Azərbaycan xalqının milli sərvətinin – maddi və mənəvi abidələrinin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində fədakarlıqla çalışan şəxslərdən biri də Əhməd Əfəndi Çələbizadə olmuşdur. O, dövrünün görkəmli din xadimi və ziyalısı kimi tanınmışdır. Çələbizadə Qubada ilk dəfə tarix muzeyi yaratmış, habelə bölgənin etnoqrafik tədqiqi ilə məşğul olmuşdur.
Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada doğulmuşdur. Tiflisdə ruhani məktəbində təhsil almış, Qubaya qayıtdıqdan sonra Cümə məscidində ruhani kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, məscidin yanında yerləşən mədrəsədə müəllimlik etmişdir. Arxiv materiallarından məlum olur ki, Əhməd Əfəndi öz xalqının tarixinə və mədəniyyətinə yaxından bələd olmuş, bölgədə ədəbiyyat bilicisi kimi tanınmış, bir neçə dil bilmişdir. Məhz öz xalqının tarixinə və mədəniyyətinə sonsuzməhəbbət və maraq onun Qubada muzey yaratması ilə nəticələnmişdir. O, 1924-cü ildə “Cümə məscidi” yanında dərs dediyi mədrəsədə muzey yaratmış, burada Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı. Təbii ki, mövcud ekspozisiya tələb olunan səviyyədə deyildi və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Quba bölgəsinin zəngin tarixini və mədəniyyətini dolğunluğu ilə əks etdirmirdi. İlk öncə ictimai əsaslarla fəaliyyət göstərən muzey sonradan dövlət müəssisəsinə çevrilir və onun yaradıcısı bu muzeyin direktoru təyin olunur. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. 1937-ci ildə Əhməd Əfəndinin repsessiyaya məruz qalması ilə əlaqədar muzeyin fəaliyyəti də dayanır. Mədəni dəyərlərimizin cəfakeş toplayıcısı və qoruyucusu olan bu gözəl ziyalı 1937-ci il sentyabrın 1-də güllələnir.
Əhməd Çələbizadənin Quba bölgəsinin etnoqrafiyası ilə bağlı araşdırmaları xüsusi əhəmiyyət kəsb edir.O, 1930-cu illərdə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparmışdır. Bu tədqiqat işləri uzun illərdir ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 164№li fondda mühafizə edilir. 71 şagird dəftərindən ibarət olan bu tədqiqat işlərində Quba rayonuna aid etnoqrafik materiallar, Quba xalqının adət və ənənələri, icra etdikləri dini mərasimlərlə bağlı qiymətli materiallar toplanmışdır. Bu tədqiqat işində bölgədə mövcud adət və qaydalar, o cümlədən toy adətləri, dini adətlər, bayramlar, sınaqlar, etiqadlar, dini mərasimlər, habelə bölgənin təsərrüfat həyatı - əkinçilik, bostançılıq, tərəvəzçilik barədə geniş məlumat verilmişdir.
Ə.Çələbizadə Quba şəhərininhəmin dövrdə xalq arasında qəbul olunmuşo zamankı qeyri-formal ərazi bölgüsündən bəhs edərkənyazır ki, Quba şəhəri dörd məhəllədən ibarətdir. Bunlardan birincisi Bayır şəhər, ikincisi Orta qapı, üçüncüsü Məscid qabağı, dördüncüsü isə “Ərdəbil”dir.
Ümumiyyətlə, Ə.Çələbizadənin tədqiqatlarında Quba bölgəsi əhalisinin adət- adətləri, dini-mifoloji görüşləri barədə geniş məlumatlartoplanmışdır ki, bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Paltar və qiyafətlə bağlı adətlər;
2.Yemək- içməklə bağlı mövhumi adətlər;
3.Heyvanlar ilə mübarizədə dini adətlər;
4.Təbiətin müqəddəs sayılması;
5.Dini nəzəriyyə;
6.Suların müqəddəs sayılması;
7.Müqəddəs dağ-təpələr;
8.Ovçuluq;
9.Xəstələrə mövhumi təbabətin təsiri, doğuşda dini adətlər;
10.Toy adətləri, ölüm adətləri, müxtəlif bayramlar, məhərrəmliklə bağlı adətlər və s.
O, Qubada məşhur dini bayramlardan danışarkən Orucluq bayramı, Qurban bayramı, Qədr-xum bayramı, Novruz bayramının xalq tərəfindən qeyd edildiyini vurğulayır və hər bir bayramın necə icra edildiyini ətraflı şəkildə təsvir edir.
Ə.Çələbizadə Novruz (nevruz) bayramının Quba şəhərində olduqca təntənəli keçirildiyini xüsusi olaraq qeyd edir. Ə.Çələbizadənin söylədiyinə görə qubalılar “Noruzdan qabaq olan “3” çərşənbə (cəharşənbə) günlərini xeyli müqəddəs hisab edirlər ki, bu çərşənbələrin də müəyyən adları vardır: kül çərşənbə, gül çərşənbə və axır çərşənbə”.
Lakin Ə.Çələbizadə Novruzu “mevhumi bayram” adlandırır və yazır ki, “Novruz bayramı da digər mevhumi bayram və ənələri kibi aramızdan çıqıb getmişdir. Bunun izlərini yalnız əski devrin tör-töküntüsü olan məşədilər, kərbəlayilər, hacılar, zinəzənlər ailəsində görmək olar.”
O, Qubada yaşayan azsaylı xalqlardan olan yəhudilərdə mövcud olan bayramlardan iydu dar (meyvə bayramı) , hamun(novruz bayramı), ə`səltə(qızılgül bayramı), suran (qətl), səlhut-roşə sunə (qurban bayramı), kupur (şam bayramı), suka (şax bayramı), nisax (fətirxan bayramı) kimi bayramların adını çəkir və hər birinin xüsusiyyətlərini açır.
Ə.Çələbizadənin Qubada təşkil olunan aşura mərasimi ilə bağlı təsvirləri də maraqlıdır:
“Aşura günü küçələrin içi, qaldırımlar, balqonlar, dukan damları, ev damları, xülasə hər yer tamaşaçılarla dolu olur. Hətta xəstələrin yorğan döşəklərini damda və ya xud balqonda sərirlər ki, xəstədə tamaşa “feyzindən”məhrum olmasın... Əyninə ağ xilətdən kəfən geyən bir dəstə adam qılınclarını əllərinə alaraq başlarını doğramağa başlayır. Vurulan qılıncların yerindən qan fəvvarə vurur. Qan fəvvarə vurduqca qılınclar təkrar başa endirilir...Yaralıların bəziləri bir-iki dəfə dövr etdikdən sonra bayılır... Hələ bəzi namadar dəliqanlılar ət ilə dərinin arasına qılınc, tüfəng və qıfıl kibi alətləti keçirib şaxsey meydanına gəlirlərdi.”
Sonda o, fikrini bildirərək yazır ki, “Baqınız nə qədər iyrənc və nə qədər vəhşiyanə bir mənzərə...”
O, məhərrəmlik zamanı İrandan gəlmə mərsiyəxanların müxtəlif hiylə ilə camaatı aldadaraq əski zamanın parası ilə 300-400 manat əldə etdiklərini, hələ bununla kifayətlənməyibaşuradan 40 gün sonraya qədər məsciddə mərsiyə oxuduqlarınısərt şəkildə tənqid edir.
Ə.Çələbizadə həmin dövrdə qubalılar arasında yemək-içməklə bağlı mövcud olan mövhumi adətlərdən bəhs edərkən yazır ki, “mollaların söylədiklərinə görə bu dünyada olan qavun-yemiş içində o dünyada olan behişt qavunlarından bir qətrə su qarışmışdır. Hər kim qavun çoq yeyərsə qəlbi nurlanar. Bu söz hal-hazırda xalqın ağzında söylənmək ilə bərabər bu işə əməl dəxi olunur”.
Çələbizadənin araşdırmalarından məlum olur ki, “xalqın etiqadında böylə bir şey dəxi bəslənir ki pomidor adlı bitkini və kartofu ruslar əkdiyinə görə həram və murdar hesab olurdu. İnqilabdan sonra bu çürük etiqad xalqın ürəyindən silinmiş, xalq bu bitkilərdən külli istifadə edir və yeyir. Hətta Qubanın şəhərində və kəndlərində külli miqdar da kartof və pomidor əkilir. Lakin bunun haram olması barəsində hal-hazırda kütlə içərisində 100 də 5 % töküntü etiqadçı tapmaq olar”.
O, Qubada məşhur olan müalicəvi sulardan bəhs edərkən yazır ki, bu sular xalqın etiqadına görə müqəddəs sayılır. Bunlardan ən məşhurlarının - Amsar isti suyu, Xaltan isti suyu, Xanəgah isti suyu, Pir bəhyə isti suyunun adını çəkir və hər birinin müalicəvi xüsusiyyətlərini sadalayır. Ə.Çələbizadə yazır ki, bu sular hamısı ona görə müqəddəs sular hesab olunur ki, qubalıların fikrincə bunların hər birində pir və evliya məqamı vardır.
Fədakar tədqiqatçı “keçmişdə ruhanilərin ticarət bazarı olan məscid və təkyələrin indi ümumin mənfətinə olan məktəb, çocuq bağçası və qeyri təşkilat müəssisələrinə çevrildiyini” də qeyd edir.
Çələbizadənin tədqiqatlarında Qubanın təsərrüfat həyatına – əkinçilik, bağçılıq, bostançılığa aid geniş məlumat vardır. O,Qubada mövcud olan və kənarda gətirilmiş alma sortlarından bəhs edərkən 61 növ alma sortunun adını sadalayır.Ümumiyyətlə, həmin tədqiqatlarda sadalanan meyvə sortlarının adları və təsnifatı bugünkü müasir bağçılıq elmi üçün də maraqlı ola bilər.
O, qubalıların ovçuluq ənələrindənyazarkən Qubada ən çox ovlanan heyvanları sadalamaqla bərabər o dövrdə qubalılar arasında məşhur olan ovçuluğa dair əfsanədən də bəhs edir. Həmin əfsanəyə görə 3 sənətə çox adət edən şəxsin -baş kəsən, yaş kəsən,daş kəsənin ömrü olmaz. Yəni qubalıların etiqadına görə heyvan başını çox kəsən,daş doğrayan, həmçinin yaş odun və meşə doğrayanın ömrü qısa olar.
Ə.Çələbizadənin araşdırmalarından Qubanın mətbəxi və qədim yeməkləri barədə qiymətli məlumatlar əldə etmək olar. O, çilbur, yaralma qafunu, mixləmə, başşaq (baş-ayaq, kəllə-paça), mutənçəm, musəmmə qəçəri, bozdamaç, xodur və digər qədim Quba yeməklərinin adını çəkir və hər birinin hazırlanma qaydasını izah edir.
Ə.Çələbizadə o dövrdə Qubada mövcud olmuş kişi və qadın geyimlərini xırda detalları ilə təsvir edir. Amma mömin qubalıların geyimlərinə toxunarkən yazır ki, “hal-hazırda mömin şəxslər düyməli şalvar,paltun,pencək,qalistuq,qraxmal,çəkmə,şapqa geyməzlər. Bu adət hələ də tamamilə kütlə içərisindən götürülməmiş”.
Ə.Çələbizadə həmin dövrdə Qubada mövcud olan insan adlarını və ləqəbləri də əlifba sırası ilə toplayaraq yazmışdır.
Yuxarıda söylədiyimiz kimi Ə.Çələbizadənin 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnməsi ilə onun yaratdığı muzeyin fəaliyyətinə də xitam verilmiş olur. Bu muzey yalnız 1943-cü ildə bərpa edilərək yenidən fəaliyyət göstərmiş, 1964-cü ildə isə respublika Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir.
Çələbizadə Əhməd ƏfəndininQuba rayonuna aid tarixi-etnoqrafik tədqiqiqat işləri ümumən xalqımızın tarixinin və etnoqrafiyasının öyrənilməsində qiymətli materialdır.
Məqalənin hazırlanmasında ARDƏİA-də mühafizə olunan 164 saylı fondun materiallarından istifadə edilmişdir.
Xatirə QƏDİROVA
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 807 |
Dünən: | 740 |
Bu həftə: | 3059 |
Son həftə: | 6066 |
Bu Ay: | 16955 |
Son Ay: | 28223 |
Bu İl: | 257996 |
Ümumi: | 1278417 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az