Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında müəyyən xidmətləri olmuş tanınmış qadın pedaqoqlarından biri də Məryəm xanım Sulkeviçdir. Lakin təəssüflər olsun ki, əvvəllər dərc olunmuş kütləvi nəşrlərdə və ensiklopediyalarda Məryəm xanım Sulkeviç haqqında məlumatlar demək olar ki, dərc edilməmişdir. Onun haqqında mümkün məlumatları yalnız tarixi mənbə olan arxiv sənədlərindən əldə etmək mümkün olmuşdur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan Bakı şəhər idarəsi fondunda (f.389) digər materiallarla yanaşı, Bakı şəhər idarəsi nəzdindəki məktəb şöbəsinin sənədləri də qorunub saxlanılır. Bakı şəhər idarəsi nəzdindəki məktəb şöbəsinin materiallarında Bakı şəhər I qadın rus-tatar ibtidai qadın məktəbinin müəlliməsi Məryəm Mustafovna Sulkeviçin şəxsi işi də mövcuddur. Bakı şəhər I rus-tatar qadın ibtidai məktəbinin qeydiyyatında olmuş və həmin məktəbin müdiri, tanınmış pedaqoq Hənifə xanım Məlikova tərəfindən təsdiq edilmiş Məryəm xanım Sulkeviçin şəxsi kartoçkasındakı məlumatlara əsaslanaraq qeyd edirəm ki, o, 1861-ci il dekabrın 15-də Vilensk quberniyasında zadəgan ailəsində dünyaya göz açmış və müsəlman dininə mənsub olmuşdur. Məryəm xanım Sulkeviç orta təhsilini Vilensk qadın Mariin gimnaziyasında almışdır. Məryəm xanım Vilensk qadın Mariin gimnaziyasında təhsilini başa vuraraq ev müəlliməsi adına layiq görülmüş və bu haqda müvafiq diploma malik olmuşdur. 1882-ci ildə Vilensk Mariin gimnaziyasını bitirdikdən sonra elə həmin ildən etibarən öz doğma quberniyasında şəxsi müəllim kimi fəaliyyət göstərmişdir. Məryəm xanım 1 yanvar 1890-cı ildən 1 yanvar 1899-cu ilədək Vilensk quberniyasında fasiləsiz olaraq doqquz il ev müəlliməsi işləmişdir. O, fədakar müəllimə kimi ad çıxarmış və müəllimlik etdiyi dövrlərdə öz fəaliyyətini vicdanla yerinə yetirmişdir. Təsadüfü deyil ki, onun savad-təhsil verdiyi şagirdlərin demək olar ki, hamısı orta məktəblərə qəbul imtahanlarından müvəffəqiyyətlə keçmişdir.
Neft maqnatı və mesenat H.Z.Tağıyevin təşəbbüsü ilə 1899-cu ildən etibarən Bakıda ilk qadın məktəbi açılmağa başlandı. Bundan xəbərdar olan Məryəm xanım Sulkeviç məktəbin təsisçilərinə məktubla müraciət edərək orada işləmək istədiyini və türk qadın məktəbinə öz töhfəsini vermək arzusunda olduğunu bildirdi. Bakıda açılan ilk qadın rus-tatar məktəbinin Qəyyumluq Şurası 1901-ci il avqustun 1-də Məryəm xanıma xəbər göndərərək bildirmişdi ki, Şura tərəfindən onun məktəb direktorunun köməkçisi və hesab müəlliməsi təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, H.Z.Tağıyevin təşəbbüsü ilə Bakıda açılmış həmin müsəlman qadın məktəbi 1901-ci ildən etibarən fəaliyyət göstərməyə başlamışdır. Məryəm xanım Sulkeviç 1901-ci ildən etibarən görkəmli xeyriyyəçi, maarif himayədarı H.Z. Tağıyevin Bakıda açdığı rus-tatar Aleksandriyski qadın məktəbində dərs demişdir. Həmin məktəbdə təhsil müddəti 4 il olmuşdur. Məryəm xanım Sulkeviç 1911-ci ildən etibarən Bakıda şəhər məktəblərində müəllimlik etməyə başlamışdır. Məryəm xanım 22 oktyabr 1911-ci ildən etibarən şəhər məktəblərində ştatda olan müəllim kimi təsdiq olunmuşdur. Şəxsi kartoçkasında qeyd olunmuş məlumata əsasən, Məryəm xanım 1911-ci il oktyabrın 22-dən etibarən Bakı şəhər I rus-tatar ibtidai qadın məktəbində müəllimə kimi çalışaraq, rus dilini tədris etmiş və III və IV bölmələrdə 33 şagirdə həftədə 22 saat olmaqla dərs demişdir. O, ayda 900 rubl məvacib almışdır. Məryəm xanım məvacibindən 25 rublu hər ay, ciddi ürək xəstəliyi keçirən qardaşına yardım göndərmişdir. Şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin xalq məktəbləri direktoruna ünvanladığı 28 noyabr 1911-ci il tarixli, 702 saylı məktubunda bildirilirdi ki, cari ildə Bakı Müqəddəs Nina qız məktəbini bitirmiş Sona xanım Axundova, 1882-ci ildə Vilensk Mariin qadın gimnaziyasının kurslarını bitirmiş Məryəm xanım Sulkeviç, cari ildə I-ci Tiflis qadın gimnaziyasını bitirmiş Xədicə xanım Terequlova, Bakı Aleksandriyski qadın məktəbində Azərbaycan dili və şəriət müəlliməsi olan Səkinə xanım Axundova şəhər rus-tatar qadın məktəbində müəllim vəzifəsinə seçilmişlər. Məktəb komissiyasının 12 dekabr 1911-ci il tarixli qərarına uyğun olaraq 1-ci rus-tatar qadın məktəbinə müəllimə vəzifəsinə Sona Axundova, Məryəm xanım Sulkeviç, Səkinə xanım Axundova təyin ediliblər, Xədicə xanım Terequlova isə 10-cu rus-tatar qadın məktəbinə müəllim vəzifəsinə göndərilmişdir.
Xalq məktəbləri müfəttişi S.M. Qəniyevin Bakı şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinə göndərdiyi 7 dekabr 1911-ci il tarixli cavab məktubunda yuxarıda adları çəkilən müəllimlərin şəhər rus-tatar ibtidai qadın məktəbində müəllimlik etməsinə etiraz etmədiyini bildirmişdir. Bakı I rus-tatar qadın məktəbinin müdiri Hənifə x. Məlikova yuxarıda qeyd olunan müəllimələrin pedaqoji fəaliyyəti haqqında 1912-ci ilin mayında rəy tərtib etmişdir. Onun tərtib etdiyi həmin rəydə qeyd edilirdi ki, I-ci və 2-ci bölmələrin rus dili müəlliməsi olan Məryəm xanım Sulkeviç təcrübəli, çalışqan və işinə ciddi yanaşan müəllimədir.
1912-ci ildən başlayaraq Məryəm xanım Sulkeviçin sağlamlığında müəyyən problemlər yaranmağa başlamışdır. Məryəm xanımın məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edilirdi: "Müalicəyə ehtiyacım olduğuna görə, mənim iyul ayına olan maaşımı və avqust ayına olan əmək haqqımdan avans olaraq otuz rubl təcili olaraq aşağıda qeyd olunan ünvana göndərməyinizi xahiş edirəm. Bununla, siz mənim sağlamlığımın möhkəmlənməsinə və payızda yeni qüvvə ilə öz işimi davam etdirməyimə kömək etməklə, məni xilas etmiş olardınız”.
Məryəm xanım 1913-cü ilin tətilində dostlarının yanında istirahət etmək üçün Şuşaya getmiş və orada yenidən xəstələnmişdir. Məryəm xanım Şuşada öz xəstəliyi haqqında həkim tərəfindən tərtib edilmiş şəhadətnaməni təqdim edərək məktəb komissiyasının sədrindən xahiş edirdi ki, onun məzuniyyəti iki həftəyə qədər uzadılsın. Məryəm xanımın xəstəliyi haqqında həkim tərəfindən 1913-cü il sentyabrın 1-də tərtib edilmiş şəhadətnamədə qeyd edilirdi ki, onda olan xroniki bronxit xəstəliyi kəskinləşmiş və avqustun sonlarında sol ağ ciyərində çox da böyük olmayan fokus yaranmışdır və bu inkişafa doğru meyillidir. Çox güman ki, bu, sonralar digər fokusların yaranmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, həkim rəyində ona yataq rejimində olması və Bakıya getməsinə qadağa qoyulması təklif olunmuşdur.
Məryəm xanımın taleyi elə gətirmişdi ki, bu fədakar xanım olduqca ağır bir həyat yaşamağa düçar olmuşdur. Lakin buna baxmayaraq, o, yalnız özünün deyil, ürək xəstəliyindən möhkəm əziyyət çəkən doğma qardaşının da qayğısına qalmışdır. Öz sağlamlığının gərgin vəziyyətdə olmasına baxmayaraq, Məryəm xanım 1913-cü il noyabrın 29-da məktəb komissiyasının sədrinə ərizə ilə müraciət edərək təxirə salınması yolverilməz olan ailə vəziyyəti – qardaşının ürək xəstəliyindən ağır əziyyət çəkməsi ilə əlaqədar olaraq Vilensk quberniyasına getməsi üçün ona 1914-cü ilin yanvarın 7-ə qədər məzuniyyət verilməsini xahiş etmişdir. Məktəb şöbəsinin müfəttişi S.M.Qəniyev 1913-cü il sentyabrın 24-də ərizəyə cavab olaraq bildirmişdi ki, əgər məktəb komissiyası sədrinin etirazı yoxdursa və onu əvəz edəcək ehtiyatda olan müəllimin ezamiyyə edilməsi haqqında sərəncam veriləcəksə, etiraz edilmir.
Tarixi sənədlər təsdiq edir ki, Məryəm xanım Sulkeviç fədakarcasına pedaqoji fəaliyyət göstərmişdir. Bəzi arxiv sənədlərində, o cümlədən onun məktəb komissiyasının tədris hissəsi üzrə Komissarına yazdığı 6 noyabr 1917-ci il tarixli ərizəsində qeyd edilirdi: "Kislovodskda daha çox müddətli müalicə tələb edən xəstəliyim haqqında 5777 saylı tibbi şəhadətnaməni təqdim edərək xahiş edirəm ki, mənə 1918-ci ilin sentyabrınadək məzuniyyət verəsiniz. Şəhərdə göstərdiyim altı illik qulluğun üç ilini üç şöbədə tədris işinə həsr etmişəm. Xidmət etdiyim illərdə dərsin ağırlığı həftədə iyirmi bir (21) saatdan az olmamışdır. Bundan əlavə bir çox hallarda boş olan saatlarda məktəb müdirini və digər iş yoldaşlarımı əvəz etmişəm. Elə hallar olub ki, aylarla məktəb müdirini əvəz etmişəm və buna görə heç vaxt şəhər idarəsindən ayrıca ödəniş xahiş etməmişəm. Bu cür ətalətli əməyimlə mənim gücüm zəifləyib və müvəqqəti olaraq mənə Kislovodskda müalicə tələb olunur. İndi xəstə olaraq xahiş edirəm ki, mənə maddi yardım edəsiniz. Güman edirəm ki, xahişimi yerinə yetirməkdən imtina etməyəcəksiniz”.
Beləliklə, Məryəm xanım məzuniyyətə çıxaraq müalicə üçün Kislovodska yola düşmüşdür. Tarixi sənədlər təsdiq edir ki, həmin dövrdə Məryəm xanım Sulkeviç ciddi xəstə olmuşdur. 1917-ci ilin oktyabrında həkimlər komissiyasının verdiyi şəhadətnamədə qeyd edilirdi ki, Məryəm xanım Sulkeviç güclü başgicəllənmə ilə müşayiət edilən arteriosklerozdan və əsəbi qıc olmadan əziyyət çəkir. Bakı məktəb komissiyası Məryəm xanım Sulkeviçin xəstəliyini nəzərə alaraq ona mümkün olan güzəştlər etmişdir. Bakı şəhər idarəsinin məktəb şöbəsinin 17 noyabr 1917-ci il tarixli 1842 saylı vəsiqəsində qeyd edilmişdi ki, Məryəm xanım Sulkeviç I qadın rus-tatar məktəbində müəllim vəzifəsində şəhərin xidmətindədir və 1918-ci il sentyabrın 1-dək məzuniyyətdədir. Lakin təəssüflər olsun ki, tutulduğu ağır xəstəliklər fədakar müəllimənin ömrünə vaxtsız son qoymuşdur.
1919-cu ildə Bakı şəhər Başçısının dəftərxanası üzrə verilmiş 1819 saylı əmrdə Məryəm xanımın ölümü ilə əlaqədar olaraq onun 1 noyabr 1917-ci il tarixdən etibarən I qadın türk şəhər məktəbinin müəllimlərinin siyahısından çıxarıldığı qeyd edilmişdir. Beləliklə, tanınmış pedaqoq Məryəm xanım Sulkeviç 56 yaşında vəfat etmişdir. Onun Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan şəxsi kartoçkasındakı məlumatlara görə, təhsilli və gözəl qadın olan Məryəm xanım Sulkeviç ailə həyatı qurmamışdır. Halbuki, bəzi mənbələrdə qeyd edilir ki, Məryəm xanım general-leytenant Süleyman bəy Sulkeviçin həyat yoldaşı olmuşdur. Lakin arxiv sənədlərində, o cümlədən onun şəxsi işində belə bir məlumat aşkar edilməmişdir. Məryəm xanım həyatının bir neçə ilini Azərbaycanda qadın təhsilinin əsasının qoyulması işinə sərf etmişdir. Məryəm xanım Sulkeviçin Azərbaycanda qadın təhsilinin inkişafındakı xidmətləri qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmamış və onun xatirəsi bu gün də böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi
Bugün: | 693 |
Dünən: | 740 |
Bu həftə: | 2945 |
Son həftə: | 6066 |
Bu Ay: | 16841 |
Son Ay: | 28223 |
Bu İl: | 257882 |
Ümumi: | 1278303 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az