Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-05-24 00:28:19
Baxış sayı : 5526

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax müəllimlər seminariyasının milli təhsil tariximizdəki yeri və rolu haqqında

 

(Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinə həsr edilir) 

 

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu. Həmin dövrdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun kö­kün­dən dəyişdirilərək milli mənafelərə uyğun milli köklər  üzərində yenidən qurulmasına, məktəb isla­hatlarının aparılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Parlamenti və Hökuməti tərə­fin­dən müvafiq qanun və qərarlar qəbul edilmiş və həmin qanun və qərarlara  uyğun olaraq Xalq Maarifi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Cümhuriyyət dövründə Xalq Maarif Nazirliyinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Zaqafqaziya müəllimlər seminariyasının Azər­bay­can şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülərək onun müstəqil seminariyaya çevrilməsi olmuşdur. Qeyd edirik ki, yenicə İstiqlala  qovuşmuş Azərbaycan Xalq Cümhuriyyəti hö­kumətinin qarşısında duran ən vacib məsələlərdən biri xalq maarifi və təh­si­linin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işi­nin geniş surətdə yayılmasına nail olmaqdan ibarət olmuşdur. Lakin ölkədəki kəskin müəllim qıtlığı problemini həll etmədən təhsilin və maarifin ya­yıl­ması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması üzrə qarşıda duran mühüm vəzifələri yerinə yetirmək mümkün deyildir. Azər­bay­can Xalq Cümhuriyyəti hökuməti ölkədə yaşanan kəskin müəllim qıtlığı problemini qis­mən də olsa həll etməkdən ötrü ölkədə qısa müddətli pedaqoji kursların açılması və Zaqafqaziya müəllimlər seminariyasının Azər­bay­can şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülməsi haqqında  qərarlar qəbul etdi. Hökumətin qəbul etdiyi həmin qərarlar ölkədə aparılan yeni məktəb quruculuğu işin­də olduqca əhəmiyyətli olmuşdur. Doğma diyarımıza Qa­za­xa köçürülmüş Zaqafqaziya müəllimlər seminariyasının tatar (Azərbaycan-R.S.) bölməsi əsasında yaradılmış müstəqil Qazax müəllimlər seminariyası xalqımızın mənəvi geriliyinin aradan  qaldırılması yolunda mühüm amillərindən birinə çevrildi. Cümhuriyyət hökumətinin və Xalq Maarif Nazirliyinin Res­pub­li­ka­mız­da ciddi səylə həyata keçirdiyi yeni məktəb quruculuğu işində, eləcə də ölkəmizdə pe­daqoji kadrların hazırlanmasında Azərbaycanın görkəmli ziyalısı, maarifçi-pedaqoq, içtimai xadim Firidun bəy Köçərlinin rəhbərlik etdiyi Qazax müəllimlər seminariyası yaxından iştirak etmiş və əhəmiyyətli rol oynamışdır.  Həmin dövrdə Qazax müəllimlər seminariyası ölkəmizdə milli müəllim və pedaqoji  kadrlar hazırlayan ilk milli tədris ocağına çevrilmişdi. Qazax müəllimlər seminariyasının ölkəmizdə sa­vad­sızlığın aradan qaldırılması, maarif, mədəniyyət və təhsilin  inkişaf  etdi­ril­mə­si sahəsindəki xidmətləri danılmazdır. Milli təhsil tariximizdə Qazax müəllimlər seminariyasının mühüm yeri və rolunu nəzərə alaraq  Arxiv sənəd və materiallarına, eləcə də digər tarixi mənbələrə əsaslanaraq Qazax müəllimlər seminariyasının yaradılmasına doğru gedilən  tarixi yola nəzər yetirək.

İlk növbədə qeyd edirik ki, Rusiya imperatoru II Aleksandr Zaqafqaziya müəllimlər seminariyasının təsis edil­məsi haqqında 1875-ci il aprelin 8-də fərman imzaladı. Həmin fərmanla se­mi­nari­ya­nın əsasnaməsi də təsdiq edildi. Təsdiq olunmuş əsasnamənin 1-ci bəndində qeyd edilirdi: “Za­qafqaziya müəllimlər seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəa­liyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir.” Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində isə bildirilirdi ki, “ Müsəlmanlar üçün xüsusi məktəb açılanadək müsəlmanlara Zaqafqaziya müəllimlər seminariyasına    onun  nəzdindəki  ibtidai  məktəblərə  daxil  olmağa icazə verilir.” Fərman imzalandıqdan  sonra seminariyanı qısa müddətdə açmaq mümkün olmamışdır. Bu təhsil ocağı yalnız 1876-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərməyə başlamışdır.

 Yeri gəlmişkən qeyd edirik ki, Zaqafqaziya Müəllimlər Seminariyası Rusiyanın qabaqcıl seminariyalarından bi­ri  sayılırdı. Seminariyada və onun nəzdində yaradılmış üç ibtidai məktəblərdə-rus, gürcü, erməni mək­təb­lərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bi­lən müəllimlərin yoxluğu müsəlman azərbaycanlı uşaqların böyük əksəriyyətinin rus mək­təb­lə­ri­nə cəlb olunması  işini  olduqca ləngidirdi. Ana dilində savada yiyələnmək istəyi müsəlman azərbaycanlı uşaq­larını ənənəvi məktəblərə cəlb edirdi. Azərbaycanda getdikcə genişlənməkdə olan Mil­li dünyəvi məktəb uğrunda hərəkat çarizmin maarif sahəsində yeritdiyi rus­laş­dır­ma siyasətinə qarşı çevrilmişdi. Bu hərəkatın mahiyyətini anadilli məktəblərin ya­ra­dıl­ması, yeniçilik və müasirlik uğrunda mübarizə təşkil edirdi. Həmin mübarizənin nəticəsi idi ki,  Qafqaz canişini ilk  dəfə olaraq Zaqafqaziyanın müsəlman əha­li­si üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) böl­mə­sinin  yaradılmasına  razılıq  verdi    həmin  şöbə 1879-ci ilin  sentyabr  ayından  etibarən   Qori  şə­hərində  fəaliyyətə  başladı. Xeyli müddət sonra Rusiya İmperatoru II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla Za­qaf­qaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin fəa­liyyəti  rəsmən  qanunlaşdırıldı.

 Şamaxıda kasıb rus ailəsində doğulub boya başa çatmış Aleksey Osipoviç Çernyayevski Azərbaycan bölməsinə inspektor təyin edildi. Azərbaycan bölməsinin açılmasına baxmayaraq  ilk  vaxtlarda  orada oxumaq  üçün  ərizə  verənlərin  sayı  olduqca az olmuş və bu fakt şöbənin gələcək fəaliyyətini şübhə altına almışdır. Bölmənin fəaliyyətini tə­min etmək məqsədilə A.O.Çernyayevski savad almaq istəyən azərbaycanlı uşaqların ax­tarışına çıxmışdı. O, belə axtarışları İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dər­bənddə aparır, kəndbəkənd gəzib qəza məktəblərində seminariyaya uşaq toplayırdı. O, uşaqların valideynlərinə təhsilin, maarifin nə demək olduğunu izah edərkən məq­sə­di­nin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdan ibarət olduğunu bil­di­rir və tövsiyə edir ki, onlar balalarını bu işığı yandırmaqdan məhrum etməsinlər.

 A.O.Çernyayevskinin axtarışları nəticəsiz qalmır və onun bu yolda çəkdiyi zəhmət özü­nü doğruldur. Belə ki, Qori seminariyasına təhsil almağa gələn azərbaycanlı uşaq­la­rın sayı ilbəil artmağa başlayır. Çox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Sə­fə­r­əli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahm­ud­bə­yov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfən­diyev  Çernyayevskinin  ümidlərini doğruldur. Firudin bəy Köçərli hələ tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi gö­rüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə etmiş, sonralar isə A.S.Puş­kin, M.Y.Lermontov, A.B.Koltsov və A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F.Axundovun “Aldanmış kəvakib” əsərini rus dilinə tərcümə etmişdir. O, Saleh  bəy Zöh­rabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib  etmişdilər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə - Səfərəli bəy Vəlibəyov isə “Xəzineyi-əxbar” adlı  en­sik­lopedik  kitab  tərtib etmişdir. Təhsilini ilk buraxılışda əla qiymətlərlə başa vurmuş, Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dilindən dərs demək üçün sax­layırlar. Seminariyanın Azərbaycan bölməsini bitirmiş məzunların böyük ək­sə­riy­yə­ti ucqar qəzalara, kəndlərə gedib orada pedaqoji fəaliyyət göstərir, xalq kütlələri ara­sında maarifi yayır, onları cəhalətin, geriliyin əlindən qurtarmağa  çalışırdılar. Bölmənin çar hakimiyyəti tərəfindən mürtəce məqsədlə açılmasına bax­ma­ya­raq, Qori seminariyası öz mövcudluğu və fəaliyyəti ilə Azərbaycanda xalq mək­tə­bi­nin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynamışdır. Qeyd etmək kifa­yət­dir ki, bu təhsil ocağının Azərbaycana verdiyi kadrları çar Rusiyası dövründə heç bir məktəb verməmişdir.

 Qori seminariyasının məzunu, böyük ziyalı Firudun bəy Köçərli sonralar ya­zır­dı: “Qori seminariyasının Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq nə vardısa, ha­mısı Çernyayevskinin adı ilı bağlıdır... Çernyayevskinin “Vətən dili bizim mək­təb­lər­də yeni bir dövr açdı.”

 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbay­can xalqının azadlıq hərəkatının yekunu kimi meydana gəldi. Yarandığı ilk gündən etibarən Azər­baycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diq­qət yetirdi. Çünki, əvvəlki dövrlərdə çarizm, xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə burada uzun illər xalq maarifi işini məh­dud çərçivədə saxlamış, zorla ruslaşdırma siyasəti yeritmiş, təhsil əsasən rus dilində aparılaraq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmişdir ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız mü­na­si­bət yaratmışdır. Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və on­la­rın arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Dövrün ta­nın­mış maarif xadimi Rəşid bəy Əfəndiyevin qardaşı pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev Par­la­men­tin 26 dekabr 1918-ci il tarixli 5-ci iclasındakı çıxışında mövcud vəziyyəti belə qiy­­­mətləndirmişdir:“...Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacını və başqa eh­tiyacatın fövqindədir. Ümumi fəlakətlərin birinci səbəbi maarif yoxluğudur... Şim­di­ki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir...”

Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, eləcə də məktəblərin milliləşdirilməsi və məktəb islahatlarının aparılması bir vəzifə olaraq hökumətin qarşısında dayanırdı. Bununla bağlı  azərbaycan dilində dərs deyə biləcək müəllim qıtlığı  problemi  də həll edilməli və bacarıqlı müəllim kadrlarının sayı artırılmalı idi. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar(Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hö­ku­mə­tinin 22 iyun 1918-ci il tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sə­rən­camına 5 min rubl pul vəsaiti ayrılır. Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müs­tə­qil seminariyaya çevrilir və burada fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Maarif  naziri N.b.Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39№li əmri ilə Zaqafqaziya müəllimlər seminariyasının keçmiş inspektoru Fi­ridun bəy Köçərli həmin ilin oktyabrın 1-dən etibarən seminariyanın direktoru təyin edilmişdir.

 Fi­ridun bəy Köçərli 13 oktyabr 1918-ci il tarixli “Аzərbaycan” qəzetində(rus dilində-R.S.)- dərc et­dirdiyi “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil semi­na­ri­yaya çevrilməsi haqqında” adlı məqaləsində qeyd  edirdi: “1918-ci ilin  əvvəllərində Qa­­zax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qar­şısında...tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə mə­sə­lə qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 10 iyun 1918-ci il tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərara gəlmişlər. Tatar (Azərbaycan-R.S.) bölməsinin əmlakının daşınması Xalq Maarif Naziri tərə­fin­dən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir.

 Qazax Müəllimlər Seminariyası kimi vacib bir pedaqoji məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən  gələn  kö­mək­li­yi  əsirgəməyəcəkdir. Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tə­rə­fin­dən    bu  təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik.”

Zaqafqaziya Müəllimlər Seminariyasının Seminariyanın Azərbaycan bölməsi  Gürcüstanın mər­kəzində mövcud olduğu 40 il ərzində tədris  dairəsi  rəh­bər­lərinin  yürütdükləri ruslaşdırma tendensiyasına baxmayaraq, seminariyanın yetirmələri istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin  azadlığı    müs­tə­qil­liyi  uğrunda  mübarizəyə  qoşulmuşlar. Sonrakı illərdə isə həmin bölmə Qori şəhərindən Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilmiş Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb kimi tanınmışdır. Qazax Müəllimlər Seminariyasının fəaliyyətinin təmin edilməsi mə­sələsi daim Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyinin diqqət mərkəzində ol­­muşdur. Hökumətin 21 oktyabr 1918-ci il tarixli iclasında bir il ərzində Qazax Mü­əl­limlər Seminariyasının pansionu və onun şəxsi heyətinin saxlanması üçün 177.892 rubl məbləğində kreditin ayrılması haqqında Xalq Maarif Nazirinin məruzəsi dinlənilmiş və qərara alınmışdır ki, iki ay yarım-15 oktyabr 1918-ci ildən 1yanvar 1919-cu ilədək olan müddətdə həmin seminariyanın pansionu, şəxsi  heyətinin  saxlanması    digər xərc­lər  üçün  90.962 rubl 25 qəp. məbləğində kredit ayrılsın və məhsulların ucuz qiy­mə­tə verilməsi nəzərdə tutulsun.

 Qazax  Müəllimlər  Seminariyasının  direktoru  F.Köçərli  1919-cu  il  martın 20-də  Dövlət  Müfəttişliyi İdarəsinin direktoruna 80№li məlumatı məktub göndərərək Za­qaf­qaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsinin 1918-ci il iyu­nun 20-də müstəqil müəllimlər seminariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada ça­lışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiq olunmaq üçün Bakıya, Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi    haqqında məlumat  vermişdir. Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin 28 oktyabr 1918-ci il ta­rixli əmri ilə həmin heyət təsdiq edilmiş və əmrə uyğun olaraq, ok­tya­brın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında mü­əl­limlik etməyə icazə verilmişdir:

- İsfəndiyar bəy Vəkilov-rus dili və təbiət elmləri; Yusif Qasımov – tarix fən­lə­ri; Əli  Hüseynov – tarix və coğrafiya; Məhəmməd  Hüseynzadə-riyaziyyat; İbrahim  Əfəndi  Qayıbov – ana dili.

Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər    elə həmin gündən etibarən başlamışdır. Seminariyanın açı­lı­şın­da yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq mək­təbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli höku­mət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və s. iştirak etmişlər.

Açılışda toplaşanları salamlayan Qayıbzadə Əfəndi İbrahim müəllim öz çıxı­şın­da  gənc  dövlətin  pedaqoji  təhsilə  böyük  ehtiyacı  olduğunu  qeyd  etmişdir.

Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək  onları  və Qa­zax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik etmiş və müəllim­lə­rin cəmiyyətdəki roluna yüksək qiymət verərək qeyd etmişdi: “Təmənna güdməyən zəh­mətkeş müəllimləri  olmayan  millətin xöşbəxt, güclü və qüdrətli olması  mümkün  deyildir”.

Səbri bəyin  ardınca Camal bəy toplantıda iştirak edən şagirdləri təbrik edərək  onları  Vətən  naminə məhsuldar çalışmağa səsləmişdi. Eyni zamanda, gənc tələbələrə  xa­tırlatmışdı  ki, Vətən  təkcə  iti  qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş  ağılla  da  mü­dafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaq üçün fəda­kar­lıq­la çalışmaqlarını arzulamışdır. Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd etmişdir ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman alə­mindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti  olmuş, möv­cud­luğu dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına  çoxlu  say­da müəllimlər hazırlamışdı. Vətəndən ayrı düşmüş, müsəlman gəncləri milliliyinin tə­mizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil semi­na­ri­ya­ya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan-R.S.) bölməsi xal­qın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çev­riləcək  bu  yolda  var  qüvvəsi ilə çalışacaqdır.

Müəllimlər  seminariyasının  mövcud  proqramının  dəyişdirilməsinə  dair hazırlığın görülməsi  haqqında Xalq  Maarif  Nazirinin  müavini  H.b. Şahtaxtinskinin    Qazax  müəllimlər  seminariyasının  direktoru  F.b. Köçərliyə göndərdiyi  27 mart 1919-cu il tarixli 3147№li məktubda qeyd edilirdi:” Şübhəsizdir  ki, müəllim  seminariyalarının  mövcud  olan  proqramı  hazırkı  vaxtda  yararlı  sayıla  bilməz.  Həyat  yubanmadan proqramı  az  yararlı, lazım  olmayan, gərəksiz  materiallardan     təmizləyərək  onun   zəmanəyə  uyğun  yeni, təzə  elementlərlə  təkmilləşdirilməsini    yeni proqram  ilə  əvəz  edilməsini  tələb  edir. Bu əlbəttə  ki, çətin    məsuliyyətli  bir  işdir və  tək  adamın  öhdəsindən  gələsi  bir  məsələ   deyildir. Bu  məsələ  kifayət qədər  nəzəri    praktiki  hazırlığı  olan mötəbər  qüvvədən  ibarət  bütöv bir  komissiyanın  müzakirə  predmeti  ola  bilər. Bu məsələ  təcili  öz  həllini  tələb etdiyi üçün   bizdə  mövcud  olan  qüvvə  ilə  hazırlaşmalı    materiallar  toplandıqca  ümumi  qüvvə  ilə onun  yerinə  yetirilməsinə  başlanmalıdır.”

 Xalq  Maarif  Nazir  əvəzi  H.b. Şahtaxtinskinin  Seminariyanın  mədəni  fəaliyyətinə  görə  1919-cu il aprelin 6- da Qazax  müəllimlər  seminariyasının  direktoru  F.b. Köçərliyə göndərdiyi 3516№li  təşəkkür  məktubunda qyd edilirdi: “ Sizin  gənc  seminariyanın  mədəni  fəaliyyəti  Nazirliyi  fərəhləndirir.  Nazirlik  sizə    sizin  seminariyaya  təşəkkür  edir.”

Za­qaf­qaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsinin Azərbaycandan uzaqda – Gür­cüst­anın Qo­ri şəhərində açılmasına baxmayaraq, onun  təşkili,  sonrakı dövrlərdə isə onun Azərbaycanın doğma diyarı olan Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilməsi XIX  əsrin sonu XX əsrin I yarısında azərbaycanlı müə­l­lim və pedaqoji  kadr­larının hazırlanmasında  mühüm mərhələ təşkil etmişdir. Azərbaycanda xalq maa­rifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz hə­min seminariyada  təhsil  almışdır. Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf  etdirilməsi, yeni məktəblərin, xalq  maarifinin  bütöv  bir  dövrü  məhz Zaqaf­qa­zi­ya müəllimlər seminariyasının  Azərbaycan bölməsinin, sonrakı dövrdə isə Qazax müəllimlər seminariyasının məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur.

Qori seminariyası mövcud olduğu 40 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim-Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axun­dov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şah­suvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Əli Qəmərli, Ə.Seyidov, Şıx­lins­ki­lər və b. hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycanda Milli maarifçilik hərə­ka­tının inkişafında müstəsna rol oynamışlar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mə­də­niy­yə­ti­nin inkişaf etdirilməsində təhsilin milli köklər üzərində yenidən qurulmasında, mək­təb islahatlarının aparılmasında, ana dilli məktəblərin yaradılmasında, ana dilində dərs­lik­lərin hazırlanmasında vaxtilə Qori Seminariyasının Azərbaycan bölməsini bitirmiş mə­zunlar  yaxından iştirak etmiş, Azərbaycanda təhsilin, maarifin və mədə­niy­yə­tin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə apar­mış­lar.

Xalqımızın təhsil tarixində əhəmiyyətli dərəcədə xidməti və rolu olmuş təhsil ocaq­larının təcrübəsini öyrənmək və gənc nəslin elmi-pedaqoji biliyinin artırıl­ma­sın­da, onların vətənpərvər ruhda tərbiyə ondan istifadə etmək bu gün də aktualdır.

 Ölkəmizin təhsil tarixində xüsusi rolu olmuş və Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Fərhad Ağazadə kimi görkəmli şəxsiy­yət­lə­ri yetişdirmiş Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan böl­mə­si­nin, eləcə də sonrakı illərdə Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilmiş və Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Sey­fulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirmiş Qazax Müəllimlər Se­minariyasının fəaliyyəti gənc nəsillər tərəfindən öyrənilərək  onların elmi-pedaqoji biliklərinin artırılmasında həmin tədris ocaqlarının  zəngin təcrübəsindən istifadə ediləcəkdir.

 Rafiq Səfərov

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və

istifadəsi şöbəsinin  baş məsləhətçisi

                  İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

 

  1. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları.Bakı.2006.s.126-127.
  2. .Полное собрание Законов Российской Империи. Собрание второе. Том L (50), Отделение первое.1875, Санк-Петербург-1877, с.339-340.
  3. Полное собрание Законов Российской Империи Собрание второе.Том LV (55). Отделение первое. C 19 февраля 1880 года по 28 февраля 1881 года. Санк-Петербург-1884, с.234.
  4. Азербайджан. 1920, 31 марта;  ARDA.f.51.siy.1.iş.1.v.115-115(arxa üzü)
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, cild.1, s.135. Bakı, 1998.
  6. . Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты, Баку, 1998, с.190;
  7.  Азербайджан. 1918, 16 октября, №11
  8. . Азербайджан. 1918, 13 октября, №10
  9. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты, Баку, 1998, с.245
  10. ARDTA, f.797, siy.1, iş 19, v.3; 4-4 (arxa üzü).
  11.  ARDTA, f.797, siy..1, iş.18, v.37.
  12. .Yenə orada
  13. Азербайджан. 1918, 30 октября, №22.
  14. Азербайджан. 1918,  20 ноября, №40.

  



Bugün: 95
Dünən: 824
Bu həftə: 3397
Son həftə: 6294
Bu Ay: 22400
Son Ay: 25108
Bu İl: 288549
Ümumi: 1308970
1308970