Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Çar Rusiyası dövründə Şimali Azərbaycandakı həbsxanalara dair arxiv sənədləri

Son Yenilənmə : 2024-08-15 11:47:28
Baxış sayı : 136

          İnsan yaranışından dünyaya nəfsi ilə bir gəlib. Nəfs qədərindən çox olanda insanı cinayətə təhrik edən ən böyük qüvvəyə çevrilir. Cinayətin baş verməsi cəzanın labüdlüyünü yaradır. Cəzaların içərisində isə ən geniş istifadə ediləni həbs olunma, azadlıqdan məhrum edilmədir. Bu baxımdan həbsxana cəmiyyətin düzənində, dövlətin qurulmasında ən vacib elementlərdən, təsisatlardan biridir. Dövlət varsa, mütləq orda həbsxana da olmalıdır.   

           Azərbaycan tarixində qədimlərdən zindan deyilən həbs yerləri haqqında salnamələrdən əlavə XII əsr şairləri Fələki Şirvani və Xaqani Şirvaninin “Həbsiyyə” adlı qəsidə və şeirlərində ilk məlumatlarla qarşılaşmaq mümkündür. Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra zindan ifadəsi türmə sözü ilə əvəzlənsə də, mahiyyət dəyişmədi. Binalarının böyük və ya kiçikliyindən asılı olmayaraq əksər qəzalarda, bütün böyük şəhərlərdə həbs yerləri, həbsxanalar quruldu.

          Həmin zamandan bizə gəlib çatan – 1849-cu ildən 1918-ci ilədək dövrə aid Şimali Azərbaycan ərazisində mənbələrdə adı çəkilən on yeddiyədək həbsxananın fəaliyyətinə dair yazışmaları, siyahıları, raportları, müxtəlif məlumatları özündə əks etdirən yüzlərlə qiymətli sənədlər Azərbaycan Dövlət Tarix Arxivində qorunub saxlanılmaqdadır. Belə sənədlər arxivin daha çox “Qafqaz Canişininin dəftərxanası”, “Bakı quberniya idarəsi”, “Bakı qubernatorunun dəftərxanası”, “Yelizavetpol quberniya idarəsi”, “Yelizavetpol qubernatorunun dəftərxanası” və “Zaqafqaziya həbsxanaları üzrə Tiflis cəzaçəkmə məntəqəsinin inspektoru” adlı fondlarında mövcuddur. Onlarda məhkumların saxlanma şəraiti, sayları, sağlamlığı, xəstəliklərdən müalicəsi, iş yerləri, hərəkəti, ərzaq və geyim təminatı, binaların tikintisi, təmiri, işıqlandırılması, isidilməsi, genişləndirilməsi, bütün bunlar üçün sərf edilən təminat, təsərrüfat xərcləri, ayrılan kredtlər, aparılan təftişlər haqqında sənədlər yetərincədir. Sənədlər əsasən Bakı, Şamaxı, Göyçay, Səlyan, Lənkəran, Quba, Yelazavetpol, Şuşa, Nuxa həbsxanalarına aiddir.

           Mövcud sənədlərin ən “yaşlısı” 1849-cu ilə aid “Göyçay həbsxanasında hərbi qaravulun çıxarılması və onun mühafizəsinin həbsxana gözətçilərinə həvalə edilməsi haqqında Qafqaz mülkü hissəsinin baş rəhbərliyi ilə yazışma” adlı saxlama vahidində mühafizə edilənlərdir.

          XIX əsrin ortalarından sonra İmperiyanın Daxili İşlər Nazirliyi nəzdində Baş Həbsxanalar İdarəsi fəaliyyətə başladı. Həbsxanalarda saxlanma rejiminin vəziyyəti, qanunçuluğa əməl edilməsi, həbsxanaların təftişi ilk növbədə həmin Baş İdarənin göstəriş və əmrləri ilə tənzimlənirdi. Bu qəbildən Naxçıvan həbsxanasının əsaslı təmiri üçün kreditlərin ayrılması haqqında İrəvan qubernatoru ilə yazışmalar, Prişib və İvanovka kəndlərində həbs yerlərinin tikilməsi, Ordubad və Qutqaşendə həbsxana üçün yararlı binaların müqavilə əsasında icarəyə götürülməsi və sair belə məsələlər yalnız Baş Həbsxanalar İdarəsinin sərəncamları və nəzarəti ilə həyata keçirilirdi.

          Həbsxana üçün icarə edilmiş şəxsi mülklər, binalar nəzərdə tutulan məqsədlər üçün uyğunlaşdırılsa da, tələbata tam cavab vermirdi. Ona görə də yaranmış zərurətlə əlaqədar olaraq Qazaxda və Zəngəzur qəzasının Gorus kəndində icarə edilmiş evlərin, mülklərin əvəzinə 100 nəfərlik həbsxana binalarının tikintisi nəzərdə tutulmuşdu. Həmin binaların 1873-cü ilə aid layihəsinin surəti sənədlər içində özünəməxsusluğu ilə seçilir. Daha bir sənəd – 1887-ci ildə Bayıl həbsxanası yeni binasının tikintisi haqqında Bakı quberniyası mühəndisinin Bakı vergi palatası ilə yazışmaları da tarixi dəyərini saxlamaqda davam edir

          O dövrün həbsxanalarına dair arxiv sənədləri məzmunca da zəngindir. Məzmunla bağlı danışmazdan əvvəl bir məsələni qeyd edim ki, bu dövrdə həbsxana işçiləri bir qayda olaraq əksərən gəlmələrdən olub, yerli əhalidən olmayıb. Həbsxana işçilərinin məhkumlara verdiyi işgəncələrin etirazlara səbəb olması, xüsusilə, 1912-ildən sonrakı dövrün bir çox sənədlərində yer almışdır. Məhkumların mərkəzi Bakı həbsxanasında onları döyməkdə təqsirləndirilən həbsxana rəhbərliyinə qarşı şikayətlərinin araşdırılması haqqında, Bakı həbsxana rəisinin həbsxana rejimini pozduğuna görə məhkəməyə verilməsinə, vəzifə cinayətində təqsirləndirilən Şuşa həbsxana rəisinin də, məsuliyyətə cəlb edilməsinə, o cümlədən Mərkəzi Bakı Həbsxanasında saxlanılan məhkumların aclıq etməklərinə aid sənədlər zamanı öyrənmək nəzərindən oxunaqlı, maraqlı materiallardır.  

           Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikası Dövlət Tarix Arxivində “Çar Rusiyası dövründə Şimali Azərbaycandakı həbsxanalara dair arxiv sənədləri (1849-1918)” adlı, yüz yetmiş beşdən artıq saxlama vahidini əhatə edən tematik siyahı hazırlanır. Sözügedən tematik siyahı, növbəti mərhələdə bu mövzuda hazırlanacaq xülasələr, toplular və s. tədqiqatçılar üçün gərəkli göstərici vəsait olacaq.

 

Dövlət Tarix Arxivi

Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri

Rövşən Həsənli



Bugün: 274
Dünən: 774
Bu həftə: 5643
Son həftə: 6350
Bu Ay: 18352
Son Ay: 25108
Bu İl: 284501
Ümumi: 1304922
1304922