Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsində çalışan dövlət qulluqçularının etik davranış QAYDALARI

Son Yenilənmə : 2018-02-21 05:22:02
Baxış sayı : 3121

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin

“06” iyun 2012-ci il tarixli 14 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

 

 

I. Ümumi müddəalar

 

1. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (bundan sonra – İdarə) çalışan dövlət qulluqçularının etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

2. Bu Qaydalar İdarədə dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

3. Dövlət qulluqçuları qanunun aliliyini, xüsusilə də İdarənin fəaliyyəti ilə bağlı qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə riayət edilməsini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.

4. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi İdarənin nüfuzunun artırılması, İdarəyə və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların əmək fəaliyyətində səmərəliliyin və şəffaflığın təmin edilməsi, İdarədə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, İdarədə çalışan dövlət qulluqçuları (bundan sonra – dövlət qulluqçusu) tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, İdarənin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir.

 

II. İdarədə çalışan dövlət qulluqçularının etik davranış qaydaları

 

5. Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə və iş vaxtından səmərəli istifadə etməyə borcludur.

İdarədə çalışan dövlət qulluqçuları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

6. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində, peşəkar səviyyədə yerinə yetirməli, İdarəyə daxil olan müraciətlərə və sorğulara qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə baxmalı, məsələləri qanunvericiliyə uyğun qaydada araşdırmalıdır.

Dövlət qulluqçusu öz etik davranışı və peşəkar fəaliyyəti ilə İdarəyə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

Dövlət qulluqçusu öz hərəkətləri və qəbul etdiyi qərarları ilə insanların haqlı tənqidinə şərait yaratmamalı, haqlı tənqiddən lazımi nəticə çıxarıb öz fəaliyyətini təkmilləşdirməlidir.

7. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, İdarənin və digər dövlət orqanlarının, həmçinin onların rəhbərlərinin fəaliyyəti haqqında (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi mülahizələr söyləməkdən, çıxışlar etməkdən və onların fəaliyyətinə ictimai qiymət verməkdən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə İdarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Dövlət qulluqçusu İdarədə dövlət orqanlarının fəaliyyəti və öz vəzifə səlahiyyətlərinin icrası ilə bağlı müzakirələr zamanı etik davranış qaydalarına əməl etməli, dövlət qulluqçusunun nüfuzuna xələl gətirməməli.

Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

8. Dövlət qulluqçusu fəaliyyəti dövründə şəxsin, cəmiyyətin və dövlətin qarşısında dövlət qulluqçusu andına sadiq olmalı və vəzifə funksiyalarını həyata keçirərkən bu anda uyğun olan davranış nümayiş etdirməlidir.

Dövlət qulluqçusu Azərbaycan Respublikasının, İdarənin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Dövlət qulluqçusu işə münasibətində şəxsi keyfiyyətləri, davranışı ilə kollektivdə xoş və qarşılıqlı işgüzar münasibətlərin qurulmasına köməklik göstərməlidir.

Dövlət qulluqçusu etik davranış qaydalarını pozduqda onun nəticələrini aradan qaldırmağa çalışmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

Dövlət qulluqçusu İdarənin və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

9. Dövlət qulluqçusunun fəaliyyəti insanların irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına, qanuni maraqlarının təmin olunmasına, qorunmasına xidmət etməlidir.

Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Dövlət qulluqçusu təqdim olunmuş müraciətlərin baxılmasına obyektiv və operativ yanaşmalı, süründürməçiliyə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, İdarənin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların qruplaşmasına (lobbiləşməsinə) yol verməməlidir.

10. Dövlət qulluqçusu həm tabe olduğu, həm də tabeliyində olan bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı, digər dövlət qulluqçularına qarşı əsassız ittihamlara, kobudluq və sərtlik hallarına yol verməməlidir.

Dövlət qulluqçusu xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.

11. Rəhbər dövlət qulluqçusu tabeliyində olan dövlət qulluqçularının vəzifə səlahiyyətlərini dəqiq və dürüst müəyyən etməli, onlara qanunsuz, etik normalara sığmayan, icrası mümkün olmayan tapşırıqlar verməməli və belə tapşırıqların yerinə yetirilməsini tələb etməməlidir.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində verdiyi əmr, sərəncam və tapşırıqları yerinə yetirməyə borcludur.

Rəhbər dövlət qulluqçularının verdiyi əmr, sərəncam və tapşırıqlar qanuna və ya digər normativ hüquqi aktlara zidd olduqda, dövlət qulluqçusu bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. Əgər, rəhbər dövlət qulluqçusu qanunsuz verdiyi sərəncam və tapşırıqların icrasını tələb etməkdə davam edərsə və əgər, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi aktlara zidd olduğuna inanırsa, belə halda həmin əmri, sərəncamı və tapşırıqları yerinə yetirməkdən imtina edə bilər.

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

12. Dövlət qulluqçusu Azərbaycan Respublikası milli arxiv fondu sənədlərinin qorunması, arxiv sənədlərinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada verilməsi ilə əlaqədar müraciət edən hüquqi və fiziki şəxslərin müraciətinə baxarkən və ya qərar qəbul edərkən obyektiv olmalı, heç bir təzyiq və təsirə yol verməməli, həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb etməməlidir.

Arxiv sənədlərindən istifadə qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsi zamanı obyektiv olmalı, heç bir təzyiq və təsirə yol verməməlidir.

13. Dövlət qulluqçusuna bu və ya digər xidmətə görə, qanunsuz yolla maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu onlardan imtina etməli, bu mümkün olmadıqda isə (ondan asılı olmayan səbəblərdən verilərsə) o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri maddi nemətlər, imtiyazlar və güzəştlər müvafiq akt üzrə İdarəyə təhvil verilməlidir.

14. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən halların icrası müqabilində mükafat qismində verilən hədiyyələri və qiymətli əşyaları özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

15. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yaranarsa, o, xidməti vəzifəsinin obyektiv icrasına üstünlük verməyə borcludur.

Dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təklifin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, ondan imtina etməli, bu mümkün olmadıqda onun qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

Dövlət qulluqçusu vəzifə səlahiyyətlərini həyata keçirərkən dövlət qulluğu, İdarənin fəaliyyəti ilə bağlı qüvvədə olan qanunlarla, normativ hüquqi aktlarla, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmağa və onların tələblərinə ciddi əməl etməyə borcludur.

16. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün onlardan istifadə edə bilməz.

Dövlət qulluqçusu kadrların seçilməsi, dövlət qulluğunun icrası zaman və öz vəzifə səlahiyyətlərini həyata keçirərkən dövlət mənafeyi ilə bağlı maraqları şəxsi maraqları üçün istifadə edə bilməz.

17. Dövlət qulluqçusu İdarənin sərəncamında olan məlumatların qanunvericilikdə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

Dövlət qulluqçusu İdarə tərəfindən müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

18. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliklərə üzv olmaq hüququna malikdir.

Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

Dövlət qulluqçusuna İdarədə ictimai və siyasi birliklərin (həmkarlar ittifaqı istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədin, siyasi partiyaların, bloklarının xeyrinə istifadə etmək qadağandır.

III. İdarədə davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

19. İdarədə çalışan dövlət qulluqçusunun davranışının, etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.

Etik davranış qaydalarına əməl olunmasına nəzarəti xidməti qaydada Milli Arxiv İdarəsinin rəisi həyata keçirir.

İdarədə etik davranış qaydalarına əməl olunmasına nəzarəti İdarənin rəisi tərəfindən təyin olunmuş əməkdaş tərəfindən həyata keçirilir.

20. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Aşağıdakı hallarda rəisin göstərişi əsasında dövlət qulluqçusu barəsində intizam icraatına başlana bilər:

  • “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və fiziki şəxslər tərəfindən şikayət və digər məlumatların verilməsi;
  • kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

Aparılmış intizam icratının nəticələri İdarənin rəhbərinə təqdim edilir. “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozmuş dövlət qulluqçusu barədə İdarə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbiri tətbiq edilə bilər.

İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, İdarə tərəfindən bu barədə cinayət təqibi orqanına məlumat verilir.



Bugün: 862
Dünən: 881
Bu həftə: 3455
Son həftə: 5867
Bu Ay: 19153
Son Ay: 20754
Bu İl: 84454
Ümumi: 1104875
1104875