Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Lirik nəfəsli sənətkar - Cahangir Cahangirov - 100

Son Yenilənmə : 2021-06-18 07:06:22
Baxış sayı : 1936

Bu il görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Şirqəşt oğlu Cahangirovun 100 illik yubileyi tamam olur.  Mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaratmış  sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth etmişdir. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurmuş, bəyənilmiş, sevilmiş və zamanında  dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir.

            Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir. Ü.Hacıbəyovla şəxsən tanış olan Cahangir dahi bəstəkarla bağlı xatirələrini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə almışdır. Məqalələrdən aydın olur ki, dahi Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci il ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr  texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və  o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir xatirələrində daha sonra yazır:

            “Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm.”  Özünü itirən, əlləri əsməyə başlayan Cahangirin  həyəcanını sakitləşdirən Üzeyir bəy Cahangirin çaldığı əsərlərə qulaq asaraq onları bəyənir və ona Qara Qarayevə müraciət etməyi məsləhət görür. “Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Ü.Hacıbəyovun adı ilə bağlıdır”, – deyə C.Cahangirov xatirələrində qeyd edir.

             Ümumiyyətlə, Cahangir Cahangirov Üzeyir bəyin atalıq qayğısını hər zaman hiss etdiyini vurğulayırdı. Hətta xatirələrinin birində qeyd edir ki, müharibə illərində yaradıcı ziyalılara geyim, pal-paltar, ayaqqabı verirdilər. 1944-cü ildə bəstəkarlar ittifaqına yenicə qəbul olunmuş gənc Cahangirə bir şey düşmədiyini bilən Üzeyir bəy öz adına yazılmış əşyanı ayaqqabı ilə əvəz edib Cahangirə verilməsini tapşırır. “Amma geyməyə ürəyim gəlmirdi. O, Üzeyir bəyin əvəzsiz yadigarı kimiydi. İllər keçib, ancaq mən unudulmaz müəllimimin hədiyyəsini – bir cüt ayaqqabını heç cür yaddan çıxarmıram”,- deyə bəstəkar xairələrində yazırdı.

            Mübaliğəsiz söyləmək olar ki, Cahangir Cahangirovun yaradıcılığı ötən əsr musiqimizin simasını bir çox cəhətdən müəyyənləşdirmək üçün kifayət qədər zəngin material verir. Bəstəkarın qələmə aldığı operalar, süitalar, üvertüralar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, kantatalar, oratoriyalar, odalar, marşlar, mahnılar, rəqslər,  kinofilmlərə yazdığı musiqilər buna parlaq sübutdur.

            C.Cahangirov Araz və Cənub harayına səs verən mübariz sənətkar, bölünmüş o taylı-bu taylı Vətən həsrətinin alovlu nəğməkarı idi. Cəsarətlə demək olar ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında Araz mövzusunu C.Cahangirov oyadıb,  ilk  Araz nəğməsini məhəbbətlə o oxuyub. “Təbrizim mahnısı, “Arazın o tayında” vokal-simfonik poeması və “Azad” operasını buna misal göstərmək olar. Bəstəkar 1949-cu ildə hələ tələbə ikən qələmə aldığı  “Arazın o tayında” vokal-simfonik poemasını Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatının güclü təsiri altında yazmışdır. Bir il sonra əsər SSRİ Dövlət mükafatına layiq görülür. O zaman konservatoriyanın 3-cü kurs tələbəsi olan C.Cahangirova keçmiş SSRİ məkanında geniş şöhrət qazandırmış belə bir səpkidə əsərin meydana çıxması Azərbaycan sovet musiqisinin ciddi nailiyyəti kimi qeyd edilməlidir.

            C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanmışdır. Müəllif şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilmişdir.

            C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik  mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük vermiş və gözəl nəğmələr bəstələmişdir. “Mahnıya ciddi münasibət bəsləmək lazımdır. Mahnının ideya, məzmun gücü, müasir səciyyəsi, sifəti olmalıdır”, - deyə bəstəkar bildirirdi.

            Kino musiqisi sahəsində də C.Cahangirov gözəl bir iz qoymuşdur.  Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın  yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Onun bir çox gözəl mahnıları məhz kinofilmlərdən, ekrandan “ayrılaraq” xalq arasında geniş şöhrət tapmışdır.

            Cahangir Cahangirov vətəninə, elinə oldiqca bağlı bir insan olub. Bəstəkar xatirələrinin birində qeyd edir ki, 1961-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən bəstəkar kimi bir illik ərəb ölkələrinə göndərilir. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestr üçün tərtib etmək imiş. “Vətən həsrəti məni olduqca sarsıdırdı” deyən bəstəkar qürbətdə darıxdırıcı günlər yaşadığını qeyd edir. “Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu” söyləyən bəstəkar  Bakıya dönən kimi vağzalda onu qarşılayan yaxın dostu şair Zeynal Cabbarzadəni evə dəvət edir və tələsik, 15 dəqiqə içində Zeynal Cabbarzadə həmin melodiyaya “Vətən həsrəti” şeirini yazır. Bir neçə gündən sonra mahnı müğənni Şövkət Ələkbərovanın ifasında televiziya və radio ilə səslənməyə başlayır.

            Cahangir Cahangirovun yaradıcılıq irsi olduqca əhatəli və rəngarəngdir və şübhəsiz ki, burada sadaladıqlarımızla məhdudlaşmır. Bəstəkarın irsi gələcəkdə hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaqdır. Bu irsi təsdiq edən və əbədi yaşadan isə elə bəstəkarın musiqisidir. Cahangir Cahangirovun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq.  

            Məqalə ARDƏİA-nın 51 nömrəli fondunda mühafizə edilən sənədlər əsasında hazırlanmışdır.

            (Qeyd: İkinci fotosənəddə C.Cahangirov yuxarıdan birinci sıra soldan dördüncü) 

 

Xatirə QƏDİROVA

 

ARDƏİA-nın aparıcı arxeoqrafı

 



Bugün: 321
Dünən: 774
Bu həftə: 5690
Son həftə: 6350
Bu Ay: 18399
Son Ay: 25108
Bu İl: 284548
Ümumi: 1304969
1304969