindən sevilir. Onun şöhrəti, xalqa yaxınlığı rəsmi dairələri qorxuya salır. Yenidəın şairə qarşı hücumlar başlayır. Artıq Almas İldırım vətəni Azərbaycanı tərk etmək məcburiyyətində qalır. Əgər getməsəydi Almas da 30-cu illərin məşum kabusunun qurbanı olacaqdı. Aşqabadda evləndiyi azərbaycanlı həyat yoldaşı və üç aylıq oğlu Azərlə birlikdə 1933-cü ildə İrana doğru gedən bir karvana qoşularaq vətəni əbədilik tərk edir.

     Lakin İranda qaldığı bir neçə aylıq müddət ərzində o olmazın işgəncələrə məruz qalır. Düçar olduğu ölümcül vəziyyətini “Azərin duası” adlı şeirində belə ifadə edir:

            Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına

            Gözlər yaşlı, boynu bükük, vətənsizmi öləcəyəm?...

Göz dikərək yad ellərin şəfa verməz ocağına,

    Belə qərib bir parçacıq kəfənsizmi öləcəyəm?...

 

            Almas İldırım özünü çox yalnız və qərib hiss etdiyi İranda qala bilməzdi. Onun bütün arzusu Türk dünyasının yeganə müstəqil və hürr bir qalası olan Türkiyəyə qovuşmaqdı. Qısa müddət ərzində şair buna müvəffəq olur (ARDƏİA f.666, s.1, sv.12).

            Şair Türkiyədə yaşayıb yaradarkən də dinclik, rahatlıq nə olduğunu bilmədən ölkəmiz, xalqımız haqqında, bolşevik-daşnak qaraguruhu tərəfindən qəsb edilmiş hüquqlarımız haqqında var səsiylə dünyaya car çəkmiş, Azərbaycan-Türkiyə dostluğunu, türkçülüyün təntənəsini ürəkdən tərənnüm etmişdir. O, öz şair qəlbinin həssaslığı ilə dərindən duymuş və inanmışdır ki, yadellilərin zülm zəncirləri mütləq parçalanacaq, Azərbaycanımız öz dövlət müstəqilliyinə  qovuşacaqdır:

Mənim eşqim, a dostlar, əzəlidir əzəli,

      Kim çalacaq könüldən o sevdalı gözəli?!...

        Yox bir qüvvət ki, yıxsın qəlbimdəki əməli,

        Mənim ki, o qurtuluş gününə imanım var!..

 

Almas Yıldırımın səmimi şeirləri hər şeydən əvvəl sanki vətəninin yaralarını və dərdlərini oxşayırdı:

                               Sormayın kimlərdənəm, haralıyam, a dostlar,

                               Könüldən fırtınalı, buralıyam, a dostlar,

                               Qızıl bir qurşun aldım, yaralıyam , a dostlar!...

 

Vətən həsrəti, yurd nisgili, ocaq istisi şairin qəlbinə hakim kəsildiyindən o qürbətdə yaşadığı illər ərzində də öz doğma el-obasını unuda bilmir. Onun 1940-cı illərdə yeganə bacısı Sonaya yazdığı məktublarında da bu ideyalar özünü göstərirmiş. Çox təəssüf ki, nadan bir şəxsin sözü ilə 1942-ci ildə başı havalı Sona xanım həmin məktubları yandırmış və ömrünün sonuna qədər (1982-ci ildə vəfat etmişdir)  özü də qardaş həsrətilə yanmışdır:  (ARDƏİA f.666, s.1, sv.15).

                                          Mənim bircəcik bacım,

                                          Dinlə, sana anlatayım qürbəti:

                                          Qəhr olası çəkilməyən nazı var.

                                          Qürbət dedikləri issiz bir ada ,

                                          Dörd tərəfi ucsuz, bucaqsız dəniz.

 

            Yaxud digər bir şeirində şair sanki hayqıraraq vətəninə səslənir:

 

              Xəbər alsam Muğanımdan, Milimdən,

                                     Nazlı Bakım, o neft qoxan gülümdən,

                                     Kim demiş ki, düşmüş adı dilimdən...

                                     Azərbaycan, mənim ana yurdum oy!...

                                     Ölməz eşqim, içimdəki dərdim oy!... (ARDƏİA f.666, s.1, sv.13)

 

Yuxarıda qeyd etdiyimiz kimi, 1932-ci ilin yayında şairimiz sovet repressiya maşınının tezliklə ölümlə nəticələnəcək təqiblərindən xilas olmaq üçün bir il öncə evləndiyi xanımı ilə baş götürüb Sovetlər Birliyindən xaricə qaçanda onların qucağında üç aylıq bir körpə oğlan uşağı da varmış. Bütün məşəqqətlərə baxmayaraq, taleyin möcüzəsi o körpəni qorumuşdu. O zaman yolboyu çığıraraq hey ağlayan həmin körpə - 1992-ci ildə ömrünün ağsaqqal çağında doğma yurdu Bakıya dönən və atasının yubiley tədbirlərində iştirak edən Azər bəy Almaszadə idi (ARDƏİA f.386, s.4, sv.47).

Qəlbi vətən sevgisi ilə alışıb-yayan şair 45 yaşında ömrünü uzaq Türkiyədə başa vurur...

Şübhəsiz ki, şair bu qədər erkən ölmək istəməzdi. O yurd üçün ağlaya-ağlaya bir az da yaşamaq istəyirdi:

                                     Ölməkmi.... Yaa ümidə bel bağlasam,

                                      Yurdum üçün bir az daha ağlasam?! (ARDƏİA f.666, s.1. sv.12)

            Vaxtilə A.İldırım şeirlərindən birində yazmışdı:

                             Yox, mən ölmək istəməm görmədən doğma yurdu,

                             Mən orda ağlamışam, mən orda güləcəyəm.

                             Söylə, qoy sevinməsin Şimalın vəhşi qurdu,

                             Mən tufanla doğmuşam, tufanla öləcəyəm! (ARDƏİA f.386, s.4, sv.47)

 

            Şairin arzuları həyata keçdi. Yəni cismən olmasa da, mənən o, öz doğma yurduna qayıtdı, övladlarının, nəvələrinin gözlərilə də olsa, doğulub boya-başa çatdığı obaları gördü. A.İldırım artıq öz azad yurdunda, vətənindədir və onu xalqının bağrından daha heç bir tufan qopara bilməz!

Almas İldırım kimi bütün varığını vətəninə həsr etmiş milli şairlərin ruhən və mənən ölmələri, zehinlərdən və ürəklərdən silinmələri imkansızdır. O, şeirləri ilə, əziz xatirəsi ilə hər zaman qəlbimizdə yaşayacaqdır.

            Məqalənin hazırlanmasında 666 və 386 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

 

Xatirə QƏDİROVA

                                                        S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                        və İncəsənət arxivinin aparıcı

                                                       arxeoqrafı

 

 



Bugün: 712
Dünən: 740
Bu həftə: 2964
Son həftə: 6066
Bu Ay: 16860
Son Ay: 28223
Bu İl: 257901
Ümumi: 1278322
1278322