Müasir Azərbaycan poeziyasında öz səmimi üslubu, dərin lirizmi və ictimai düşüncəsi ilə seçilən şairələrdən biri Hökumə Billuridir. Onun yaradıcılığı təkcə fərdi hisslərin ifadəsi deyil, həm də qadın taleyinin, ana duyğusunun, vətən sevgisinin və insan ağrılarının poetik salnaməsidir. Hökumə Billuri 1926-cı il martın 3-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. ”Azəri” qızlar məktəbində orta təhsil alıb və orada müəllimlik edib. Uşaqlıq illərini milli dəyərlərin hökm sürdüyü bir mühitdə keçirmişdir. Erkən yaşlarından sözə və ədəbiyyata maraq göstərən şairə məktəb illərində artıq şeir yazmağa başlamış, daxili dünyasını misralarla ifadə etməyə çalışmışdır. Onun ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında dərc olunub. “Mənim arzum”,” Ölməz qəhrəman”, “Həyat yollarında”,”Mübarizə illərində”,”Şeirlər”, “Şairin yadigarı”,”Apar məni o yerlərə”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının müəllifidir.
Artıq Bakıda olarkən, 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır.1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-cü ildə Moskvada Sov.İKP yanında İcitimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə “İran Azərbaycanın realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alır. Daha sonra o, 1952-1954-cü illərdə “Azərnəşr”də ədəbi bədii şöbənin redaktoru, “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib. O,ictimai-siyasi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayıb. Milli hökumətin təbliğatçılarından olub. Demokratik Respublikanın süqutundan sonra amansız represiyadan yaxa qurtarıb Arazın bu tayına pənah gətirib. Hökumə Billurinin böyüdüyü mühit, xalq ruhuna yaxın ailə tərbiyəsi və oxuduğu klassik ədəbiyyat nümunələri yaradıcılığının formalaşmasında mühüm rol oynayır. Onun poeziyasında əsas mövzular sevgi, ayrılıq, ana obrazı, vətənə bağlılıq, qadının daxili mübarizəsi və insan mənəviyyatıdır. Şeirlər sadə dildə yazılsa da, oxucunu düşündürən dərin məna qatlarına malikdir. Şairə qadını yalnız ailə çərçivəsində deyil, həm də cəmiyyətin dayaq nöqtəsi, mənəvi güc mənbəyi kimi təqdim edir. Bu yanaşma onun yaradıcılığına sosial çalar qazandırır və poeziyasını daha təsirli edir. Onun misralarında süni pafos yoxdur. Hər sətirdə yaşanmış hisslər, görülmüş ağrılar və ümid işığı hiss olunur. Məhz bu səmimiyyət oxucunu Hökumə Billurinin söz dünyasına yaxınlaşdırır. Oxucular arasında belə bir fikir formalaşıb ki onun şeirləri qışqırmadan, səssizcə danışan amma dərin iz buraxan poeziya nümunələridir; “Sükutumun içində qışqırır ürəyim”
Dərdimi deməyə söz tapa bilmirəm...”
Bu misralarda onun üslubu açıq şəkildə görünür. Az söz,çox məna. Başqa bir şeirində belə yazır:
“Ana olmaq dua kimidir”,
Hər gecə tanrıya pıçıldanan...”
Şeir oxucunu düşündürür, kövrəldir, xatirələrini oyadır. Hökumə Billuri həm də tərcüməçi kimi fəaliyyət göstərib. Məhəmmədhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, C.Cabbarlı, M.Dilbazi, S.Vurğun, N.Xəzrinin şeirlərini fars dilinə çevirib. Onun tərcümələri arasında Şəhriyarın Billuriyə “Hökumə can” adlı şeirini əks etdirən nadir əlyazmasında yer alıb. Ustad yazır: Sən Vətəndən sarı qəlbin döyünürsə, maralım,
Vətənin də maralından sarı qəlbi döyünür.
Hökumə Billuri müasir Azərbaycan poeziyasında öz yolunu səssiz gedən şairələrdən olmuşdur. Şairənin yaradıcılığı göstərir ki, poeziya hələ də insan ruhunu sağalda, yaraya toxuna və ümid verə bilər. Onun yaradıcılığı dövlətin daim diqqət mərkəzində olmuşdur.1984-cü ildə “Əməkdar incəsənət xadimi”, 1988-ci il mayın 23-də isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adına layiq görülüb.
Hökumə Billuri haqqında bir çox tanınmış şəxslər xoş sözlər deyiblər. Onun poeziyası və vətənpərvər ruhu Azərbaycan ədəbiyyatında yüksək qiymətləndirilir. Xalq yazıçısı Bəxtiyar Vahabzadə : “Hökumə Billurinin şeirləri xalqın duyğularını və vətən sevgisiniyaşadan dəyərli söz inciləridir”. Şair, ictimai xadim Xəlil Rza Ulutürk : “ Onun şeirlərində vətən sevgisi və milli ruh açıq şəkildə hiss olunur.” Tanınmış Xalq şairi və dramaturq Nəriman Həsənzadə də öz fikirlərini bele ifadə edirdi : “Hökumə Billuri poeziyası səmimiyyəti və duyğularının gücü ilə seçilir” . O, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli şairələrdəndir. Onun poeziyası zaman keçdikcə dəyərini itirmir, əksinə yeni nəsillər tərəfindən də maraqla oxunur və qiymətləndirilir. Onun yaratdığı ədəbi irs Azərbaycan mədəniyyətinin qiymətli bir hissəsi olaraq yaşayır. Hökumə Billurinin xatirəsi onu tanıyanların, dostlarının, qəlbində hər zaman səmimi insan kimi yaşayacaq. Onun sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat Və İncəsənət arxivində 401 N-li fondda qorunub saxlanılır. Onun sənədlərinin əsasını əlyazmaları, yazışmaları, tərcümeyi-hal, təsviri sənədləri üstünlük təşkil edir. Onun həyat yolu və yaradıcılığı milli mənəvi simanı əks etdirən parlaq nümunələrdəndir. Hökumə Billuri 2000-ci il noyabr 22-də Bakıda vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məqalədə 401 №-li fondda olan sənədlərdən istifadə edilmişdir
Gülnar Şərifova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin aparıcı arxeoqrafı
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az