Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Bəkir Çobanzadə poeziyasında milli təəssübkeşlik

Son Yenilənmə : 2023-07-04 10:56:21
Baxış sayı : 688

Məhşur insanlar, şəxsiyyətlər haqqında həmişə çoxlu rəvayətlər, hekayətlər yayılır. Həyatı haqqında ən çox fikirlər danışılan repressiyaya qurban gedən ən dəyərli elm adamlarından biri də Bəkir Çobanzadədir. Böyük istedad sahibi olan alimin yazıb yaratdıqları, zəngin ədəbi irsi əqidəsi, amalı türk xalqlarının mənafeyini müdafiə etmişdir.

Tanınmış ədəbiyyatşünas, şair, mətnşünas Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il may ayının 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini burada almışdır. Uşaq yaşlarından daim öz üstün zəkası ilə diqqəti cəlb etmişdir. O, 1908-1918-ci illərdə Dini xeyirxahlar cəmiyyətinin yolu ilə Türkiyə Qalatasaray lisesində təhsilini davam etdirmişdir. Daha sonra o ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb, macar ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Bəkir Çobanzadənin o dövrlərdə Türkiyə, Kırım, Rusiya mətbuatında ictimai, siyasi, elmi məqalələri dərc edilmişdir. Həmin məqalələr “Bəkir Cavbək”, “Çoban oğlu”, “Bəkir Baybək” və başqa imzalar ilə dərc edilmişdir. Sovet Şərqində dilçilik üzrə ilk professor olan Çobanzadə türk ləhcələri ilə yanaşı ərəb, fars, fransız, alman, rus, gürcü dillərini də bilirdi.

Bəkir Çobanzadənin fəaliyyətinin ən məhsuldar dövrü 1925-1927-ci illərdə Bakıya qayıtdıqdan sonraki illəri əhatə edir. Həddən artıq genişşaxəli biliklərə malik olan bu insan tükənməz potensialından lazımınca istifadə etmişdir. Bakıdaki fəaliyyətinin son 12 ilinə nəzər saldıqda belə onun qeyri adi istedadının zəhmətini görürük. O, 1924-1929-cu illərdə Azərbaycan Baş elm idarəsində Terminalogiya komitəsinə rəhbər, ADU-nun Şərqşünaslıq kafedrasının müdiri və dekanıolmuşdur. Daha sonra görkəmli alim Yeni Əlifba komitəsinə sədr təyin olunmuşdur. O, Azərbaycan Dilçiliyinin əsasını qoyan alimlərdən biri olmuşdur. Onun keçirdiyi qurultayları türk dünyasının həyatında ən əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Sovet Şərqində ilk professor olan Bəkir Çobanzadə bir sıra monoqrafik əsərlərin və kitabların müəllifidir. Bütün fəaliyyəti dövründə 150 elmi əsər yazmışdır. Onların 100 ü Azərbaycan dili və Ədəbiyyatı problemlərinə həsr olunmuşdur. O yüzlərlə dilçi və ədəbiyyatşünas alim hazırlamışdır.

Digər ziyalılarımız kimi Bəkir Çobanzadəyə də təzyiqlər 1930-cu ildən başlanmışdır.1930-cu ildən sonra Azərbaycan mətbuatında onun imzası az görünür. Onun bu illərdə yazdığı “Xətainin dili və ədəbi yaradıcılığı haqqında”, “İbn Mühənna və onun lüğəti” ən dəyərli əsərlərdəndir. 1931-ci ildə şairə təzyiqlər lap artır. Onun ittihamına səbəb isə Bakıda yaşadığı dövrlərdə əks-inqilabi millətçi kimi göstərilməsi idi. Guya o öz əsərlərində əks-inqilabçı ideologiyanı təbliğ edirdi. 1935-ci ildən sonra şair biraz təhlükənin sovuşduğunu güman edirdi. Lakin 1937-ci il yanvar ayının sonunda onu Kislovodski sanatoriyasında dincələrkən həbs edirlər. Əvvəlcə Pyatiqorsk həbsxanasında saxlanılır, daha sonra Bakıya gətirilir.Onun təqibi uzun çəkir. 7 il onu izləyirlər, amma hesabat verilirki Çobanzadəni həbs etməyə sübut yoxdur. Bir neçə ildən sonra ona qarşı ittihamlar yenidən başlayır. Bu dəfə isə onun Ruhulla Axundovla dostluğunu bəhanə edirlər. Axundov Respublika rəhbərləyindən uzaqlaşdırıldıqdan sonra vəziyyət daha da pisləşir. O, 1937-ci il sentyabrın 1 də sonuncu dəfə istintaq edilir.

Sovetlər İttifaqına qarşı üsyan qaldırılacağı halda onu SSRİ-yə düşmən mövqeyində dayanacağı ilə ittiham edirlər. Professor əfv  edilməyəcəyini bilirdi. Bütün bunlara baxmayaraq Sovet hökumətinə məktub ünvanladı: “Mən öz ixtisasım üzrə Sovet Şərqinin ilk professoruyam, bu ada Sovet hökuməti tərəfindən layiq görülmüşəm və bu ölkədə ilk dəfə ana dilində mühazirə oxumuşam” . Lakin Çobanzadə əfv olunmadı. Türkologiya elminin böyük nümayəndəsi Azərbaycan elminə mühüm töhfələr vermiş Krım-tatar əsilli şair, qanlı 1937-ci il represiyasının qurbanına çevrildi. Onun öldürülməsi Azərbaycan filoloji elminə ciddi zərbə vurdu. Lakin Çobanzadənin vətən xaini olmadığı barədə hərbi kollegiya gec qərar çıxarır və 1957-ci il iyunun 6-da həmin işə xitam verilmişdir.

Şər, böhtan, faciə dolu 1937-ci ilin olaylarından yaxa qurtara bilməyən görkəmli alimin həyatı bu gündə diqqət mərkəzindədir. Onun haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən sənədli film çəkilmişdir. Bədii sənədli filmdə onun dindirilməsi, həbs  müddəti səhnələşdirilmişdir. 52 dəfə dindirilən Bəkir Çobanzadəyə 15 dəqiqəlik məhkəmədən sonra ölüm hökmü oxunub. O, 1937-ci ildə güllələnərək edam edilib. Onun dəfn yeri məlum deyil.

Məqalədə ARDƏİA-də mühafizə edilən 171 №-li fondun materiallarından istifadə edilmişdir.

 

Gülnar Şərifova  

ARDƏİA-nin aparıcı arxeoqrafı



Bugün: 249
Dünən: 774
Bu həftə: 5618
Son həftə: 6350
Bu Ay: 18327
Son Ay: 25108
Bu İl: 284476
Ümumi: 1304897
1304897