Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı
Ömrünü vətənə xidmətə həsr
etmiş general-mayor Süleyman bəy Əfəndiyev
Milli Ordu quruculuğunda böyük xidmətləri olan şəxsiyyətlərdəndir
Azərbaycan Milli Ordusunun yaradılmasında müstəsna rolu və xidməti olmuş hərbçilərdən biri də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev olmuşdur. Polkovnik S.Əfəndiyev yeni yaradılan Azərbaycan ordusu üçün təlimatçılar hazırlayan ilk təlim komandasını təşkil etmişdir.
S.Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan olmuşdur. O, ilk təhsilini Gəncədəki progimnaziyada almışdır. S.Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olaraq 1885-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmiş və xidmətini polisdə davam etdirmək üçün DİN-in sərəncamına göndərilmişdir. S.Əfəndiyev hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlamışdır. Gənc zabit çar süvari qoşununda əvvəlcə birinci zabit olan kornet rütbəsinə layiq görülmüşdür. Daha sonra eskadron komandiri olan S. Əfəndiyev 1899-cu il martın 15-də çar ordusunun atlı qoşun hissəsində və jandarmeriyada kapitana bərabər olan rotmistr rütbəsinə layiq görülmüşdü. O, nümunəvi xidmətlərinə görə müxtəlif vaxtlarda "Müqəddəs Anna” ordeninin 2-ci və 3-cü, " Müqəddəs Stanislav” və "Müqəddəs Vladimir " ordenlərinin 3-cü dərəcələri ilə təltif edilmişdir. O, 1907-ci il fevralın 20-də Kutaisi quberniyasının polis-keşikçi dəstəsinə müfəttiş təyin edilmişdir. S.Əfəndiyevə 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi verilmişdir.
Tiflisdəki müxtəlif təşkilatların Müsəlman alayına qarşı açıq-aşkar müqavimət göstərdiyi, eləcədə keçmiş Zaqafqaziya Komissarlığının təchizat idarələrindən hər hansı bir avadanlığın alınmasının son dərəcə çətin olduğu vaxtlarda S.Əfəndiyev özünün doğma işinə olan istəyi və qətiyyəti sayəsində komandiri olduğu alay üçün nəzərdə tutulmuş əmlakın çox hissəsini Tiflis intendantlığından alaraq Gəncəyə çatdıra bilmişdir.
Azərbaycan korpusunun piyada hissələri müvəqqəti olaraq ləğv edilərkən polkovnik S.Əfəndiyev qərargaha xeyli əmlak və ərzaq ehtiyatları vermişdir. Polkovnik S.Əfəndiyev 2-ci Qarabağ atlı alayının komandiri olarkən bir çox çətinliklərin öhdəsindən gələrək alaya əsil hərbi hissə görkəmini vermiş və onu hərbi nazirə əla vəziyyətdə təqdim etmişdir. S.Əfəndiyevin hərbi fəaliyyəti hərbi nazir tərəfindən digər komandirlərdən fərqləndirilmiş və o, hərbi nazir S.Mehmandarovun məruzəsi əsasında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə general-mayor rütbəsi ilə təltif olunmuş və I piyada diviziyasının başçısı təyin edilmişdir. S.Əfəndiyev özünə qıyaraq olduqca çətin bir şəraitdə, istirahətin nə olduğunu bilmədən diviziyanın təşkil edilməsi kimi ağır işi fədakarcasına öz üzərinə götürmüşdür.
General S.Əfəndiyev diviziyasının sanitar vəziyyətinin qayğısına da qalaraq lazaretlərin təşkil edilməsinə şəxsən rəhbərlik etmişdir. Xəstələrə daim baş çəkərək onların yanında olmuş, qayğısına qalmış, bir komandir kimi öz təsiri və xeyirxahlığı ilə onların talelərini yüngülləşdirməyə çalışmışdır.
Rusiyada 1917-ci ilin fevralında baş vermiş fevral inqilabı qələbə ilə başa çatdıqdan sonra martın 2-də II Nikolay taxt-tacı tərk etdiyi barədə manifest imzaladı. Martın 3-də Rusiyada yaranmış Müvəqqəti hökumətin qərarı ilə Cənubi Qafqazda mülki hakimiyyət IV Dövlət Dumasında regionun əsas millətlərini təmsil edən deputatlardan təşkil olunmuş Xüsusu Zaqafqaziya Komitəsinə -"ОЗАКОМ”-a verildi. "ОЗАКОМ” 1917-ci il oktyabrın 25-dək fəaliyyət göstərmişdi. Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində Müvəqqəti hökumət devrildikdən sonra 1917-ci il noyabrın 15-də J.P.Qeqeçkorinin başçılığı ilə Cənubi Qafqazda yaşayan üç xalqın (Azərbaycan, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı adı altında hökumət yaradılaraq "ОЗАКОМ”-un fəaliyyətinə son qoyuldu.
1917-ci il dekabrın 5-də (18-də) Qafqaz cəbhəsində - Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında imzalanmış Ərzincan barışığının şərtlərinə görə Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilməyə başladı. Zaqafqaziya Komissarlığı rus ordusunda bolşevik təbliğatının güclənməsinin müəyyən təhlükə törədə biləcəyini nəzərə alaraq 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılması haqqında əmr verdi. Həmin əmrə əsasən Qafqazdakı hərbi hissələr yalnız milli korpuslar halında saxlanıla bilərdi. Beləliklə, Rus Qafqaz Ordusu ləğv edilərək ayrı-ayrı milli korpusların – gürcü, erməni, Azərbaycan və rus milli korpuslarının yaradılmasına qərar verildi.
Zaqafqaziya Komissarlığının müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı milli silahlı qüvvələrin yaradılmasına doğru gedən yolun başlanğıcı oldu. Gürcü və erməni milli korpuslarının yaradılması işi Azərbaycan milli korpusunun yaradılması işi ilə müqayisədə daha asan və müvəffəqiyyətlə yerinə yetirilirdi. Bunun da başlıca səbəbi bundan ibarət idi ki, çar Rusiyasının ölkədə yeritdiyi milli ayrı-seçkilik və mürtəce siyasət nəticəsində gürcü və ermənilərdən fərqli olaraq müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi xidmətə çağırmırdılar və onlar əsgərlikdən azad edilmişdilər. Azərbaycanlılar hərbi xidmətə çağırılmadığı üçün onların döyüşdə sınanmış nizami hərbi hissələri yox idi. Azərbaycan milli korpusunun yaradılması işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrlar problemi ortaya çıxırdı. Azərbaycan türkləri yalnız cahan müharibəsi zamanı könüllü olaraq azərbaycanlılardan təşkil olunmuş bir suvari alayına malik idilər. Beləliklə, Azərbaycan milli korpusunun yaradılması prosesi hələ yenicə başlayırdı və fövqəladə ağır şəraitdə icra olunurdu.
F.X.Xoyskinin sədrliyi ilə yaradılmış II müvəqqəti hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Hökumətin 26 iyun 1918-ci il tarixli digər qərarı ilə Əlahiddə Azərbaycan Korpusu nəzdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi.
1917-ci ilin iyulundan başlayaraq Azərbaycanda Milli Ordunun yaradılması təşəbbüsünün önündə dayanan ilk hərbçilərdən biri də S.Əfəndiyev olmuşdur.
General-mayor S.Əfəndiyevin vəfatı ilə əlaqədar olaraq Şəfi bəy Rüstəmbəyov 5 mart 1919-cu il tarixli 48№ li "Azərbaycan” qəzetində dərc etdirdiyi "General Süleyman bəy Əfəndiyev» başlıqlı məlumatda böyük hörmət və ehtiramla qeyd edirdi: ”Tanınmış ictimai xadim, Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı general Süleyman bəy Əfəndiyev xidməti vəzifələrinin icrası zamanı yoluxduğu səpmə yatalaq xəstəliyindən fevralın 21-də Ağdamda vəfat etmişdir. Mərhum Əfəndiyev hələ polkovnik ikən fevral inqilabından sonra öz işini Gəncəyə keçirtmiş və burada onun tərəfindən gələcək Azərbaycan ordusu üçün təlimatçılar hazırlayacaq ilk təlim komandası təşkil edilmişdir. Bütün ölkə ərazisinin anarxiya və hərc-mərcliklə əhatə olunduğu, eləcə də ötüb keçən eşelonların vətənimiz üçün təhlükə törətdiyi vaxtlarda mərhum generalın başçılıq etdiyi kiçik bir dəstə ölkənin qorunmasını öz üzərinə götürmüş yeganə mütəşəkkil qüvvə olmuş və o, Şamxor hadisələri zamanı hərbi hərəkata başçılıq etmişdir. Mərhum Əfəndiyev öz həyatını dəfələrlə təhlükələrə ataraq ömrünü tamamilə vətənə xidmətə həsr etmişdir. Mərhum Gəncə milli komitəsinin işində bilavasitə iştirak edərək komitənin bütün ciddi çıxışlarının fədakar icraçısı olmuşdur. Şamxor hadisələri günlərində mərhum Süleyman bəy gecə və gündüz döyüş meydanını tərk etməyərək hücüm edən eşelonlara qarşı döyüşmüşdür. O, hərbi mülkiyyətin soyğunçulardan qorunub saxlanması yolunda da çox işlər görmüşdü. Onun yorulmaz və fədakarсasına fəaliyyəti nəticəsində çoxlu sayda hərbi əmlakın talan edilməsinin qarşısı alınmışdır... O, fasiləsiz olaraq gecə və gündüz qarovul-növbətçi qismində hərbi əmlakın mühafizəsində şəxsən iştirak etmişdir. Mərhumun özü şəxsən əzablı kazarma həyatını yaşayaraq aşağı rütbəlilərə də yenilməzlik nümunəsini nümayiş etdirmişdir.” Məlumatda S.Əfəndiyevin doğma ordumuz üçün məfkurəvi və nümunəvi zabit olduğu və vəzifə başında öz vətəninin maraqlarını qoruyarkən özünün fədakarlığı üzündən epidemiyanın qurbanı olaraq vətənin əsil oğlu kimi şəhid olduğu qeyd edilirdi.
Azərbaycanda milli ordunun yaradılmasında S.Əfəndiyevin əhəmiyyətli rolu və xidməti bəzi arxiv sənəd və materiallarında öz əksini tapmışdır. Tarixi sənədlər təsdiq edir ki, S.Əfəndiyevin milli ordu quruculuğu sahəsində fəaliyyəti hələ o sağ ikən AXC hökuməti və Hərbi Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
1918-ci il dekabrın 29-da AXC Nazirlər Şurasının iclasında hərbi nazir Səməd bəy Mehmandarovun məruzəsi əsasında Hərbi Nazirliyin nəzdində tapşırıqlar generalı vəzifəsini icra edən polkovnik Süleyman Əfəndiyevə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsinin verilməsi haqqında qərar qəbul edilmişdir. S.Əfəndiyev - AXC tərəfindən general-mayor rütbəsi verilmiş ilk hərbçi olmuşdur.
Onu da qeyd edim ki, S.Əfəndiyev 1917-ci ilin iyulunda Zaqafqaziya Komissarlığının sərəncamı ilə Gəncəyə ezam edilmişdir. O, burada öz vəzifəsini yerinə yetirməklə yanaşı, Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Gəncə müsəlman komitəsinin işində də yaxından iştirak etmişdir. Məhz həmin komitənin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdır. S.Əfəndiyev Gəncə müsəlman milli komitəsinin köməyi ilə hərbi kurslar açmışdır. Burada onun tərəfindən gələcək Azərbaycan ordusu üçün təlimatçılar hazırlayacaq 150 nəfərdən ibarət ilk təlim komandası təşkil edilmişdir.
Zaqafqaziya Komissarlığının qərarı ilə Müsəlman Korpusunun komandiri vəzifəsinə 1917-ci dekabrın 2-də çar ordusundan tərxis olunan general-leytenant Əliağa Şıxlinski təyin edilmişdir.
Artilleriya general-leytenantı Ə.Şıxlinski Müsəlman Korpusunun komandiri təyin olunarkən S.Əfəndiyev korpusun 2-ci atıcı diviziyasının 5-ci atıcı alayının komandiri təyin edilmiş, bir müddət isə korpus komandirinin əmri ilə diviziya komandirinin vəzifələrini icra etmişdir.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Ə.Şıxlinski vətəninə qayıdaraq Milli Ordunun yaradılmasında bilavasitə yaxından iştirak etdi. Azərbaycan Korpusunun komandiri general-leytenant Ə.Şıxlinski Nazirlər Şurasının 29 dekabr 1918-ci il tarixli qərarı ilə hərbi nazirin köməkçisi təyin edildi.
Müvəqqəti olaraq hərbi nazir vəzifəsini icra edən general-leytenant Ə.Şıxlinskinin I piyada diviziyasının başçısı mərhum general-mayor S. Əfəndiyevin milli ordunun yaradılması sahəsindəki xidmətlərini nəzərə alaraq onun dəfn mərasimi xərclərinin dövlət hesabına götürülməsi haqqında 1919-cu il fevralın 21-də Gəncədə imzaladığı 89 №li əmrdə qeyd edilirdi: "...Tiflisdəki müxtəlif məsuliyyətsiz təşkilatların Müsəlman alayına qarşı açıq-aşkar müqavimət göstərdiyi və keçmiş Zaqafqaziya Respublikasının təchizat idarələrindən bir şey almaq son dərəcə çətin olduğu bir vaxtda polkovnik Əfəndiyev özünün doğma işinə olan istəyi və qətiyyəti sayəsində alay üçün nəzərdə tutulan əmlakın çox hissəsini Tiflis intendantlığından əldə edərək Gəncəyə çatdırmışdır... Çoxlu qayğılar içərisində onun özü haqqında fikirləşməyə vaxtı olmamış – səpmə yatalaq xəstəliyinə yoluxaraq vəzifə başında qarovul-növbətçi kimi vəfat etmişdir. Allah sənə rəhmət eləsin, əsil vətən oğlu, yorulmaz qulluqçu!
Vəfat etmiş general Əfəndiyevin Batum şəhərində yaşayan ailəsi tamamilə vəsaitsiz qalmışdır. O, böyük oğlunun ölüm xəbərini alarkən ona həvalə edilmiş tapşırığın vacibliyini düzgün qiymətləndirərək vəzifəsini tərk etməmişdir.
Mərhumun dəfn mərasimi üzrə bütün xərclərinin dövlət hesabına götürülməsini və onun ailəsinə 5 min rub. birdəfəlik maddi yardımın ayrılmasını əmr edirəm. Eyni zamanda onun ailəsinin ehtiyac hiss etmədən yaşaması üçün kifayət edən pensiyanın təyin olunması haqqında vəsatəti hazırda Bakıda olan hərbi nazir qarşısında qaldırıram”.
Hərbi nazir, artilleriya generalı S.Mehmandarov S.Əfəndiyev haqqında yüksək fikir söyləyərək qeyd etmişdir: "General Süleyman bəy Əfəndiyev təmizlikdə, namusda, qeyrət və fədakarlıqda... idarəmdəki cümlə zabitan arasında ən birinci mövqe tutanlardan idi!”
Ölkəmizdə milli ordu quruculuğu tarixinə nəzər salaraq, bu yolda böyük zəhməti və xidmətləri olmuş şəxsləri böyük hörmət və ehtiramla yad etmək hər bir vətəndaşın borcudur.Çünki həmin şəxslər yenicə yaradılmış dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, genişlənməkdə olan erməni-daşnak-bolşevik təcavüzünün qarşısının alınmasında müstəsna rol oynamış və Azərbaycan silahlı qüvvələrinin yaradılması uğrunda həyatlarını qurban vermişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda milli duyum, milli birlik və milli iftixar, vətənə, torpağa bağlılıq əsas prinsiplərdən biri olmuşdur. Əsgər və zabitlər ilk növbədə vətəndaş olmalı, vətənini, dilini və millətini sevməli, onun keşiyində layiqincə dayanmağı bacarmalı idilər.
General-mayor S.Əfəndiyev yenilməzlik nümunəsi göstərərək ömrünü tamamilə vətənə xidmətə həsr etmiş hərbçilərimizdən olmuşdur. S.Əfəndiyevin adı tanınmış ictimai xadim, Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı və ilk şəhid general kimi tarixə düşmüşdür.
Respublikamızda ordu quruculuğunda, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında xidmətləri olmuş hərbi sərkərdələr və hərbçilər heç vaxt unudulmur. Milli ordu quruculuğunda rolu və xidməti olmuş vətən övladlarının, o cümlədən general S.Əfəndiyevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir.
Hazırda Qazax şəhərindəki 1 saylı orta məktəb S.Əfəndiyevin adını daşıyır.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və
istifadəsi şöbəsinin baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı :
1. Азербайджанская Демократическая Республика(1918-1920). Армия. Баку-1998.с.70-71.
2.ГААР.f.2898.siy.1.iş.1.v.4.
Собрание узаконений.ст.23.с.12.
Азербайджанская Демократическая Республика(1918-1920).Законодательные акты.Баку.1998.с.196.
3. Архив,ф.2898,оп.1,д.1,л.4. Собрание узаконений .ст.24. с.13
Азербайджанская Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.196.
4. Азербайджан,1919, 5 марта.№48.
5. Азербайджан,1919, 5 января.№ 4
6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.Bakı-2004.cild.1.s.349-350.
7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.Bakı-2005.cild.II.s.424.
8. ГААР..ф.2894.оп.6.д.2.л.4.
Азербайджанская Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.47-48.
9. Азербайджанская Демократическая Республика(1918-1920). Армия. Баку-1998.с.71.
10. Ağayev Yusif, Əhmədov İstiqlal yürüşü-1918.Bakı, “Altun Kitab”2009 ,səh.93
.
Bugün: | 385 |
Dünən: | 758 |
Bu həftə: | 2820 |
Son həftə: | 5861 |
Bu Ay: | 5036 |
Son Ay: | 28223 |
Bu İl: | 246077 |
Ümumi: | 1266498 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az