Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Unudulmaz xalq müəllimi - Cəmo Cəbrayılbəyli

Son Yenilənmə : 2022-09-23 04:02:28
Baxış sayı : 1211

       XIX əsrin sonu-XX əsrin əvvəllərində milli maarifçilik hərəkatımızın güclənməsində xüsusi rol oynamış, xalqı maarifəndirmək kimi ağır və məsuliyyətli işin öhdəsindən şərəflə gəlmiş ilk xalq müəllimlərimizin arasında Cəmo Cəbrayılbəyli də var idi.

         Uzun illər boyu öz ürəyini məşəl edərək maarif və mədəniyyətimizin yolunu işıqlandırmış grkəmli pedaqoq ömrünün 60 ilini böyüyən nəslin təlim-tərbiyəsinə həsr etmişdi.

         Cəmo Adil oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda anadan olmuşdu. O, ilk təhsilini mollaxanada almışdı. Bu haqda C.Cəbrayılbəyli “Təhsil zillətlərim“ adlı xatirələrində yazır: “8 yaşında ikən mən Şamaxıda Molla Xanım adlı bir qadının yanında “təhsilə” başladım. Rütubətli və qaranlıq zirzəmidə yerləşən bu “məktəbdə” tam bir il oxudum, əlifbanı əzbərlədim, lakin ərəb əlifbasının dolaşıq hürufatını öyrənə bilmədim”(ARDƏİA f.307, s.1, sv.38).

            Bir il sonra iranlı Molla Əlinin mədrəsəsinə qoyulan Cəmonun ən böyük arzusu “uçqulada” (şkolada) oxumaq imiş. “Mən də “uçqulada” oxumaq arzusuna çoxdan düşmüşdüm. Orada oxuyan boz paltarlı uşaqları görərkən o qədər həsəd aparırdım ki, az qalırdı bağrım çatlasın”.

            Bir gün arzusunu anasına bildirən balaca Cəmo onun da “uçqolaya” qoyulmasını xahiş edir. “Qoca anam orada oxumaq üçün dərs haqqı vermək və forma geyinmək lazım gəldiyini, bizim isə pulumuz olmadığını söylədi. Bu xəbər məni çox mütəəssir etdi və sübhə qədər göz yaşı məni boğdu”. Qohum-əqrabasından ildə 14 manat dərs haqqı verəcəyini heç kəs öhdəsinə götürə bilməsə də, “bununla belə böyük bir əzabi-əlim ilə məktəbə qəbul olunmam haqqında mənə qarşı çox laqeyd olan əmimə bir ərizə yazdırıb uşaqlara qoşuldum və onlarla bərabər məktəbə getdim”-deyə müəllif xatirələrində yazır.

         Sentyabrda “uçquluya” gedən Cəmonu geniş və işıqlı sinif otaqları, səf-səf düzülmüş skamyalar böyük heyrətə salır, o özünü yeni bir dünyaya düşmüş kimi hiss edir. Xatirələrində qeyd etdiyi kimi, dərs qurtardıqdan sonra belə evə qayıtmaq istəmirmiş. Şkolada o qədər bacarıq və məharətlə oxumağa başlayır ki, tez bir zamanda müəllimlərin hüsn-rəğbətini qazanır. Onun müəllimlərindən biri də məşhur şair Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər idi. Çalışqan olduğu üçün Cəmonu çox sevən Mir Cəfər təhsil haqqını verə bilmədiyi üçün bir neçə dəfə məktəbdən kənarlaşdırılan Cəmonu “kazyonni şota” qəbul etdirir və o, məktəbə bərpa olunur. “Qohum-əqrabanın hamısından artıq olaraq mənə kömək edən bu kişinin haqqımda gördüyü iş mənim bütün həyatım üçün yeganə bir vasitə oldu. Məlumat cəhətdən mənə çox əsas verən şəhər məktəbini (Qorodskoe uçilişe) mərhum Mir Cəfərin köməyi sayəsində bitirə bildim”-deyə xatirələrində yazır (ARDƏİA f.307, s.1, sv.39).

          Cəmo 1902-ci il yanvarın 31-də Şamaxıda baş vermiş dəhşətli zəlzələnin canlı şahidi olmuşdu. O, bu barədə xatirələrində yazır: “Saat təqribən ikinin yarısı, ya da bir az sonra idi. Birdən otağın tavanı parçalandı, gurultu ilə torpaq tökülməyə başladı. Yer o qədər şiddətlə hərəkət edirdi ki, ayaq üstə dayanmaq belə mümkün olmurdu. Daşlar bir-birinin üzərinə qoz kimi yuvarlanırdı”(ARDƏİA f.307, s.1, sv.39).

         O dövrdə 27 minə qədər əhalisi olan Şamaxını yerlə-yeksan etmiş zəlzələ, atasının vəfatı və evlərinin uçulub dağılması onların ailəsini böyük çətinliklərlə üz-üzə qoyur. Ona görə də Cəmo uşaq yaşlarından işləməyə başlayır. Lakin təhsilini də unutmur. Bakıya gələrək texniki məktəbə daxil olur, ancaq təhsil almağa vəsaiti olmadığından oranı tərk edib yenidən Şamaxıya qayıtmağa məcbur olur  (ARDƏİA f.307, siy.1, sv.94).

          C.Cəbrayılbəyli Şamaxı pedaqoji məktəbində təcrübə dərsləri deməyə başlayır. O, 1908-ci ildə realnı məktəbdə ibtidai məktəb müəllimi hüququ almaq üçün imtahan verir. Həmin ildə ibtidai məktəb müəllimi adını qazanan Cəmo Şamaxı kəndlərində müəllim işləyir. 1909-cu ildə Şamaxı şəhər pedaqoji məktəbinə sinif müəllimi təyin edilir. Xalqının maariflənməsinə çalışan gənc müəllim Mirzə Ələkbər Sabir, Abbas Səhhət və digər yerli ziyalılarla birgə 1907-ci ildə Şamaxıda qiraətxana və kitabxana açılmasına nail olur. Köhnə Şamaxıda bu birinci kütləvi-maarif ocağının yaradılması heç də asan başa gəlməmişdi. Qiraətxana-kitabxana arabir toplaşıb məsləhətləşmələr aparmaq və həllinə ehtiyac olan məsələlər haqqında söhbət etmək üçün bir guşə idi. Bu səbəbdən də Cəmonun mədəni-kütləvi iş apardığından şübhələndikləri üçün onun Şamaxıdan sürgün olunması haqqında məsələ qaldırılmışdı. Doğma yurdu Şamaxıda “şəhər əhalisinin çox qisminin dünyadan bixəbər olduğu, bir qisminin hələ dəmiryol, opera və musiqili komediya haqqında təsəvvürlərinin olmadığından” şikayətlənən Cəmo xalqı maarifləndirmək üçün teatr tamaşaları verilməsində də fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 1915-ci ildə Şamaxıda yerli teatr həvəskarlarının ifasında “Arşın mal alan” tamaşaya qoyulmuşdu (ARDƏİA f.307, s.3, sv.8).

       1912-ci ildə Şamaxı şəhərində ilk dəfə olaraq rus-tatar məktəbi açılır. Həmin ildən başlayaraq Cəmo rus-tatar məktəbində müəllimlik edir. Xalqın savadlanmasına çalışan və çar höküməti məmurlarının təqibinə məruz qalan Cəmo 1914-cü ildə Bakı şəhərinə köçür. C.Cəbrayılbəyli 1914-cü ildən 1917-ci ilədək Bakıdakı rus-tatar məktəbində müəllim vəzifəsində çalışır. Müəllimliklə yanaşı, həmin dövrdə Bakıda nəşr olunan “Məktəb” məcmuəsində xalqı elmə və mədəniyyətə çağıran şeir və məqalələrini çap etdirir. Xalq balalarını məktəbə dəvət edən şeirlərinin birində o, deyir:

                               “Könlüm, diləyim, eşqim, həvəsim,

                               Məktəbdi mənim ruhum, nəfəsim” (ARDƏİA f.307, s.3, sv.4). 

           Həmin illərdə Cəmo Cəbrayılbəyli də daxil olmaqla Azərbaycanın bir çox qabaqcıl maarifpərvər ziyalıları məktəblərdə təhsilin Azərbaycan dilində aparılması məsələsini ortaya atırlar. Cəmo Cəbrayılbəyli həmin ildə Müslüm Maqomayev, Üzeyir Hacıbəyov kimi dövrün qabaqcıl müəllimləri ilə birlikdə Bakıdakı ali-ibtidai məktəbdə dərs deyirdi. 1917-ci ilin sentyabrından bu məktəbdə dərslər Azərbaycan dilində keçilməyə başlamışdır.  

            Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikada yeni tipli məktəblər - sovet məktəbləri yaranırdı. Azərbaycan Xalq Maarif Komissarlığı məktəb işinə bələd olan bacarıqlı müəllimləri bu mühüm işə cəlb etmişdi. Həmin istedadlı xalq müəllimlərindən biri də Cəmo Cəbrayılbəyli  idi. Ona təbiət fənninə dair proqram və dərsliklər tərtib etmək tapşırılmışdı. Bu o qədər də asan bir məsələ deyildi. Belə proqram və dərslikləri tərtib edən hər kəs dövrün tələblərini bilməli, müəllimlərin bilik dərəcəsini nəzərə almalı idi. C.Cəbrayılbəyli bu çətin və  şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Onun Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində yazmış olduğu “Təbiətə ilk addım” adlı dərsliyi o dövrdə məktəblərdə təbiət fənninin tədrisi sahəsində böyük rol oynamışdır. Cəmo müəllimin 1920-ci illərdə çap olunmuş “Təbiəti öyrən”, “İbtidai botanika”, “Zoologiya dərsləri” adlı kitabları həmin dövrün Azərbaycan məktəblərində biologiya fənninin yüksək səviyyədə tədris olunmasına böyük kömək etmişdir.

           Bununla yanaşı, o, təbiət müəllimlərinə yardım etmək, gənclərdə təbiəti öyrənməyə maraq oyatmaq məqsədilə rus təbiətşünaslarından Pavlovun və digərlərinin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, həmçinin,  təbiət fənninə dair orijinal əsərlər, uşaqlar üçün əyləncəli hekayələr yazmışdır (ARDƏİA f.307, s.1 sv.121).

Cəmo Cəbrayılbəylinin əsas xidmətlərdən biri də biologiya fənni üzrə Azərbaycan dilində terminologiyanın tərtibi təşəbbüsü idi. O, bitkilərin fiziologiyası, ümumi botanika, geobotanika, cansız təbiət üzrə terminlər tərtib edərək  nəşr etdirmiş və müəllimlərin istifadəsinə vermişdi.  

             C.Cəbrayılbəyli yalnız biologiya elmi ilə deyil, həm də ədəbiyyat elmi və xalq maarifinin tarixi ilə də maraqlanmış, bu haqda bir sıra elmi-metodik əsərlər yazmışdır. Onun 1950-ci illərdə yazdığı “Ə.Sabir və A.Səhhət haqqında xatirələrim”, “Azərbaycanda xalq maarifi tarixinə dair materiallar” adlı əsərlərini buna misal göstərmək olar (ARDƏİA f.307, s.1, sv.121). Bu əsərlərində müəllif XIX əsrdə və xüsusən XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının xalq maarifi  sahəsində, yeni məktəb uğrunda gördükləri işləri öz xatirələri və müşahidələri əsasında qələmə almışdır (ARDƏİA f.307, s.2, sv.8).

            Cəmo Cəbrayılbəylinin Böyük Vətən müharibəsi illərində yazmış olduğu “Biologiya dərslərində irqçilik nəzəriyyəsinin tənqidi və faşizmlə mübarizə”, “Dərman bitkilərinin yığılması, qurudulması və təhvil verilməsində məktəblərin rolu” adlı əsərləri böyük əhəmiyyət kəsb edirdi.

            “Mən adi bir təbiətçi olub, şairlik iddiasında olmamışam”- deyən Cəmo müəllim həm də insan qəlbini oxşayan gözəl misraların müəllifidir:

                                           Əzəmətli, gen qucaqlı elimin

                                           Tarixinin yadigarı Pirqulu.

                                           Cənnət kimi şən qucaqlı elimin

                                           Ovlaqları, laləzarı, Pirqulu (ARDƏİA f.307, s.1, sv 38).

            78 illik ömrünün tam 60 ilini nəcib müəllimlik peşəsinə sərf edən, yüzlərlə gənc müəllimlər nəslinin yetişməsində iştirak edən, təbiət, ədəbiyyat elmləri sahəsində fundamental əsərlər yaradan, terminlər yaradıcılığında görkəmli rol oynayan Cəmo Cəbrayılbəyli  1948-ci ildə “Uçitelskaya qazeta”da yazdığı bir məqaləsində haqlı olaraq deyirdi ki, “bir ömür müəllimlik fəaliyyəti üçün kifayət deyildir. Müəllimlik o qədər nəcib bir sənətdir ki, insanın ömrünə daha bir ömür də əlavə olunsa və bunun hamısını müəllimliyə sərf etsə yenə də azdır” (ARDƏİA f.307, s.3, sv. 4).

Həqiqətən, Cəmo müəllimi xatırlayarkən insan düşünür ki, həyatının çoxunu bu müqəddəs yolda sərf edən ziyalı üçün 78 illik bir ömür az imiş, qəlbi doğma xalqına xidmət etmək arzusu ilə alışıb-yanan xalq müəlliminin qiymətli fəaliyyətinin davam etməsi üçün uzun-uzun illər lazım imiş.

            Məqalənin hazırlanmasında 307 nömrəli fondun materiallarından istifadə edilmişdir.       

 

 

Xatirə QƏDİROVA

            S.Mümtaz adına Dövlət Ədəbiyyat 

və İncəsənət Arxivinin aparıcı arxeoqrafı



Bugün: 326
Dünən: 774
Bu həftə: 5695
Son həftə: 6350
Bu Ay: 18404
Son Ay: 25108
Bu İl: 284553
Ümumi: 1304974
1304974