Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Cəmiyyətimizə bu günədək tanıdılmamış müsəlman qadın pedaqoq Səidə-Aliyə xanım Şeyxzadənin pedaqoji fəaliyyəti haqqında

Son Yenilənmə : 2022-09-08 03:42:31
Baxış sayı : 1600

        Azərbaycanın  təhsil tarixində izi qalmış müsəlman qadın pedaqoqlardan biri   də Səidə-Aliyə xanım Şeyxzadədir. Səidə-Aliyə xanım Şeyxzadə Özbək ədəbiyyatının banisi, milliyyətcə azərbaycanlı olan Maksud Şeyxzadənin böyük bacısıdır.  Həmin qadın pedaqoq haqqında  kütləvi nəşrlərdə, ensiklopediyalarda və internet saytlarında heç bir məlumat yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Dövlət Arxivlərində saxlanılan bir sıra fonlardakı sənədlər əsasında bu məqaləni yazaraq bu boşluğu aradan qaldırmaq istəyirəm . Səidə-Aliyə xanım Şeyxzadənin özu və pedaqoji fəaliyyəti haqqında hazırladığım bu məqaləni  hörmətli oxucularımızın  diqqətinə çatdırıram:

      Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan “Qafqaz Tədris Dairəsinin Qəyyumu” (f.311)  və “Xalq Məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309);  “Bakı İkinci Qadın Gimnaziyası” (f.395) fondlarında Səidə-Aliyə xanım Şeyxzadənin özü və onun pedaqoji fəaliyyəti haqqında aşkar etdiyim bəzi sənədlərə  əsaslanaraq  qeyd edirəm ki, Səidə-Aliyə xanım Şeyxzadə 7 mart 1889-cu il tarixdə indiki Gürcüstanın  Axalsıx  şəhərində əslən Qazaxın  Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində  dünyaya göz açmışdır. Səidə-Aliyə xanım Şeyxzadə H.Z. Tağıyevin təsis  etdiyi Aleksandriyski müsəlman qadın məktəbinin ilk məzunlarından biri olmuşdur.  Həmin məktəbin ilk buraxılışı 1906-cı ildə baş vermişdir. Əgər Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin 1906-cı ilin ilk buraxılışının  siyahısına diqqət yetirsək Səidə xanım Şeyxzadənin də adının  həmin siyahıda olduğunu görə bilərik: Musabəyova Ayna, Sultanova Fatma,Bayraməlibəyova Maral, Axundova Xeyransa, Məmmədova Əminə, Axundova Sona, Nərimanova Nabat, Əfəndiyeva Türfə, Əhmədbəyova Tubu,Usmiyeva Sayat, Əlibəyova Gülşən, Nərimanova Qeysər, Şeyxzadə Səidə, Əlibəyova Münəvvər və Sultanova Nərgiz. Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin ilk məzunlarından bəziləri sonralar tanınmış pedaqoq, həkim və başqa sahələrin mütəxəssisləri olmuşdular.

      Cəmiyyətimizdə bəzən belə fikir irəli sürülür ki, guya Şeyxzadə soyadı yalnız  Maksud Şeyxzadəyə aiddir ki, bu da hörmətli ziyalı Maksud müəllimə hörmət əlaməti olaraq Özbəkistanda verilmişdir. Lakin tarixi mənbə sayılan arxiv sənədləri bu fikri təsdiqləməyərək onu inkar edir. Belə ki, XIX əsrin sonlarına aid Arxiv sənədlərində Maksud müəllimin böyük bacısı, dövrünün tanınmış pedaqoqu Səidə-Aliyə xanımın soyadı Şeyxzadə kimi qeyd olunmuşdur. Başqa sözlə desək hələ Maksud müəllim dünyaya göz açmamışdır ki, onun bacısının  soyadı XIX əsrin sonlarına aid olan sənədlərdə Şeyxzadə kimi qeyd edilmişdir. Lakin təəssüflər olsun ki, Şıxıyev soyadının sonralar Şeyxzadə olmasının səbəblərini hələlik dəqiq müəyyən etmək mümkün olmamışdır.

      Səidə-Aliyə xanım Şeyxzadə H.Z. Tağıyevin təsis  etdiyi Aleksandriyski müsəlman qadın məktəbinində 1907-1909-cu illərdə təhsil almış, sonrakı illərdə isə həmin qadın məktəbində hətta dərs də demişdir. 1909-cu il martın 11-də Tağıyevin qız məktəbinin Pedaqoji şurası kecirilmişdir.Həmin iclasda müdirə Məryəm xanım Sulkeviç, üzvlər – tatar dili müəllimi Hafiz Əfəndi Şeyxzadə, müəllimələr: Səidə xanım Şeyxzadə, Sara xanım Vəzirova və Səbirə xanım Əbdurəhmanova da iştirak etmişdilər. Pedaqoji şurada şagirdlərin davranışı və müvafiq tədbirlərin görülməsi məsələsi müzakirə olunaraq qərara alınmışdır ki, şagirdlərə, xüsusən, yuxarı şöbənin qızlarına daha ciddi yanaşılsın,tərbiyə işində bütün tədris personalı həmrəy olsunlar. Arxiv sənədləri təsdiq edir ki, Səidə xanım Şeyxzadə həmin məktəbin Pedaqoji şurasının iclaslarında yaxından iştirak etmiş və onun təhsil, təlim və tərbiyə işlərinin aparılması üzrə qərarların qəbul edilməsində  rolu və xidməti danılmazdır.  Səidə xanım Şeyxzadə Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Səidə-Aliyə xanım Şeyxzadənin təhsilin əhəmiyyəti  və qız uşaqlarının tərbiyə edilməsi haqqında bəzi məqalələri həmin  dövrün mətbuatında dərc edilmişdir. Səidə-Aliyə xanım orta  məktəblərdə  tatar(Azərbaycan) dilini tədris etməsinə ona  hüquq verən 13905 saylı Şəhadətnaməyə malik olmuşdur. Həmin Şəhadətnamə Səidə-Aliyə xanıma 16 iyun 1910-cu il tarixdə Qafqaz Tədris Dairəsi tərəfindən verilmişdir. Səidə-Aliyə xanım Şeyxzadə 1910-cu ilin noyabrın 23-dən etibarən Bakı şəhər 2-ci rus-tatar qadın məktəbində müəllimə vəzifəsində çalışmağa başlamışdır. Bəs niyə görə Səidə-Aliyə xanım Şeyxzadə məhz 2-ci rus-tatar qadın məktəbində  pedaqoji fəaliyyətə başlamışdır? Bu suala tarixi mənbə olan arxiv sənədləri aydınlıq gətirir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin vəzifəsini ica edən şəxsin(həmin şəxsin adı qeyd edilmir) Xalq Məktəblərinin Bakı-Dağıstan Direksiyasının direktoruna ünvanladığı 8 dekabr 1910-cu il tarixli 1620 saylı məktubunda qeyd edilirdi:” Qacarın şahzadə xanımı Leylanın bizə daxil olmuş ərizəsinə görə o, şəhər 2-ci rus-tatar qadın məktəbində müəllimə vəzifəsini  tutmaqdan imtina edir və ona görə də bu vəzifənin icra edilməsi üçün müəllimə vəzifəsinə 1-ci namizəd olması haqqında Məktəb Komissiyasının bu ilin noyabrın 19-da qəbul etdiyi qərara uyğun olaraq mənim tərəfimdən Səidə-Aliyə xanım Şeyxzadə həmin məktəbə ezam edilmiş və bu haqda mənim tərəfimdən sizə bu ilin noyabrın 23-də 1544 saylı məktubla məlumat verilmişdir”. Səidə-Aliyə  xanım Şeyxzadə xeyli müddət Bakı 2-ci qadın rus-tatar məktəbində müəllimə kimi çalışmış və daha  sonra isə pedaqoji fəaliyyətini Bakı Mariyinski qadın gimnaziyasında davam etdirmişdir.Bakı Mariyinski qadın qimnaziyasının direktoru C.C. Şilyayevin 23 mart 1911-ci il tarixdə Xalq Məktəblərinin Bakı-Dağıstan Direksiyasının rəhbəri Tixorjevskiyə  ünvanladığı 85 saylı məktubda qeyd edilirdi:” Bakı II rus-tatar şəhər məktəbinin müəlliməsi Səidə xanım Şeyxzadənin Mariyinski qadın gimnaziyasında tatar(azərbaycan dili) fənninin tədris etməsinə buraxılması üçün onun mənəvi keyfiyyətləri və siyasi sədaqəti haqqında müvafiq rəyin verilməsini sizdən xahiş edirəm.” Həmin məktuba cavab olaraq Xalq Məktəblərinin Bakı-Dağıstan Direksiyasından Bakı Mariyinski qadın gimnaziyasına daxil olmuş 19 aprel 1911-ci il tarixli 113 saylı məktubda qeyd edilirdi: ” Bakı 2-ci rus-tatar məktəbinin müəlliməsi Səidə-Aliyə xanım Şeyxzadənin mənəvi və siyasi münasibətlərində hər-hansı qəbahətli hala rast gəlinməmişdir.”

      Arxiv sənədləri təsdiq edir ki, Səidə-Aliyə  xanım Şeyxzadə həmin tədris ocaqlarında yalnız  tatar(azərbaycan dili) fənnini deyil, həmçinin müsəlman şəriət fənnini də tədris etmişdir. Məsələn, Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan vilayəti üzrə 2-rayonun müfəttişi S.M.Qəniyevə 23 fevral 1916-cı il tarixdə ünvanladığı 245 saylı məktubda qeyd edilirdi:” Səidə-Aliyə  xanım Şeyxzadənin tatar(azərbaycan dili) müəlliməsi və doğum haqqında səhadətnamələrini sizə göndərərək sizdən xahiş edirəm ki, onun 1-ci və 2-ci rus-tatar qadın məktəblərinin xəstələnmiş şəriət müəlliməsi Rübabə xanım Feyzulla qızını 24 fevraldan etibarən əvəz etməsinə icazə verməyinizi xahiş edirəm.”

      Bundan savayı Arxivdə Səidə-Aliyə xanım Şeyxzadənin Bakı 2-ci qadın gimnaziyasında tədris etmək üçün ona şəiət dərslərinin verilməsi haqqında 1917-ci il dekabrın 2-də Bakı 2-ci qadın gimnaziyasının pedaqoji şurasına etdiyi müraciət ərizəsi qorunub saxlanılır. Arxiv sənədləri Səidə xanım Şeyxzadənin yalnız bir məktəbdə pedaqoji fəaliyyət göstərmədiyini təsdiq edir. Tarixi mənbələr təsdiq edir ki, hətta bir müddət onun 3-cü qadın rus-tatar məktəbində tatar(azərbaycan dili) müəlliməsi vəzifəsində calışması üzrə Məktəb Komissiyasının cəhdi baş tutmamışdır.Belə ki,11 noyabr 1916-cı il noyabrın 11-də Bakı Şəhər İdarəsi nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin direktoruna ünvanladığı məktubda qeyd edilirdi ki, məktəb komissiyasının bu ilin noyabrın 3-də keçirilən iclasında Səidə xanım Şeyxzadənin 23 fevral 1915-ci il tarixdən etibarən 3-cü qadın rus-tatar məktəbində tatar(azərbaycan dili) müəlliməsi vəzifəsinə təsdiq edilməsi üçün sənədlərini sizə təqdim etməyi qərara almışdır. Şeyxzadə Səidə xanımın sənədləri 23 fevral 1915-ci ildə 345 saylı məktubla  Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin 2-ci rayon üzrə müfəttişinə göndərilmişdir.” Lakin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblərinin 2-ci rayon üzrə müfəttişi S.M.Qəniyevin  cavab məktubunda bildirilirdi:” Səidə xanım Şeyxzadə Bakı qadın 3-cü rus-tatar məktəbinə tatar(azərbaycan dili) müəlliməsi vəzifəsinə təsdiq oluna bilməz, çünki həmin məktəb ibtidai məktəb tipinə aiddir və orada bu və digər dil müəlliməsi vəzifəsi yoxdur.”

      Ümumiyyətlə, mövcud arxiv sənədləri təsdiq edir ki, Səidə-Aliyə xanım Şeyxzadə Bakı şəhərində aktiv olaraq səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun Azərbaycanda təhsil və məktəb işinin inkişaf etdirilməsində müəyyən rolu və xidməti olmuşdur ki, bu da xalqımız tərəfindən unudulmur. Səidə xanım Şeyxzadənin  pedaqoji fəaliyyəti bu gün də tədqiq edilir, öyrənilir, böyük hörmət və ehtiramla yad edilir.

 

 RAFİQ  SƏFƏROV

Milli Arxiv İdarəsinin baş məsləhətçisi

 

                  İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

 1.  Фархад Джаббаров. Из истории женского училища Г. З. А. Тагиева.Баку-2011.с.89; Каспий,13 мая 1906г.

 2.  ARDTA, f. 309, siy.4, iş 1344, v. 7

 3.  H.Z.Tağıyevin qız məktəbinin tarixindən. Bakı-2011.s.92; ARDTA, f.309, siy.1, iş 780, v.132

 4. ARDTA, f. 309, siy.1, iş 780, v.135

 5.  Фархад Джаббаров. Из истории женского училища Г. З. А. Тагиева.Баку-2011. с.386

 6.  ARDTA, f. 311, siy. 1, iş 634, v.1.

 5.  Yenə orada

 7.  ARDTA, f. 309, siy. 4, iş 1344, v. 1.

 8.  ARDTA, f. 309, siy. 4, iş 1344, v. 2.

 9.  ARDTA, f. 309, siy. 4, iş 1344, v. 3-3 (arxa üzü)

10. ARDTA, f. 309, siy. 4, iş 1344, v. 4.

11. ARDTA, f. 395, siy. 1, iş 778,   v. 1

 



Bugün: 344
Dünən: 774
Bu həftə: 5713
Son həftə: 6350
Bu Ay: 18422
Son Ay: 25108
Bu İl: 284571
Ümumi: 1304992
1304992