Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-26 21:42:36
Baxış sayı : 3449

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixindən: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi haqqında” sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Cümhuriyyətin yubleyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunması qərara alınmışdır. Məqalə sərəncamdan irəli gələn vəzifələrlə bağlı Cümhuriyyət tarixinin arxiv sənədləri əsasında daha dərindən öyrənilməsi məqsədilə hazırlanmışdırMəqalə işlənilərkən Azərbaycan Respublikası Dövlət Tarix Arxivində mühafizə olunan 524 №-li Fondun arxiv sənədlərinə  və görkəmli tatar alimi, tarix elmlər doktoru Dilara Usmanovanın Litva Xüsusi Arxivində apardığı araşdırmalar üzrə materiallara  istinad edilmişdir.

                  

            XX əsrdə Azərbaycan xalqının tarixində  baş vermiş ən mühüm hadisələrdən  biri 1918-ci il 28 may tarixində  Cümhuriyyət qurucuları tərəfindən  “İstiqlal Bəyannaməsi ”nin elan edilməsi olmuşdur. Bu tarixi hadisə əsrlər boyu bir millətin içində qaynayan  azadlıq və hürriyyət eşqinin reallığa çevrilməsinə səbəb olmuş, xalqın milli mənlik şüurunu özünə qaytarmış  və bütün dünyaya öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani olaraq sübut etmişdir.

           Bildiyimiz kimi, Rusiya imperiyasında baş vermiş iki inqilab bu  imperiyanın tərkibində  yaşayan bir sıra xalqlara öz müqəddəratlarını təyin etmək üçün tarixi imkan  yaratdı. Bu fürsətdən istifadə edən Zaqafqaziya xalqlarının nümayəndələri 1918-ci ilin fevralın 23-də Zaqafqaziya Seyminin yaradılmasını elan etdilər. Lakin  1918-ci ilin mayında Zaqafqaziya hökuməti süquta uğradı. Zaqafqaziya Seymində təmsil olunmuş müsəlman fraksiyasının nümayəndələri Azərbaycan Milli Şurasının yaradılmasını elan etməklə Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürdülər. Milli Şura Azərbaycan xalqının müxtəlif təbəqələrindən olan nümayəndələrinə müraciət edərək,  müstəqil Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminin təşkilində iştiraka və dövlət quruculuğunun ayrı-ayrı sahələrində təmsil olmağa dəvət etdi. Azərbaycan Respublikasının dövlət arxivlərində mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinin araşdırılması zamanı məlum olur ki, doğrudan da  hakimiyyətin müxtəlif qanadlarında ayrı-ayrı xalqların nümayəndələri təmsil olunmuş, onların siyasi və idarəetmə sahələrindəki təcrübələrindən dövlət quruculuğunun müxtəlif istiqamətlərində geniş istifadə olunmuşdur.     

         Azərbaycan Respublikası Dövlət Tarix Arxivində mühafizə olunan arxiv sənədləri bizi maraqlı bir soyadla Lev (sənədlərdə əsasən Aslan bəy kimi yazılıb) Konstantinoviç  Kriçinski ilə tanış edir və onun Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin dəftərxana direktoru vəzifəsində, həmçinin Xarici İşlər Nazirliyi yanında Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair sənədli materialların toplanması məqsədilə yaradılmış Xüsusi Komissiyanın sədri kimi fəaliyyəti  barədə geniş məlumat almağa imkan verir.

           Kimdir Aslan bəy Kriçinski?  Sənədlərdən məlum olur ki, Kriçinskilər polşa-litva tatarlarının tarixində xüsusi iz qoymuş  qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410-1411-ci illərdə Qızıl-Orda xanlığından çıxmış  Neman bəy Litvaya gəlmişdir.   Onun oğlu Konrad   burada knyaz tituluna qədər yüksəlmiş və  özünə bağışlanılmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi  nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş,  general-leytenant rütbəsində istefaya çıxaraq yaşamaq üçün Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Levin (Aslanın) taleləri Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə sıx əlaqəli olmuşdur. Kriçinski  qardaşları Sankt-Peterburq Universitetində hüquq ixtisası üzrə təhsil almışlar. Aslan bəy Kriçinsi tələbəlik illərində Peterburqda  “Polşa tələbələrinin müsəlman İttifaqı”nın yaradıcısı və faktiki ona rəhbərlik edən şəxslərdən biri olmuşdur. Həmin İttifaqa sonradan Litva tatarları da daxil olmuşdur. İttifaqın məqsədi Peterburq Universitetlərində təhsil alan müsəlman tələbələri birləşdirmək onların polşa-litva tatarlarının tarixinin öyrənilməsi və mədəniyyətlərinin qorunması işinə cəlb etmək olmuşdur. Aslan bəy Kriçinski təhsilini başa çatdırdıqdan sonra Varşavaya qayıdaraq məhkəmə orqanlarında çalışmış, müsəlman təşkilatların fəaliyyətində yaxından iştirak etmişdir. O, 1913-cü ildə yoxsul müsəlmanlara yardım etmək üçün Varşavada  atası tərəfindən yaradılan  “Müsəlmanların xeyriyyə cəmiyyəti”nin idarə heyətinə üzv seçilmiş və katib kimi həmin təşkilatda çalışmışdır.

        Birinci dünya müharibəsi dövründə bir çox polşa-litva tatarları kimi Aslan bəy də Varşavadan  Petroqrada gəlir. Burada polşa-litva tatarlarının milli hərəkatında, “Polşa, Litva, Belarus, Ukrayna tatarları İttifaqı”nın yaradılmasında yaxından iştirak edir və İttifaqın İcraiyyə Komitəsinin Katibi vəzifəsində çalışır. 1917-ci ildə Petroqradda  müxtəlif millətlərin nümayəndələrinin daxil olduğu “Müsəlmanlar klubu”nu yaradır. Polşa, Litva, Belarus, Ukrayna tatarları barədə  biblioqrafik, tarixi və etnoqrafik materiallar toplayaraq “Biblioqrafiçeskie materialı o tatarax Polşı, Litvı, Belarusi i Ukrain” adlı tarixi antropologiya çap etdirir. Aslan bəy Litva tatarlarını islam dünyasının bir hissəsi hesab edirdi. Məhz buna görə də 1918-1920-ci illərdə müsəlman ölkələrində  cərəyan edən  milli azadlıq hərəkatlarını yaxından izləmiş, çox hallarda  həmin hərəkatın fəal iştirakçısı olmuşdu. Aslan bəy Kriçinski 1918-1920-ci illərdə iki müstəqil dövlətin hökumət üzvü seçilmişdi. O, 1918-1919-cu illərdə Krım-tatar Respublikası hökumətinin Baş Nazirinin dəftərxana müdiri vəzifəsində işləmiş,1919-1920- ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin İşlər İdarəsinin Dəftərxana  direktoru  vəzifəsində çalışmışdır.

         Arxiv sənədlərindən məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 7 may 1919-cu il tarixli iclası Lev (Aslan bəy) Konstantinovic Kriçinskinin  Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin dəftərxana direktoru vəzifəsinə təyin olunması barədə qərar qəbul etmiş və Nazirlər Şurası sədrinin 8 may 1919-cu il tarixli 17 nömrəli əmri ilə  Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin direktoru vəzifəsinə  təyin olunmuşdur.

        Arxiv materiallarından üzə çıxan maraqlı faktlardan biri də Aslan bəy Kriçinskinin dövlət vəzifəsində çalışmaqla bərabər elmi axtarışlarla məşğul olması, xüsusi ilə Zaqafqaziyada, o cümlədən Qafqazda yaşayan müsəlman əhalisinə qarşı rusların apardığı irticaçı siyasətinin mahiyyətinin açılması üçün mühüm işlər görməsidir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən öz qarşısına qoyduğu mühüm vəzifələrdən biri də Çar Rusiyasının və onların havadarlarının  Zaqafqaziyada Azərbaycan xalqına, regionda yaşayan müsəlman əhalisinə qarşı yürütdüyü işğalçı siyasət, törədilən vəhşiliklər, soyqırım hadisələri barədə materialları toplamaq  və bu siyasətin gerçək mahiyyətini bütün dünyaya bəyan etmək olmuşdur. Qısa tarixi dövrdə fəaliyyət göstərməsinə baxmayaraq,  Azərbaycan Xalq  Cümhuriyyəti Hökuməti bu  missiyanı şərəflə yerinə yetirmiş,  xalqımızın tarixində baş vermiş bir sıra qaranlıq məqamların öyrənilməsində əvəzsiz mənbə olan sənədlərin qorunub bizlərə çatdırılmasında müstəsna rol oynamışdır. Cümhuriyyət Hökuməti dövründə mərkəzləşdirilmiş arxiv təşkil edilməsə də, hazırda arxivlərimizdə saxlanılan həmin dövrə aid sənədlərin araşdırılması zamanı məlum olur ki, Hökumətdə təmsil olunan şəxslər xalqımızın qaranlıq tarixinin işıqlandırılması üçün vacib olan arxiv sənədlərinin toplanılması, onları çap etdirərək geniş ictimaiyyətə, beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm işlər görmüşlər.

           Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyət Hökumətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə   Xarici İşlər Nazirliyi  yanında yaradılan Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətində yaranan və tədqiqat üçün toplanan materiallar həmin dövrdə ölkəmizdə erməni daşnaqları tərəfindən törədilmiş soyqırım aktının, onun acı nəticələrinin öyrənilməsi  və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanın haqq səsinin tarixi faktlar və sübutlar əsasında beynəlxalq tribunalardan səsləndirilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Şübhəsiz,  bu tarixi fədakarlıq həmin Hökumətdə təmsil olunan böyük şəxslərin vətən və dövlət sevgisindən doğan bir istək olmuşdur.

        Azərbaycan Dövlət Tarix Arxivində mühafizə olunan arxiv sənədləri bizə yuxarıda adı çəkilən fədakar insan, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin dəftərxana müdiri vəzifəsində çalışmış Aslan bəy Kriçinskinin  milli tariximizin qaranlıq səhifəsini əks etdirən sənədlərin toplanılması və öyrənilməsi istiqamətindəki fəaliyyəti  barədə ətraflı məlumat almaq imkanı verir.  Sənədlərdən məlum olur ki, Aslan bəy 17 sentyabr 1919-cu ildə  Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirinə məktubla müraciət edir. Həmin məktubda A. Krıçinski yazır ki, Qafqazın Rusiya tərəfindən ilhaqından sonra Zaqafqaziya müsəlmanlarının həyatında baş vermiş qaranlıq hadisələr bu günə qədər öyrənilməmiş və  mətbuatda lazımı səviyyədə işıqlandırılmamışdır. Zaqfqaziyanın tərkib hissəsi olan Azərbaycana gəldikdə, Çar Rusiyası bu ərazidə özünün ən məkirli və dağıdıcı siyasətini həyata keçirmişdir. Zaqafqaziya müsəlmanlarına qarşı Rus siyasətinin hərtərəfli öyrənilməsinin  və çap etdirilməsinin elmi əhəmiyyətindən danışan Aslan bəy qeyd edirdi ki, bu, Azərbaycan tüklərinin milli özünüdərkində, öz müqəddəratlarının təyin edilməsində böyük əhəmiyyətə malik olmaqla yanaşı, nəinki  Azərbaycanın ictimai dairələrinə, həmçinin qərbi Avropanın və Rusiyanın demokratik qüvvələrinə imperiyanın müsəlman əhalisinə qarşı yürütdüyü dəhşətli siyasətin acı nəticələrinin çatdırılmasını təmin edəcəkdir. A. Kriçinski  qeyd olunan məktubda bu məqsədlə Qubernatorların, Quberniya İdarələrinin, Jandarma  İdarələrinin, Hərbi əks-kəşfiyyat İdarələrinin, Qafqaz Namestnikinin (canişinin) dəftərxanalarında saxlanılan arxiv sənədlərini tez bir zamanda  sistemləşdirərək  iş halında formalaşdırmaqla toplanmasını vacib hesab edir və həmin sənədlər əsasında rus hökumətinin müsəlman əhaliyə qarşı yürütdüyü siyasəti barədə müxtəlif mövzular üzrə materiallar toplusunun çap etdirilməsini zəruri sayırdı.

    A. Kriçinski məktubunda Xarici İşlər Nazirini məlumatlandırır ki, o, Krım Respublikasında işlədiyi dövrdə bu istiqamətdə çalışmış, 2-3 ay ərzində 3-cildlik toplu üçün materiallar  toplaya bilmişdir. Azərbaycanda belə bir komissiya yaradılarsa, onun tərkibində məmuniyyətlə iştirak etməyə hazırdır.

         Arxiv sənədlərindən məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Aslan bəyin bu müraciətinə laqeyd qalmır. Xarici İşlər Nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Xarici İşlər Nazirliyi yanında “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair”  arxiv sənədlərinin toplanması məqsədilə Xüsusi Komissiya yaradılır. Komissiyanın sədri Aslan bəy Kriçinski, üzvləri Əli Yusif, Məhəmməd bəy Ağayev və Kərim Sulkeviç təyin edilir. Komissiyanın fəaliyyətinin təşkili üçün xərclərin Nazirliyin xərclər smetası hesabına aparılması müəyyən olunur.

         Xüsusi Komissiyanın ilk iclası Aslan bəy Krıçinskinin sədrliyi və üzvlər Əli Yusif, Məhəmməd bəy Ağayev və K. Sulkeviçin iştirakı ilə 14 oktyabr 1919-cu ildə keçirilir. Komissiyanın sədri Aslan bəy komissiya üzvlərini Xarici İşlər Nazirliyinin qeyd olunan əmri ilə tanış edir və ilk iclasda müzakirə olunacaq məsələlər barədə məlumatlandırır. Komissiyanın ilk iclasında aşağıdakı məsələlər ətrafında müzakirələr aparılır: 1) komissiyanın qarşısına qoyulmuş vəzifələr; 2) məsələnin araşdırılması üçün müəyyən olunan müddət; 3) tədqiq və araşdırılmalı olan arxivlər;

4) hər bir arxiv üzrə işlərə (sənədlərə) baxılması qaydaları; 5) tədqiqat işlərinin açıq və ya gizli aparılması; 6) arxiv sənədlərinin surətlərinin çıxarılması və saxlanılması qaydaları; 7) komissiyanın şəxsi heyəti, xərcləri, üzvlərin müvafiq yerlərə getməsi məsələsi; 8) arxivlərdən alınmış materialların istifadəsi  və sair.

        Xüsusi Komissiya ilk növbədə Bakı və Gəncə quberniyalarında yerləşən İdarələrdən Zaqafqaziya  müsəlmanlarının maariflənməsinə və mədəniyyətinə qarşı, onların dini zəmində sıxışdırılması, sünni və şiələr, erməni və tatarlar arasında dini və milli zəmində düşmənçiliyin qızışdırılması, müsəlman əhalisinin silahsızlaşdırılması, hərbi mükəlləfiyyət  və müsəlmanlara qarşı iqtisadi siyasət  və digər məsələlərə dair rus siyasətini özündə əks etdirən sənədlərin   toplanılmasını zəruri hesab edir.  Komissiya həmçinin birinci mərhələdə 1900-cu ildən Azərbaycanın müstəqilliyi elan olunduğu dövrə qədər (28 may 1918-ci ilədək) olan materialların,  sonrakı mərhələdə isə Qafqazın ruslar tərəfindən ilhaq edildiyi dövrdən başlayaraq sənədlərin toplanılmasını, ilkin mərhələdə sənədlərin toplanması işinin gizli aparılması, bütün arxivlərə baxdıqdan sonra isə müvafiq arayışla əhalinin məlumatlandırılması, mütəmadi olaraq komissiya sədrinin qərarı ilə iclasların çağırılması, xüsusi əhəmiyyətli məlumatlar daşıyan sənədlərin arxivə geri qaytarılmadan xüsusi komissiyada saxlanılması, hər bir sənəddən iki surət çıxartmaqla bir nüsxənin komissiyanın sədri və ya müavinində saxlanılması, toplanmış sənədlərin sistemləşdirilməsi və surətlərinin çıxardılması üçün müəyyən sayda makinaçıların işə cəlb edilməsi və sair məsələlər barədə qərarlar qəbul edir.

         Sənədlərdən aydın olur ki, Xüsusi Komissiya Aslan bəy Kriçinskinin rəhbərliyi ilə dərhal fəaliyyətə başlayaraq   yuxarıda  göstərilən ayrı-ayrı təşkilatlara, Quberniya İdarələrinə, Jandarma Dəftərxanalarına müraciətlər ünvanlamış və həmin təşkilatların arxivlərində saxlanılan sənədlərin alınması üçün tələbnamələr göndərmişdir. Komissiya tərəfindən müvafiq təşkilatlardan siyahı əsasında sənədlərin alınmasını təsdiq edən bildirişlər də arxiv  sənədlərinin araşında mühafizə edilir. Maraqlı faktlardan  biri də ondan ibarətdir ki, Xüsusi Komissiya qısa müddətdə qeyd olunan təşkilatlardan göstərilən məsələ ilə əlaqəli  xeyli sayda material toplamağa nail olur.  A. Kriçinskinin bu barədə 4 dekabr 1919-cu ildə Xarici İşlər Nazirinə ünvanladığı məktubunda deyilir ki, artıq Bakıda yerləşən arxivlərdən toplanmış materialların sistemləşdirilməsinə başlanılıb, Gəncə Quberniyasında  yerləşən təşkilatların arxivlərində tədqiqat aparılmasına zərurət yaranmışdır və bu məqsəd üçün əlavə vəsaitə ehtiyac vardır. Digər maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Xüsusi Komissiya  onun fəaliyyəti üçün ayrılmış vəsaitin hansı işlərə xərclənməsi, hansı təşkilatların məxfi sənədlərindən surətlərin çıxardılması, komissiyanın fəaliyyətində iştirak edən şəxslərin  mükafatlandırılmasına nə qədər vəsait sərf edilməsi haqqında Xarici İşlər Nazirliyinə  mütəmadi olaraq sənədləri təqdim edir. Hətta bu işdə onlara kömək edən şəxslərin siyahıları və ödənilən məbləğlər barədə arxiv materialları arasında sənədlər saxlanılır.

          Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Xüsusi Komissiyanın fəaliyyətini daimi diqqətdə saxlamışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Sədrinin Gəncə Qubernatoruna ünvanlandığı 20 dekabr 1919-cu il tarixli 8075 nömrəli məktubunda Hökumətin İşlər İdarəsi dəftərxanasının direktoru, Xarici İşlər Nazirliyi yanında Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair materialların toplanması üzrə komissiyanın sədri Aslan bəy Kriçinski və Daxili İşlər Nazirinin katibi və həmin komissiyanın üzvü Məmməd bəy Ağayevin Quberniya arxivlərində saxlanılan  inqilaba qədərki, dövrə aid sənədlərin aşkar edilməsi üçün ezam olunduqları  bildirilir və tələb olunan işlərin onların sərəncamına verilməsi, həmçinin qarşıya qoyulmuş vəzifənin icrasında onlara kömək göstərilməsi xahiş edilir. Bu məzmunda digər bir məktub Bakı şəhər Komendantı general-mayor F.B. Vəzirova ünvanlanır. Hökumət tərəfindən Komissiyanın fəaliyyətinin daimi olaraq nəzarətdə saxlanılması,  onlara zəruri hallarda köməklik göstərilməsi Komissiya üzvlərini işə daha fədakarcasına yanaşmağa sövq etmişdir.

      Xüsusi Komissiyanın sədri 12 yanvar 1920-ci il tarixdə Xarici İşlər Nazirliyinə ünvanladığı məktubunda göstərir ki, Komissiya Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair 4 cild həcmində arxiv materialları toplamış və doqquz bölmə üzrə sistemləşdirərək çap üçün hazırlamışdır. Məktubda sənədlərin Bakı və Gəncə quberniyalarının ərazisində yerləşən idarələrin arxivlərindən toplanıldığı və aşağıdakı mövzular üzrə  qruplaşdırıldığı bildirilir: 

1)Milli hərəkata qarşı mübarizə,

2) maariflənmə və mədəniyyətə qarşı mübarizə,

3) dini sıxışdırma,

4) Milli münaqişələrin yaradılması,

5) immiqrasiya,

6) müstəmləkələşdirmə,

7) hərbi mükəlləfiyyət,

8) əhalinin müflisləşdirilməsi üzrə iqtisadi siyasət,

9) İnzibati-polis qəyyumluğu.

          Aslan bəy məktubunda  bu materialların Hökumət mətbəəsində çap etdirilməsinə razılıq verilməsini xahiş etmişdir. O, həmçinin Quberniya arxivlərində arxeologiya və hüquq sahələrinə aid  qiymətli çap materiallarının (kitablar) aşkar edildiyi, Bakı quberniya idarəsinin arxivində Petroqrad  hərbi-tarix  muzeyinə aparmaq üçün 1914-cü ildə rus hökuməti komissiyası tərəfindən yığılmış kitabların məhv olmaq təhlükəsindən xilas edilərək Ədliyyə Nazirliyinin kitabxanasına siyahı üzrə təhvil verildiyi,  arxivlərdə sənədlərin olduqca pis vəziyyətdə saxlanılması barədə Nazirliyi məlumatlandırmışdır.

            Arxiv sənədlərinin araşdırılması zamanı üzə çıxan maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Komissiya yalnız müəyyən olunmuş mövzu üzrə materialların toplanması ilə kifayətlənməmiş, həmçinin Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı olan maddi-mədəniyyət nümunələrinin siyahıya alınması, onların öyrənilməsi və bərpası istiqamətində fəaliyyət göstərməyi də vacib hesab etmişdir. Komissiyanın üzvü  Məhəmməd bəy Ağayevin 24 yanvar 1920-ci ildə Daxili İşlər Nazirinə  ünvanladığı məktub bu faktı bir daha təsdiq edir. O, məktubunda qeyd edir ki, nazirliyin işinə sadiq məmurlarından xahiş edilsin ki, Azərbaycanın  quberniya və qəzalarında  mövcud olan keçmiş abidələr,  xan saraylar, dağıdılmış şəhərlərin qalıqları, qədim qəbirlər, qəbirüstü yazılı abidələr, məscidlər, kilsələr, monastrlar, məbədlər barədə məlumatlar toplanılsın, siyahıda onların yerləşdiyi ərazi adları, abidənin el dilində adı, saxlanıldığı vəziyyət barədə məlumatlar verilməklə Komissiyaya  təqdim edilsin. Məhəmməd bəy Ağayev   Xalq Maarif Nazirliyi yanında arxeologiya  şöbəsinin yaradılmasını Azərbaycan Respublikasının mədəni və tarixi həyatında böyük addım olduğunu bildirir. O, məktubunda göstərir ki, hazırda o xalqlar müstəqillik və azadlıq hüququnu qazanır ki, onlar tarixi sənədləri və mədəni fəaliyyətləri ilə bunu sübut edə bilsin.  Biz nə ilə bunu sübut etməliyik, bizdə bunu sübut edə biləcək tarixi sənədlər varmı sualınıa cavab verən müəllif deyir: Bizim tariximizin, arxeoloji materiallarımızın  zənginliyi bunu sübut etməyə imkan verəcəkdir. Arxeoloji baxımdan tarixçilərin apardığı dövrləşmələr üzrə ( daş, tunc, dəmir dövrü) ölkəmizin tarixini öyrənsək görərik ki, bizim vətənimiz insan sivilizasiyasının mədəni mərkəzlərindən biri olmuşdur. Bu ərazidən dünyanın böyük xalqları hərəkət edib, burada qüdrətli dövlətlər qurulub, dəhşətli döyüşlər baş verib, nəhayət bu ərazidə mədəni Avropa döyüşkən Asiya ilə üzləşib. Hələ xristianlıqdan əvvəl qədim yunan alimləri Herodot, Strabon, Hipokrat və digərləri bütün bu hadisələrin  tariximizdə iz qoyduğunu yazmış, burada yaşayan əhalinin qüdrəti və ərazinin zənginliyindən bəhs etmişlər. Məhəmməd bəy Ağayev  məktubunda aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin qorunması məsələsinə toxunmuş, həmin materilalların  öyrənildikdən sonra  Milli muzeyə (İstiqlal muzeyi nəzərdə tutur) təhvil verilməsini, yazılı materialların  saxlanlması üçün isə Maarif Nazirliyinin yanında arxeologiya şöbəsində kitabxananın yaradılmasını vacib hesab etmişdir.    Qeyd edilənlər bir daha sübut edir ki, xüsusi komissiyanın tərkibində çalışan şəxslərin hər biri vətən tarixinin mükəmməl biliciləri olmuş və tariximizin qorunması,  gələcək nəslə ötürülməsi üçün bütün imkanlardan istifadə etməyə çalışmışlar.

         Xüsusi komissiyanın 1919-1920-ci illərdəki fəaliyyətini sənədlər əsasında araşdırarkən məlum olur ki, Aslan bəy Kriçinskinin  xahişi ilə Cümhuriyyət Hökuməti Xüsusi Komissiyanın topladığı materialların çapını  hökumət mətbəəsinin baş çapçısı Əli Həsən Kazımova  etibar etmiş və ona bu məqsədlə Xalq Maarif Nazirliyindən  zəruri sayda çap kağızının alınmasına icazə vermişdir.

       Xüsusi Komissiya sədrinin 24 mart 1920-ci il tarixli məktubunda isə Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair toplanmış materiallar əsasında qısa müddətdə (cəmi altı ay) “Oçerki russkoy politiki na okrainax” adlı iki toplunun çap olunduğu və digər iki toplunun çap edilməsi üçün materiallar sistemləşdirilərək  hazırlandığı bildirmişdir.( sənədlərdən aydın olur ki, A. Kriçinski Bakıda çap etdirdiyi iki topludan başqa, eyni adda toplunu Krım-Tatar Respublikası hökumətində çalışdığı dövrdə toplanmış materiallar əsasında Simferapolda da çap etdirmişdir).

            Aslan bəy həmin kitabların ilkin qiyməti 125 rubl olmaqla satışa buraxılmasına razılıq istəyir və qeyd edir ki, bununla da sənədlərin toplanması zamanı Nazirliyin büdcəsindən xərclənmiş vəsaitin geri qaytarılması mümkün olacaqdır.

           Xüsusi Komissiyanın Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinə ünvanladığı 1920-ci il 30 mart tarixli daha bir məktubunda isə A. Kriçinski 163 ədəd kitabın Komissiya tərəfindən alındığını, digər nüsxələrin hökumətin “Azərbaycan” nəşriyyatı tərəfindən Nazirliyin İnformasiya şöbəsinə təhvil veriləcəyini və kitabların satışı və paylanması ilə həmin şöbənin məşğul olacağını bildirir. Xüsusi Komissiya onlara verilmiş kitabların təmənnasız olaraq Parlament fraksiyalarının rəhbərlərinə, Parlamentin sədrinə, nazirlərə, diplomatik korpusların rəhbərlərinə paylanılmasını təsdiq edən sənədi Xarici İşlər Nazirliyinə təqdim edir.

          Arxiv sənədlərindən məlum olur ki, Xüsusi Komissiya Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqut etdiyi son günə kimi fəaliyyət göstərmişdir. Komissiya sədrinin 1920-ci ilin aprel ayının son günlərində (tarix göstərilmir) Xarici İşlər Nazirliyə ünvanladığı  məktubunda Bakı və Gəncə quberniyalarında yerləşən arxivlərin vəziyyəti bir daha şərh edilir, arxivlərdə sənədlərin bərbad vəziyyətdə saxlanıldığı bildirilir, buna baxmayaraq komissiya üzvlərinin əməyi ilə arxivlərdəki bütün işlərə baxıldığı, onların sistemləşdirildiyi və zəruri məlumatların surətləri çıxardılaraq çapa hazırlanması barədə məlumat verilmişdir. O, həmçinin Tiflis quberniyasında yerləşən arxivlərdə saxlanılan Azərbaycanla bağlı sənədlərin gətirilməsi üçün Gürcüstan Hökumətinə müraciəti vacib hesab etmişdir.

           Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirliyi yanında yaradılan Xüsusi Komissiyanın üzvlərinin fədakar əməyi nəticəsində Bakı və Gəncə quberniya arxivlərindən toplanılan materiallar hazırda Azərbaycan Respublikası Dövlət Tarix Arxivində xüsusi diqqətlə qorunur. Həmin sənədlərin arasında 1863-1920-ci illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətlə bağlı Quberniya idarəetmə orqanlarında çalışan müxtəlif çinli çar məmurların hesabatları, raportları, onların konspirativ fəaliyyətlərini əks etdirən məxfi sənədlərin surətləri saxlanılır.

        Sənədlərin arasında XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş “Difai” partiyasının  Bakı, Gəncə quberniylarında, Qarabağda, Şuşa, Cəbrayıl və digər qəzalarda fəaliyyəti barədə  tam məxfi qriflə aparılmış yazışmalar, həmin partiya üzvlərinin fəaliyyətinin gizli olaraq izlənilməsini təsdiq edən sənədlər, müsəlman cəmiyyəti arasında nüfuza malik şəxslərin müəyyən edilməsi, onların fəaliyyətlərinin izlənilməsi və təqib olunması, aparılan axtarışlar barədə protokollar, əyalətlərdə yaşayan əhaliyə qarşı çar məmurlarının soyğunçuluq hərəkətləri, Təbrizdəki Səttar xan hərəkatına dəstək olan insanların təqib olunması, sərhəd keçidlərində baş verən haqsızlıqlar, əhalinin silahsızlaşdırılması, Bakı Jandarma İdarəsi rəisinin Bakı və Dağıstan vilayətlərindəki iqtisadi, siyasi vəziyyətlə bağlı hesabatları və dövrün hadisələrini əks etdirən digər sənədlər saxlanılır. Şübhəsiz ki, həmin sənədlərdəki məlumatların tam araşdırılması  bu gün üçün də aktualdır. Bu materialların   elmi-tədqiqat məqsədilə alimlərimiz tərəfindən hərtərəfli öyrənilməsi elmi dövriyyəyə yeni faktlar gətirə bilər.

         XX əsrdə Şərqin ilk Demokratik Respublikası olan Azərbaycan  Xalq Cümhuriyyətinin qurucularının siyahısına daxil olan Kriçinski qardaşlarının taleyi  faciəli sonluqla bitmişdir. Cümhuriyyət Hökumətinin süqutundan sonra  Olqerd və Aslan Kriçinski qardaşları ölkəni tərk edərək İstanbula, oradan da Polşaya köçmüşlər. Aslan bəy Kriçinski bir müddət Polşa məhkəmə hüquq sistemində çalışmış, ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, eyni zamanda müsəlman xalqlarının keçmişinin öyrənilməsi sahəsində öz elmi fəaliyyətini davam etdirmişdir. İkinci dünya müharibəsinin ilk illərində   alman faşistləri tərəfindən Polşa işğal olunduqdan sonra Aslan bəy Kriçinski alman gestapo ordusu tərəfindən həbs edilir və 1939-cu ildə güllələnir.

        Nəsib bəy Yusifbəyovun Hökuməti dövründə   Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Ədliyyə Nazirinin köməkçisi işləmiş  Olqerd Kricinskinin taleyi isə daha acınacaqlı olur. Litva Xüsusi Arxivində saxlanılan O. Kriçinski barədə istintaq materiallarını araşdırmış tarixçi alim Dilara Usmanovanın tədqiqatlarından aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində Xəlil bəy Xasməmmədovla birlikdə Tiflisdə keçirilən konfransda iştirak edən O. Kriçinski Hökumətin süqutu xəbərini eşitdikdən sonra Tiflisdən bir başa İstanbula getmiş, oradan isə  1920-ci ilin sonunda  Polşaya köçmüş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. O, Polşa Respublikasının məhkəmə sistemində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuşdur. 1939-cu ildə Polşa Respublikasının süqutundan sonra Litvaya köçmüş və bir çox polyaklar kimi Litva vətəndaşlığını qəbul etmişdir. 1941-ci ilin fevralın 13-də sovet NKVD  orqanları tərəfindən həbs olunmuşdur.  İstintaq materiallardan  məlum olur ki, müstəntiq ona Bakıdakı fəaliyyəti ilə bağlı daha çox suallar vermişdir. Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski  iki ay Bakı Məhkəmə Palatasında Prokuror işləmiş, daha sonra  Cümhuriyyət Hökuməti Ədliyyə Nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. Müstəntiqin bu konfransda hansı məsələlərə baxılması barədə sualına cavabında o bildirir ki, həmin konfransda Azərbaycan Gürcüstan və Gürcüstan Ermənistan dövlətləri arasında mübahisəli torpaq məsələsi və Qafqaz konfederasiyasının yaradılması məsələlərinə baxılmış, lakin Azərbaycanda baş verən inqilab və milli hökumətin süqutu bu məsələlər barədə yekun qərara qəbul etməyə imkan verməmişdir. Bakıda məhkəmə palatasında işlədiyi dövrdə kommunist və inqilabçı fəhlələrin işinə baxması ilə bağlı sualına isə o, fəaliyyəti dövründə bu tərkibli işlərə baxmadığını bildirmişdi. Bundan başqa müstəntiq ondan Azərbaycanın  görkəmli ictimai siyasi xadimi olmuş Xəlil bəy Xasməmmədovla, Krım-tatarlarının lideri Cəfər Saydamit, Əfqanıstan xanı Əmənullah və digər siyasi xadimlərlə əlaqələri, sovet ittifaqına qarşı əksinqilabi fəaliyyəti  haqqında ifadələr almağa çalışmışdır. O. Kriçinski ona qarşı irəli sürülən bütün ittihamları rədd etmişdir. Buna baxmayaraq, SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) repressiya caynağından xilas ola bilməmişdir.  Ona 2 may 1942-ci ildə XDİK-nın qərarı ilə ölüm hökmü verilmiş və bir aydan sonra  qərar icra olunmuşdur.

          Əzablı, əzablı olduğu qədər də şərəfli  həyat yolu keçən Kriçinski qardaşları ömürlərinin sonlarına qədər müqəddəs ideyalara sadiq qalaraq Azərbaycanın və mənsub olduğu Litva tatarlarının şöhrətini əzmlə qorumuş və hər iki xalqın xatirələrində əbədi yer qazanmışlar.

 

                  

                                                                                                                                                       Həsən Həsənov              

                                                                                                                    Komplektləşdirmə, idarə arxivləri və

                                                                                                                     kargüzarlıq şöbəsinin müdiri 



Bugün: 346
Dünən: 774
Bu həftə: 5715
Son həftə: 6350
Bu Ay: 18424
Son Ay: 25108
Bu İl: 284573
Ümumi: 1304994
1304994