Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

SALMAN MÜMTAZ adına AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT ARXİVİ

Son Yenilənmə : 2023-07-18 11:12:04
Baxış sayı : 7301

 ƏLAQƏ                                                                                                                                                                                                                                         

  • Ünvan:                                   AZ1106, Bakı şəh., Z. Bünyadov pr., 3
  • Telefon:                                  (+99412) 562 97 60
  • E-poçt:                                   ardeia@milliarxiv.gov.az
  • Qəbul günləri:                       Həftənin 1, 3, 5-ci günləri
  •                                                Saat 10:00-dan 17:00-dək
  • Fasilə:                                   Saat 13:00-dan 14:00-dək

 

RƏHBƏRLİK

 

o    Arxivin direktoru                     NƏSİBOVA KÖNÜL ALI QIZI

o    Telefon:                                    (+99412) 562 96 53

o     

o    Arxivin direktor müavini         BAXŞƏLİYEVA ŞƏLALƏ FƏRRUX QIZI

o    Telefon:                                    (+99412) 562 97 60 

 

 

ARDƏİA-nin qısa tarixi

Arxivdə 764 fond, 108.390 iş mühafizə edilir. Sənədlərin xronoloji dövrü XIX əsr - 2011-ci illəri əhatə edir.

 

     Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (ARDƏİA), Respublika Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli 496 №-li qərarı əsasında 1966-cı ilin yanvar ayından fəaliyyətə başlamışdır. 1996-cı ildə Respublika Prezidentinin sərəncamı ilə ona mətnşünas Salman Mümtazın adı verilmişdir.

     ARDƏİA XIX əsrdən bu günə qədər Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin, ədəbiyyat və incəsənət sahəsindəki dövlət idarələrinin və yaradıcılıq təşkilatlarının sənədlərini toplayır, onların mühafizəsi və istifadəsi işini təşkil edir.

    Azərbaycan yazıçı, şair, dramaturq və ədəbiyyatşünaslarının ARDƏİA-da saxlanılan şəxsi fondlarındakı sənədlər ölkəmizdə milli ədəbiyyatın təşəkkülü və inkişafı məsələlərini özündə geniş əks etdirir. Buraya Ə.Abidin, Ə.Abbasovun, H.B.Zərdabinin, M.Arifin, Ə.Əlibəylinin, N.Babayevin, Ə.Vahidin, Ə.Vəliyevin, H.Cavidin, Ə.Cəmilin, Mir Cəlalın, C.Cəfərovun, Ə.Cəfərin, A.Zamanovun, S.Rüstəmin, M.İbrahimovun, F.Qasımzadənin, F.Ağazadənin, F.Hüseynovun, R.Şahvələdin, F.Zeynalovun, Ş.Qurbanovun, C.Məcnunbəyovun, R.Rzanın, S.Rəhimovun, M.Rahimin, Ə.Sadığın, İ.Səfərlinin, Ə.Seyidzadənin, Ə.Sultanlının, Ə.Məmmədxanlının, M.Ordubadinin, C.Xəndanın, A.Şaiqin, İ.Şıxlının, M.Dilbazinin, H.Arifin, H.Billurinin, Ə.Tudənin, A.Babayevin və başqalarının şəxsi fondlarında saxlanan sənədlər daxildir.

    Bu dövr Azərbaycan ədəbiyyat tarixini öyrənmək üçün arxivdə mühafizə olunan Respublika Yazıçılar İttifaqının, Ədəbiyyat fondunun, ədədbiyyat məsələlərinə aid nəşriyyatların (“Azərnəşr”, “Gənclik”, “Yazıçı”), qəzet və jurnal redaksiyalarının (“Azərbaycan”, “Literaturnıy Azərbaycan”, “Ədəbiyyat”, “Ulduz”, “Qobustan”) fondlarında da çoxlu qiymətli sənədlər mühafizə olunur. Bu fondlarda bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum və iclaslarının stenoqrafik hesabat və protokolları, müvafiq idarə, təşkilat və müəssisələrlə yazışmaları, hesabatları və s. cəmləşdirilmişdir.

    Azərbaycan teatr tarixi arxivdə mühafizə olunan Azərbaycan Respublikası XKS (Nazirlər Soveti) yanında İncəsənət İşləri İdarəsi və Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Milli Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və teatr işi sahəsində fəaliyyət göstərmiş digər müəssisələrin fondlarındakı sənədlərdə əks olunur. Bu fondlarda teatrların yaradılması və təşkili haqqında hökumət qərarları, tamaşaya qoyulan əsərlərin qəbulu və onların məşqləri haqqında məlumatlar, ixtisas komissiyalarının, bədii şuraların iclas protokolları, teatrların fəaliyyəti haqqında hesabatlar və digər sənədlər saxlanılır.

    Arxivdə Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli rejissor və aktyorların şəxsi fondları da mühafizə olunur: Onlardan A.Ağayev, İ.Ağalarov, M.Əliyev, M.Haşımov, Ə.Ələkbərov, R.Əfqanlı, K.Babiçeva, S.Hacıyeva, M.Davudova, M.Cənizadə, Kazım Ziya, İ.Hidayətzadə, M.Sərkərov, F.Qədri, Ə.Qurbanov, Ş.Bədəlbəyli, M.Məmmədov, M.Mərdanov, S.Mövləvi, Z.Nemətov, İ.Osmanlı, S.Ruhulla, A.Sadıqov, H.Salayev, M.Sənani, B.Səfəroğlu, Ə.Seyfi, H.Sadıxov, A.Tuqanov, İ.Talıblı, H.Şəmsizadə, Ə.Quliyev, P.Yudin, Y.Bağırov, A.Gəraybəyli, L.Bədirbəyli, N.Məlikova, S.Bəsirzadə, M.Mirişli və başqalarının fondlarını qeyd etmək olar.

    Azərbaycanda milli və klassik musiqi mədəniyyətinin inkişafı məsələləri beşiyi başında böyük Üzeyir Hacıbəyovun dayandığı Azərbaycan Bəstəkarlar İttifaqının və Üz.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, A.Zeynallı adına Musiqi Texnikumunun, Azərbaycan Dövlət Musiqi nəşriyyatının, habelə bəstəkarlardan F.Əmirov, Ə.Bədəlbəyli, S.Hacıbəyov, Niyazi, T.Quliyev, S.Ələsgərov, Q.Hüseynli, A.Zeynallı, M.Maqomayev, S.Rüstəmovun, müğənni və musiqi ifaçılarından X.Şuşinski, H.Rzayeva, F.Muxtarova, S.Qədimova, Ş.Ələkbərova, A.Bünyadzadə, H.Hacıbababəyov, H.Əliyev, A.Əlizadə, B.Mansurov, M.Mansurov, R.Muradova, K.Cəlilov, Ş. Qurbanov və başqalarının şəxsi fondlarında öz əksini tapmışdır. Bu fondlarda təkcə bəstəkarlar ittifaqı və konservatoriyanın tarixinə aid sənədlər deyil, həm də not əlyazmaları, Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərinin həyat və fəaliyyətinə aid çoxlu qiymətli sənədlər toplanmışdır.

    Azərbaycanda rəngkarlıq və memarlıq sənətini özündə əks etdirən sənədlər Respublika Rəssamlar İttifaqı, Respublika Memarlar İttifaqı, Azərbaycan Dövlət rəssamlıq məktəbinin fondlarında cəmləşdirilmişdir. Azərbaycanda kinematoqrafiyanın və kino sənətinin inkişafı məsələləri barədə arxivdə saxlanan Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, kinolaşdırma idarəsinin, görkəmli kino rejissorlardan A.Quliyev, L.Səfərov, H.Seyidbəyli, H.Seyidzadə, İ.Əfəndiyev, R.Təhmasib və başqalarının fondlarında respublikamızda kino sənətinin inkişafına aid məlumatlar əldə etmək olar.

     Azərbaycanda xalq yaradıcılığının inkişafı ilə bağlı, habelə bu sahədə mədəni-maarif işlərinin təşkili məsələlərinə aid sənədlər xalq yaradıcılığı üzrə Respublika elmi-metodiki mərkəzin (xalq yaradıcılığı evi) fondunda cəmləşdirilmişdir. Burada bədii şura iclaslarının, aşıqların və xalq nəğməkarlarının konsertlərinə baxış və qəbul protokolları, xalq yaradıcılığına həsr olunmuş konfransların st enoqrafik hesabatları, habelə xalq yaradıcılığı, folkloru barədə metodiki ğöstərişlər və s. mühafizə olunur.

    Ədəbiyyat xadimləri toplusunda – Səməd Vurğun, Məsud Şeyxzadə, Böyükağa Talıblı, aşıq Valeh, Ənvər Yusifoğlu, Hümmət Əlizadə, Mirhaşım Talışlı, Qafur əfəndi (Qantəmir), İsmayıl Qasir, Yəhya bəy Şeyda və başqalarının sənədləri və ya onların yaradıcılıqlarına aid sənədlər tədqiqatçıya böyük material verə bilər.

    Incəsənət xadimləri toplusunda – Əlibəy Hüseynzadə, Musa Musayev, Əşrəf Həsənov, Hacıbaba Hüseynov, Rəhilə Cabbarova, Seyfulla Əmirov, Rza İsfəndiyarlı, Məmməd Zəki Sadıqov, İsmət Səfərəlibəyov, Nicat Məmmədov, Ənvər Qasımzadə, Cahangir Rüstəmov, Yelena Orbelyani, Yusif Vəliyev, Tahir Abdullayev, Rüstəm Kazımov, Adil İsgəndərov, Məhbubə Paşayeva, Çingiz Sadıxov, Məmməd Əmirov, Səftər Turabov və başqalarına aid sənədlər də vardır.

     Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ilk dəfə olaraq xaricə mühacirət edərək uzun illər vətən həsrəti ilə yaşayıb yaratmış Ceyhun Hacıbəyli, Abay Dağlı, Almaz İldırım, Əlibəy Hüseynzadə, Timuçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl, Ümbülbanu, S.Ağabəyov və başqalarının sənədləri də ədəbiyyat və incəsənət arxivinə qəbul edilmişdir.

     Ədəbiyyat və İncəsənət arxivi bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, respublikanın mədəniyyət sahəsindəki dövlət idarələri və yaradıcılıq təşkilatlarının sənədlərini dövlət mühafizəsinə qəbul edərək öz fondlarını daha da zənginləşdirir.



Bugün: 773
Dünən: 793
Bu həftə: 1566
Son həftə: 5729
Bu Ay: 2268
Son Ay: 25108
Bu İl: 268417
Ümumi: 1288838
1288838