Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) 100 illik yubileyi Respublikamızda dövlət səviyyəsində geniş qeyd ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixdə imzaladığı sərəncamda milli dövlətçilik səlnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanaraq həyata keçirilməsi və yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi bir tapşırıq olaraq müvafiq dövlət qurumları qarçısında qoyulmuşdur.
1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya imperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Xalqımızın çoxəsrlik tarixinin hər bir səhifəsinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə böyük hörmət və ehtiramla yanaşaraq həmin dövrdə ölkəmizdə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində atılmış ilk müstəqil addımlar haqqında arxiv sənəd və materialları və digər tarixi mənbələr əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
XIX-XX əsrin əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi olduğundan onun iqtisadi həyatı bilavasitə Rusiya ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını əsasən Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin Rusiya imperiyası ərazisində yürütdüyü mürtəce hakim millətçilik siyasətinin təsiri altında böyüməkdə olan rus sənaye kapitalı bütün Cənubi Qafqaza, o cümlədən Azərbaycana öz sənayesini yaymağa və inkişaf etdirməyə ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif növ xammalını göndərərək oradan fabrik məmulatlarını idxal etməyə möhtac qalan bir müstəmləkə kimi baxırdı. 1918-ci il mayın 28- də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Türk müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixində əbədi iz qoydu. Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımlar atdı.
Yeri gəlmişkən qeyd edirik ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, meşə tikinti materialları, sement, aptek, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı ildə Bakı rayonundan aparılan və ümumi həcmi 408,8 mln. pud olan neft məhsullarının 366,4 mln. pudu Xəzər dənizi vasitəsilə daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6%-ni təşkil etmişdir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol- nəqliyyat xətləri- Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayıının su- nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özunun yolayrıcıları /Culfa-Təbriz/ vasitəsilə İranla, /Gümrü-Sarıqamış/ vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı. 1917-ci il oktyabrın 25-də Rusiyada mərkəzi hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildikdən sonra bu ölkəni vətəndaş müharibəsinin dəhşətli alovu bürüdü. Bəşəriyyət tarixində misli görünməmiş həmin anarxiya keçmiş Rusiya imperiyasının bütün hissələrini əhatə etməyə başladı. Hadisələrin bu cür inkişafı nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş milli regionlar öz xalqlarını və ərazilərini hərc-mərclikdən qorumaqdan ötrü bir-birinin ardınca öz müstəqilliyini elan etdilər. Bütün İmperiya ərazilərində cərəyan edən hadisələr mərkəzlə ucqar regionlar arasındakı əlaqələrin pozulmasına və nəticə etibarilə Rusiya imperiyasının dağılmasına gətirib çıxartdı. 1917-ci ilin oktyabrında baş vermiş siyasi dəyişikliklərdən sonra isə Rusiya ilə yeni əlaqələrin, o cümlədən iqtisadi-ticarət əlaqələrinin yaradılmasında bir çox problemlər yarandı ki, onlardan da ən başlıcası Rusiyanın heç bir guşəsində vahid Rusiya hökuməti sayıla biləcək dövlət qurumunun yoxluğu sayılırdı. Yaranmış son dərəcə mürəkkəb siyasi vəziyyət yeni iqtisadi əlaqələrin qurulmasını mümkünsüz edirdi. Lakin müstəqillik yolunda ilk addımlarını atmaqda olan Cümhuriyyət hökuməti dövrün mürəkkəb problemləri ilə əhatə olunmasına baxmayaraq ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyinə söz verərək müvafiq addımlar atmağa çalışırdı. Azərbaycan Respublikası Ərzaq Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli “Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində qeyd edirdi: ”Hazırki mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır. Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara almışdır.Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam edilmişdilər. Öz növbəsində həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla isə xaricə pambıq, ipək, yun, metal, malqara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il iyunun 22-də qəbul etdiyi digər qərarla xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını almaq məqsədilə Poylu stansiyasında sərhəd postu təsis edildi.
Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsini nizamlı şəkildə həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına böyük ehtiyac duyulurdu. Bu məqsədlə hökumətin 23 iyun 1918-ci il tarixli qərarı ilə əmtəə mübadiləsi bürosunun təşkil edilməsi Ticarət və sənaye nazirinə tapşırıldı.
Beləliklə, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi nəzdində “ Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. “Əmtəə mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Həmin Komitə İdarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə sərəncamverici orqan kimi yaradılmışdır. Azərbaycana lazım olan malların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə ” Əmtəə mübadiləsi komitəsi” məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. “Əmtəə mübadiləsi üzrə komitə”nin tərkibinə bir sıra hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən Ticarət, sənaye və ərzaq nazirliyi, Maliyyə nazirliyi, Əkinçilik və dövlət əmlakı, Rabitə yolları, Dövlət nəzarəti nazirliklərinin, eləcə də neft sənayeçilərin qurultay şurasının və Bakı şəhər idarəsinin nümayəndələri də daxil edilmişdir. Əmtəə mallarının dəmiryolu vasitəsilə daşınması haqqında məsələlər müzakirə edilərkən bu Komitənin iclasına dəmiryolu daşınmaları bürosunun sədri də dəvət olunurdu. Arxiv sənədləri təsdiq edir ki, həmin dövrdə fəaliyyətdə olan bir çox təşkilatlar “Əmtəə mübadiləsi Komitəsi”nin yaradılmasını böyük rəğbətlə qarşılamışdır.
Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib hazırlanaraq Azərbaycan Respublikasının Ticarət və sənaye nazirliyinin 16 mart 1919-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq xaricə ixrac olunan əmtəə malların siyahısı tərtib edilmişdi. Siyahıda ixrac olunan əmtəə malları üç qrupa ayrılırdı. Birinci qrupa - ixracına icazə verilməyən mallar və yaxud ixracına icazənin verilməsi əmtəə mübadiləsi komitəsinin səlahiyyətinə aid olmayan mallar daxil edilmişdir (məsələn, çörək, taxıl, dənli bitkilər, müxtəlif növ yarmalar, iri və kiçik buynuzlu mal-qara, at, donuz, ev quşları, ət və ət məhsulları, etil spirti, dava-dərman, kaustik soda, külçə və sikkə halında olan qızıl və gümüş, sortluq dəmir və dəmir məmulatları, soyuq silah, yivli odlu silah, güllə, müxtəlif barıt və mərmilər). İkinci qrupa - ixracına Komitə tərəfindən icazə verilən əmtəə malları daxil idi (məsələn, düyü, düyü kraxmalı, makaron, vermişel, müxtəlif toxumlar, bostan toxumları, müxtəlif tərəvəz məhsulları, kartof, noxud, paxla, tərəvəz konservləri, qoz, badam, püstə, şabalıd, quru meyvələr və meyvə konservləri; neft və neft məhsulları; dəri və xəzlər (aşılanmış və aşılanmamış); bitki və lifli materiallar, o cümlədən pambıq, kənaf; yun və yun məhsulları; barama toxumu, xam ipək, brezent və kisələr, odlu ov silahları). Yerdə qalan digər mallar üçüncü qrupa aid edilmişdir ki, onların da sərbəst surətdə xarici ölkə və vilayətlərə ixrac edilməsinə icazə verilirdi.
Əmtəə məhsulları daxil olduğu qrupundan asılı olmayaraq gömrük qaydalarına ciddi riayət olunmaqla ixrac edilirdi. Əmtəə mallarının xaricə ixrac edilməsinə icazənin verilmə şərtləri Komitə tərəfindən qabaqcadan müəyyən edilirdi. Əmtəə mallarının xaricə ixrac edilməsinə dair icazələr Komitə tərəfindən əmtəə mübadiləsi prinsipi əsasında verilirdi. Əmtəə mallarının xaricə ixracı ilə bağlı müraciət edənlərin Komitəyə təqdim etdiyi ərizədə ixrac olunan əmtəə mallarının siyahısı ilə yanaşı respublikaya idxal etməsini öz öhdəsinə götürdüyü malların siyahısını da əlavə etməli idi. Əmtəə mübadiləsi üzrə müqaviləyə ərizəçilər tərəfindən zəmanətin verilməsi vacib sayılırdı. “Əmtəə mübadiləsi Komitəsi” tərəfindən verilmiş icazələrdə onun qüvvədə olma müddəti, eləcə də həmin icazənin başqa şəxsə ötürülməsinin yol verilməz olduğu barədə şərtlər mütləq qeyd olunurdu. Müqavilə şərtlərini pozmuş fiziki və hüquqi şəxslərə və verilmiş icazələr qüvvədən düşmüş hesab edilir və onlara bir daha əmtəə mallarının xaricə ixrac edilməsinə icazə almaq hüququ verilmirdi. Əmtəə malların xaricə ixrac edilməsinə dair icazə verilərkən, ixrac olunan əmtəə mallarının əvəzinə hal-hazırda Respublikada daha çox ehtiyac duyulan malların idxalı öz öhdəsinə götürmüş ərizəçilərə daha çox üstünlük verilirdi. Belə müraciətlərdən bəzilərini, qeyd edirik. məsələn, nuxalı xüsusi sahibkar Bəxtiyar və Yunus Hacıyevlərin Ərzaq Nazirinə ünvanladığı ərizədə qeyd edilirdi: ” Məlumdur ki, müharibədən əvvəl Qafqazda fabriklər olmadığından bizim şəhərin bütün ipəyi satılmaq üçün Moskvaya və yaxud digər xarici yerlərə göndərilirdi. Əldə edilən vəsait ilə zavod sahiblərinin və baramaaçan zavodlarında çalışan işçilərin ehtiyacları ödənilirdi. Lakin müharibə başlanan vaxtdan bu günədək xariclə əlaqələrimiz kəsilmiş və bizim şəhərdən bir girvənkə də olsun ipək kənara çıxarılmamışdır. Tezliklə baramanın satınalma dövrü yaxınlaşır. Lakin zavod sahibləri əllərində olan ipəyi sata bilməsələr çətin ki, özlərinin illik barama tədarüklərini görə və zavodlarını işə sala bilsinlər. Hazırkı şəraitdə 20 min pud ipəyi Azərbaycanda satıb, pula çevirmək mümkün deyildir. Yuxarıda qeyd olunanları sizin diqqətinizə çatdıraraq xahiş edirik ki, bizim tədarük etdiyimiz ipəyin üçdə birini təşkil edən 350 pud ipəyin xaricə ixrac edilməsinə icazə verəsiniz. Əgər ipəyin ixracına bizə icazə verilərsə, bu mövsümdə barama ehtiyatımızı əldə edə bilərik.” “Əmtəə mübadiləsi Komitəsi”nə daxil olmuş həmin ərizəyə Komitənin 10 aprel 1919-cu il tarixli iclasında baxılmış və qərara alınmışdır ki, Azərbaycanda ipək sənayesinin maraqlarının qorunması naminə toplanmış ipəyin ixrac edilməsinə icazə verilsin. “Əmtəə mübadiləsi Komitə”sinə müxtəlif kommersiya təşkilatlarından, ticarət və səhmdar cəmiyyətlərindən, səxsi müəssisə sahiblərindən müraciətlər daxil olurdu. Müraciət edənlərin sırasında yerli müəssisələrlə yanaşı Rusiyaya məxsus şirkətlər də var idi. Həmin şirkətlərdən bəzilərini birgə müəssisələr də adlandırmaq mümkündür ki, onlardan da bir neçəsini qeyd edirik: məsələn, idarə heyəti Petroqradda olan “Həştərxandakı Vayner pivə zavodları birliyi”, “ Volqa- Bakı ticarət səhmdar cəmiyyəti”, “Cənubi Rusiyanın müəssisə sahibləri birliyi”, ”Qafqaz ticarət-sənaye komisyon şirkəti” və başqaları. Əlavə olaraq qeyd edirik ki, Rusiya sahibkarlarına məxsus xüsusi mülkiyyətdə olan bir sıra ticarət-sənaye və səhmdar cəmiyyətləri öz vətənlərində təqib olunduğuna görə fəaliyyətlərini Azərbaycanda davam etdirmək üçün Azərbaycan Hökumətinə müraciət edərək onlara icazə verilməsini xahiş edirdilər. Azərbaycanda fəaliyyətini davam etdirmək üçün Azərbaycan hökumətindən icazə əldə etmiş həmin şırkət və müəssisələrin sahibləri bütün vətəndaşlıq hüquqlarından istifadə etməklə yanaşı Azərbaycan Respublikasında Milli hökumətin himayəsi altında öz fəaliyyətlərini davam etdirmək hüququ əldə edirdilər. “Əmtəə mübadiləsi Komitə”si 1919-cu ilin iyun ayınadək fəaliyyətdə olmuşdur. Hökumətin 15 iyun 1919-cu il tarixli qərarı ilə əmtəə mübadiləsi komitəsi ləğv edilərək, onun funksiyası ticarət, sənaye və ərzaq nazirliyinin şurasına həvalə edilmişdir.
1919-cu ilin əvvəllərində Şimali Qafqaz hərbi əməliyyatlar meydanına çevrildi. Şimali Qafqazda gedən hərbi əməliyyatlar nəticəsində gen. Denikinin qoşunları tərəfindən Vladiqafqaz dəmir yolu dağıdıldı və öz fəaliyyətini demək olar ki, dayandırdı. Xəzər dənizi vasitəsilə daşınan , ixrac və idxal edilən yüklərin həcmi minimum həddə endi. Azərbaycan Respublikasının xarici aləmlə iqtisadi əlaqələrinin yaradılmasında Zaqafqaziya istiqaməti -Zaqafqaziya dəmiryolu xətti ölkəmiz üçün həyati əhəmiyyət kəsb etməyə başladı. 1919-cu il aprelin 6- da Azərbaycan Respublikası Ərzaq Nazirliyinin tədarük şöbəsi tərəfindən “Əmtəə mübadiləsi Komitəsi”nə göndərilmiş 4190№li məktubda qeyd edilirdi: ”Ölkənin ümumi siyasi və iqtisadi vəziyyəti tələb edir ki, Ərzaq Nazirliyi Azərbaycanın hüdudlarından kənarda tədarük fəaliyyətini genişləndirsin. Hazırki vaxtda ticarət əməliyyatlarının aparılma məntəqəsi Batum şəhəridir. Buraya yaxın və uzaq ölkələrdən əmtəə malları gətirilir. Öz növbəsində bizim əmtəə malları da bu məntəqədən dünya bazarlarına daxil ola bilər...Dənizlə Batum şəhərinə daxil olan əmtəə mallarına böyük tələbat olduğundan dərhal realizə olunur. Odur ki, bizə tələb olunan əmtəə mallarını vaxtında əldə etməkdən ötrü yubanmadan Batumda güclü tədarük müəssisəmizi yaratmalıyıq. ”
Yaranmış mürəkkəb hərbi-siyasi və iqtisadi vəziyyət Azərbaycan hökuməti qarşısında yeni vəzifələr qoyurdu. Zamanın tələbinə cavab olaraq Cümhuriyyət hökuməti əmtəə mübadiləsini Zaqafqaziya dəmiryolu istiqamətində təşkil etməli oldu. Maliyyə-iqtisadi komitənin təklifi ilə hökumətin 27 sentyabr 1919-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikasının Batum şəhərindəki Baş konsulluğu nəzdində konsulun sədrliyi ilə ticarət şöbəsi yaradıldı. Tərkibinə Rabitə yolları nazirliyi və Ticarət, sənaye və ərzaq nazirliyinin nümayəndələri daxil olan Ticarət şöbəsi Azərbaycan dəmiryolu agentliyi vasitəsilə ticarət əlaqələrinin yaradılması, müqavilələrin bağlanması və Respublikanın çətin iqtisadi vəziyyətdən çıxarılması istiqamətində Azərbaycanın iş adamlarına və tacirlərinə yaxından köməklik göstərirdi. Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsinin həyata keçirilməsində yerli sahibkar və tacirlər, ticarət-sənaye müəssisələri xüsusilə fəal iştirak edirdilər. Cümhuriyyət hökumətinin 1919-cu il mayın 4-də Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrinin yaradılması haqqında və 1919-cu il iyunun 23-də Kubanla əmtəə mübadiləsi haqqında qəbul etdiyi qərarlarla əmtəə mübadiləsində iştirak etmək üçün təşəbbüs yerli şəxsi sənaye və ticarət cəmiyyətlərinə verilirdi. Milli hökumət ölkə iqtisadiyyatının sağlamlaşdırılması istiqamətində mümkün addımlar atmağa çalışaraq müvafiq tədbirlər həyata keçirmişdir. Cümhuriyyət hökumətinin 1918-ci il oktyabrın 1-də qəbul etdiyi qərarla neft sənayesinin və ticarət donanmasının “milliləşdirilməsi” haqqında Bakı xalq komissarları sovetinin qəbul etdiyi bütün qərar və dekretlər qeyri-qanuni hesab edilərək ləğv edilmiş, mədənlər, “milliləşdirilmiş” bütün mülkiyyət əvvəlki sahiblərinə qaytarılmış və müəssisələr üzərində dövlət nəzarəti təşkil edilmişdir. 1919-cu il fevralın 5-də Hökumət tərəfindən Azərbaycan dəmir yolunun boşaldılması haqqında qərar qəbul edildi. Həmin qərarda qeyd edilirdi ki, aksiz vergisi ödənilmədiyinə görə Azərbaycan dəmir yollarında saxlanılmış neft məhsullarının sahibləri bu qərar dərc edildikdən sonra beş gün ərzində aksizi ödəyərək yolu boşaltsınlar. Qərarın tələblərinə əməl olunmadığı halda saxlanılmış həmin neft məhsulları müəyyən edilmiş qaydada satılsın. Əldə edilmiş mədaxildən təyin olunmuş aksizlər, həmçinin məhsulun satışına çəkilmiş xərclər, dəmir yolunu tutduğuna görə vurduqları ziyan ödənilərək xəzinənin gəlir hissəsinə daxil edilsin. Yerdə qalan məbləğ isə müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra sahiblərinə qaytarılsın. Bu qərarın icrası maliyyə nazirliyi ilə razılaşdırılmaqla yol-nəqliyyat nazirinə həvalə edilirdi.
1919-cu il avqustun 18-də Azərbaycan Parlamenti tərəfindən gömrüklə bağlı Sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul edildi. Həmin qanunda qeyd edilirdi ki, Azərbaycan Respublikasının hüdudlarını gizli ticarət və kontrabandadan qorumaqdan ötrü Azərbaycanın sərhədləri boyu 992 nəfərdən ibarət heyət üzrə sərhəd postları yaradılsın.
Cümhuriyyət hökuməti tərəfindən ölkədəki maliyyə məsələrinə də diqqət yetirilirdi. Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə Bakı bonunun Zaqafqaziya bonuna sərbəst dəyişdirilməsinin elan edilməsi Maliyyə nazirinə tapşırıldı. Daha sonra hökumətin 26 may 1919-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət bankı təsis edildi. Hökumətin 26 may 1919-cu il tarixli digər qərarı ilə maliyyə nazirliyinə 250 manatlıq pul nişanının buraxmasına icazə verildi.
Ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər Azərbaycan Parlamentində də müzakirə edilərək müvafiq qanunlar qəbul edilirdi.1919-cu il dekabrın 11-də Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə xammalın ixrac edilməsinin yeni şərtləri haqqında Azərbaycan Parlamenti tərəfindən qanun qəbul edildi. Həmin qanunda göstərilirdi ki, Azərbaycan Respublikasının ərazisindən xammalı, yəni pambıq, ipək, barama, həmçinin tam emal edilməmiş gön, dəri və başqa xammalı sərbəst surətdə ixrac etmək istəyən şəxs və təşkilatlar ixrac etdikləri bütün xammalın 25 faizini pulsuz olaraq xəzinəyə təhvil verməlidir. Bu şərti yerinə yetirmiş eksportçu təşkilatlar və şəxslər müəyyən etdikləri xammalı şərbəst surətdə xaricə ixrac edə bilərlər.
Neft və neft məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italiya, amerika şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması istiqamətində müəyyən addımlar atıldı.
Azərbaycan Demokratik Respublikası aqrar siyasət sahəsində bütün torpaqların əvəzsiz olaraq kəndlilərə verəcəyini elan etdi. Lakin məlum səbəblər ucbatından ölkənin iqtisadi inkişafı üzrə müəyyən edilmiş digər tədbirləri həyata keçirmək mümkün olmadı.
1920-ci ilin əvvəllərində beynəlxalq aləmdə bir sıra ciddi hadisələr baş verdi.1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında Azərbaycan və Gürcüstanın müstəqilliyi de-fakto tanındı. 1920-ci il yanvarın 16-da Paris Sülh Konfransında qəbul edilmiş digər qətnaməyə əsasən Rusiyaya 1918-ci ildən tətbiq edilən iqtisadi blokada aradan qaldırıldı. Baş vermiş hadisələr Azərbaycan Respublikasının bir çox xarici dövlətlərlə, o cümlədən Azərbaycan-Rusiya hökumətləri arasında qarşılıqlı əhəmiyyət kəsb edən iqtisadi-ticarət əlaqələrinin yaradılması üçün yaxşı zəmin yarada bilərdi. Lakin sonrakı hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi...
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
1. Azərbaycan qəzeti, 17 may 2017-ci il.
2. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları.Bakı.2006.səh.126-127.
3. Очерк «Промышленность в Закавказье» с.тр.392
4. Очерк «Промышленность в Закавказье» с.тр.191
5. Азербайджан, 1919,7 января
6. ARDA f.970 siy.1 iş 5 v.16
7. Азербайджан. 1919 29 января.
8. ARDA f.24 siy.1 iş 45.v.19
9. ARDA f.24 siy.1 iş 434.v.22; ARDA f. 24 siy. 1 iş. 449 v. 13
10. Архив.ф.2898 оп.1 д.1 л.3
Вестник Азербайджанского правительства. 1919. 19 июля.
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.187.
11. Архив.ф.2898 оп. 1 д. 1 л. 3.
Собрание узаконений. Ст.15 С.9
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.190.
12. Архив. ф. 2898 оп. 1 д. 1 л. 3.
Собрание узаконений. Ст.29 С.14
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.202.
13. Архив.ф.2898.оп.1.д.1.л.3.
Собрание узаконений.Ст.16.С.10 Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку. 1998. с.189.
14. Архив ф.2898 оп.1 д.1 л.4
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.192.
15. Архив ф. 84.оп. 1 д.1 л. 23 т. 1 л. 69
Азербайджан. 1919. 19 февраля.№37
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты.Баку.1998.с. 274.
16. ARDA f. 24 siy. 3 iş 4 v.23-23(arxa üzü); ARDA f. 24 siy. 3 iş 4 v. 31(arxa üzü); ARDA f. 24 siy. 3 iş 6 v. 8-17..
ARDA ф.24 siy.1 iş 438 v. 71
18. ARDA f. 24 siy.1 iş 449 v. 13;ARDA,ф.24, siy.1, iş.434.v.23-24; 43( arxa üzü);
ARDA f. 24 siy.1 iş 434 v. 28;
19. ARDA ф.24 siy.1 iş 236 v. 27-28;
20. Азербайджан.1919.22 июня, №128. ARDA f. 24 siy.1 iş 448 v. 28
21. ARDA ф. 24 siy.1 iş 449 v.6
22. ARDA f. 24 siy.1 iş 448 v. 74; ARDA f.24 siy.1 iş 197 v.17
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.363.
23. Азербайджан.1918.7 октября.№5.
Собрание узаконений. Ст.205. с.71.
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.238.
24. Архив. ф. 84 оп. 1 д.23 т. 1 л. 50
Азербайджан. 1919.6 февраля. № 27.
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.272.
25. Архив. ф. 895 оп. 3 д. 171 л. 70
Азербайджан. 1919.21 августа. № 176
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.100
26. Архив. ф. 84 оп. 1 д. 23 т.1 л.109
Азербайджанская Демократическая Республика (1918-1920)
Законодательные акты. Баку.1998.с.285.
27. Архив. ф.84 оп.1 д. 23 т.1 л. 299. Aзербайджан.1919.8 июня, №118
Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты. Баку.1998.с.320
28. Архив.ф.84,.оп.1.д.23. т.1 л. 290
Aзербайджан.1919. 8 июня, №118
Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты. Баку.1998.с.320
29. Архив.ф. 895 оп. 3 д. 148 т. 1.л. 9
Азербайджан.1919.18 декабря.№274
Азербайджанская ДемократическаяРеспублика(1918-1920).Законодательные акты. Баку.1998.с.128-129
30. Штейн Б.Е. Русский вопрос в 1920-1921 М.,1958, с.190-191
31. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament II cild. səh.978-979. Bakı.1998
Bugün: | 103 |
Dünən: | 824 |
Bu həftə: | 3405 |
Son həftə: | 6294 |
Bu Ay: | 22408 |
Son Ay: | 25108 |
Bu İl: | 288557 |
Ümumi: | 1308978 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az