Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan qadınının siması – Xalidə Hasilova

Son Yenilənmə : 2018-06-12 20:45:08
Baxış sayı : 5436

         1990-cı ilin günəşli bir yaz günü idi. Qazax rayonu II Şıxlı kənd orta məktəbində keçirilən tədbirə Bakıdan ziyalı qadınlar da dəvət olunmuşdu. Onların arasında Xalidə Hasilova, Zemfira Verdiyeva, Fəridə Ləman və başqaları var idi. Qonaqlarla bərabər tədbirdə məktəb kollektivi və şagirdlər də çıxış etdilər, xatirə şəkilləri çəkdirdilər. Mən də o şagirdlərdən biri idim.

2018-ci il iyun ayının 7-si...

Budur,  həmin səhnəni əks etdirən o rəsmlər masamın üzərində və mən çöhrəsinə vurulduğum, o nurlu simanın yaradıcılığı ilə tanış oluram. Yaradıcılığı qədər şəxsiyyəti də insanı valeh edir.

Yazıçı Xalidə Məmməd qızı Hasilova 1920-ci il aprelin 19-da Zaqatala şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Zaqatala pedaqoji texnikumunda təhsil almışdır. Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olan yazıçı ali təhsil almaq üçün 1939-cu ildə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Bakıya qayıtmış və təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirmişdir. 1948-ci ildə universiteti bitirdikdən sonra “Uşaqgəncnəşr” nəşriyyatında redaktor vəzifəsində çalışan X.Hasilova 1966-cı ildən “Göyərçin” jurnalının baş redaktoru,  1972-ci ildə isə  “Azərbaycan qadını” jurnalının baş redaktoru vəzifəsinə təyin olunur.

X.Hasilova uzun müddət bədii yaradıcılıqla məşğul olmuşdur. O əsasən uşaqların və gənclərin həyatından maraqlı povestlər yazan müəllif kimi tanınmışdır. Onun 1950-ci ildə çapdan çıxmış ilk kitabının adı “Kiçik hekayələr”dir. Bu kitabda uşaqlar üçün yazılmış hekayələr də var. Xalidə xanım uşaq ədəbiyyatı yaradıcılarından biridir. Yazıçının yaradıcılığı rəngarəngdir, mövzu dairəsi genişdir. O, həyat hadisələrinə dərindən nüfuz edir, düşünərək seçir, daha xarakterli obrazlar yaradırdı. Onu da qeyd edək ki, nasir ən az toxunulan mövzulara müraciət edir, hər bir surəti özünəməxsus boyalarla boyayaraq onun xarakterini olduğu kimi göstərirdi. Onun “Sular durulur”, “Onun taleyi”, “Kaman”, “Çəhrayı rəng”, “Çətin yollar boyunca”, “Nəğməli Könül” və s. povestləri buna canlı misaldır.

Xalidə xanımın arxiv sənədlərini araşdırarkən diqqət çəkən məqamlardan biri də yazıçıya gələn oxucu məktublarında ona ana, bacı deyə müraciət olunmasıdır. Demək Xalidə xanım güvənilən etibarlı, qayğıkeş insan olub ki, ona öz ürəklərini açıblar. Bu da onun yüksək insanı keyfiyyətə malik olmasından xəbər verir.

Azərbaycan ədəbiyyatı və mətbuatında Xalidə Hasilovanın xidmətləri böyükdür. Məhz buna görə də yazıçı sağlığında müxtəlif dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 

Məqalənin hazırlanmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 253 saylı fondun sənədlərindən istifadə edilmişdir.

 

 

Ruhiyyə Nuriyeva

S.Mümtaz adına Dövlət Ədəbiyyat və

                                                                           İncəsənət Arxivinin aparıcı arxeoqrafı



Bugün: 319
Dünən: 774
Bu həftə: 5688
Son həftə: 6350
Bu Ay: 18397
Son Ay: 25108
Bu İl: 284546
Ümumi: 1304967
1304967