Gəncə ədəbi mühitinin qüvvətlənməsində, inkişafında əhəmiyyətli xidmətləri olan, hələ gənclik illərindən yazdığı hədəfinə dəqiq tuşlanan, onu düz ürəyindən vuran satirik, insanların ruhuna təsir edən, müharibənin yaratdığı dəhşətləri göz önünə gətirən realist hekayələri ilə Azərbaycan xalq yazıçılarının, söz sənətkarlarının, həmçinin xalqın rəğbətini qazanmış yazıçı-dramaturq-ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov 15 may 1930-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1938-ci ildə orta məktəbə daxil olmuş, 1943-cü ildən təhsilini davam etdirə-etdirə saatsaz şagirdi kimi əmək fəaliyyətinə başlamış, 1949-cu ildə orta təhsilini tamamlayıb H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olmuşdur.
İnstitutda oxuduğu müddətdə zəhmətsevərliyi, fəallığı, ədəbiyyata vurğunluğu ilə seçilən Altay Məmmədov İnstitut tələbə elmi cəmiyyətinin sədri olmuş, eyni zamanda “Gəncə fəhləsi” qəzetində /1951/ korrektor, “Gəncə kommunisti” qəzetində məsul katib müavini /1953/ və məsul katib /1953-1955/ vəzifələrində çalışmışdır.
Altay Məmmədov yaradıcılığa 1950-ci ildə “Ədəbiyyat” qəzetində nəşr olunmuş “Fəhləlikdən alimliyə”adlı oçerki ilə başlamışdır.
1953-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində saxlanmış və Azərbaycan ədəbiyyatı tarixi üzrə mühazirə oxumağa başlamışdır.1970-1974-cü illərdə həmin institutda elmi işlər üzrə prorektor vəzifəsini icra etmişdir.
1962-1989-cu illərdə Altay Məmmədov əvvəlcə Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin sədri, sonra isə Gəncə Zona şöbəsinin məsul katibi vəzifələrində çalışmışdır. Altay Məmmədovun Gəncə və ətraf rayonlarda mədəni tədbirlərdə iştirakı, incəsənətin, mədəniyyətin inkişafında göstərdiyi şücaət, qazandığı, qazandırdığı uğurların nəticəsi olaraq Azərbaycan Ali Soveti Rəyasət heyətinin fərmanı ilə ona 1971-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.
Cəfər Cabbarlı ənənələrinin davamçısı, xalqına, millətinə kökünə bağlı, onu ülvi bir məhəbbətlə sevən, hər cür köhnəlik qalıqlarından azad etməyə çalışan, ətrafa açıq gözlərlə baxmağa səsləyən Altay Məmmədovun təxminən 22 bədii, elmi və tarixi kitabı nəşr edilmiş, pyesləri Rusiya, Tacikistan, Bolqarıstan və Vyetnamda tamaşaya qoyulmuş, əsərləri rus, ukrayna, latış, ləzgi, bolqar, fransız, ispan, ingilis, ərəb, fars, macar, eston, tamil, tacik dillərinə tərcümə edilmişdir.1973-1974-cü illərdə “Mahnı” adlı kiçik povesti Şri Lanka respublikasında ayrıca kitab halında iki dəfə nəşr edilmişdir.
Altay Məmmədov Kirovabad dram teatrında səhnəyə qoyulmaq üçün özbək dramaturqu Əbdülqəhhar İbrahimovun “İlk busə”, gürcü dramaturqu O.İoselianinin “Araba hələ aşmayıb”, V. Şukşinin “Diribaş adamlar” pyeslərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Yazıçı Cəfər Cabbarlı dramaturgiyasının sənətkarlıq xüsusiyyətlərini araşdırmış, professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1964-cü ildə “C.Cabbarlının 1905-ci ildə dramı” mövzusunda yazdığı dissertasiyaya görə Filologiya elmlər namizədi alimlik dərəcəsi almış, 1965-ci ildə dosent vəzifəsinə seçilmişdir.
Altay Məmmədov eyni zamanda dramaturgiya sahəsində də qələmini sınamış və Azərbaycan tamaşaçısının ürəyinə yol tapmağı bacarmışdır.
Müəllifin “Həmyerlilər” satirik komediyası 1960-cı ildə Kirovabad Dram teatrında, sonralar Dağıstan MSSR-də Kumık teatrında, Sumqayıt, Ağdam, Mingəçevir teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
1964-cü ildə müəllifin “Kişilər” komediyası Kirovabad teatrında daha sonra Ağdam teatrında, həmçinin Tacikistan SSR-də, Azərbaycan Televiziyasında da səhnələşdirilmiş, Sovet ordusu teatrı artistlərinin ifasında bir neçə dəfə Mərkəzi televiziya ilə nümayiş etdirilmiş, Moskva teatr tənqidçiləri tərəfindən müsbət qiymətləndirilmişdir.
1982-ci ildə Kirovabad teatrında tamaşaya qoyulan “Dəli Domrul” qəhrəmanlıq komediyası, Bakı Bələdiyyə teatrı tərəfindən yenidən hazırlanmış və 1999-cu ildə İstanbulda keçirilən “Kitabi-Dədə Qorqud” günlərində uğurla səhnələşdirilmiş, türk mətbuatı və kütləvi informasiya vasitələrinin yüksək qiymət və marağına səbəb olmuşdur.
Altay Məmmədovun M.F. Axundovun “Aldanmış kəvakib” povestinin motivləri əsasında qələmə aldığı, Bakı və Moska mətbuatının rəğbətini qazanmış “Ulduzlar görüşəndə” qəhrəmanlıq komediyası 1974-cü ildə Kirovabad teatrında səhnələşdirilmişdir.
Müəllifin “Xalq düşməni”, “Müsəlman parlamentindən reportaj”, “Yadındamı?” və b. dram əsərləri də var. 3 pyesi Moskvada kitab şəklində nəşr edilmişdir.
1989-cu ildən fəaliyyət göstərən Nizami poeziya teatrının yaradıcılarından biri olan Altay Məmmədov dahi şairin əsərləri əsasında 10 ssenari yazmışdır.
Ümumən teatrımızın tanınmasında, müasirləşməsində, inkişaf etməsində, sevilməsində Altay Məmmədovun danılmaz xidmətləri olmuşdur. O, teatrın inkişafına dair aktual məsələlərlə maraqlanmış, tamaşalara aid resenziyalar çap etdirmiş, səhnə xadimləri – xalq artistləri Əşrəf Yusifzadə və Ələkbər Seyfi haqqında iki monoqrafiya yazmışdır.
Altay Məmmədov Azərbaycan xalqının tarixi və etnogenezi kimi mühüm məsələlərlə dərindən maraqlanmış, araşdırmalar aparmış, nəticədə “Oğuz səltənəti” və “Kəngərlər” kimi tədqiqat əsərlərini ərsəyə gətirmişdir. Müəllifin tədqiqat işləri bununla məhdudlaşmır, şifahi xalq ədəbiyyatından başlamış, müasir dövrədək ədəbiyyatımızın, xüsusən hekayə janrının inkişafını diqqətlə izləmiş, nəticədə “Azrbaycan ədəbiyyatında hekayə”, “Hekayələrdə dini fanatizmin tənqidi”, “Azərbaycan hekayəsi” və s. kimi qiymətli monoqrafiya və elmi əsərlər yaratmışdır.
Altay Məmmədovun formaca qısa, məzmunca dərin, düşündürücü hekayələri xalq tərəfindən xüsusilə sevilmiş, müəllif hələ gənckən xalq yazıçısı Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal Paşayev, prof. Bəkir Nəbiyev, Qulu Məmmədov, Təhsin Mütəllibov, Məsud Əlioğlu, akad. Məmməd Arif kimi ziyalıların diqqətini çəkmiş, adları çəkilən ziyalılar müəllifin yaradıcılığını, xüsusən də hekayə janrında qazandığı uğurları qeyd etmiş, müsbət fikirlər söyləmişlər:
“Altay Məmmədovun oynaq yumorlu süjetləri diqqəti daha çox cəlb edir. Şirin və ağıllı yumora malik olan Altay Məmmədov sağlam gülüşün qüdrətindən məharətlə istifadə edərək, mənalı həyatımızda mənasız ömür sürən, mənsəbpərəst, ictimai mülkiyyətə, xalq malına vicdansız münasibət bəsləyən tüfeyliləri və onların iş üsulunu öz əsərlərinin tənqid hədəfinə çevirmişdir.” (Təhsin Məmmədov - professor).
A.Məmmədovun “On birinci açar”- 1958, “Məhəbbət və gülüş”- 1963, “Tökülən yarpaqlar”- 1965, “Məhəbbətin səsi”- 1968, “Gülab nəfəsli” – 1970, “Yadigar bulaq”- 1977, “Ulduzlar görüşəndə”-1979 və s. kimi kitablarında toplanmış saysız maraqlı, hər dövr üçün aktual hekayələri bu gün də sevilərək oxunur.
Müəllif “Gülab nəfəsli” (1969) hekayəsində övladına, xəstə həyat yoldaşına etibarsız çıxmış qadının sonrakı peşmançılığını və gəlişi ilə həmin evə günəşi gətirən, gülab nəfəsli digər qadının ölümü yaxınlaşan insana ömrünün ən gözəl günlərini yaşatmasını, etibarsızlıq üzərində mənəvi qələbəsini, qara buludlar arxasından işıq saçmasını real boyalarla əks etdirmiş, vicdanın, qeyrətin, sədaqətin, etibarın, vəfanın ölçüsünün cahana sığmadığını qeyd etmişdir.
“Göyərti satan qız Narınc” (1973) hekayəsində isə müharibənin törətdiyi dəhşətlər, aclıq kimi maddi, bütün müəllimlərin fitri istedad hesab etdiyi, gələcəyinə böyük ümidlər bəslədikləri Narınc adlı qızın ömrünün sonunadək bazarda göyərti satmağa məhkum olması kimi mənəvi fəlakətlər göz önündə canlandırılmış, kiçik bir qızın simasında minlərlə Narıncın gələcək taleyi oxucuların ürəyini riqqətə gətirmiş, onları göz yaşlarına boğmuşdur.
1993-cü ilin iyun hadisələrindən sonra ölkədə yaranmış hərc-mərcliyin, vətəndaş qarşıdurmasının ulu öndər Heydər Əliyev cənabları tərəfindən aradan qaldırılması A.Məmmədovun ruhlanmasına, yeni yaradıcılıq uğurlarına imza atmasına təkan vermiş oldu. “Heydər Əliyev və Gəncə” adlı kitab, həmçinin “Bütün vəzifələrdən yüksəkdə dayanan insan”, “Prezident və xalq”, “Həqiqətə söykənən diplomatiya”, “Böyük dönüş ili” kimi oçerklər Heydər Əliyev siyasi xəttinin müdafiəçisi, ona dərin rəğbət bəsləyən yazıçının ulu öndərə olan sevgisinin, minnətdarlığının təzahürü idi.
Altay Yusif oğlu Məmmədov 15 iyul 2003-cü ildə-73 yaşında Gəncə şəhərində vəfat etmişdir.
Məqalənin yazılmasında Dövlət Arxivinin Gəncə filialında mühafizə olunan 461 nömrəli fondun materiallarından istifadə olunmuşdur.
Babayeva Fidan
Dövlət Arxivi Gəncə filialının arxivçisi
Bugün: | 338 |
Dünən: | 774 |
Bu həftə: | 5707 |
Son həftə: | 6350 |
Bu Ay: | 18416 |
Son Ay: | 25108 |
Bu İl: | 284565 |
Ümumi: | 1304986 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az