Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərdən bəzi nümunələr

Son Yenilənmə : 2022-12-27 01:51:26
Baxış sayı : 1098

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarın 5-də ilin "Şusa ili" elan olunması haqqında imzaladığı sərəncamda qeyd edilir: "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır". Həqiqətən də tarix bir daha sübut edir ki, Şuşa sevgisi daim xalqımızın qəlbində olmuşdur və bu sevgi hər zaman yaşayır və yaşayacaqdır. Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai və siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şuşa - xalqımızın tarixi beşiyi olan Qarabağın tacıdır. Nadir şahın ölümündən sonra onun yaxın köməkçilərindən olmuş Pənahəli xan özünü Qarabağın müstəqil hökmdarı elan edərək 1851-ci ildə Şuşa şəhərinin əsasını qoymuş və bu şəhəri Qarabağ xanlığının paytaxtı elan etmişdir. 

Azərbaycanın tarixi torpaqlarına köçürülərək yerlərini möhkəmləndirmiş və sonralar bu torpaqlarda Ermənistan adlı respublika yaradan ermənilər artıq neçə onilliklərdir ki, Qarabağı Ermənistana birləşdirməkdən ötrü ən iyrənc üsullara əl atırlar. Təcavüzkar erməni-daşnak millətçiləri cəfəng xülyalarını həyata keçirmək məqsədilə vaxtı ilə onlara çörək və sığınacaq vermiş Qarabağın azərbaycanlı kəndlərinin dinc əhalisinə qarşı iblisanə qəddarlıq və qırğınlar törətmişdilər. 1919-cu ildə Gəncə qubernatoru İbrahimağa Vəkilovun Azərbaycan Respubikasının Xarici İşlər nazirinə göndərdiyi məruzəsində erməni millətçilərinin qəddarlığı haqqında yazırdı: "...bütün Avropaya öz mədəniliyi barədə car çəkən, bununla yanaşı, müdafiəsiz dinc əhaliyə qarşı vəhşilərin bütün üsullarını tətbiq edən belə bir millətin XX əsrdə mövcud olmasına inanmaq istəmirsən. Onların vəhşiliklərinin hədd-hüdudu yoxdur, onların qarşısında orta əsrlərin zülmətli faciələri solğun görünür..." XIX əsrdən başlayaraq erməni daşnakları əsassız olaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Təcavüzkar erməni millətçiləri və onların havadarlarının hazırkı dövrdə "xalqların öz müqəddəratını təyin etmək" şüarları altında Azərbaycan Respublikasının ərazisini parçalamaq cəhdləri daşnaklar tərəfindən yürüdülən köhnə, iyrənc və perspektivsiz siyasətin davamıdır. Ermənistanın hakim qüvvələri Azəbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən kimi dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə erməni-daşnak millətçiləri elan edirdilər ki, artıq onların Azərbaycana qarşı ərazi iddiaları yoxdur və bu da erməni millətçilərinin növbəti cəfəngiyyatı idi. 

Qarabağ Azərbaycan xalqının tarixi beşiyi, əzəli və əbədi torpağıdır. 21(8) oktyabr 1918-ci il tarixli 14 nömrəli "Azərbaycan" qəzetində yazılmışdı: "...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur etmək istədilər. Ermənilər qurultay çağırdılar... həmin qurultayda ermənilərin əsl siyasi siması üzə çıxdı. Qurultayın çağırılmasına qədər olan müddətdə ermənilərin təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini gözləyirdilər ki, müsəlmanlara güc tədbiq etməklə özlərinə tabe etsinlər". Lakin Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi. 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikamızın Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan Azərbaycan nümayəndələrinə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ adlandırılan məsələ qəti şəkildə həll edildi... 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar".

Tarix onun ibrət dərslərindən düzgün nəticə çıxarmayanları heç vaxt bağışlamayıb. Dərin sosial-iqtisadi və mənəvi böhran yaşayan Ermənistan Azərbaycan Respublikasına qarşı yürütdükləri çirkin siyasətdən əl çəkməlidir.

Müasir dövrdə yetişməkdə olan nəsil xalqımızın çoxəsrlik zəngin tarixini, o cümlədən bu tarixin ayrılmaz tərkib hissəsi olan məktəb və pedaqoji fikir tarixini bilməlidir. Xatırladıram ki, Azərbaycan xalqının keçdiyi zəngin tarixi inkişaf yolunda cümhuriyyət dövrü xüsusi əhəmiyyət kəsb edir.

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və onun Xalq Maarif Nazirliyi Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edilməsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması, doğma ana dilimizin ölkənin dövlət dili elan olunması, onun təhsil, təlim-tərbiyə dilinə çevrilməsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Hökumət hərc-mərclik və anarxiya dövründə, xüsusilə də 1918-ci ilin mart-may aylarında millətçi erməni-daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycanın müxtəlif qəzalarında törətdikləri dəhşətli qırğınlar zamanı dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası və yenilərinin tikilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Cümhuriyyət dövründə çağırılmış müəllimlərin I və II qurultaylarında bu məsələ ilə yanaşı, təhsil işinin qarşısında duran digər məsələlər də müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkə üçün ağır və mürəkkəb dövrdə Şuşa şəhərində müəllimlərin qurultayının keçirilməsi haqqında 1919-cu il sentyabrın 27-də qərar qəbul etmişdir. Həmin qərara əsasən, Xalq maarif nazirinin sərəncamına 30 min rubl vəsait ayrılmışdır. Bundan savayı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 11 avqust 1919-cu il tarixli qərarı ilə Şuşa şəhərində pulsuz şəhər xəstəxanasının əsası qoyulmuşdur. Tarixdən gətirilmiş bu nümunələr bir daha təsdiq edir ki, Azərbaycan əzəli bölgəsi olan Qarabağa daim xüsusi diqqət və qayğı göstərmişdır. 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

Sənədlərin nəşri və istifadəsi şöbəsinin

baş məsləhətçisi



Bugün: 81
Dünən: 824
Bu həftə: 3383
Son həftə: 6294
Bu Ay: 22386
Son Ay: 25108
Bu İl: 288535
Ümumi: 1308956
1308956