Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Böyük Vətən müharibəsində Azərbaycan neftçiləri əsl fədakarlıq göstərmişlər

Son Yenilənmə : 2023-05-11 08:01:36
Baxış sayı : 1005

Bu məqalə 1941-1945-ci  illərin Böyük Vətən Müharibəsində faşizm üzərində  qələbənin qazanılmasında böyük rolu və xidməti olmuş Azərbaycan xalqının, onun   fədakar  zəhmətkeşlərinin,o  cümlədən  on  minlərlə  fədakar  cəbhəçi-neftçilərin  parlaq  xatirəsinə  həsr  edilir.

Tarix  şahiddir  ki, Böyük  Vətən  Müharibəsi  illərində  faşizm  üzərində  tarixi  qələbənin  əldə  edilməsində  Azərbaycan  xalqı  bütün  cəbhələrdə -  istər  ön, istərsə  də  arxa   cəbhələrdə    qəhrəmancasına   döyüşmüş, iştirak  etmiş,   misilsiz fədakarlıqlıq  nümayiş  etdirmişdilər.  Keçmiş Sovet İttifaqı və  bütün Avropanın  alman faşizmi üzərində qələbə  qazanmasında Azərbaycan neftçilərinin xüsusi rolu və xidməti olmuşdur . Müharibə illərində Azərbaycan  neftçilərinin arxa cəbhədə nümayiş etdirdikləri  qəhrəmancasına fədakar əməyi danınmaz qəhrəmanlıq nümunəsidir və bu sonrakı nəsillər tərəfindən həmişə, o  cümlədən  bu  gün də  böyük  hörmət və ehtiram, minnətdarlıqla yad  edilərək qiymətləndirilmiş və qiymətləndirilir.  

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri 1941-1945-ci illərin  BöyükVətən Müharibəsində keçmiş SSRİ-nin  bütün  cəbhələrinin  yanacağa olan  ehtiyacının 80 faizindən  çoxunu  ödəyən  nadir şəhər olmuşdur. Azərbaycanın paytaxtı - Bakı şəhəri Alman  faşizmi  üzərində qələbənin əldə edilməsi və dünyanın faşizmdən azad edilməsi  uğrunda  gedən   amansız  müharibədə  misli  görünməyən  fədakarlıq  nümayış  etdirən qəhrəman şəhər olmuşdur. Lakin  müharibə faşizm  üzərində tarixi Qələbənin çalınması ilə başa çatdıqdan sonra  qələbənin  əldə  edilməsində  Bakının  rolu  və  xidməti  layiqincə  qiymətləndirilmədi. Bakıya  layiq  olduğu  qəhrəman  şəhər  adı  verilmədi.

 Həmin  müharibə  illərində  neft  hasilatı  və  emalı  üzrə əmək  cəbhəsində  çarpışan Azərbaycan neftçiləri müharibənin bütün çətinliklərinə mərdliklə sinə  gərərək misli  görünməmiş rəşadət  nümayiş  etdirmiş  və  ölkənin  yanacağa  olan  bütün  ehtiyaclarını  ödəmişdilər. Müharibə  illərində  neft  hasilatı  və  emalı  sahəsində  çalışmış  Azərbaycanın  veteran  neftçiləri sağlıqlarında  həmin  çətin, soyuq və qıtlıq illərini xatırlayaraq qeyd edirdilər ki, müharibə dövründə Bakının  neft  mədənlərində  üç  növbəli  iş  tətbiq  edilmişdi. İki növbədə işləmək bütün  neftçi və işçilər üçün mütləq idi. Bir çoxları isə cəbhəyə yola düşmüş yoldaşlarını  da əvəzləyərək hətta üç növbədə çalışırdılar.Böyük Vətən Müharibəsi illərində  əvvəlcə ön cəbhədə döyüşmüş, sonra isə taleyin hökmü ilə arxa  cəbhədə neft  hasilatı sahəsində çalışmış veteran cəbhəçi-neftçilərilər hərdən ötən illəri  xatırlayaraq qeyd  edirdilər  ki,  bəzən insana  arxa  cəbhədə,  neft  mədənlərində  neft  uğrunda  aparılan  mübarizədə  iştirak  etmək, ön  cəbhədə  döyüş  əməliyyatlarında  iştirak  etməkdən daha çətin gəlirdi. Həmin çətin və aclıq hökm sürən müharibə illərində ön cəbhədə vətənin keşiyində dayanmış əsgərlərə  qabaqcadan təyin  edilmiş gündəlik  ərzaq  payı (payok) mütləq ayrılırdı. Arxa  cəbhədə  alman  faşızminə  qarşı  döyüşən  bütün  cəbhələri  yanacaqla təmin etmək üçün gecə-gündüz çarpışan Azərbaycan netçiləri əgər tapardılarsa, bir  tikə  qara  çörəklə  kifayətlənər, bir  çox hallarda isə heç onu da tapmayaraq ac-yalavac neft hasilatı və emalı uğrunda çalışırdılar. Həmin müharibə illərində rəşadətli  Azərbaycan neftçilərinin  son  dərəcə  ağır və şərəfli əməyi sayəsində Bakı nefti  çıxarılır, sonra emal edilərək benzin, yanacaq, müxtəlif  sürtkü  yağları  qismində konteyner və sisternlərlə ,müxtəlif yollarla- dəmir  yolu  və  xəzər  dəniz  yolu  vasitəsilə   cəbhəyə  göndərilir  və  bununla  da döyüşən  bütün  cəbhələrin  yanacağa və neft məhsullarına olan təlabatları ödənilirdi. Müharibə  illərində  Bakı  ölkəyə  tələb  olunan  neftin 70-75 faizini, benzinin  isə 85-90 faizini verirdi. SSRİ-nin  müharibədə  iştirak  edən  bütün  motorlu  hərbi  texnikası  əsasən  Bakının istehsal etdiyi yanacaqla işləyirdi. Müharibə tarixində misli görünməmiş sayda  motorların və  texnikanın cəlb edildiyi həmin  müharibədə keçmiş Sovet  İttifaqının əsas duru yanacaq-neft  bazası olan Bakının rolu  əvəzedilməz  olmuşdur. Bakı nefti hərbi -strategi əhəmiyyə malik məhsul kimi həyatı əhəmiyyət  kəsb  edirdi. Bakı nefti  və Bakının neftayırma zavodları, Azərbaycanın  fədakar, qəhrəman  neftçiləri  olmasaydı  keçmiş  Sovet  İttifaqı  və  nəticə  etibarilə  bütün  Avropa saz vəziyyətdə olan alman  hərbi  maşınının,  faşizmin  qarşısında  dayana  bilməzdi. Amansız  müharibədə  qəhrəman  Azərbaycan  neftçiləri  müharibə  dövrünün  bütün çətinliklərinə  mərdliklə  sinə  gərərək  axıra  kimi  dayandılar  və   qalib  gəldilər!

Qeyd  edirik  ki, müharibə illərində Azərbaycanın   təkcə  neft  sənayesi  deyil, onunla  yanaşı   iqtisadiyyatının  bütün  sahələri   müharibə tələblərinə uyğun qurulmuşdu. Bakı döyüşən ordunun  əsas cəbbəxanalarından  birinə  çevrilmişdir. Bakıda neft istehsalı və emalı ilə yanaşı «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Müharibə  illərində  Bakıda  130-dan çox silah və onun hissələri hazırlanırdı

Həmin müharibə dövrünün tanınmı hərbi sərkərdələri Azərbaycan  neftinin  rolunu  və  əhəmiyyətini çox yüksək qiymətləndirirdilər. Məsələn, Azərbaycanda  Sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar1-ci Belorus cəbhəsi  qoşunlarının komandanı, Sovet İttifaqı marşalı G. Jukov 1945-ci ilin aprelində  Azərbaycan  zəhmətkeşlərinə  göndərdiyi  təbrik  teleqramında  neftçilərin  ağır  zəhmətini  yüksək  qiymətləndirərək  qeyd  edirdi:”Azərbaycan zəhmətkeşləri  özlərinin qəhrəmancasına fədakar əməyi ilə Vətənimizin müdafiəsi və  hərbi müvəffəqiyyətlərin əldə edilməsi işinə son dərəcə mühüm xəzinə daxil etdilər. Bakı neftçiləri düşmən üzərində qələbənin tezliklə əldə edilməsi üçün cəbhəyə və  ölkəyə tələb olunan qədər yanacaq verirdilər.”Azərbaycan  neftçilərinin  Böyük  Vətən  Müharibəsi  illərindəki  rəşadətli  əməyi  2-ci  Ukrayna  cəbhəsi  qoşunlarının  komandanı  Sovet  İttifaqı  marşalı  R. Malinovski  tərəfindən  də yüksək   qiymətləndirilmişdir. R.Malinovskinin  2-ci  Ukrayna  cəbhəsi  qoşunlarının döyüşçüləri, zabitləri və generalları adından Azərbaycan xalqına  göndərdiyi  təbrikdən: ”... 2-ci Ukrayna cəbhəsi qoşunlarının döyüşçüləri Bakı  neftcilərinin və bütün Azərbaycan zəhmətkeşlərinin inqilabi xidmətlərini yaxşı  bilir və yüksək qiymətləndirirlər. Zaqafqaziyada inqilabi hərəkatın mərkəzlərindən  biri olan Bakının, bu neft şəhərinin şöhrəti Böyük Vətən Müharibəsi günlərində  Azərbaycan xalqının qəhrəmancasına fədakar əməyi sayəsində daha da artmışdır. Sizin əmək fədakarlığınız bizim müqəddəs torpaqlarımızdan qaniçən faşistləri  qovmuş Qızıl Ordu  döyüşçulərinin  ölməz  qəhrəmanlıqları  ilə daha  da  artırılmışdır”.

         Sovet İttifaqı marşalı F.İ. Tolbuxinin 1945-ci ilin aprelin 28-də «Бакинский  рабочий» qəzetində dərc  edilmiş “Azərbaycan xalqına eşq olsun” başlıqlı  məqaləsində isə qeyd  edilirdi :”Hazırki müharibə - hərb tarixində indiyə qədər misli  görünməyən həddindən artıq tədbiq edilmiş  motor  və  texnikanın  müharibəsidir. Motorlarn fasiləsiz olaraq işləməsini təmin etməkdən ötrü neft və  neft məhsulları müstəsna əhəmiyyət kəsb  edir...Qızıl Ordu əldə etdiyi bir çox  qələbələrinə görə Azərbaycan xalqına, hücum edən hərbi  hissələri  vaxtlı-vaxtında  əla yanacaqla təmin edən qəhrəman Bakı neftçilərinə borcludurlar. Stalinqrad  ətrafinda,Donda və Donbasda, Dneprdə və Dnestrin o tayında, Belqradda, Budapeşt və Vena ətrafında bizim cəbhənin döyüşçüləri- təyyarəçilər, tank  və  özüyeriyən top avtomobillərinin  sürücüləri Azərbaycan  neftçilərini   minnətdarlıqla yad edir, neft şəhəri olan Bakının qəhrəman zəhmətkeşlərini tərif  edirlər...Bütün qüvvə və bacarığını,təcrübəsini yüksək keyfiyyətli yanacağın  istehsal edilməsinə sərf edən Bakı qəhrəmanlarına eşq  olsun!”

   Böyük  Vətən  Müharibəsi  illərində  neft  mədənlərində  fədakarcasına  çalışmış  on  minlərlə  Azərbaycanlı  neftçilərdən  biri  də  Bahadur  Umud  oğlu  Səfərov  olmuşdur. O, 1942-ci  ilin  oktyabrında  hərbi  komissarlığın  çağırışı  ilə  cəbhəyə  yollanmış, Şimali  Qafqaz  uğrunda  gedən  döyüşlərdə  ağır  yaralanaraq  hərbi  qospitala  yerləşdirilmişdir. Müalicədən  sonra  Bahadur Səhərov  arxa cəbhəyə, Bakıya neft mədənlərinə  göndərilmişdir. O, 1944-cü  il  avqustun  2-də  “Stalinneft” tresti rəhbərinin əmri ilə 2-ci  dərəcəli fəhlə kimi işə qəbul  edilmiş, 1944-cü  ilin  27  oktyabrında  “Stalinneft” tresti rəhbərinin 120№li  əmri ilə elektrik  motorlarının  təmiri  üzrə  3-cü  dərəcə  elektrik  montyoru  vəzifəsinə  təyin  edilmişdir. 1944-1954-cü  illərdə  “Stalinneft” tresti  rəhbərinin  müvafiq  əmrləri  ilə  “Stalinneft”  trestinin  elektromontaj  kontorunda  elektrik  motorlarının  təmiri  üzrə ardıcıl  olaraq  3-4-5- 6-cı  dərəcəli  elektrik  motyoru  vəzifəsində çalışmışdır.

Azərbaycan  SSR  Neft  sənayesi  nazirliyinin  27  noyabr  1954-cü  il  tarixli  280№ li  əmri  ilə  “Stalinneft” trestinin  elektromontaj  kontorunun  adı  dəyişdirilərək  “Stalinneft”  Neft  mədəni  idarəsinin  elektrumontaj   sexi,  adlandırılmış, Bahadur  Səfərov “Stalinneft”  Neft - mədəni  idarəsinin  elektromontaj  sexində  elektrik  motorlarının  təmiri  üzrə   6-cı  dərəcəli  elektrik  montyoru  vəzifəsində  əmək  fəaliyyətini  davam  etdirmişdir. 1961-ci  il  dekabrın  15-də  179 №li  əmrlə “Stalinneft”  Neft  mədəni  idarəsinin  elektromontaj   sexinin  adı  dəyişdirilərək  26  Bakı  komissarı  adına  Neft  mədən  idarəsinin  elekrtoromontaj  sexi  adlandırılmış  və  fədakar  neftçi   26  Bakı  komissarı  adına  Neft  mədən  idarəsi  rəhbərinin  2  fevral  1966-cı  il  tarixli  13№ li  əmri  ilə  elektrotəmir  emalatxanasında elektpomontyor-sarıyıcı  və  izolyasiyaçı  vəzifəsində  əmək  fəaliyyətini  davam  etdirmişdir.

Bahadur  Səfərovun  Böyük  Vətən  Müharibəsi  illərindəki  fədakar  əməyi  keçmiş  Sovet  dövləti  tərəfindən  yüksək  qiymətləndirilmişdir. O, SSRİ  Ali  Soveti Rəyasət Heyətinin 6 iyun1945-ci il tarixli Fərmanı ilə “1941-1945-ci illərdə Böyük Vətən  Müharibəsində  fədakar  əməyə  görə” medalı ilə təltif edilmişdir. Bahadur Səfərova SSRİ Ali Soveti Rəyasət Heyəti  adından   299705 №li   medal 1945-ci il dekabrın 20-də Bakı şəhəri Stalin rayonu icraiyyə komitəsinin  sədri  tərəfindən şəxsən təqdim olunmuşdur. Bahadur Səfərov neft mədəni sahəsində  işlədiyi vaxtlarda təcrübəli və bacarıqlı, zəhmətsevər usta kimi neftçilər arasında  böyük hörmət və nüfuz qazanmışdır. O,ayrı-ayrı illərdə iki dəfə:1) 1965-ci  ildə  Bakı  Şəhər  Sovetinə; 2) 1969-cu  ildə  Bakı şəhəri  26  Bakı  komissarı  adına  rayon sovetinə deputat seçilmişdir.Veteran  neftçi  müharibədən  sonrakı   dövrlərdə də sosializm quruculuğu və Sovet İttifaqının müdafiəsi sahəsində xüsusi  xidmətlərinə görə  və  1971  və  1973-cü  illərdə  sosialist  öhdəliyi   planının  artıqlaması  ilə  yerinə  yetirdiyinə  görə iki dəfə-mart 1971və fevral 1974-cü  illərdə ölkənin yüksək mükafatlarından  biri sayılan  “Şərəf  nişanı” ordeni  ilə  təltif  edilmişdir. Fədakar  neftçi Bahadur Səfərov ölkə qarşısındakı zəhmətlərinə  görə SSRİ-nin digər mükafat və medalları  ilə  də təltif edilmişdir. Bahadur Səfərovun əmək cəbhəsində əldə etdiyi naliyyətləri onun əmək kitabçasında və  digər  sənədlərdə  öz  əksini  tapmışdır.

13  fevral  1992-ci  il  tarixli  164№li  əmrə  əsasən  1992-ci  il  yanvarın  17-dən  etibarən  26  Bakı  komissarı  adına  NQÇİ-nin  adı  dəyişdirilərək  Ə.C.Əmirov  adına  NQÇİ  adlandırılmışdır. 15  aprel  1992-ci  il  tarixli  198№li  əmrə  əsasən  Bahadur  Səfərov  1992-ci  il  aprelin  1-dən  etibarən  Ə.C.Əmirov  adına  NQÇİ-dən  “Bibiheybət” NQÇİ-yə  əvvəlki  vəzifəsinə  keçirilmiş  və  o, elektrik  avadanlıqları  və  elektrik  təchizatı prokat-təmir  sexində  2002-ci  ilin  may  ayınadək  əmək  fəaliyyətini  layiqincə  davam  etdirmişdir.

Fədakar  neftçi  Bahadur  Səfərovun  fasiləsiz  olaraq  58  il davam  etmiş  rəşadətli  əmək  yolu  ( 02.08.1944-cü  ildən  30.05.2002-ci  ilədək)   2002-ci  ilin  mayında  başa  çatmışdır. O, 2002-ci  il   mayın  30-da   yaşla  əlaqədar  olaraq  öz  xahişi  ilə  təqaüdə  çıxmışdır.2005-ci  il  mayın  6-da “Bibiheybət” Neft  Qazçıxarma  İdarəsində  Böyük  Vətən  Müharibəsi  veteranlarının  şərəfinə  təntənəli  təbrik  şənliyi  keçirilmişdir. Həmin tədbirə 20 keçmiş cəbhəçi-neftçi dəvət olunmuşdur. Dəvət olunanlar sırasında veteran  cəbhəçi-neftçi  Bahadur  Umud  oğlu  Səfərov  da yer almışdır. Həmin tədbirdə müharibə və əmək  veteranları qarşısında “Bibiheybət” NQÇİ-nin  rəisi Rəhman  Zeynalov  çıxış  etmişdir. O, veteranları  səmimiyyətlə  təbrik  edərək qeyd  etmişdir  ki, 1941-1945-ci  illərdə  çıxarılmış  75  mln.ton  Bakı  neftinin  15  tonu  “Bibiheybət” nett  mədənlərindən  çıxarılmışdır. O vaxtlar rəşadətli neftçilər sutkada 15-16 ton neft təhvil verirdilər. Həmin çox  çətin, soyuq  və  aclıq  illərində  almanlar  fədakar  neftçiləri  sındıra  bilmədilər. Onlar  həyatın  bütün  çətinliklərinə  mərdliklə  sinə  gərərək  dözümlük  nümayiş  etdirdilər  və  Böyük  Qələbə  qazandılar, Avropanı  və  dünyanı  faşizmdən xilas  etdilər. “Bibiheybət” NQÇİ-nin Böyük Vətən Müharibəsi  veteranlarının  təntənəli  təbrik  şənliyində  o  vaxtlar   Azərbaycan  Dövlət  Neft  Kompaniyasının prezidenti olmuş Natiq  Əliyein imzaladığı əmrlə veteran   neftçilərə  fəxri  fərman, pul mükafatları və qiymətli hədiyyələr verilmişdir. Bayram  tədbirinin  sonunda  müharibə  və  əmək  veteranları  xatirə  olaraq “Bibiheybət” NQÇİ-nin   həyətində  qoyulmuş  tanınmış  neftçi, Sosialist  Əməyi   Qəhrəmanı  Gülbala  Əliyevin  büstü  qarşısında  şəkil  də  çəkdirmişdilər.

Bahadur Səfərov öz döğma vətəninə və xalqına, seçdiyi işə sədaqətlə xidmət  etməsi işində üzün müddət gənc neftçi kadrlara parlaq  nümunə  olmuşdur. Mən, Səfərov Rafiq Bahadur oğlu Moskva  şəhərində  ali  məktəbə  qəbul  olana  qədər - təxminən  üç  ilə  yaxın   müddətdə  26  Bakı  komissarı  adına Neft Qaz  Çixarma  İdarəsinin  elektrik  avadanlıqları  və  elektrik  təchizatının  prokat-təmir  sexində  Bahadur  Səfərovun  şagirdi  və  köməkçisi  işləmişəm. Həmin  illəri  həyatımın  ən  dəyərli  və  yadda  qalan  illərindən  biri  kimi  unutmuram. Bahadur Səfərovun  və  başqa  veteran  cəbhəçi-neftçilərin  öz  vətəninə, xalqına, sənətinə  hədsiz  məhəbbətlə  yanaşmasının  gənc  işçilərin  zəhmətsevər  insan  kimi  formalaşmasına, yeni-yeni  əmək   fədakarlığına   ruhlandırmasına  təsir  etdiyinin  canlı şahidi  olmuşam.

2007-ci  il  noyabrın  5-də Azərbaycanın  layıqli   vətəndaşı, veteran  cəbhəçi-neftçi  Bahadur  Umud  oğlu  Səfərov  85  yaşında  vəfat  etmişdir. Həyatı  boyu  fədakarçasına  çalışmış  veteran  neftçilərin  əməyi   indiki  gənc  nəsil  tərəfindən  heç  vaxt  unudulmur,  böyük  hörmət  və  ehtiramla  yad  edilir. Bu  belə  də  olmalıdır. Çünki  bu  günkü  günümüzə  görə, Böyük  Vətən  Müharibəsində  tarixi  Qələbəyə  görə, habelə  respublikamızın  neft  sənayesinin  inkişafındakı xidmətlərinə  görə  zəhməti  olmuş  insanlara, o   cümlədən  veteran  neftçilərə  borcluyuq və minnətdarıq!

           Vaxtilə  Umummilli  lider  Heydər  Əliyev  qeyd  etmişdir: “ Hər  bir  insan  silaha  sarsılaraq öz ölkəsini  müdafiə  etmiş, dünyada  və  Avropada  azadlığı  qorumuş  insanlara  ehtiramını  bildirməlidir.” 

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi



Bugün: 339
Dünən: 774
Bu həftə: 5708
Son həftə: 6350
Bu Ay: 18417
Son Ay: 25108
Bu İl: 284566
Ümumi: 1304987
1304987