Böyük satirik, ədib Cəlil Məmmədquluzadə - məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayələr ustası, qüdrətli dramaturq və publisistdir. Eyni zamanda, Azərbaycanda və Yaxın Şərqdə ilk feminizmin əsasını qoymuş ictimai xadimdir.
O, 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir.
Onun ilk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı isə onun ilk dram əsərlərindəndir. Bu əsərlə o, ədəbiyyatımıza mənzum alleqorik pyes janrını gətirmişdir. Bir sıra kiçik hekayələrini, həmçinin “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” povestini də həmin dövrdə yazmışdır.
Ədib 1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayəsi ilk dəfə bu qəzetdə dərc edilmişdir.
Xalqının maariflənməsini özünün həyat amalı seçən yazıçı “Molla Nəsrəddin” jurnalından əvvəl qəzet nəşr etmək istəmişdir. Azərbaycan Dövlət Tarix Arxivində qorunan sənədlərdən birində bu haqda bəhs olunur. Belə ki, 1905-ci il iyunun 23-də Qafqaz Canişinliyi Dəftərxanasından Qafqaz Senzura Komitəsinə göndərilən həmin məktubda Naxçıvan şəhər sakini Cəlil Məmmədquluzadənin ərizəsi əlavə olunmaqla onun redaktorluğu ilə Tiflisdə “azərbaycan ləhcəsində” “Novruz” adlı qəzet buraxmaq istəyinə icazə verilməsi Senzura Komitəsindən xahiş edilir (f.306, siy.1, sax.vah.3, vər.26).
Görünür, az keçmir, növbəti il, o, şəkilli, satirik jurnalın yaradılmasına daha çox üstünlük vermişdir. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Bu jurnal vasitəsilə Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. Dahi mütəfəkkirin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.
Сəlil Məmmədquluzadə ilə bağlı daha bir sənəd onun 1917-ci il sentyabrın 28-də, “Molla Nəsrəddin” jurnalının rəsmi vərəqəsində Qafqaz Tədris Dairəsi İdarəsinin Komissarlığına öz xətti ilə yazdığı məktubdur. Məktubun əvvəlində 1906-cı ildən Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının ictimai, ədəbi dəyəri təqdim edilir. Məktəblərin milliləşdirilməsi ilə tədris müəssisələrində təhsil alan müsəlman tələbələrin öz ana dilində mütaliə vasitələrinin yaranması zərurəti qeyd edilir. Bu baxımdan, o, “Molla Nəsrəddin” jurnalının məktəblərdə abunəsinin təşkilini tövsiyə edir. Sözünə qüvvət kimi Yelizavetpol xalq məktəbləri müdiriyyətinə aid məktəblərdə jurnala 118 nüsxə abunə yazılışını misal göstərir.
Redaktor-naşir jurnalla yanaşı, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət”, “Poçt qutusu”, “Nigarançılıq” adlı şəkilli kitabçalarını da Komissarlığın diqqətinə çatdırır.
Bu müraciətdən sonra Komissarlıq 1917-ci il oktyabrın 10-da Zaqafqaziyanın kişi və qadın tədris müəssisələrinin rəhbərlərinə məktəblər üçün jurnala abunə olmağı, kitabçaları isə məktəb kitabxanalarına almağı yazılı məktubla məsləhət görür (f.311, siy.1, sax.vah.317, vər.1-3).
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdir. “Ölülər” əsəri Təbrizdə tamaşaya qoyulmuş, həmin dövrdə Cənubi Azərbaycanda realist-satirik ədəbiyyat və mətbuat inkişaf etmiş, karikatura sənətinin meydanı genişlənmişdir. 1922-ci ildə Bakıya gəlib jurnalın nəşrini davam etdirmiş, “Maarif və mədəniyyət”, “Şərq qadını” və sair mətbuat orqanlarında fəaliyyət göstərmişdir. Redaktoru olduğu “Yeni yol” qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışmışdır.
1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunmuşdur. Cəlil Məmmədquluzadə əsərlərini lirik, epik, dramatik janrlarda, həm nəsrlə, həm də nəzmlə yazmışdır. Onun bədii nəsri ədəbiyyatımızda yeni ədəbi hadisə idi. Yazıçının publisistikasında da azərbaycançılıq mövzusu özünəməxsus yer tutur. Belə əsərlərində işlətdiyi təxəllüs “Molla Nəsrəddin” idi. Cəlilin bədii irsinin əsas xüsusiyyətləri zəhmətkeş insanların taleyinin təsviri, milli oyanış və dirçəlişə çağırış, yığcamlıq, sadə dil və üslubdan ibarətdir. Onun “Poçt qutusu”, “Qurbanəli bəy” kimi hekayələri, “Ölülər” komediyası, “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı” kimi dram əsərləri Azərbaycan realizmində özünəməxsus şərəfli, əbədiyaşarlıq qazanmşdır. Dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında tamam yeni bir mərhələ təşkil edir. M.F.Axundzadənin janrca drama yaxın olan komediyalarından fərqli olaraq, Cəlilin komediyaları faciəvi xarakter daşıyan tragikomediyalardır.
Tragikomediya faciə (tragediya) və komediya xüsusiyyətlərini üzvi surətdə özündə cəmləşdirən dramatik əsər, facianə və komik hadisələrin, əhval-ruhiyyənin üzvi surətdə birləşməsidir. Ədəbiyyatımızda tragikomediyanın ən görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadədir. “Ölülər” tragikomediyası ilə ədəbiyyatda cəhalət dünyasının qatı dumanlarının parçalanması başlanır. “Ölülər” mənəvi əsarəti, fanatizmi yıxıb dağıdan, Azərbaycan və ümumən türk-müsəlman dünyasının mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli və dahiyanə bir əsərdir. 1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalan yazıçı 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir.
Görkəmli ədib 1932-ci il yanvarın 4-də vəfat etmiş və Bakıda dəfn olunmuşdur. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. Haqqında sənədli və bədii film çəkilmiş, “Ölülər” komediyası və ondan çox hekayəsi ekranlaşdırılmış, “Ölülər” operası (Vasif Adıgözəlov) yazılmışdır. 1967-ci ildə bir rayon və şəhər onun şərəfinə Cəlilabad adlandırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Dövlət Ədəbiyyat Muzeyinə adı verilmiş, Bakıda Ədəbiyyat muzeyinin eyvanında, Naxçıvanda və Cəlilabadda heykəlləri ucaldılmışdır.
Milli özünüdərkin, təfəkkürün əsas simalarından biri olan Cəlil Məmmədquluzadənin ən böyük abidəsi isə əbədi olaraq xalqın ürəyindədir.
Dövlət Tarix Arxivinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri
Rövşən Həsənli
Bugün: | 349 |
Dünən: | 774 |
Bu həftə: | 5718 |
Son həftə: | 6350 |
Bu Ay: | 18427 |
Son Ay: | 25108 |
Bu İl: | 284576 |
Ümumi: | 1304997 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az