Azərbaycan ədəbiyyatı elə şəxsiyyətlər yetişdirib ki, onların taleyi sadəcə şəxsi həyat hekayəsi deyil, bütöv bir xalqın ağrısını daşıyır. XX əsr Azərbaycan poeziyasında azadlıqla kədərin, ümidlə həsrətin qovuşduğu bir ad varsa, o da Əli Tudədir (Cavadzadə Əli Qulu oğlu). O, şair, ictimai xadim və mühacir ədəbiyyatının önəmli nümayəndələrindəndir. Onun həyatı da şeirləri kimi keşməkeşli, yardıcılığı isə xalq taleyi qədər ağır və məsuliyyətli olub.
Cavadzadə Əli Qulu oğlu 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Onun ailəsi Cənubi Azərbaycandan Bakıya köç etmişdir. Hələ çox erkən yaşlarında valideynlərini itirən şair çətin həyat şəraitində nənəsi Qəribin himayəsində böyümüşdür. Məktəb illərindən ədəbiyyata ciddi maraq göstərmişdir. Bakı Pionerlər sarayının nəzdində fəaliyyət göstərən dərnəyin üzvü olub və burada Osman Sarıvəllinin rəhbərliyi ilə poeziya və ədəbi düşüncələr üzərində işləmişdir. 13 yaşında ilk şeirləri “Kommunist”, “Yeni yol” kimi qəzetlərdə çap olunub. Lakin onun taleyini dəyişən hadisə siyasi proseslər olur. 1930-cu illərin sonlarında ailəsi ilə birlikdə Cənubi Azərbaycana sürgün edilir. Bu məcburi köç onun şeirlərində sonradan tez-tez rast gəlinən vətən həsrətinin başlanğıcı idi. Əli Tudə gənc yaşlarından anlayırdı ki, o iki yerə bölünmüş bir xalqın övladıdır. Onun sürgün illəri təhsil üçün çətin olsa da özünü ədəbiyyatda inkişaf etdirir. O, şeir, poema, nəsr publisistika kimi ədəbi janrlarda zəngin yaradıcılığa imza atıb. “Bakının işıqları”, “Şimal həsrəti”, “Arazın o tayında” kimi yüzlərlə poema çap etdirib. 1940-cı illərdə Təbrizdə fəaliyyət göstərən ədəbi mühitlərdə Əli Cavadzadəyə “Tudə” təxəllüsü verilir. Bu söz farsca xalq, kütlə mənasını daşıyırdı. Onun poeziyası saraylara yox, məhz sadə insanların dərdinə ünvanlanmışdı. Həyatın ağır sınaqları onu uşaqkən yetişdirdi. Yeniyetmə çağlarında qələmə sarılan gənc şairin siyasi proseslərin içində sönməyən bir yanğısı yarandı —Vətən yanğısı. O, öz misralarında deyirdi;
“Yolların qırıq-qırıq,
Xatirələrim yaralı,
Vətənim iki parça
Ürəyimdə iki yarı...”
1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulan Milli Hökumət zamanı o maarif sahəsində çalışıb. “Ana dili” kitabının hazırlanmasında və çap olunmasında onun xüsusi rolu olub. Iran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. “ Öz gözlərinlə” kitabında Tudə yazır “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Amma üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanları bahasına qurulmuş hökuməti İran dövləti beşikdəcə boğur. Onun kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir. “Tutulduğu anda məhkəməsiz qətlə yetirilsin!...” Hökumətin süqutundan sonra isə yenidən Şimala—Bakıya qayıdır. Bu dönüş onun həyatında yeni mərhələ açır. Bakıya qayıtdıqdan sonra onun şeir kitabları çap edilir. Bütün uğurlarına baxmayaraq qəlbindəki əsas ağrı dəyişmir. Cənubda qalan torpaq, insan, xatirələr. Bu dəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir. Əli Tudə poeziyası məhz bu daxili parçalanmadan yaranır. Bölünmüş Azərbaycan, həsrət çəkən ana, sərhədlər arxasında qalan doğmalar, azadlıq arzusu. Onun sözləri sərt və açıq idi. Əli Tudə yaradıcılığını sadəcə siyasi poeziya adlandırmaq olmaz, o ilk növbədə vicdan şairi idi. Inanırdı ki, söz insanı oyada bilər. Bu səbəbdən onun qələmi heç vaxt susmadı. Ömrü boyu 30-dan artıq kitab çap etdirdi. Poemalar, lirik şeirlər, vətən mövzulu silsilələr. Hamısı bir məqsədə xidmət edirdi yaddaşı yaşatmaq. Bəzən isə öz düşüncələrini belə ifadə edirdi. “Məni iki yerə bölən sərhədlər deyil, bir xalqın iki yerə bölünmüş taleyidir”...
Əli Tudə ömrünün sonuna qədər özünü tam mənada rahat hiss etmədi. Rəsmi olaraq Sovet Azərbaycanında yaşasa da, daxilən həmişə mühacir idi. Bu səbəbdən onun adı Azərbaycan mühacir ədəbiyyatının əsas simaları sırasında çəkilir. Xalq yazıçıları, şairlər şəxsiyyət kimi Əli Tudənin məğrur adam olduğunu düşünürdülər. Xalq yazıçısı Anar deyir: “ Əli Tudə poeziyaya vətən ağrısını gətirmiş şairlərdəndir. Onun misralarında siyasi şüar yox, insan dərdi danışır”. Akademik Nizami Cəfərov isə öz fikirlərində: “Əli Tudə XX əsr Azərbaycan ədəbiyyatında Cənub mövzusunu sistemli şəkildə işləyən əsas şairlərdən biridir. O, milli parçalanmanı bədii fakt kimi təqdim etdi”. Şair Məmməd Araz da onun haqqında yüksək fikirdə idi; “Əli Tudə yazanda sanki torpaq danışırdı.” O, arxasında misralarla danışan böyük bir irs qoydu. Onun yaradıcılığı susdurulanların dilə gəlmiş harayı, sərhədlərə sığmayan bir ruh idi və öz misralarında belə deyirdi:
“Əgər susarsam, daş danışacaq,
Əgər yazmasam, tarix ağlayacaq.”
1959-cu ildə “Əməkdə fərqlənməyə görə” medalı, 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1987-ci ildə isə Əməkdar İncəsənət xadimi adına layiq görülüb. Amma bütün bunlarla yanaşı, ömür boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb. Bu səbəbdən bir çox yüksək titul və mükafatlardan məhrum olub. Türk dünyasının ən ilhamlı, qaynar, odlu-alovlu şairini—Xalq Şairi adından uzaq saldılar.
Əli Tudə yaradıcılığı bu gündə öz aktuallığını qoruyur və şairin şəxsi fondu Azərbaycan Respublikası Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində 17 N-li fondda saxlanılır. Öz zənginliyi ilə seçilən fonda 9 siyahı daxil edilmişdir. Fondunun əsasını onun əlyazmaları, tərcümeyi-hal, təsviri sənədləri təşkil edir. Onun fondu mühacir ədəbiyyatı haqqında olan dəyərli sənədlərdəndir. Bu fond bizim üçün zəngin və çoxcəhətli mənəvi soraq yeridir.
Əli Tudə Savalanlıydı. Azərbaycanın bütövlüyünün təməlini qoymuş Şah İsmayıl mahalından idi. Vətənin hansı bölgəsində yaşamaq onun öz seçimi olmalıydı. Amma şair son dəfə şeirlərində boyunu oxşadığı Savalana üz tuta bilmədi. “Hər kəsin öz qibləsi, mənim qibləm vətəndir” deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. O, poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoydu. Yurd həsrətli şairimizin hər misrasında nisgili duyulurdu. Şairin misralarında olduğu kimi ; Həsrət çəkməyən bilməz
Həsrət nədir dünyada...
Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bütöv Azərbaycanın yaddaşında azadlıq şairi, xalqının şairi kimi qaldı.
Məqalədə 17 №-li fondda olan sənədlərdən istifadə edilmişdir. Gülnar Şərifova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin aparıcı arxeoqrfı
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az