Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Yaxşıların dünyası - Əmrah Əmrahov - 100

Son Yenilənmə : 2023-11-24 05:50:54
Baxış sayı : 156

YAXŞILARIN  DÜNYASI - ƏMRAH ƏMRAHOV - 100

 

Çox az adam olar ki, əmək kitabçasında cəmi üç cümlə yazılmış olsun, iş yeri isə 60 yaşa qədər sabit qalsın. 35 il bundan əvvəl dünyasını dəyişmiş və 25 ilə yaxın bir müddətdə uşaq qəzetinin redaktoru olmuş istedadlı yazıçı, publisist, jurnalist və onu yaxından tanıyan hər kəsin dediyi kimi son dərəcə  təmiz qəlbli, nəcib və xeyirxah bir insan olan Əmrah Əmrahov məhz belə bir şəxsiyyət olmuşdur. Onun adı indiki gənc nəslə o qədər də tanış olmasa da, istedadlı qələm ustası mənalı həyat yolu keçmişdir.

Əmrah Əmrahov 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kənddə birinci sinfə gedəndən bir neçə ay sonra gözlərində problem yaranıb və göz həkimləri ona oxumağa, məktəbə getməyə icazə verməyiblər. Beş il müalicə olunduqdan sonra yenidən məktəbə gedib. Nəhayət, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul edilib. Həm də paralel olaraq “Azərbaycan pioneri” qəzetində müxbir işləyib. 1950-ci ildə universiteti bitirdikdən sonra taleyini nəcib və xeyirxah bir işə - xalqın balalarına xidmətə həsr edib, uşaq və yeniyetmələrin sevimli qəzeti olan “Azərbaycan pioneri” qəzetindəişə başlayıb. Ömrünün sonuna kimi düz 38 il bu qəzetdə çalışıb. Əvvəlcə ədəbi işçi, şöbə müdiri, məsul katib və sonra baş redaktor olub.

Bədii yaradıcılığa şeirlə başlayan Əmrah Əmrahovun ilk yazıları “Azərbaycan pioneri”, “Abşeron kolxozçusu” qəzetlərində çap olunub. Oçerk və hekayələri bütün dövri mətbuatda dərc edilib. Bədii tərcümə ilə də məşğul olan Əmrah Əmrahov, əsasən uşqalar və yeniyetmələr üçün yazıb. “Ürək vətən üçün döyünəndə”, “Əbədi şöhrət”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi”, “Gizli aləmlər”, “Yaxşıların dünyası” və digər kitabları o dövrdə məktəblilər tərəfindən maraqla qarşılanırdı. Bu əsərlərdə o dövrün uşaqlarının maraqlı həyat tərzi və onloarın fəallığı ön plama çəkilirdi. Ə.Əmrahov “Tarixə dönmüş illər” adlı əsəri ilə Azərbaycan uşaq təşkilatının salnaməsini yaratmışdı. Bu kitablar yazıçının həyat mövqeyini, dünyaya baxışını, vətən eşqini, torpaq sevgisini bir daha büruzə verirdi. Düzdür, onda dövr başqa, tələblər başqa idi. “Azərbaycan pioneri” qəzetinə rəhbərlik edən bir yazıçı dövrün ideoloji diktələrinə əməl etməli, uşaq yazıçısı olsaydı belə “partiyalı”lığını  heç vaxt unutmamalı idi. Amma gerçək olan odur ki, Əmrah Əmrahov pioneri, komsomolu vəsf etməklə yanaşı həm də çalışırdı ki, bu pioner, komsomol “libaslı” Azərbaycan övladları cəsur, çalışqan, vətənini, torpağını, yurdunu sevən, ana dilinə hörmət edən, tərbiyəli, ləyaqətli vətəndaşlar kimi böyüsünlər. Onun  oçerklərində, hekayələrində, povestlərində qarşısına qoyduğu başlıca məram bu idi.Əmrah Əmrahovun əsərlərindəki uşaq obrazlarının çoxu bu günümüz üçün də xarakterikdir: o uşaqlar yaxşı oxuyur, vətənini və millətini sevir, kəndlərinin, el-obalarının təəssübünü çəkirlər.

Bir məsələni də xatırlatmaq yerinə düşərdi ki, o illərdə bütün respublikada böyük şöhrət tapan “Üfiqdə parıltı”  pioner hərbi-idman oyunu, yeniyetmələrin “Qartal balası” hərbi oyunu, “Ağ top” şahmat turniri və bir çox müsabiqə və tədbirlər “Azərbaycan pioneri” qəzetinin mükafatları uğrunda keçirilirdi. 

Əmrah Əmrahov yaxşı yazıçı, jurnalist olmaqla yanaşı, həm də uşaq mətbuatımızn tədqiqatçısı və araşdırıcısı idi. Özündən asılı uşaq mətbuatı üçün nə varsa hamısını, hətta bəlkə də artıq etmişdi. Əmrah müəllim tanınmış bir ziyalı, böyük dünyagörüşünə malik, tariximizi gözəl bilən, adət-ənələrimizə səcdə edən, xalqının, ölkəsinin, torpağının qədrini bilən, bütün varlığı ilə doğma Azərbaycanının vurğunu olan bir şəxs  idi. Yeri gəlmişkən onu da qeyd edək ki, Əmrah Əmrahov mətbuat sahəsinə aid olan əksər mükafatları qazanmışdı.

    Öz övladı olmasa da, uşaqlara qarşı həddən artıq qayğıkeş və həssas  imiş. Vaxtının çoxunu qohum uşaqlarına ayırar, onlara şeir oxuyar, nağıl danışar, milli folklor nümunələrimizi öyrədərmiş. Müasirlərinin dediyinə görə Əmrah müəllimlə nə vaxt görüşsən körpələrdən söhbət açar, onların arzu və istəklərindən danışarmış. Bir sözlə, evdə də, çöldə də həmişə söhbəti balalardan salarmış.

     Əmrah Əmrahovun uşaq mətbuatının respublikada təşəkkül tapmasında müstəsna rolu olmuşdur. Əmrah müəllimin 60-80-ci illərdə qoyduğu qəzetçilik ənənələrini hazırda uşaq qəzeti olan“Savalan” uğurla davam etdirir.

Əmrah Əmrahov uşaq mətbuatına və uşaq ədəbiyyatına qəlbən bağlı bir bir şəxsiyyət idi. Bu nəcib duyğunun təsiri nəticəsində televiziyada apardığı bir-birindən maraqlı verilişləri də həmin tükənməyən həvəsin davamı idi. O bu vacib işi ömrünün sonuna qədər davam etdirdi. Bu qədər zəhmətin qarşısında ondan məqalə yazmaq üçün redaksiyaya gəlmiş jurnalistə təvazökarlıqla “Axı mən jurnalist qələminə layiq bir iş görmüşəmmi?”- demişdi.

Xeyirxah və nəcib bir insan olan Əmrah müəllim onun rəhbərliyi altında redaksiyada  işləyən  bir çox cavanlara böyük qayğı göstərirmiş. Neçə-neçə əməkdaş bilavasitə onun köməyi ilə ev almış, ailə qurmuş, vəzifə sahibi olmuşdu.

Yaxınlarının dediyinə görə, ötən əsrin səksəninci illərinin sonlarına doğru Əmrah müəllim çox əsəbi olubmuş. Dağlıq Qarabağda erməni şovinistlərinin məkrli çıxışları, əsassız torpaq iddiaları Əmrah müəllimi çox əsəbiləşdirir, özündən çıxarırmış. 1987-ci ilin noyabrında o zamankı SSRİ rəhbəri M.Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Aqanbekyanın “Humanite” qəzetinə müsahibəsi, orada səsləndirilən irticaçı fikirlər Əmrah müəllimi çox qəzəbləndirmişdi. Deyirmiş ki, bu ermənilər heç vaxt bizə olan nifrətdən,düşmənçilik mövqeyindən əl çəkən deyil, verilən torpaqlardan ağızlarında şirə qalıb.

Əmrah müəllim 1988-ci il noyabrın 18-də axşam saatlarında akademiya bağında gəzişərkən ürəyi dayanmışdı.

     Qəribə də olsa onun taleyinə elə bir qismət düşüb ki, anadan olduğu 23-ü günü də, həyatla vidalaşdığı 17-si ölüm günü də eyni aya – noyabra təsadüf edir.

     Yaxşı insanları itirmək çox ağır olur. Çünki  belə yaxşılar yaxşılığın, insanlığın var olub yaşamasında, böyüyən gənc nəslin üzü yaxşılığa, xeyirxahlığa doğru böyüməsində əhəmiyyətli rol oynayır. Əmrah müəllimin çox böyük bir dünyası vardı - uşaqların, gələcək nəsillərin dünyası! Həyatını, arzularını, bütün ədəbi fəaliyyətini uşaqlara bağlayan Əmrah Əmrahov öz nurlu əməlləri ilə seçilirdi. Belə əməl sahibləri isə heç vaxt unudulmurlar.

Məqalənin hazırlanmasında 304 №-li fondun sənədlərindən istifadə olunmuşdur.

 

 

Xatirə Qədirova

                                                        S.Mümtaz adına Dövlət Ədəbiyyat  və İncəsənət

 arxivinin şöbə müdiri      

 

   

 

 

 



Bugün: 737
Dünən: 793
Bu həftə: 1530
Son həftə: 5729
Bu Ay: 2232
Son Ay: 25108
Bu İl: 268381
Ümumi: 1288802
1288802