Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Cümhuriyyət dövründə Bakı şəhər ali-ibtidai məktəblərinin əsas problemləri. Xalq maarif naziri N.Yusifbəyli Maliyyə Nazirliyinə yazdığı məktubda nə tələb edirdi?

Son Yenilənmə : 2021-04-12 06:48:35
Baxış sayı : 1739

         Azərbaycan xalqı 1918-ci  il  mayın 28-də  öz müstəqilliyini elan edərək  yüzilliklər  boyu  arzusunda  olduğu  istiqlal  nemətinə qovuşdu. Daha sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə  yeni  mərhələyə qədəm qoydu. Ölkədə çar imperiyasından miras qalmış savadsızlığın ləğvi istiqamətində Milli Hökumət və Parlament  tərəfindən  mühüm  qanun və qərarlar  qəbul edildi. Ölkəmizdə təhsilin geniş yayılmasına nail olmaqdan ötrü, ilk növbədə  təhsilin xalq kütlələri arasında geniş   yayılmasına nail olmaq istiqamətində tədbirlər görülməli idi. Qarşıda duran vəzifələri həll etməkdən ötrü, ilk  növbədə  Azərbaycan Xalq Cümhuriyyəti  Hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan dili dövlət dili  elan edildi . Bununla yanaşı hökumət idarələrində müvəqqəti olaraq rus dilinin də istifadə edilməsinə icazə verilirdi. 1918-ci il avqustun 28-də aşağı, ali-ibtidai və orta məktəblərin milliləşdirilməsi haqqında Hökumət tərəfindən qərar qəbul edildi. 

          Bununla da insanlar məktəblərdə öz ana dilində təhsil almaq imkanını əldə etdilər. 1918-ci il avqustun 24-də Hökumətin qərarı ilə xalq məktəblərinin müəllimləri üçün kurslar təsis edildi.  Yeni məktəb quruculuğu istiqamətində lazımı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Təhsilin və məktəblərin  milli  köklər üzrə yenidən qurulmasına böyük ehtiyac duyulurdu. Azərbaycan  dilinin  təhsil-tədris  və  təlim-tərbiyə  dilinə  çevrilməsi, anadilli  məktəblər şəbəkəsinin yaradılması, mövcud məktəblərin normal fəaliyyətinin təmin edilməsi, çoxsaylı  pedaqoji  kursların  və  müəllim seminariyalarının  açılması və təhsillə bağlı digər məsələlərin həlli, bir vəzifə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Xalq Maarif Nazirliyinin qarşısında dayanırdı. Bu vəzifələrin həllli mürəkkəb tipli problemlərlə də müşayiət edilirdi. Həmin dövrdə Azərbaycanda müxtəlif -"zemski”, "normal”, "proxodski” adlanan aşağı və ali-ibtidai məktəblər fəaliyyət göstərirdi. Həmin məktəblərin eynitiplilik məsələsi  xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının 1918-ci il dekabrın  13-28-də keçirilmiş ilk qurultayında geniş müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdi. Xatırladırıq ki, Cümhuriyyət dövründə Bakıda təhsili məsələləri ilə Xalq Maarif Nazirliyi və xalq məktəbləri müfəttişlikləri ilə yanaşı, tanınmış müəllim Əlicabbar Orucəliyevin rəhbərlik etdiyi Bakı şəhər muxtariyyətinin məktəb şöbəsi də məşğul olurdu. Bakı şəhər muxtariyyətinin məktəb şöbəsinə kifayət qədər ali-ibtidai məktəblər daxil idi və şəhər idarəsinin böyük xərci məhz həmin məktəblərə sərf edilirdi. Lakin həmin məktəblərin normal fəaliyyətini təmin etmək üçün bir sıra problemlərinin həll edilməsi tələb olunurdu. Məhz həmin problemlərdən biri Bakı şəhər muxtariyyətinin nəzdindəki məktəb şöbəsinin müdiri Əlicabbar Orucəliyevin  iştirakı ilə 1919-cu il fevralın 17-də Bakı şəhəri ali-ibtidai məktəb müfəttişləri və  müdirlərinin keçirilmiş müşavirəsində müzakirə edildi.

        1919-cu il fevralın 17-də keçirilmiş həmin müşavirədə ali-ibtidai məktəb   müəllimlərinin hüquqlarının hökumət məktəblərində çalışan müəllimlərin hüquqlarına bərabər tutulması məsələsi müzakirə edilmişdi. Müşavirədə  bildirilmişdi ki, Hökumətin 28 dekabr 1918-ci il tarixli qərarına  əsasən, hökumət  idarələrində çalışan qulluqçulara birdəfəlik maddi yardım verildiyi  halda, Bakı  şəhər muxtariyyətinin vəsaiti hesabına saxlanılan ali-ibtidai məktəblərdə çalışan qulluqçulara həmin yardım verilməmişdir. Ali-ibtidai məktəblərin müfəttişləri və  müdirləri bu məsələni vaxtında Xalq Maarif Nazirliyinin qarşısında qaldırmasına  baxmayaraq, hələlik bu məsələnin həllinə nail ola bilməmişdilər. Həmin müşavirədə belə bir ehtimal irəli sürüldü ki, çox güman, hökumət tərəfindən Bakı səhər muxtariyyəti  hesabına saxlanılan ali-ibtidai  məktəblər özəl məktəb hesab edilir və ona görə də, həmin  məktəblərdə çalışan müəllimlərə birdəfəlik müavinətlərin ödənilməsi üçün kredit ayrılmamışdır. Bununla yanaşı, qeyd edilirdi ki, 1918-ci ilə qədər olan müddətdə Bakı muxtariyyəti hesabına saxlanılan ali-ibtidai  məktəblərdə çalışan müəllimlər digər hökumət məktəblərində çalışan müəllimlərin istifadə etdikləri bütün hüquqlardan istifadə edə bilirdilər. İstər qadın, istərsə də kişi - bütün ali-ibtidai məktəblər dövlət möhürü ilə təmin edilmişdi. Həmin mülahizələr nəzərə alınaraq, müşavirədə qərara alındı ki, Bakı ali-ibtidai məktəbləri dövlət  məktəblərinə aid edilsin və dövlət  təşkilatlarında çalışan qulluqçuların istifadə  etdikləri bütün hüquqlar onlara da şamil olunsun. Bakı ali-ibtidai  məktəblərdə  çalışan müəllimlərə də 25 iyun 1912-ci il tarixli qanuna uyğun olaraq, 5 illik  xidmətə görə əlavələr, həmçinin Azərbaycan Hökumətinin 28  dekabr 1918-ci il  tarixli qərarına əsasən birdəfəlik müavinətlər verilsin. Əks halda, eynitipli  məktəblərdə çalışan müəllimlərin müxtəlif maddi şərtlər çərçivəsində fəaliyyət  göstərəcəyi və bununla da ədalətin pozulacağı qeyd edilirdi.  

        1919-cu il aprelin 23-də Nasvalovun sədrliyi və N.Nussun katibliyi ilə Bakı şəhər  ali-ibtidai məktəblərdə çalışan müəllimlərin də iclası keçirilmişdir. İclasın  müzakirəsinə yalnız bir məsələ-şəhər ali-ibtidai  məktəb müəllimlərinin vəziyyəti haqqında məsələ  çıxarılmışdır. İclasda Nasvalovun ali-ibtidai məktəb  müfəttişlərinin topladıqları materiallar əsasında hazırlanmış  məruzəsi   dinlənildi. Nasvalovun məruzəsi müzakirə olunan məsələni tamamilə əhatə etdiyinə görə, həmin məruzəni mümkün qədər ən qısa müddətdə baxılması və şəhər ali-ibtidai məktəb müəllimlərinin hüquqlarının hökumət məktəblərində çalışan müəllimlərin  hüquqlarına bərabər tutulması məqsədilə Xalq Maarif Nazirinə təqdim edilməsi qərara alındı. Xalq Maarif Nazirindən xahiş edilirdi ki, şəhər ali-ibtidai  məktəblərində çalışan müəllimlərin hüquqlarının hökumət məktəblərində çalışan  müəllimlərin hüquqlarına bərabər tutulması məsələsinə tezliklə baxılsın və həll  edilsin. Beləliklə, Bakı şəhəri ali-ibtidai müfəttişlərinin 17 fevral 1919-cu il tarixli müşavirəsinin, həmçinin həmin məktəblərdə çalışan müəllimlərin fevralın 23-də keçirilmiş  ümumi iclasının protokolları baxılmaq üçün Xalq Maarif Nazirliyinə təqdim  edilmişdir. Bakı ali-ibtidai məktəb müəllimlərinin müşavirə və ümumi iclasında müzakirə edilmiş məsələlər haqqında materiallar Xalq  Maarif  Nazirliyinə təqdim edildikdən sonra bu məsələ ciddi araşdırılmışdır.

          Xalq maarif naziri N.Yusifbəyli müşavirə və ümumi iclasda qaldırılan məsələləri  həll etməkdən ötrü 1919-cu il martın 25-də 3089 №-li məktubla Maliyyə  Nazirliyinə müraciət edərək xahiş etmişdi ki, Bakı şəhərinin ali-ibtidai məktəblərində çalışan qulluqçuların maaşlarına 25 iyun 1912-ci il tarixli qanunla beşillik xidmətdən sonra təyin edilmiş əlavələrin, habelə Azərbaycan Hökumətinin 28 dekabr 1918-ci il tarixli qərarı  ilə müəyyən edilmiş birdəfəlik müavinətlərin ödənilməsi üçün  Xalq Maarif Nazirliyinin sərəncamına 1918-ci ilin smetasına uyğun olaraq 5844 rubl 73 qəp. məbləğində kreditin ayrılması haqqında təcili  sərəncam  versin. Həmin  məktuba  müşavirə  və  iclasın  protokolları, habelə beşillik xidmətdən  sonra qanunla nəzərdə tutulmuş əlavələri ala bilməyən Bakı şəhəri ali-ibtidai  məktəblərdə çalışan qulluqçuların siyahısı da  əlavə edilmişdir.

          Bu  vəsaitin  ayrılması  məsələsi  xeyli   vaxt aparsa da, öz  həllini  tapmışdır. Bakı şəhər muxtariyyəti hesabına saxlanan məktəblərin, o cümlədən orada çalışan müəllimlərin və oxuyan şagirdlərin maddi vəziyyətlərinin həqiqətən ağır olduğu bəzi arxiv sənədlərində öz əksini tapmışdır. Məsələn, Bakı şəhəri və onun ətraf  rayonları üzrə xalq məktəbləri müəllimlərinin həmkarlar ittifaqının sədrinin, xalq  məktəbləri şagirdlərinin ağır vəziyyəti haqqında Xalq Maarif Nazirliyinə  göndərdiyi 7 noyabr 1919-cu il tarixli 56№-li məlumatda qeyd  edilirdi: "Ali-ibtidai  məktəb şagirdlərinin dəftərə və digər tədris vəsaitlərinə son dərəcə böyük ehtiyacı  vardır. Lakin həmin şagirdlərin  valideynləri  aztəminatlı  olduğu üçün  vaxtlı-vaxtında öz  uşaqlarını lazımi tədris vəsaitləri ilə təmin edə bilmirlər ki, bu  da  onların  təhsil  alması  işini  ləngidir. Bakı şəhəri müəllimlər ittifaqının idarə  heyəti xalq məktəb şagirdlərinin ağır vəziyyətini nəzərə alaraq onların ehtiyaclarını ödəməkdən ötru idarə heyətinə kağız  buraxılmasını xahiş edirdi. Xalq məktəbləri müəllimlərinin  həmkarlar  ittifaqının  sədri bildirirdi ki, əgər kağız buraxılarsa, ucuz qiymətə dəftərlərin  buraxılması üçün tədbirlər görəcəkdir. İdarə  heyəti,  eyni  zamanda  Nazirliyin  təyin  etdiyi  qiymətlərlə  pero  və  qələmlərin  buraxılmasını  da  xahiş  edirdi.”  Bakı şəhər muxtariyyətinin maliyyə vəziyyəti böhranlı olduğuna görə, məktəbləri saxlamaq üçün tələb olunan vəsaitin ödənilməsində çətinlik çəkirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26  may 1919-cu il tarixli 41-ci iclasında müzakirəyə  çıxarılmış  məsələlərdən  biri  də  məhz Bakı  bələdiyyə  idarəsinə  beş  faizlə  10  milyon  rubl  borc  verilməsi  barədə  qanun  layihəsi olmuşdur. Qanun layihəsi üzrə məruzəçi Musa bəy Rəfiyev təyin edilmişdi. O, məruzə ilə çıxış edərək bildirmişdi ki, Bakı bələdiyyə  idarəsinin  mədaxili məxaricdən az olduğundan, hökumətdən borc istəməyə məcburdur. Öhdəsində olan vəzifələri icra etmək üçün Bələdiyyə idarəsinin pulu olmayanda,  hökumətin borcudur ki, ona kömək etsin. Bələdiyyə İdarəsi 35  milyon istəyir. Ancaq hökumət və  komissiya 35 milyonu artıq bilib 10 milyon verilməsini təklif   edir.”   Parlamentin iclasında Maliyyə naziri Əliağa Həsənov çıxış edərək qeyd  etmişdi: " Mən onu demək istəyirəm ki, şəhər idarəsinin böyük xərci məktəblərdir. Məsrəfin 25 faizdən artığı məktəblərə xərc olunur. Əvvəlki   statistikaya görə, Moskvadan sonra Bakı ikinci şəhərdir ki, lazım olandan artıq məktəblər açıb, 10 uşaq üçün bir məktəb saxlayıb və heç kəs bu xərci qaytarmayıb. Əvvəl  norma 40-50 şagird idi. Bu axırıncı hadisələrə görə məktəblərdə uşaqların sayı azalıb. Lakin  şəhər idarəsi deyir ki, mən bu xərci üzərimə götürəcəyəm, tainki  uşaqlar boş qalmasınlar. Bakı şəhəri ilk şəhər idarəsidir ki, bütün məktəblərin xərcini boynuna  götürmüşdür. Şəhər məktəblərində oxuyan uşaqların çoxu, bəlkə hamısı, camaatın ən kasıbının  və  zəhmətkeşlərinin  demokratiyasının uşaqlarıdır. Burjua uşaqları orada  oxumurlar. Bunu da nəzərə  tutmaq gərək ki, şəhər əhalisinin 10 faizi burjuaziya və orta sinif, 90 faizi  fəhlə, əmələ və qulluqçudur. Onu  yaddan  çıxarmamalı  və  etiraz  etməməlidir”.  Hökumət başçısı N.Yusifbəyli çıxışında qeyd etdi ki, şəhərə  pul  ayrılmalıdır  və  qanun  layihəsinin  təsdiq  ediləcəyinə  ümid  etdiyini  bildirdi. Müzakirələr  bitdikdən  sonra  məruzəçi  M.Rəfiyev  yekun  çıxışında  qanun  layihəsinin  tamamən  qəbulunu  təklif  etdi. Qanun  layihəsi  səsə  qoyularaq  əksəriyyət  səslə  qəbul  olundu. 

       Azərbaycan  Respublikası  Hökumətinin  25  yanvar  1920-ci  il  tarixli  iclasında  ali-ibtidai  məktəblərin  saxlanılması  üçün  Bakı  şəhər  muxtariyyətinə 4.708.306 rubl 50 qəp. məbləğində maliyyə yardımının ayrılması haqqında Xalq maarif  nazirinin məruzəsi dinlənildi. Qərara alındı ki, Xalq Maarif  Nazirliyinin şəxsi  heyətinin saxlanması üzrə 1919-cu ilin smetasında nəzərdə tutulmuş kreditin qalığından ali-ibtidai məktəblərin 1918-ci ilin üç ay yarımı, 1918-ci il sentyabrın 15-dən dekabrın 31-dək, eləcə də 1919-cu ildə saxlanmasına görə Bakı şəhər muxtariyyətinə dörd milyon yeddi yüz səkkiz min üç yüz altı rubl əlli  qəpik (4.708.306 rubl.50 qəp.)  məbləğində vəsait ayırmasına Xalq Maarif  Nazirliyinə icazə verilsin. Hökumətin iclasında qəbul edilmiş bu qərar olduqca əhəmiyyətli idi. Həmin qərarla Hökumət Bakı səhər ali-ibtidai məktəblərinin  maliyyə problemlərinin həll edilməsinə və bununla da ölkədəki təhsil işinin inkişafına kömək  etmiş  oldu. Yeri gəlmişkən, qeyd edirik ki, artıq 1919-cu ili əvvəllərində Respublikamızın hüdudlarında 23 hökumət tədris ocaqları, o cümlədən 6 kişi və 4 qadın gimnaziyası, 5 real məktəb, 3 müəllim seminariyası, 3 Müqəddəs Nina qadın məktəbi, Politexnik və Ticarət məktəbləri fəaliyyət göstərirdi. Müəllim seminariyaları istisna olmaqla, bütün orta məktəblərdə 1919/20 tədris ilində 9611 şagird oxuyurdu ki, bunun da 3115-i müsəlman, 6496-sı isə qeyri müsəlman idi. 

             Tarixi mənbələr, o cümlədən arxiv materialları təsdiq edir ki, Azərbaycanın  təhsil  tarixi  olduqca  zəngindir. Hazırkı dövrdə, müstəqil dövlət  quruculuğu şəraitində Azərbaycan Xalq  Cümhuriyyətinin  təhsil  siyasətinin  tarixi  mənbələr əsasında dərindən tədqiq edilərək öyrənilməsi  və ondan lazımı nəticələr çıxarılması olduqca  əhəmiyyətli və  aktualdır.

Rafiq Səfərov,

Milli Arxiv İdarəsinin baş məsləhətçisi



Bugün: 783
Dünən: 740
Bu həftə: 3035
Son həftə: 6066
Bu Ay: 16931
Son Ay: 28223
Bu İl: 257972
Ümumi: 1278393
1278393