Azərbaycan ordusu və diplomatiyasının şanlı tarixi.
Cəfər bəy Rüstəmbəyovu tanıyaq
Azərbaycan tarixində iz qoymuş tanınmış soyadlardan biri də Rüstəmbəyovlardır. Azərbaycanın istiqlalını bəyan etmiş Azərbaycan Milli Şurasının ilk tarixi iclasında iştirak etmiş tanınmış ictimai-siyasi xadimlərdən biri də Şəfi bəy Rüstəmbəyov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, jurnalist, hüquqşünas, Daxili İşlər Nazirinin müavini, Himayəetmə Nazirliyinin qaçqınların işləri üzrə baş müvəkkili, rus dilində nəşr edilən "Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyov, eləcə də ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələrdə, o cümlədən hökumətin qərarı ilə Azərbaycanın Kuban, Krım, Don hökumətləri nəzdində diplomatik nümayəndəsi, Kubandan Bakıya qayıtdıqdan sonra isə Cümhuriyyət hökumətinin qərarı ilə Ticarət, sənaye və ərzaq nazirinin müavini işləmiş, Azərbaycan sovetləşdirildikdən sonrakı dövrlərdə, o cümlədən, 1922-ci il martın 12-də Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası yaradıldıqdan sonra Zaqafqaziya dövlət ticarəti kollegiyasının üzvü, həbsindən əvvəl Zaqafqaziya dəmir yolunda səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışmış Cəfər bəy Rüstəmbəyov bu soyadın tanınmış nümayəndələrindəndir. Əvvəlki dövrlərdə işıq üzü görmüş kütləvi nəşrlərdə və ensiklopediyalarda yuxarıda adı çəkilən şəxslər haqqında məlum səbəblər ucbatından kifayət qədər məlumatlar dərc edilmədiyindən, onlar haqqında bilgilər demək olar ki, yox səviyyəsində olmuşdur. Yalnız 1991-ci ildə, Azərbaycan Respublikası yenidən öz müstəqilliyini əldə edərək, Azərbaycan Xalq Cümhuriyyətini özünün varisi elan etdikdən sonra həmin dövrün tarixi geniş şəkildə tədqiqata cəlb edilərək, öyrənilməyə başlandı. Artıq işıq üzü görmüş Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında və digər elmi-kütləvi nəşrlərdə Cümhuriyyətin bir çox ictimai-siyasi və dövlət xadimləri və onların silahdaşları haqqında ətraflı məlumatlar dərc edilmişdir. Hazırkı dövrün kütləvi nəşrlərində Şəfi bəy Rüstəmbəyovun həyat və fəaliyyəti haqqında müəyyən həcmdə məlumatlar dərc edilmiş olsa da, onun böyük qardaşı Cəfər bəy Rüstəmbəyov haqqında hər hansı bir məlumat demək olar ki, dərc edilməmiş və yaxud dərc edilmiş məlumatlar olduqca qısa və natamam olmuşdur. Tariximizin hər bir səhifəsinə dərin hörmət və ehtiramla yanaşaraq, arxiv sənəd və materialları, həmin dövrün mətbuatı və digər mənbələr əsasında, Cəfər bəy Rüstəmbəyov haqqında hazırladığım məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Denikinə qarşı çıxır
Cəfər bəy Rüstəmbəyov 1884-cü ilin sentyabrında dünyaya gəlmiş və Gəncə quberniyasının Ərəş qəzasının Mamaylı kəndində qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin f.1775, "Azərbaycan SSR Ali İnqilabi Tribunal” adlı fondunda digər sənədlərlə yanaşı, 1920-ci il, avqustun 14-də Cəfər bəy Rüstəmbəyovun adına tərtib edilmiş 692№-li həbs vərəqi və 35№-li həbs anketi qorunub saxlanılır. Həmin sənədlərdə Rüstəmbəyovun Nuxa Fövqəladə Komissiyası tərəfindən həbs edildiyi, 36 yaşında, ali təhsilli həkim, evli, həkimlər ittifaqına üzv olduğu və həbsindən əvvəl isə Bakı şəhərində Parapet-12 ünvanında (indiki Nizami-Fəvvarələr meydanı-müəl.) yaşadığı haqqında məlumatlar qeyd edilmişdir. Cəfər bəy ali təhsilini 1910-u ildə Xarkov Universitetində başa vuraraq, həkim peşəsinə yiyələnmişdir. O, 1905-1910-cu illərdə eser (sosialist-revolyusiner) partiyasının üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyov I Cahan müharibəsinin başlanması ilə əlaqədar xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. O, 1917-ci ildən 18 fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır.
Rüstəmbəyov "Əksinqilab, spekulyasiya, sabotaj və vəzifə cinayətləri ilə mübarizə” üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, Almanlar 1919-cu ilin yanvarında Krımı tərk etdikdən sonra Denikinin qoşunları dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Rüstəmbəyov da daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna və onun elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar. Krımın müsəlman ziyalıları Könüllülər ordusuna qarşı apardıqları təşviqata görə, Denikin casuslarının yoxlanışlarına məruz qalmış, onlardan bəziləri saxlanılaraq aradan götürülmüş, bəziləri isə Krımdan qaçmağa nail olmuşdular. Cəfər bəy Krımdan Bakıya gəlmişdir. Bakıya qayıtdıqdan sonra buradakı tanışları onu, Azərbaycanın xeyrinə olaraq Krım hökuməti nəzdində Azərbaycanın nümayəndəliyi vəzifəsini qəbul etməyə vadar etmişlər. Rüstəmbəyov AzFK-dakı ifadəsində həmçinin qeyd edirdi ki, onun Kubandakı rolu Azərbaycan vətəndaşlarının Denikinin elan etdiyi səfərbərlikdən azad olunması üçün onlara şəxsiyyət vəsiqələrinin verilməsindən vəKubankazaklarının dağıstanlılaraqarşı göndərilməsi ilə bağlı Kuban hökumətinə yazılı və şifahi etirazların göndərilməsindən ibarətolmuşdur. Lakin onun ifadəsində həmçinin təəssüflə qeyd edilirdi ki, etirazlarım səhradakı tənha insanın eşidilməyən, cavabsız çağırışlarına bənzəyirdi. Çünki oradakı operativ hissəyə Denikinin qərargahı rəhbərlik edirdi və o, Dağıstan və Azərbaycana ədavətlə yanaşırdı”.
Kuban və Krım dadiplomatik nümayəndə və ticarət müvəkkilikimi
Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi bir şəraitdə, keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmışdır. Həmin dövrdə təkcə Azərbaycan deyil, bütün Qafqaz bölgəsi həm böyük dövlətlərin, həm də Rusiyada hakimiyyət uğrunda amansız vətəndaş müharibəsi aparan nəhəng siyasi qruplaşmaların - bir tərəfdən Kolçak və Denikin qoşunları, digər tərəfdən isə sovet hökumətinin maraqlarının qarışdığı meydana çevrilmişdir. Belə bir mürəkkəb tarixi şəraitdə istiqlaliyyətini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təhlükə ilk növbədə şimaldan gözlənilirdi. Azərbaycan şimal-qərbdən Kolçak və Denikinin "könüllülər ordusu”nun, şimal-şərqdən isə Rusiya bolşeviklərinin təcavüzü təhlükəsi qarşısında dayanmışdı. Mövcud vəziyyətin çətinliyi həm də onunla izah olunurdu ki, hər iki qüvvə - istər Sovet hökuməti, istərsə də Kolçak və Denikinin " könüllülər ordusu” bir-birinə qarşı apardıqları mübarizədə Azərbaycanı müttəfiq qismində özünə tərəf kimi çəkməyə cəhd göstərirdilər. Bununla bağlı 15 fevral 1919-cu il tarixli "Azərbaycan” qəzetində qeyd edilirdi: ”... keçmiş Rusiya imperiyasında öz müqəddəratlarını təyin etmiş xalqların işləri ya bolşeviklərlə, ya da "könüllülər ordusu” ilə olurdu”. Lakin istər " könüllülər ordusu”, istərsə də bolşevizm rəhbərliyi bir qayda olaraq, yeni yaranmış müstəqil dövlətləri aşkar surətdə yıxmağa cəhd göstərirdilər. Bu səbəbdən də, öz istiqlaliyyətini təyin etmiş xalqlar dövlət quruculuğunda heç bir halda bolşevik Rusiyasına arxalana bilmirdilər. Denikinin "könüllülər ordusu”na gəlincə isə yarandığı ilk andan açıq- aşkar monarxiya rənginə boyanmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın daxili işlərinə qarışmayaraq, oradakı vətəndaş müharibəsinə münasibətdə neytral mövqedə dayandı. İstiqlalını yenicə bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Rusiyadakı vətəndaş müharibəsinə neytral mövqe nümayiş etdirməsi heç də onun özünü təcrid etməsi demək deyildi. Azərbaycanın 1-ci hökumət kabinetinin sədri F.X.Xoyski 1918-ci ilin dekabrında Parlamentin iclasındakı çıxışında qeyd edirdi: "Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüzlə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır ki, müstəqil Azərbaycan hökuməti özgə dövlətlər ilə rabitəyə girməyə çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü ilə də olacaqdır. Özgə məmləkətlər ilə olacaq rabitə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili olduğuna əminiz”.
Azərbaycan hökumətinin 1918-ci il 23 oktyabr tarixli qərarı ilə Krım hökuməti nəzdində diplomatik nümayəndəliyin təşkil edilməsi xarici işlər nazirinə tapşırılmışdı. Həmin tapşırıq yerinə yetirildikdən sonra Nazirlər Şurasının sədri və xarici işlər naziri F.X. Xoyskinin 1919-cu il aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyov martın 19-dan etibarən ayda 4 min rubl məvaciblə Azərbaycanın Kubanda diplomatik nümayəndəsi təyin edilmiş və ona yol xərcləri üçün təhtəlhesab 50 min rubl ayrılmışdır. Rüstəmbəyovun hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan” qəzetində də dərc edilmişdir. Qeyd edirik ki, "Könüllülər ordusu”nun müstəqil Azərbaycan Respublikasına qarşı təcavüzündən qorunmasında və Qafqazda baş verə biləcək qırğın və yanğının qarşısının alınmasında Azərbaycan hökumətinin, onun ordusunun və diplomatiyasının böyük rolu və xidməti olmuşdur. Bu sahədə Azərbaycanın Kuban, Krım və Don hökumətləri nəzdindəki diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyovun rolu və xidməti də danılmazdır.
Denikinlə ermənilər arasında gizli saziş
1919-cu ilin əvvəllərində " könüllülər ordusu” Şimali Qafqazda bir sıra qələbələrə nail oldu və general Denikin Dondan Vladiqafqazadək ərazidə rus ordu komandanlığını qəbul etdi. 1919-сu il, fevralın 11-də general Denikin Vladiqafqazı və Qroznını zəbt etdi, martın əvvəllərində isə Simali Qafqaz Dağlı Respublikasının hüdudlarına soxularaq, bu respublikanın hökumətinə hakimiyyətdən və respublikanın işlərini idarə etməkdən imtina etməsini təklif etdi. Denikin qoşunlarının 1919-cu ilin əvvəllərindən başlayaraq Şimali Qafqaza etdikləri basqınlar Azərbaycan Respublikasının ciddi narahatlığına səbəb olmuşdur. Azərbaycan Respublikasının nazirlər şurasının sədri və xarici işlər naziri F.X. Xoyskinin 1919-cu il martın 6-da müttəfiqlər qoşunlarının Bakıdakı baş komandanı general Tomsona göndərdiyi notada qırğının və bütün Qafqazı bürüyə biləcək yanğının qarşısını almaq məqsədilə Denikin ordusunun Qafqaz Dağlı respublikasına qarşı törətdikləri təcavüzün dərhal dayandırılması və denikinçilərin həmin respublikanın hüdudlarından çıxarılması üçün qəti tədbirlərin görülməsi xahiş edilirdi. Lakin hökumətin təqdim etdiyi notaya rəğmən, Antanta qoşunlarının Bakıdakı baş komandanlığı tərəfindən Denikin ordusunun Dağlı Respublikasının ərazisindən çıxarılması istiqamətində hər hansı bir tədbir görülmədi. Tarixi mənbələr təsdiq edir ki, Antanta dövlətləri istər ağqvardiyaçıların, istərsə də müstəqilliyini yeni elan etmiş dövlətlərin hökumətləri ilə əlaqələrini kəsməyərək, hər iki tərəfi özündən asılı vəziyyətdə saxlamağa və həmin vəziyyətdən özlərinin maraqlarına uyğun istifadə etməyə çalışırdılar. 1918-ci ilin noyabrında və 1919-cu ilin aprel ayında keçirilmiş Zaqafqaziya konfransında bir çox məsələlərə yanaşı, Denikin təhlükəsi məsələsi də müzakirə edilmişdi. Şimaldan gələn təhlükə Azərbaycan və Gürcüstan Respublikalarını eyni səviyyədə narahat etdiyi üçün konfransda onlar bu məsələdə həmrəy olduqlarını bildirdilər. Konfransda iştirak edən erməni nümayəndələri isə Denikinin könüllərinə öz münasibətlərini birbaşa bildirməkdən çəkindilər. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ararat Respublikasının Denikin təhlükəsi ilə bağlı öz planları olmuşdur. Bu planların böyük bir qismi İ.Şaxdinin 1931-ci ildə Tiflisdə çap edilmiş "Daşnaksutyun Qafqazda rus ağqvardiyaçılarının və ingilis komandanlığının xidmətində” kitabında öz əksini tapmışdır. Həmin kitabda sənədlərə istinadən göstərilir ki, Könüllü ordu ilə Ermənistan hökuməti arasında gizli saziş mövcud idi. Həmin sazişə görə, Denikin ordusu Azərbaycana və Gürcüstana hücum etdiyi zaman Ermənistan ağqvardiyaçılara köməklik göstərməli idi. Könüllü ordu isə öz növbəsində, Şimaldan bu respublikalara hücum etdiyi zaman Ermənistanın Azərbaycana və Gürcüstana olan ərazi iddialarını silah yolu ilə həll etmək üçün ermənilərə əlverişli şərait yaratmalı idi. Arxiv sənədləri təsdiq edir ki,"Könüllülər ordusunun” vəzifəli şəxsləri və ermənilər açıq-aşkar bəyan edirdilər ki, Ermənistan və onun ordusu Azərbaycanla mübarizədə "Könüllülər ordusunun” avanqardıdır. Denikinin Azərbaycanı və Gürcüstanı blokadaya aldığı vaxtlarda Ermənistan Novorossiysk və Batumi vasitəsilə özlərinə çörək gətirirdi. Bundan əlavə, rus hərbi gəmisi erməniləri hərbi mərmi və güllələrlə təmin edir, Ermənistan isə öz növbəsində həmin hərbi sursatı ilk növbədə Azərbaycan və Gürcüstana qarşı yönəldirdi. Həmin dövrdə ermənilərin Qarabağda və Zəngəzurda göstərdikləri misli görünməmiş azğınlıqlar bunu bir daha təsdiq edirdi.
Azərbaycanın maraqlarını qətiyyətlə qoruyub
Denikin ordusu 1919-cu ilin may ayına Petrovsk və Dərbənd də daxil olmaqla, demək olar ki, bütün Şimali Qafqazı zəbt edərək Azərbaycan Respublikasının sərhədlərinə daha da yaxınlaşdı. Azərbaycan real təhlükə qarşısında qaldı. Yaranmış vəziyyəti müzakirə etmək üçün Azərbaycan parlamentinin 26 may və 5 iyun 1919-cu il tarixdə fövqəladə iclasları keçirildi. Parlamentin 26 may tarixli iclasındakı çıxışında M.Ə.Rəsulzadə qeyd etdi ki, son zamanlar Azərbaycan əhalisinin həyəcanlı vəziyyətdə olmasının səbəbi "könüllər ordusu”nun Petrovsk və Dərbəndi zəbt etməsidir: "Müstəqilliyimizin müdafiə edilməsinin vacibliyi aşkardır. Dağıstan Azərbaycanın qapısıdır və orda oturan düşmənlər Azərbaycanın və bütün yeni yaranmış dövlətlərin düşmənləridir...Ona görə də biz hökumətə sual ilə müraciət edirik ki, bizim müstəqilliyimizin qorunması üçün hansı tədbirlər görülmüşdü?”
Parlamentin 5 iyun tarixli iclasında Nazirlər Sovetinin sədri Nəsib bəy Yusifbəyov bildirmişdi ki, "könüllülər ordusu”nun Azərbaycanın müstəqilliyinə baxışı respublikamız üçün qəbuledilməzdir. O, həmçinin ingilis qüvvələrinin Qafqazdakı komandanı general Q.N. Kori ilə görüşdüyünü bildirərək, qeyd etmişdi ki, Dağlı Respublikasında törədilən hadisələrdən sonra Azərbaycan artıq ona edilən vədlərə deyil, yalnız öz qüvvəsinə inanır: "Biz ingilis komandanlığından çoxlu vədlər almışıq, lakin təkrar edirəm ki, verilən vədlər heç də həmişə özünü doğrultmamışdır, ona görə də rifahımızı vədlər üzərində qurmağa bizim heç bir əsasımız yoxdur. Qonşuya ümid olan şamsız qalar. Yeganə etibarlı ümidimiz öz q
Bugün: | 860 |
Dünən: | 817 |
Bu həftə: | 860 |
Son həftə: | 6197 |
Bu Ay: | 6132 |
Son Ay: | 25580 |
Bu İl: | 218950 |
Ümumi: | 1239371 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az