Azərbaycan ədəbiyyatşünaslığında Rəfili izləri
Azərbaycan zəngin ədəbi irsini öyrənməkdə, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Qasım İsmayılov (indiki Goranboy) rayonunun Borsunlu kəndində doğulmuşdur. Yelizavetpol (indiki Gəncə) klassik gimnaziyasında təhsil aldığı zaman bədii yaradıcılığa başlamışdır. Onun “Mikayıl Rəfizadə“ imzası ilə ilk qələm təcrübələri olan “Mücadileyi-həyat“ hekayəsı, “Elmə doğru“ şeiri və “Qərb mədəniyyəti” məqaləsi 1919-cu ildə “Əfkari-mütəəllimin” jurnalında dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğma kəndinin mədəni-maarif işlərində fəal iştirak etmişdir.
M.Rəfili ali təhsilini Bakı və Moskva dövlət universitetlərində almışdır. Bu dövrdə gənc Rəfili həm dövrü mətbuatda məqalələrlə çıxış edir, həm də dövlət sənədlərinin azərbaycan dilində olan mətnlərini redaktəsi ilə məşğul olurdu.
Onun mətbuatla sıx əlaqəsi “Bakinski raboçi“ qəzetində mədəniyyət şöbəsinin müdir muavini vəzifəsində çalışdığı zaman olmuşdur. O, Azərbaycan ədəbiyyaşünaslığının problemləri haqqında oçerk və məqalələr yazır, teatrmızın səhnəsində oynanılan tamaşaları təhlil edir, böyük ədib və şairlərin yubiley tədbirləri ilə əlaqədar geniş yazılarla çıxış edirdi. Mikayıl Rəfili təkcə “Bakinski raboçi“ qəzeti ilə deyil, Azərbaycanda çap olunan bir çox nəşrlərlə əməkdaşlıq edirdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mikayıl Rəfili 1935-36-cı illərdə Leninqrad (indiki Sankt–Peterburq) şəhərində SSRİ Elmlər Akademiyasının aspiranturasında təhsil almış, “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında” adlı dissertasiya işi müdafiə etmişdir. 1944–cü ildə isə o, Tiflis Dövlət Universitetində “Azərbaycan ədəbiyyatı qədim dövrdən XIX əsrin əvvəlinədək“ adlı doktorluq işini müdafiə etmiş, filologiya elmləri doktoru adını qazanmışdır.
Ömrünün 25 ilini müəllimliyə həsr etmiş görkəmli alim elmi pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus ədəbiyyatı kafedrasında müəllim olaraq başlamış, sonralar dosent işləmişdir. 1938-ci ildə isə həm bu təhsil ocağının, həm də Bakı Dövlət Universitetinin professoru olmuş, Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr demişdir.
Mikayıl Rəfilinin elmi fəaliyyətinin böyük bir hissəsini istər Azərbaycan, istərsə də digər xalqların görkəmli ədib və şairlərinin yaradıcılığını Azərbaycan oxucusuna çatdırmaq təşkil etmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov haqqında yazdığı elmi məqalələr, Azərbaycan ədəbiyyatı və Azərbaycan teatrına dair əsərlər eləcə də Viktor Huqo (“Gülən adam”, “Paris Notrdam kilsəsi” və “Səfillər”), Onore de Balzak (“Ögey ana”, “Qorio ata” və “Qobsek”), Aleksandr Puşkin (“Bağçasaray fantanı”, “Ərzurum səyahəti” və “Tunc atlı”), Lev Tolstoy (“Dirilmə”) və Vladimir Mayakovskidən (Seçilmiş şerlər) etdiyi tərcümələr buna misaldır. Müxtəlif ədəbi janrlarda qələmini sınayan M.Rəfili bir neçə şer kitabının, “Şirvanşah İbrahm” pyesinin və “Səbuhi” bədii filminin ssenarisinin müəllifidir. Onun orta və ali məktəblər üçün bir sira dərsliklərin müəllifi və tərtibatçisi olduğunu xüsusi qeyd etməliyik.
Böyük elmi pedaqoji işlərlə yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak edən ədəbiyyatşünas alim Nizaminin yubiley tədbirlərinin Təşkilat Komitəsinin məsul katibi olmuşdur. “Nizami” toplusunun redaktoru olmuş görkəmli alim bir sıra ümumittifaq və respublikalararası konfranslarda, müşavirələrdə respublikanın ədəbi və elmi ictimaiyyətini təmsil etmişdir.
Filologiya elmləri doktoru Mikayıl Rəfili ədəbiyyat elmi sahəsində etdiyi xidmətlərinə görə dövlət tərəfindən “Şərəf Nişanı“ ordeni və medallarla təltif olunmuşdur.
1958-ci il aprelin 25-də gözlərini əbədi yuman görkəmli alim Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında, Azərbaycan ədəbiyyat tarixinin yazılmasında gördüyü işləri bu cür izah edirdi: “Ədəbiyyat tarixi asanlıqla yaranmır. Adətən, bu tarixi ciddi elmi monoqrafiyalar, tədqiqatlar qabaqlamalıdır”.
Məqalənin yazılmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 753-cü fondun materiallardan istifadə edilmişdir.
Cavid MƏMMƏDLİ
ARDƏİA-nin Sənədlərin istifadəsi və
nəşri şöbəsinin müdiri
Bugün: | 321 |
Dünən: | 774 |
Bu həftə: | 5690 |
Son həftə: | 6350 |
Bu Ay: | 18399 |
Son Ay: | 25108 |
Bu İl: | 284548 |
Ümumi: | 1304969 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az