Bir insanın həyatında fərq etməz hansı yaşda, elə an olur ki, onun sonrakı həyat yolunu dəyişir.
14 yaşlı Saların da həyat yolu kənddəki bir hadisədən sonra dəyişir. Belə ki, bir dəfə cavan bir qadının tropik malyariyadan az yaşlı uşaqlarının gözü qarşısında necə əziyyət cəkdiyi, kənddə bir qadının (Salar sonralar öyrənir ki, o qadın kənd “həkimi” olmuşdur) səylərinə baxmayaraq necə vaxtsız canını tapşırdığının şahidi olur. Ətrafda cəmləşən qadınların çığırtısından yeniyetmə Salar çox sarsılır. Qulaqlarını tutub var gücü ilə qaçıb sakit bir küncdə için-için ağlayır. Saatlar keçir. Salar anasız qalan kicik yaşlı uşaqların sonrakı taleyini fikirləşir. O gündən həkim olmaq qərarına gəlir.
Salar Ağarəfioğlu İmaməliyev. Bu ad Azərbaycanın infeksionist həkimləri arasında qızıl hərflərlə yazıla biləcək bir addır.
1898-ci ildə Petrovsk şəhərində (indiki Mahacqala) anadan olmuş Salar İmaməliyev 1919-cu ildə yerli gimnaziyanı bitirərək, I Moskva Universitetinin tibb fakültəsinə daxil olur. 1924-cü ildə həkim diplomu ilə Dağıstanın Axtı dağ kəndinə qayıdaraq həkim kimi fəaliyyət göstərir. Elə ilk gündən öz işinə ciddi yanaşması, elmi axtarışları ilə başqalarından fərqlənir. Qabaqcıl işçi kimi Moskva şəhəri Venerologiya İnstitutuna işləməyə göndərilir. S.İmaməliyev burada işləyə-işləyə Moskva Universitetində İctimai Gigiyena kafedrasında aspiranturaya qəbul olur.Təhsilini başa vurduqdan sonra Dağıstana qayıdır.
Gənc və bacarıqlı həkim tez bir zamanda Dağıstan MSSR Xalq Səhiyyə Komissarı vəzifəsinə irəli çəkilərək, xalqın sağlamlığının qeydinə qalır.
Həmçinin partiya, sovet, həmkarlar ittifaqı kimi ictimai işlərdə də fəal iştirak etmiş, Dağıstan MSSR Sovetləri I Qurultayının nümayəndəsi, Respublika Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.
1931-сi ildə S.A.İmaməliyev ailəsi ilə birlikdə Bakıya köcərək Mərkəzi Şəhər Poliklinikasına direktor vəzifəsinə təyin olunur.
O zamandan ömrünün sonuna (1959-cu il) kimi bütün həyat və fəaliyyyətini Azərbaycanla bağlayır. Bacarıq, çox əhatəli biliyi ilə respublikanın tibb işçiləri arasında dərin hörmət və nüfuz qazanır.
Məhz İmaməliyev kimi həkimlərin sayəsində insanlar arasında çiçək, vəba, taun kimi təhlükəli infeksion xəstəliklərin yayılmasının qarşısı alınmış, demək olar ki, vəba, taun təmamilə məhv edilmişdir.
Azərbaycan SSR-də tülyaremiya və siçovul rikketsiozunun epizotiyasının tapılmasında (gəmiricilər və həşəratlar vasitəsilə insana keçən bir xəstəlik) ilk addım məhz Salar həkimə məxsusdur.
Eyni zamanda o, Sanitariya-Epidemioloji Müəssisələr şəbəkəsinin təşkilində, tibbi profilaktikanın yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun sanitariya-epidemioloji xidmətin təşkilinə dair yazdığı 50-yə yaxın elmi əsər dərc olunmuşdur.
Böyük Vətən müharibəsi zamanı o, könüllü olaraq cəbhəyə getmiş, 46-cı hərbi sanitar qərərgahına rəhbərlik edərək, Rumıniya, Yuqoslaviya, Avstriya, Çexoslovakiya cəbhələrində tibbi fəaliyyət göstərmişdir. Cəbhədə əsgərlər arasında bir çox yoluxuçu xəstəliklərin qarşısının alınmasında göstərdiyi fəaliyyətinə görə Qırmızı Ulduz və II Dərəcəli Vətən müharibəsi orden və medalları ilə təltif olunmuşdur.
Həkim müharibənin ağır illərində də elmdən uzaq qalmır. Yığdığı təcrübələrə əsaslanaraq 1942-ci ildə “Göbələk xəstəlikləri” haqqında namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüsdür.
O, müharibədən sonrakı iş fəaliyyətini Azərbaycan Dövlət Tibb və Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirir. Elə burada “Bakı şəhərində epidemik siçovul yatalağı” adlı dissertasiyasını müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə qədər ucalır. Ömrünün sonuna kimi Respublika Sanitariya-Epidemioloji Stansiyanın Təhlükəli İnfeksiyalarla Mübarizə şöbəsinə rəhbərlik edir.
Təvazökar, prinsipial, qayğıkeş bir şəxs olan Salar İmaməliyevin bu il 120 illik yubileyidir. Əminik ki, onun parlaq xatirəsi yetişdirdiyi neçə-neçə həkim-alimlərin qəlbində daim yasayır. Məqalənin hazırlanmasında ADETSA-də S.A.İmaməliyevə məxsus 122 №-li şəxsi fondunda mühafizə edilən foto və sənədlərdən istifadə olunmuşdur.
Səadət CABBARLI
Azərbaycan Respublikası Dövlət Elm və
Texnika Sənədləri Arxivininin aparıcı-
mütəxəssis arxeoqrafı
Bugün: | 680 |
Dünən: | 740 |
Bu həftə: | 2932 |
Son həftə: | 6066 |
Bu Ay: | 16828 |
Son Ay: | 28223 |
Bu İl: | 257869 |
Ümumi: | 1278290 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az