2021-ci il iyunun 26-da Azərbaycan Ordusunun yaradılmasının 103 ili tamam olur. Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş 1998-ci il iyunun 25-də keçirilmiş təntənəli yubiley mərasimində Ümummilli lider H.Əliyev çıxış edərək qeyd etmişdir:” Biz 26 iyun gününü bayram elan etmişik. Bu tam əsaslıdır, məqsədəuyğun, qanuna uyğundur. Çünki 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin,müstəqil Azərbaycanı qurub-yaradan,hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlardan biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur.Həmin qərara,addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycan Silahlı Qüvvələri,Ordusu günü elan etmişik.”
Hazırda ölkəmizdə milli ordu quruculuğu tarixinə nəzər salaraq, bu yolda böyük zəhməti və xidmətləri olmuş şəxsləri və hərbçiləri böyük hörmət və ehtiramla yad edərək arxiv sənəd və materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
1917-ci ilin sonlarında Almaniya ilə sovet Rusiyası arasında hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalandıqdan sonra 1917-ci il dekabrın 5 (18)- də Qafqaz cəbhəsində-Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında 14 maddədən ibarət barışıq sazişi imzalandı. Ərzincan barışığının şərtlərinə əsasən Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilməyə başladı. Rus ordusunun geri çəkilməsi ilə bağlı rus ordusundaki bolşevik təbliğatının güclənməsinin müəyyən təhlükə törədə biləcəyini nəzərə alaraq Zaqafqaziya Komissarlığı tərəfindən 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılması haqqında əmr verildi və həmin əmrə əsasən Qafqazdakı hərbi hissələr yalnız milli korpuslar halında saxlanıla bilərdi. Bununla da Rus Qafqaz Ordusu ləğv edildikdən sonra ayrı-ayrılıqda milli korpusların – gürcü, erməni, azərbaycan və rus milli korpusların yaradılmasına qərar verildi. Milli korpusların təcili surətdə yaradılması Qafqaz cəbhəsindən geri çəkilən rus əsgərlərinin yerli əhaliyə qarşı törətdikləri terror və soyğunçuluqların qarşısının alınması ilə də izah etmək mümkündür. Gürcü və erməni milli korpuslarının yaradılması işi Azərbaycan milli korpusunun yaradılması işi ilə müqayisədə daha asan və müvəffəqiyyətlə yerinə yetirilirdi. Niyə? Çünki, hələ xeyli əvvəl “ОЗАКОМ” tərəfindən müxtəlif bəhanələrlə gürcü və ermənilərə öz hərbi hissələrinin yaradılmasına icazə verilmişdi. Bundan əlavə çarizmin yeritdiyi mürtəce və milli ayrıseçkilik siyasətinin nəticəsi olaraq gürcü və ermənilər müsəlman azərbaycanlılardan fərqli olaraq əsgərlikdən azad edilməmiş və onlar nizami rus ordu sıralarında xidmətə çağrılaraq hərbi təlim alırdılar. Onların hərbi xidmət görmüş nizami hərbi hissələri var idi.Məsələn, Bakı Sovetinin hərbi qüvvələrinin əsasını erməni hərbi hissələri təşkil edirdi. Beləliklə, gürcü və ermənilər hər növ silahlara malik hərbi hissələrə yiyələndiyi halda, Azərbaycan milli korpususun yaradılması prosesi hələ yenicə başlayırdı və olduqca ağır şəraitdə aparılırdı. Bunun da əsas səbəbi- çar Rusiyasının imperiya ərazisində yürütdüyü milli ayrıseçkilik mürtəce siyasətinin nəticəsi olaraq İmperiya ərazisində müsəlmanların, o cümlədən azərbaycanlıların əsgərlikdən azad edilməsi olmuşdur. Bu səbəbdən azərbaycanlıların döyüşdə sınanmış nizami hərbi hissələri yox idi və Azərbaycan milli korpusunun yaradılması işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrların yoxluğu və ya azlığı problemi ortaya çıxırdı. Azərbaycan türkləri yalnız cahan müharibəsi zamanı könüllü olaraq azərbaycanlılardan təşkil olunmuş bir suvari alayına malik idilər. Azərbaycan Ordusunun yaradılması fövqəladə ağır şəraitdə icra olunurdu. Azərbaycan korpusunu yalnız 1918-ci il aprelin sonlarında general-leytenant Ə. Şıxlinskinin rəhbərliyi altında yaratmaq mümkün oldu. Milli Ordu quruculuğu tarixində xidməti olmuş azərbaycanlı hərbi sərkərdələrdən biri də general-mayor Teymur bəy Novruzov olmuşdur. Teymur bəy peşəkar hərbiçi, rus ordusunun generalı Mirzə Hacı bəy Novruzovun ailəsində dünyaya gəlmişdir. Teymur bəyin atası Mirzə Hacı bəy Novruzov zadəgan nəslindən olduğuna görə Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdır və sonrakı illərdə hərbdə rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1856-cı ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav", 1860-cı ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1873-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1877- ci ildə "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) " İgidliyə görə" (qızıl qılıncla birgə), üçüncü dərəcəli " Müqəddəs Vladimir" (qılıncla birgə), 1882-ci ildə birinci dərəcəli" Müqəddəs Stanislav",1886-cı ildə birinci dərəcəli "Müqəddəs Anna",1891-ci ildə ikinci dərəcəli"Müqəddəs Vladimir", 1893-cü ildə uzun illər ordudakı nümunəvi xidmətinə görə fərqlənmə döş nişanı ilə təltif edilmişdir. Hərbiçi Mirzə Hacı bəy Novruzov1896-cı il mayın 14- də qüsursuz xidmətinə görə general-leytenant rütbəsinə layiq görülmüş və həmin ildə də istefaya çıxmışdır..Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzov 1880-cı il aprelin 20-də Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbiçi Mirzə Hacı bəy Novruzovun ailəsində anadan olmuşdur.Teymur bəy Novruzov ibtidai təhsilini Tiflis kadet korpusunda almışdır. O, 1898-ci ildə Yelisavetqrad suvari yunker məktəbinə daxil olaraq süvari zabit məktəbini müvəffəqiyyətlə bitirmişdi.Teymur bəy Novruzov1900-cü ildə rus ordusunda xüsusi atlı qoşun hissələrindən biri sayılan draqun polkuna yunker qismində daxil olmuşdur.1901-сi ildə Teymur bəy Novruzova çar süvari qoşununun birinci zabit rütbəsi sayılan kornet rütbəsi verilir.O, 1905-ci ildən etibarən poruçik, 1909-cu ildən ştabs-rotmistr,1913-cü ildən etibarən isə rotmistr hərbi zabit rütbəsinə yiyələnmişdir.Teymur bəy Novruzov I Dünya müharibəsini Nijeqorodskoy 17-ci Əlahəzrət draqun polkonun 4-cü eskadronunun komandiri vəzifəsində qarşılamışdı.Yeri gəlmişkən qeyd edirik ki, bu polk Qafqaz süvari diviziyasına daxil idi və rus ordusunun ən etibarlı polklardan biri sayılırdı.I Cahan müharibəsi illərində həmin polk bir sıra atlı hücumlarını yerinə yetirərək Cənubi-Qərb cəbhəsinin əməliyyatlarında yaxından iştirak etmişdir. Teymur bəy Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1909-cu ildə 3-cü dərəcəli “ Müqəddəs Stanislav”, 1913-cü ildə 3-cü dərəcəli “ Müqəddəs Anna”,2 noyabr 1914-cü ildə 3-cü dərəcəli “ Müqəddəs Anna”, 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli “ Müqəddəs Vladimir” ordenləri, “ Georgi xaçı”, onların lentləri və qılıncla təltif edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Teymur bəy Novruzov yenicə müstəqilliyini elan etmiş respublikamızın ərazi bütövlüyünün və azadlığının qorunub saxlanılmasında yaxından iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə I süvari Tatar polkunun komandiri polkovnik T. Novruzova xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmiş, bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilmişdi. O, əvvəl I süvari Tatar polkunun komandiri olmuşdur. Azərbaycan Respublikasının Hərbi Nazirliyinin qoşun, idarə, təsisat və təşkilatlarının dislokasiyasına dair Azərbaycan Ordusunun Ali Ştabının General-kvartirmeysteri-Karqaletelinin 09 noyabr 1919-cu il tarixli əmrinə uyğun olaraq Teymur bəy Novruzovun rəhbərlik etdiyi Atlı Diviziya Gəncədə yerləşdirilmişdir. Atlı Dviziyanın rəisinin köməkçisi general-mayor David bəy Yadigarov isə Xankəndində yerləşdirilmişdi.
Zəngəzurda ermənilərin bütün cəbhə boyu hücuma hazırlaşması haqqında Qarabağın General Qubernatoru X.b.Sultanov və Dəstə rəisi general T. b. Novruzovun 23 mart 1920-ci il tarixdə Şuşadan N.b. Yusifbəyova teleqram göndərmişdilər. Həmin teleqramda Zəngəzur rəisindən qəbul edilmiş teleqramın aşağıdakı mahiyyəti olduğu kimi çatdırılırdı:” Bütün cəbhə boyu ermənilər kəşfiyyat aparırlar. Dürüst məlumatlara görə bütün cəbhə boyu hücuma hazırlaşırlar. Onların əsas məqsədləri Qarabağla birləşməkdir.Partizan dəstəsinin komandiri təcili olaraq ona 50 min türk, 200 min rus, 50 min lebelevski(yeri gəlmişkən qeyd edirik ki, lebelevski patronları fransız ordusunun silahlarında istifadə edilirdi) - 15 min ingilis patronlarının göndərilməsini xahiş edirdi. Həmin patronların yalnız bir döyüşə bəs edəcəyi bildirilirdi.”
Həmin teleqramda həmçinin general Şıxlinski tərəfindən vəd edilmiş dağ batereyasının piyada polkunun göndərilməsi xahiş edilirdi.
Azərbaycan Ordusunda süvarı hissələrinin yaradılması, komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində T.Novruzovun böyük xidmətləri olmuş, Süvari diviziyasının komandiri kimi süvari polkların formalaşmasında fəal iştirak etmişdir. Azərbaycan ordusuna verilmiş bütün döyüş tapşırıqlarının yerinə yetirilməsində Süvari diviziyasının hissə və bölmələri yaxından iştirak etmiş, Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşmuşdur. Süvari diviziyanın 1920 ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi. Teymur bəy Novruzov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun, hələ sağlığında haqqında şərqilər qoşulmuş təktək hərbçilərindəndir. Novruzov sovet işğalçılarına qarşı Gəncə üsyanının (1920) təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur. 11-ci Qırmızı ordu çox böyük qüvvə üstünlüyü hesabına bu üsyanı yatırandan sonra Novruzov mühacirət etmək məcburiyyətində qalmışdır. O, Gürcüstandan keçərək Almaniyaya oradan da Fransaya mühacirət etmişdir. Teymur bəy Novruzov bir sıra hərbi təşkilatların sıralarında olmuş, 1938-ci ildə Parisdə keçirilmiş Rus Hərbi Əlillər İttifaqı Qurultayının iştirakçısı kimi Qurultayın idarə heyətinə seçilmişdir. Rus və Azərbaycan sərkərdəsi genaral-mayor Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhərindən 30 km aralıda yerləşən Mentonda vəfat etmiş və Nitsa şəhərinin Kokad qəbristanlığında dəfn edilmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayaraq noyabrın 10-da Azərbaycan Ordusunun Zəfəri ilə başa çatmış Vətən Müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan övladı olan hərbçilərimiz Vətəni uğründa igidliklə döyüşüb qalib gəlməyə və bu yolda canınından keçməyə hazırdılar.
25.06.2021.
Rafiq Səfərov
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi
İstifadə edilmiş Ədəbiyyat və mənbələrin siyahısı:
1.”Azərbaycan” qəzeti, 26 iyun 1998-ci il.
2.Cəmil Həsənov. Azərbaycan Beynəlxalq Əlaqələr Sistemində 1918-1920-ci illər. Bakı. 1993. səh.36.
3.https://az.wikipedia.org/wiki/Mirzə Hacıbəy Novruzov
4..https://az.wikipedia.org/wiki/Teymur bəy_Novruzov
5..Азербайджанская Демократическая Республика(1918-1920).Законодательные акты.Баку.1998.с.340.
6. Азербайджанская Демократическая Республика(1918-1920). Армия.Баку.1998.с.149-150.
7.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.II cild. Bakı.2005.səh.258-259;274.
8.Арзу Тагиев. «Братство Азербајджанских волков”.
VK.com/ azeridarkman
9. Азербайджанская Демократическая Республика( 1918-1920). Армия. Баку. 1998.с. 149 ARDA.f.2894.siy.6.iş.14.v.1-2.Əsli.
.10. Азербайджанская Демократическая Республика( 1918-1920).Армия. Баку. 1998.с. 261 ARDA.f.970.siy.1.iş.113.v.97.Təsdiq edimiş surəti.
Bugün: | 835 |
Dünən: | 817 |
Bu həftə: | 835 |
Son həftə: | 6197 |
Bu Ay: | 6107 |
Son Ay: | 25580 |
Bu İl: | 218925 |
Ümumi: | 1239346 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az