Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

CABBAR MƏCNUNBƏYOV

Son Yenilənmə : 2023-05-11 10:47:22
Baxış sayı : 1605

Azərbaycan dramaturgiyası və nəsrinin inkişafında öz xidmətləri olmuş Cabbar Məcnunbəyov həyatının 30 ildən artıq bir dövrünü ədəbi yaradıcılığa həsr edərək bir sıra maraqlı səhnə və nəsr əsərləri qələmə almışdır. Yazıçı 20 iyun 1912-ci ildə İrəvan şəhərində, ictimai xadim, pedaqoq və tərcüməçi kimi tanınmış Hüseyn Məcnunbəyovun ailəsində doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə öncə Qarsa, Azərbaycan sovetləşəndən sonra Gəncə şəhərinə köçən C.Məcnunbəyovun təlim-tərbiyəsində atasının böyük rolu olmuşdur..

      Orta təhsilini Gəncədə almış Cabbar Məcnunbəyov Bakı Pedaqoji Texnikumunu müvəffəqiyyətlə bitirərək, 1931-ci ildə yenicə yaradılmış Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutuna qəbul olur. Ancaq səhhətində baş verən sıxıntılar onu vətənə dönməyə məcbur edir.

      Əmək fəaliyyətinə 1934-cü ildə “Azərnəşr”də tərcüməçi olaraq başlamış Cabbar Məcnunbəyov “Gənc işçi” qəzetinin və “Pioner” jurnalının redaksiyalarında işləməyə başlayır. Daha sonra “Uşaqgəncnəşr”də şöbə müdiri və Azərbaycan Sovet Yazıçıları İttifaqında dram üzrə bölmə müdiri vəzifələrində də çalışmış C.Məcnunbəyov Böyük Vətən müharibəsi illərində hərbi müxbir olaraq “Vətən yolunda” (Təbriz), “Son xəbərlər” (Bakı), “Lenin bayrağı” (Tbilisi) kimi qəzetlərlə də əməkdaşlıq edir. Özünü bacarıqlı qəzetçi olaraq sübut etmiş nasir hərbi publisistika sahəsində xidmətlərinə görə “Qafqazın müdafiəsi”, “Əməkdə fərqlənməyə görə”, “Sovet ordusu və hərbi dəniz donanmasının 30 illiyi” kimi dövlət mükafatları ilə təltif olunmuşdur.  

1948-ci ildə hərbi xidmətdən qayıdan C.Məcnunbəyov qısa müddət nəşriyyat sahəsində çalışsada, sonrakı illərdə bütün həyatını ən çox sevdiyi işə - bədii yaradıcılığa həsr etmək qərarına gəlir.

Bədii yaradıcılığa hələ tələbəlik illərindən başlamış Cabbar Məcnunbəyovun ilk pyesi olan “Beşincilər” əsəri 1931-ci ildə Bakı İşçı Gənclər Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. “İlk sevgi” adlı ilk hekayəsi də elə o illərdə (1934) “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuşdur. 1942-ci ildə isə həmin jurnalın səhifələrində onun ilk irihəcmli nəsr əsəri - “Mən qayidacağam” povesti çap olunmuşdur.

Cabbar Məcnunbəyov yaradıcılığı dövrü ərzində 40-a yaxın pyesin müəllifi olmuşdur. Bunlardan “Yanar dərə” (1938),  “Böyük məhəbbət” (1950),  “İldırım” (1955),  “Ayrılan yollar” (1956),  “İliç buxtası” (1958) və “Məhəbbətin hökmü” adlı (1961) əsərləri tamaşaya qoyulmuşdur. Ədibin ilk irihəcmli səhnə əsəri olan “Yanar dərə” Azərbaycan Dövlət Dram Teatrında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. “Böyük məhəbbət”  pyesi  isə 1951-ci ildə kitab şəklində “Azərnəşr” tərəfindən nəşr olunmuşdur.

         Bundan əlavə, “Qara gözlük”, “İkinci həyat”, “Hamıdan qüvvətli”, “Şərəf günü”  adlı romanlar,  “Mən qayıdacağam”, “Muğan küləyi”, “Görəsən, məni sevirmi heç?”, “Ürək boşluğu” povestləri,  “Göy yaylıq”, “Dirilər və ölülər”, “O kimdir?” adlı ədəbi ssenarilər, “Ana”, “Dənizdə şəhər”, “Sarvanlar kəndində”, “Xoşbəxt həyat”, “Bir dəstə gül”, “Dan ulduzu”, “Rəssamın sərgüzəşti”, “Yaxşı yol balalarım”  “Məhəbbət və nifrət”, “Atam və sairələri” adlı hekayələr də yazıçının sənətkar qələminin məhsuludur. Hekayələrinin bir qismi “Sevdiyim qız” adlı kitabında toplanaraq çap edilmişdir.

      Ədəbi yaradıcılıqla yanaşı bədii tərcümə sahəsində də çox ciddi işlər görmüş Cabbar Məcnunbəyov bir çox rus (M.Y.Lermontov, İ.S.Turgenev, L.N.Tolstoy, A.M.Qorki, M.Şoloxov, M.Bubennov və başqaları) və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin (J.Vern, O.Balzak, V.Hüqo, M.Tven, A.Qəhhar və başqaları) bir sıra əsərlərini dilimizə tərcümə etmişdir.

        Cabbar Məcnunbəyov 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir. Tanınmış yazıçının həyat və yaradıcılığına aid sənədləri 1968-ci ilin sentyabrında həyat yoldaşı Tələtiyyə xanım tərəfindən dövlət mühafizəsi üçün Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə (müasir Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi) təhvil verilmişdir. Sənədlər əsasən yazıçının əlyazmalarından, yazdığı məktublardan, tərcümeyi hal və təsviri sənədlərdən eləcə də, yazıçının atası Hüseyn Məcnunbəyova aid əlyazma əsaslı sənədlərdən ibarətdir. Sənədlər tarix etibarilə 1929-1967-ci illəri əhatə etməkdədir.

         C.Məcnunbəyovun sənədlərindən ibarət fond siyahısı 13 yanvar 1970-ci ildə Arxivin ədəbiyyat şöbəsinin müdiri Rəşid Təhməzoğlu Quliyev tərəfindən elmi-texniki cəhətdən işlənib hazırlanmışdır. 270 nömrəsi altında təşkil olunmuş fond 270 saxlama vahidindən ibarətdir.

         Sonda xatırlatmaq istərdik ki, bu il yazıçının anadan olmasının 110 illiyi tamam olmaqdadır.

         Bu məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 270 nömrəli fondun sənədlərindən istifadə olunmuşdur.

 

                                                                                            Esmira MƏMMƏDOVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat

İncəsənət Arxivinin böyük fond mühafizəçisi

  



Bugün: 744
Dünən: 740
Bu həftə: 2996
Son həftə: 6066
Bu Ay: 16892
Son Ay: 28223
Bu İl: 257933
Ümumi: 1278354
1278354