XX əsrin birinci otuz ilində ədəbi və elmi fəaliyyət göstərən görkəmli yazıçılarımızdan biri Sübhanverdixanov Abdullabəy, Divanbəyoğlu adı ilə tanınmışdır. O, 1883-cü il yanvarın 1-də Qazaxda yoxsullaşmış zadəgan ailəsində doğulmuş, 1903-cü ildə Müəllimlər Seminariyasını bitirib pedaqoji və ədəbi fəaliyyətə başlamış, “Nicat” cəmiyyətinin iştirakçılarından olmuşdur. Ədəbiyyatımızın ilk povestlərindən olan “Can yanğısı” adlı əsəri bir neçə dəfə çap olunmuş və oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. O,1926-cı ildə Bakıda Dövlət Darülfünunu (Universitet) bitirdikdən sonra ali məktəblərdə və başqa məsul vəzifələrdə çalışmış, ədəbi fəaliyyəti ilə yanaşı olaraq elmi-tədqiqat işləri də aparmışdır. Ədəbi əsərləri 1905-1907-ci illərdə Rusiyada baş vermiş inqilabdan əvvəlki mətbuatımızın səhifələrində, xüsusilə “Haqq yolu”, “İqbal”, “Dəbistan” və başqa mətbu orqanlarında çap olunmuşdur. Elmi əsərlərindən “Azərbaycanda arxiv işləri”, “Folklor materiallarının elmi klassifikasiyası”, “Müştəhid Ağa Mir Fəttah”, “Köçərilərin həyatını müşahidə, “Qədim türklərdə totemizm”, “Yeni məktəb” və digərləri dərin elmi məzmunu ilə diqqəti cəlb edirdi.
Divanbəyoğlunun “Can yanğısı”, “Şahzadə və Əbdül”, ”Ərdoy dərəsi”, “Duman”, “Cəng” və başqa mətbu əsərlərindən aydın olur ki, şərq qadınlığının, eləcə də Azərbaycan qadınlarının məhkum həyatı onu çox düşündürürdü. O özünün ilk qələm təcrübəsi sayılan “Müsəlman qadınlarına” povestini də bu mövzuya həsr etmişdir. Müəllifin “Müsəlman qadınlarına” adı ilə təqdim olunan “Əbdül və Şahzadə” povesti Şərq qadınlarının hüquqsuzluğunu və faciəli taleyini təsvir edirdi.
Ədib bu əsəri 1902-ci ilin 15 avqustunda bitirsə də, ona ad verməmiş və belə görünür ki, dərc etdirməmişdir. Əsər rus dilində yazılmışdır. Əsərin yazıldığı dövrdə gənc ədib hələ bəzi dini və ictimai hadisələri, xüsusilə, islamiyyətin ilk dövründə Məhəmmədin qadına münasibəti, həmçinin, Avropa qadınlarının zahiri “azadlıq” məsələlərini düzgün dərk edə bilmədiyindən bir sıra nəzəri yanlışlıqlara yol vermişdir. Lakin qadınların vəziyyətini, onların ailədə bir qul kimi işlədiyini, heç bir ictimai hüquqa malik olmadığını düzgün göstərmiş, onların qara çadranın dustağından, müstəbid ərin və atanın hökmündən, cəmiyyətin yaratdığı köləlik zəncirindən xilas olmaları zərurətini ortaya atmışdır. Əsər səmimi bir dillə yazılmış, Azərbaycan qadınlarının pak mənəvi yüksəkliyini lirik boyalarla tərənnüm edilmiş, onların qaragünlü taleyi, faciəli ölümü canlı, yandırıcı və real şəkildə təsvir olunmuşdur. Əsərin qəhrəmanı Əbdül üzünü müsəlman qadınlarına tutub deyirdi:
“Müsəlman xanımları, zalım, qaba istibdadın ayaqlarınıza keçirdiyi buxovun ağırlığını hiss edirsinizmi?! Həyatınızın sevincsiz, çürümə və dağılma zəncirilə məhdud edildiyini duyursunuzmu?.. Geriyə, öz keçmişinizə nəzər salın, qəlbinizin, ruhunuzun və əqlinizin bizə rəhbər olduğu dövrü xatırlayın! Laqeyd əllərinizlə öz keçmişinizin tarini vərəqləyin...
Çadranızı atın, həyatınızdakı, pəncərələrinizdəki qalın pərdələri açın, pəncərə və qapıları aralayıb heç kəsdən qorxmadan, möhkəm və cəsur addımlarla işığa çıxın; buxovlarınızı və zəncirləri qırın, öz bacılarınıza baxın, onda sizə və həyatınıza olan təzyiqi xatırladıqda diksinər, qorxarsınız...”
Divanbəyoğlunun bu povesti qadın əsarəti əleyhinə, qadın azadlığı uğrunda mübarizəyə həsr olunan əsərlərimizlə bir sırada durmağa, ədəbiyyatımızda öz yerini tutmağa layiq bir əsər idi.
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakütəsini bitirən A.Sünbhanverdixanov Azərbaycan Dövlət Arxivində Azərbaycanda XVIII əsr və XIX əsrin əvvəllərində feodal münasibətləri və ayrı-ayrı iri feodalların həyatını öyrənməklə məşğul olur. Onun bu çalışmalarının bəhrəsi XIX əsrin 1-ci yarısında Şirvan əyalətinin ictimai-siyasi həyatında görkəmli rol oynamış ruhani şəxsiyyət olan iri feodal Müştəhid Ağa Mir Fəttaha həsr olunmuş bütöv monoqrafiya şəklində diplom işi olur.
Şərq fakültəsindən məzun olmağa hazırlaşan A.Sübhanverdixanovun “Ruhani vassal” (“Müştəhid Ağa Mir Fəttah”) adlı diplom işi professor Q.Pisarevskinin diqqətini xüsusi cəlb edir. O, qeyd edirdi ki, Universiteti bitirən tələbələrin təqdim etdikləri diplom işləri arasında Sübhanverdixanovun diplom işi gözəl bir istisna təşkil edir. Professorun fikrincə, bu digər daha öncəki tədqiqatların pərakəndə şəkildə toplusu deyil, əksinə tamamilə dərc edilməmiş arxiv materiallarına əsaslanan müstəqil işdir. Bu əsər o zaman Azərbaycan Sovet Respublikasının ərazisini təşkil edən Zaqafqaziyanın şərq vilayətlərində az öyrənilmiş rus hökmranlığının 1-ci epoxasına həsr edilmişdi. Əsər həm yerli tarixi, həm də 1-ci Nikolayın hakimiyyəti dövründə Zaqafqaziyada rus siyasətinin xarakterik cəhətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edirdi.
Nikolay hakimiyyətin ilk illərində İranla müharibə fars hərbi qüvvələrinin darmadağın edilməsi və Azərbaycanın Təbriz şəhəri ilə birgə rus hərbçiləri tərəfindən tutulması ilə bitir. Rusların hərbi qələbəsi nəticəsində məğlub olan yüksək ruhani şəxsiyyət və iri torpaq mülkiyyətçisi Təbrizli Müştəhid Ağa Mir Fəttah rusların tərəfinə keçmək qərarına gəlir. O, güman edirdi ki, İran Azərbaycanı qəti şəkildə Rusiyanın hakimiyyəti altına keçəcək. Lakin 1-ci Nikolay İran ilə müharibəni çox uzatmaq istəmir. 22 fevral 1828-ci il Türkmənçay müqaviləsi ilə indiki İran Azərbaycanı İrana qaytarılır. İran Azərbaycanının Azərbaycana qayıtmadığını görən Ağa Mir Fəttah Rusiyada, daha doğrusu ruslar tərəfindən zəbt edilmiş Zaqafqaziyada sığınacaq axtarmalı olur. Göstərdiyi xidmətlərə görə səxavətlə mükafatlandırılan Ağa Mir Fəttah Zaqafqaziya şiələrinin baş ruhani rəisi təyin edilir. Müştəhidin Zaqafqaziyada rus hökumətinin maraqları, həmçinin, öz şəxsi maraqları çərçivəsində fəaliyyətini müəllif öz əməyinin diplom işi kimi təqdim etdiyi birinci hissəsində real faktlarla təsvir edirdi. Xam arxiv materialları ilə istifadədə müəllifin təcrübəsizliyi nəzərə çarpsa da, bu əsər elm adamları tərəfindən yüksək qiymətləndirilir.
Sübhanverdixanovun arxiv əlyazma materialları əsasında yazdığı bu orijinal iş müəllifin onu “Azərbaycanda feodal münasibətlərinin tarixi” adlı sanballı elmi-tədqiqat işi kimi inkişaf etdimək arzusundan dolayı dərhal nəşr edilmədi. Onun bu mövzuda qələmə aldığı digər işi “Xan fəxri fərmanları” idi. Bu əsər XVIII əsr və XIX əsrin 1-ci yarısında Şərqi Zaqafzaziyada feodal quruluşunun öyrənilməsi baxımından qiymətli mənbə idi.
Yuxarıda adı çəkilənlərdən başqa həmin dövrdə yazılmış aşağıdakı elmi əsərlər də A.Sübhanverdixanovun qələminin məhsulu idi:
1. 1924-cü ilin avqustunda Ümumazərbaycan Diyarşünaslıq qurultayının iclasında oxuduğu Azərbaycan Dövlət Arxivinin fəaliyyəti haqda məruzə. 1926-cı ildə Azərbaycanın tədqiqi və öyrənilməsi cəmiyyətinin jurnalında dərc edilmişdir.
2. “Şəki xanlarının tarixi” adlı qədim türk əlyazmasının rus dilinə tərcüməsi. Əsər Azərbaycan Elmi-tədqiqat (Dövlət) İnsitiutu tərəfindən 1930-cü oldə nəşr edilmişdir.
3. Məzmunlarının qısa şərhi ilə folklor materiallarının siyahısı və təsnifatı. 1927-ci ildə Azərbaycanın tədqiqi və öyrənilməsi Cəmiyyətinin jurnalında dərc edilmişdir.
Bütün bu sadalanan işlər müəllifin öyrənilən predmetə tamamilə ciddi və elmi yanaşma sərgilədiyini göstərirdi.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Sübhanvedixanov imzası ilə müəllifin daha bir elmi əsəri – “Qədim türklərdə totemizm” adlı əsəri mühafizə edilir. Əsər rus dilində yazılmışdır. O burada qədim türklərin ilk dini inanclarının “totemizm” olduğunu göstərir və totemizmin izlərinin Sibir yakutlarının sosial-dini həyatında mühafizə olunduğunu qeyd edirdi.
Sübhanverdixanov 32 illlik pedaqoji və 25 illik ədəbi staja malik bir pedaqoq və nasir idi. O, Azərbaycan və rus dillərini mükəmməl, fars dilini isə yaxşı bilirdi.
Özünün uzun illik pedaqoji fəaliyyəti dövründə Sübhanverdixanov yüzlərlə elmi və ədəbi işçilər yetişdirmişdi. O dəfələrlə Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutuna dilçilik sahəsi üzrə işlərə cəlb edimişdi. Sübhanverdixanov burada məntiq sözlüyünün türk dialektinin tərtibi üzrə Komissiyanın işində iştirak edir və folklor materiallarının yerli danışığa uyğun olaraq redaktə edilməsi üzrə tapşırıqları yerinə yetirirdi.
Onun elmi əsərləri – povestləri, hekayələri və qeydləri Sübhanverdixanovun hərtərəfli elmi hazırlığı və ədəbi Azərbaycan dilində dərin biliklərə malik olduğunu göstərirdi.
Bundan başqa özünün uzun illik pedaqoji təcrübəsi sayəsində Sübhanverdixanov Ali məktəblərin Azərbaycan dili üzrə ən yaxşı və metodiki cəhətdən tam hazırlıqlı müəlliimlərdən biri sayıla bilərdi.
Abdulla bəy Divanbəyoğlu 6 yanvar 1936-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Divanbəyoğlunun həyat və fəaliyyətini aydınlaşdıran arxivi ədibin ailəsi tərəfindən Azərbaycan SSR EA Respublika Əlyazmaları fonduna təhvil verilmiş və fondun işçiləri tərəfindən işlənib səliqəyə salınmışdır. Daha sonra A.Divanbəyoğlunun fondu Azərbaycan SS EA Rəyasət heyətinin 4 iyul 1973-cü il tarixli 27/7 №-li protokoluna əsasən Respublika Əlyazmalar fondundan Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul edilmişdir.
Məqalənin hazırlanmasında 517 №-li fondun sənədlərindən istifadə olunmuşdur.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az