Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan dramaturgiyasının inkişafında İlyas Əfəndiyevin rolu

Son Yenilənmə : 2019-11-15 03:14:51
Baxış sayı : 5111

 Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətləri olan görkəmli sənətkarlar sırasında  İlyas Əfəndiyevin adı xüsusi qeyd olunur. O, yaradıcılığa nəsr əsərləri ilə başlasa da, sonralar dramaturgiyaya daha çox meyl etmiş və dramaturq kimi şöhrət qazanmışdır. Dramaturgiyamızda lirik – psixoloji üslubun inkişafı ən çox bu sənətkarın dram əsərləri ilə bağlıdır. İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyəti böyük uğurla tamaşaya qoyulmuş və Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır.Azərbaycan tarixinə İlyas Əfəndiyev görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi daxil olmuşdur.

      İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Qaryagində (indiki Füzuli rayonu) tanınmış və hörmətli tacir ailəsində  anadan olmuşdur. O dövrdə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan İ.Əfəndiyevin doğma şəhəri XIX əsrdə rus generalı Qaryaginin şərəfinə Qaryagin rayonu adlanırdı.1918-ci ildə Azərbaycan Cumhuriyyəti hökumətinin müvafiq qərarı ilə onun tarixi adı qaytarıldı.

            Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti illərində bir çox tanınmış ailələr kimi təqiblərə məruz qalmış, ev – eşikləri zəbt edilmiş, yazıçının atası Məhəmməd kişiyə “kulak” damğası vurularaq “səs hüququndan” məhrum olunmuşdur.Bu ailəni xoş günləri bununla da başa çatır. Uzun müddət işsiz qalan, ailəsinə kömək ola bilməyən Məhəmməd kişi ağır xəstələnərək 1934-cü ildə vəfat edir.

            Kiçik yaşlarından zəhmətə alışmış yazıçı, yazıb – oxumağa böyük həvəs göstərmiş, məktəbə getməzdən əvvəl yazıb – oxumağı öyrənmişdir. Yazıçının anası Bilqeyis xanımın, onun formalaşmasında, ədəbiyyata, mütaliəyə marağının oyanmasında böyük xidmətləri olmuşdur. İlyas Əfəndiyev anası haqqında yazırdı: “Anam keçmiş müsəlman qızları kimi, evdə mollakumə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çöx sevirdi. Mənə ərəb və latın əlifbalarında yazıb oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz – hesabsız əhvalatlar danışardı. Mənim də güclü mütaliə həvəsim,  məhz anamın təsirilə oyanmışdır”.

            1938-ci ildə İlyas Əfəndiyev Azərbaycan Pedaqoji Universitetinin coğrafiya fakultəsini bitirir. Ədəbiyyata olan hədsiz marağı və meyli  onu heç tərk etmir. Beləliklə o özünü yazıçılıqda daha çox görür və bu istiqamətdə çalışmağa başlayır. Bütün bu zəhmətinin nəticəsi olaraq yazıçının, “Gözlənilməyən sevgi” hekayəsi və “Kənddən məktublar” adlı ilk povest və hekayələr kitabı 1939-cu ildə işıq üzü gördü.Kitabdakı “Qarımış oğlan”, “Uxajor”, “Mirzə İman”  və s. hekayələrdə yazıçı Azərbaycan kəndinin adamları arasındakı münasibətlərdən bəhs edir, mənəvi təmizlik məsələlərinə xüsusi fikir verir. İ.Əfəndiyev ixtisası üzrə işləyir və boş vaxtlarında yazıçılıqla məşğul olurdu.

            İlyas Əfəndiyevin 1938-ci ilin sonlarında Bakıya gəlməsi, burada görkəmli ziyalı adamlarla tanış olması, onun bundan sonrakı yaradıcılıq fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.1940-cı ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur.İ.Əfəndiyevin  dramaturgiyaya gəlişinə səbəb yazıçı Mehdi Hüseyinlə birgə yazdıqları, mövzusu Böyük Vətən müharibəsindən götürülmüş “İntizar” pyesi oldu. Akademik Milli Teatrda tamaşaya qoyulmuş pyes, teatrın direktoru və baş rejissoru Adil İsgəndərovun İ.Əfəndiyevi  teatra dəvət etməsinə səbəb oldu. Azərbaycan Milli Teatrı ilə İ.Əfəndiyevin yaradıcılıq əməkdaşlığı belə başlamışdı.Beləliklə biri-birinin ardınca yazılan “İşıqlı yollar”(1946) dram əsəri, “Bahar suları”(1947) adlı pyesini  Adil İsgəndərov özü tamaşaya qoyaraq, İ.Əfəndiyevin  dramaturgiyaya daxil olmasına şərait yaratdı.

          Hüseyn Cavid və Cəfər Cabbarlıdan sonra da Azərbaycan dramaturgiyası öz inkişafından qalmamış yeni – yeni sənətkarlıq incilərilə zənginləşmişdir. Səməd Vurğunun, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Sabit Rəhmanın və başqalarının səhnə əsərləri, dram sənətinin irəliləyişində əhəmiyyətli rol oynamışdır.İlyas Əfəndiyevin də bu istiqamətdə uğurları az olmamış, və bu şərəfli yolu layiqincə davam etdirmişdir.İ.Əfəndiyev həm nəsr, həm də dram əsərlərini çox cazibədar bir üslubda yazar, oxucunun və tamaşaçının qəlbini fəth edərdi.Hələ ilk əsərlərindən olan “Bahar suları” pyesindəki şeiriyyəti vaxtilə xalq yazıçısı Səməd Vurgun yüksək qiymətləndirmişdi:“İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir... Biz “Bahar suları” əsərini onun şeiriyyətinə görə sevirik, bir daha inanırıq ki, sosializm həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır”.

            İstedadlı dramaturq İlyas Əfəndiyev Azərbaycan nəsrini və dramaturgiyasını orijinal surətlər və yeni mövzularla zənginləşdirmiş, bir sıra yeni mövzuların yaranmasına imza atmışdır.  O, bir çox əhəmiyyətli mövzuların işlənməsində ilk şöhrət qazanmış sənətkarlardandır. Beləliklə İlyas Əfəndiyev Azərbaycan teatrı üçün pyeslər yazmağa başlayır. Yeni ictimai proseslər, insanların psixologiyasında baş verən dəyişikliklər, yeniliklə köhnəliyin mübarizəsi onun pyeslərində əks olunmuşdur. Dramaturqun əsərlərində daxili təmizlik, mənəvi ucalıq kimi keyfiyyətlər aşılanır. Bəzi əsərlərdə düzgün yol tutmayan, var – dövlət hərisi olan insanlardan da danışılır. Sənətkar bu cür adamların timsalında həmvətənlərinə ibrət dərsi verir, onları düzlüyə və təmizliyə çağırır. Onun “Büllur sarayda” pyesi bu baxımdan xüsusilə əhəmiyyətlidir.

             İstedadlı yazıçılar, o cümlədən də İlyas Əfəndiyev vətəndaşların ürəyindən xəbər verən tələbə yeni əsərlərlə cavab verirdilər. Onun “Atayevlər ailəsi”(1954) pyesi ədibin və Azərbaycan teatrının həyatında əlamətdar hadisələrdən biri oldu. Pyesi tamaşaya Tofiq Kazımov qoymuşdu.“Atayevlər ailəsi” səhnə sənətimizin inkişafında əhəmiyyətli hadisə oldu. “Atayevlər ailəsi” inandırdı ki, qələmi püxtələşən İlyas Əfəndiyev daha ciddi ictimai – siaysi problemlərə maraq göstərir. Pyesdə hadisələr bir ailə daxilində cərəyan edib, bir ailənin üzvləri ilə əlaqədar olsa da, “Atayevlər ailəsi” ailə - məişət dramı deyildi. Bir ailədə baş verənləri, münasibətlərin mahiyyətini açmağa nail olan ədib ictimai dramın gözəl nümunələrindən birini yaratmışdı.Tanınmış yazıçımız Mehdi Hüseynin bu pyes barədə fikirləri: “İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün “Atayevlər ailəsi” pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir”. “Ədəbiyyat və incəsənət”, 1974, 23 noyabr.

            Filologiya elmləri doktoru, professor Əli Sultanlının fikirləri: “Atayevlər ailəsi” əsərində verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur. Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil münasibətlərini vermiş, yadda qalacaq obrazlar silsiləsi yaratmışdır.”

       Görkəmli yazıçımız İ.Əfəndiyevin S.Mümtaz adına “Ədəbiyyat və İncəsənət” Arxivində saxlanılan (fond№ 137.siy.2.sax.vah.№104) sənədlərini əsas mənbə götürərək qeyd etməliyik ki: “İncəsənətimizin bütün növlərindən ən zəngin ənənəsi olan teatrdır. Görkəmli səhnə ustalarımız teatrda zəngin irs qoyub gediblər. Aktyorlarımız, xüsusən gənc artistlər zəngin teatr ənənələrimizi lazımınca öyrənməyi, ondan qidalanmağı bacarmalıdırlar. Qocaman səhnə ustalarımızın söhbətlərindən aydın olur ki, Abbas Mirzə Şərifzadə günlərlə oynadığı rolun təsiri altında olurmuş. Bu o deməkdir ki, aktyor səhnədə çılğın, qısqanc, ehtiraslı qara ərəb Otello imiş. Onun tamaşadan sonra Otellodan Şərifzadəyə qayıtması üçün günlərlə vaxt lazımdır.Elə onun böyüklüyü də bundadır.Əgər aktyor səhnədə özünü tamamilə unuda bilmirsə onun yaratdığı obrazla tamaşaçı arasında ünsiyyət zəif olur. Bu mənada “Unuda bilmirəm”də oynayan aktyorların yaratdığı obrazlar təqdirəlayiqdir.Tamaşanın quruluşçu rejissoru Tofiq Kazımov, professor Mövsümzadə rolunun ifaçısı Məmmədrza Şeyxzamanovla, Həsən Turabovun Kamran orazı, Amaliya Pənahovanın Nərmin, Kərəm rolunun ifaçısı Muxtar Avşarov “Unuda bilmirəm” tamaşasının uğurlu aktyor seçimi idi.

     Müasirlik İlyas Əfəndiyev yaradıcılığının başlıca əlamətlərindən biridir. Onun nəsr və dram əsərlərində sevgi münasibətləri də qabaqcıl mövqedən işıqlandırılmışdır. “Dağlar arxasında üç dost” romanında (1963) belə bir həyati vəziyyət qələmə alınmışdır. Bəzən gənclərin seçdikləri namizəd valideynlərin ürəyincə olmur, onların arzu və düşüncələrinə uyğun gəlmir. Onlar ya vaxtı keçmiş baxışların əsiri olduqlqrından, ya da şəxsi təcrübələrindən çıxış edərək övladlarının hərəkətini bəyənmirlər.Ədib gənclərlə ananın toqquşması timsalında anlaşılmazlıq doğuran konfliktlərdən birini işıqlandırmışdır.

        “Sən həmişə mənimləsən” (1964) pyesi uzun illərdən bəri davam edən inadlı axtarış  və müşahidələrin səmərəli nəticəsi idi. Bu əsərlə İlyas Əfəndiyevin dramaturji istedadı öz gücünü tamamilə inandırıcı surətdə özünü  göstərdi. “Sən həmişə mənimləsən” səhnəmizdə lirik-psixoloji dramın ilk nümunəsi idi.Arxivimizdə yerləşən sənədlərdən aydın olur ki, tamaşa haqqında ilk rəy söyləyən müəlliflərdən biri olan  Cəfər Cəfərov bu barədə öz yazısını “Təklik faciədir” adlandırmışdır. Pyesin ən yaxşı tədqiqatçılarından biri olan Yaşar Qarayev isə bu fikir ilə razılaşmır və onu qəhrəmanlıq kimi qələmə verir.“Sən həmişə mənimləsən”in süjeti dünya ədəbiyyatında çox işlənmişdir ; biri o birini sevir, lakin müəyyən səbəblərə görə öz taleyini onunla birləşdirə bilmir. Hadisələrin arzuedilməz inkişafının qarşısını almaq üçün biri o birindən uzaqlaşır.Daha ümumi şəkildə desək, nakam məhəbbətin əsrlərdən bəri davam edib gələn dastanı. Odur ki, tamaşa bitir, lakin biz təklik faciədir demirik, təklik qəhrəmanlıqdır deyə qiymətləndiririk”.

            Teatr xalq təbiətinin, xalq ruhunun aynasıdır. Yüz il bundan qabaq yaranmış Mirzə Fətəli teatrı buna parlaq misaldır. O vaxta qədər bizim xalqımız heç bir teatr ənənəsinə malik deyildi. Belə bir zamanda M.F.Axundovun altı komediyası meydana çıxdı. Bu komediyalarda tam mənasilə avropasayağı bir yazı tərzi, bir yığcamlıq  sənətkarlıq var idi. Heç təsadüfi  deyil ki avropalılar özləri bu komediyalarla tanş olandan sonra M.F.Axundovu şərqin Molyeri adlandırmışdılar.Bu komediyalarda Azərbaycan xalqının xarakter cəhətləri, psixolojisi, mərdliyi, koloriti , açıq ürəkliliyi həssaslıqla əks olunmuşdur. Hacıqaralar bu xalq mərdanəliyi fonunda gülüş hədəfi olmuşdular.

            “Bizim teatrımızda yetişmiş səhnə ustadları xəyalımızdan gəlib – keçdikcə onların istedadına heyran oluruq! Hüseyn Ərəblinskinin , Cahangir Zeynalovun, Hacıağa Abbasovun, Mirzəağa Əliyevin, Sidqi Ruhullanın, Abbas Mirzə Şərifzadənin, Ülvü Rəcəbin, Hidayətzadənin, Mərziyə xanımın, Rza Təhmasibin yaratmış olduqları surətlər teatr tariximizin zinətidirlər. Bu böyük sənətkarların hər birisi parlaq bir ulduz idi.Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun pyeslərindəki romantik gözəllik unudulmazdır. Bizim xalqımız həmişə teatra bağlı olmuşdur. Bir zamanlar gənclər Aydının, Oktay Eloğlunun , Elxanın monoloqlarını əzbər deyərdilər. Bizim səhnə ustalarımız xalq arasında fitri istedadlar olmuşlar.Onların hər biri bizim üçün əzizdir. Biz teatrımızın gələcək əsrlərdə də bir günəş kimi parlamasını arzu edirik!” - İlyas Əfəndiyev “Bizim teatrımız”.1974. “Kommunist” qəzeti redaksiyası. Fond № 368. siy. 3. s.v. 57.

            İ.Əfəndiyevin pyeslərinin çoxu müasir mövzuda olsa da,“Xurşudbanu Natəvan”, “Şeyx Xiyabani”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” pyesləri tarixi mövzulara həsr olunub. Bu əsərlər arasında ən məhşuru “Xurşudbanu Natəvan” pyesidir. Əsər XIX əsr Azərbaycan poeziyasının görlkəmli xadimlərindən Natəvana, onun xalqın rifahı üçün gördüyü nəcib və xeyirxah işlərə həsr olunmuşdur. Müəllif Natəvanı xalqın səadəti və maariflənməsi yolunda böyük fədakarlıq göstərən mübariz və vətənpərvər bir insan kimi təqdim edir. Natəvan həm də ailəsini ürəkdən sevən alicənab bir qadındır. İki hissəli pyesdə Natəvanın bir şairə kimi fəaliyyətinə də yer verilib.

            “Dramaturqun yeni əsəri “Tənha iydə ağacı” pyesi müasirlik baxımından çox maraqlıdır. Bu əsərdə ölkəmizdə gedən mürəkkəb ictimai – siyasi prosesin xaricdə yaşayan həmvətənlərimizə göstərdiyi əks – səda, tiran üsul idarəsinin müsibətlərlə dolu keşməkeşli aləmi ilk baxışda sadə, lakin olduqca mürəkkəb taleli insanların həyatı timsalında ustadcasına ümumiləşdirilmişdir. Azərbaycan xalqının şəxsiyyətə pərəstiş dövründən başlamış , bu günədək məruz qaldığı müasir vəziyyəti səhnədə hər an adamın gözü önündən keçir.Fikirləşən bu xalqın taleyi nə üçün belə uğursuz olmuş, 40 milyonluq böyük bir millət parçalanmış, pərən – pərən düşmüşdür. Bu, tarixin ədalətsizliyidirmi? Bəs onda bu ədalətsizlik böyük millətlər üçün niyə mövcud deyil? Əlbəttə böyük balıqlar  kiçik balıqları həmişə udur.  Bu güclü, gücsüz prinsipidir.  Lakin pyesdəki mükalimələrin birində buna çox ciddi cavab verilir : “Xalqın özündə də günah çoxdur”. Səriştəli tamaşacı bu sözdən özü nəticə çıxarmalıdır” - “Azərbaycan müəllimi” qəzeti, 29 mart 1991-ci ildə nəşr olunmuş C.Şahinin (professor)  “Tənha iydə ağacı” (məqaləsindən).

            Yazıçı roman  yaradıcılığına “Söyüdlü arx”(1958) romanıyla başlayaraq, “Körpüsalanlar” (1960), “Geriyə baxma qoca” (1980), “Xan çinar”, “Dağlar arxasında üç dost” (1963) və “Sarıköynəklə Valehin nağılı” (1976 – 1978) -ci illərdə yazılmış ikihissəli romanıyla davam etdirmişdir.Bu romanda  “şəxsiyyət və cəmiyyət” mövzusu müasir tələblər səviyyəsində həll olunmuşdur. Romanın mövzusu tikinti ilə bağlı olsa da, müəllif insanların əxlaq və mənəviyyatlarındakı kefiyyətli cəhətlərin təsvirinə daha geniş yer vermişdir.

             İ.Əfəndiyev zəngin yaradıcılıq fəaliyyətlərinə görə 1960-cı ildə əməkdar incəsənət xadimi, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı, 1979-cu ildə SSR xalq yazıçısı fəxri adına  layiq görülmüşdü. 1994-cü ildə anadan olmasının 80 illiyi münasibətilə  “Şöhrət” ordeni ilə təltif edilmişdir.

            Görkəmli ədib İ.Əfəndiyev 1996-cı ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       Durna AĞAYEVA

                                                                        S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                                        və İncəsənət Arxivinin arxeoqrafı

 



Bugün: 134
Dünən: 1014
Bu həftə: 5300
Son həftə: 6066
Bu Ay: 19196
Son Ay: 28223
Bu İl: 260237
Ümumi: 1280658
1280658