Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında arxiv materialları
Bu məqalədə mənalı ömür yolunda xalqının xoşbəxt gələcəyi naminə misilsiz işlər görmüş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, xalqını azad, savadlı görmək istəyən şəxslərdən biri, AXC-nin qurulmağında, onu dünyaya tanıtmaq istiqamətində ömrünün sonuna qədər çalışan dahi şəxsiyyət, aparıcı dövlət xadimi, hüquqşünas Rusiya I dövlət dumasının üzvü, Bakı dumasının sədri, AXC parlamentinin sədri və ilk xarici işlər naziri olan Ə.M.Topçubaşovdan söhbət açacayıq.
O, 1863 cü ildə (bəzi mənbələrdə 1862, 1865– cillər qeyd olunur) Tiflisdə zadəgan bəy ailəsində anadan olmuşdur. Onun 1863-cü ildə doğulduğunu Tiflisdə ona verilən doğum haqda şəhadətnamə və Peterburq universitetindən verilən arayış nəticəsində Tiflis arxivindəki məlumatlar sübut etmişdir. O, Topçubaşovlar nəslinin davamçılarından idi. Bu soyadın tarixi çox keçmişləri əhatə edir. Bu soyad onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmisdir.
İlk təhsini Tiflis gimnaziyasında almış və oranı əla qiymətlərlə bitirib Peterburq İmperator Universitetinin tarix-filologiya fakultəsinə daxil olmusdur. Lakin bu fakultədə təhsilini yarımçıq qoyub 1 ildən sonra hüquqşünaslıq fakultəsinə keçmisdir. Universitetin elmi şurası onun yazdığı dissertasiyanı çox bəyənərək təhsilini bitirdikdən sonra onu mülkü huquq kafedrasında saxlayıb professor vezifəsini vermək istəyirlər. Bu işləri həyata keçirmək üçün onun qabağına şərt qoyulur – xristianlığı qəbul etmək. Topcubasov isə bundan imtina edir və Tiflisə qayıdır. O universitetdə oxuduğu illərdə tələbə ixtişaşlarında iştirak etdiyinə gorə universitetdən qovulmaq və Diplomunun ona verilməməsi təhlükəsi ilə üzləşmişdir. Topçubaşov Təhsil Nazirliyinə müraciət edəndən sonra çox savadlı, fəal olması və dərslərindən əla qiymətlər almasını nəzərə alaraq diplomu ona təqdim edilmişdir. O, universiteti əla qiymətlərlə, fəqlənmə diplomu, elmlər namizədi dərəcəsi ilə bitmişdir. Universitetdən sonra hüquqşünas kimi Tiflisdə vəkil işləmiş, Aleksandrovski adına qızlar gimnaziyasında hüquqdan dərs demişdir. O Tiflisdə kecirilən mübahisəli məhkəmələrdə həmişə oz soydaşlarının hüquqlarını müdafiə etmiş haqq-ədalət naminə çalışmışdır. Dövlət Tarix Arxivinin Topçubaşova aid olan sənədləri içərisində, onun xidməti dəftərçəsində ilk işlədiyi yerlər ətraflı təsvir olunmuşdur: Tiflis Dairə məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildən 8 may 1890-cı ilə qədər Tiflis şəhəri Barışıq məhkəməsinə hakim köməkçi vəzifəsini icraetmək məqsədilə ezam olunur. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə təyin olunur. Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891- il tarixli göstərişi ilə Kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il №87 saylı göstərisi ilə stajı nəzərə alınaraq Titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895 ci il tarixlı göstərişi ilə Kollegiya Assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərliyik ona həvalə edilir. Həmçinin Kadet partiyasının üzvü olur. Mülki işlərə dair 1895-cil tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir”. Topçubaşov 1893-cü ildə H.B.Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurur. Pəri xanım Tiflisdə açılan qadın gimnaziyasının ilk azərbaycanlı müsəlman tələbəsi olmuşdur. Bu izdivacdan Topcubasovun 2 oğlu və 3 qızı dünyaya gəlir.
Topçubasov 1896-ci ildə ailəsi ilə birgə Bakıya köçür. Bütün Rusiya imperiyasının neft sənaye mərkəzi olan Bakı şəhərində baş verən siyasi prosesləri kənardan izləyə bilmir. Elə bu ildən də onun siyasi fəaliyyətinin təməli qoyulur. Bakıya gədikdən sonra H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1897-1917 illərə qədər “Kaspi” qəzetini (rus dilində) təsis edir və redaktoru olur. Kaspidən basqa rus dilində “Bakı” qəzetinin, daha sonra isə ana dilində “Həyat” qəzetini reaktoru, “Nicat” xeyriyyə cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Kaspi qəzetində Rusiya Dumasında, Bakı Dumasında müzakirə olunan məsələlər, Bakının, bütün Qafqazın, və Orta Asiyanın müsəlman əhalisinin həyatı, adət-ənənələri, şair, yazıçı, dramaturq, görkəmli ziyalıları haqqında, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrıseçkilik siyasətini pisləyən publisistik məqalələri və bir çox başqa məlumatlar da çap olunurdu. Onunla birlikdə bu qəzetlə H.B.Zərdabi, Ə.B.Hüseynzadə, Ə.Ağayev və basqa yazarlar təhsil və mədəniyyət sahəsində çıxışlar etmişlər. Ömrü boyu tutduğu vəzifədən asılı olmayaq ədalətçililik naminə mübarizə aparan Topçubaşovun məsuliyyətə cəlb olunmasına dair bəzi sənədlərdə məlumatlar əks olunmuşdur. Tarix Arxivinin Kaspi qəzetinin 187 saylı 25 avqust və 256 saylı 25 noyabr 1901-ci ildə dərc olunmuş buraxılışlarına aid sənədlərində da senzuradan çixarılmış bəzi cümlələri həmçinin Paraxod şirkətlərində çalışan əməkdaşların məvaciblərini tam vaxtlı-vaxtında ödənilməməsi haqda məlumatı qadağaya zidd olaraq dərc etdiyinə görə qubernator yanında xüsusi tapşırıqlar üzrə zabitin Topçubaşovun məsuliyyətə cəlb edilməsini tələb edən protokolu vardır.
Digər bir sənəddə “Bakı şəhər dumasına keçirilən seçkilər barədə materallar”dan məlum olur ki, 14 oktyabr 1897-ci ildə Bakı şəhər Dumasına 4 ildən bir keçirilən (1898-1901) seçkilərdə seçilən seçicilər arasında Topçubasovun da adı qeyd olunur. O, səs çoxluğu ilə 154 səs yığaraq Dumaya üzv seçilir.
Topçubaşov xalqın maariflənməyi və gənclərin elmə yiyələnməyi sayəsində çox işlər görmüşdür. 9 iyun 1898 ci ildə Mariya qadın gimnaziyasının qəyyumluq şurasına üzv seçilməsi haqda Bakı şəhər dumasının qərarı açıqlanmışdır. H.Z.A.Tağıyevin hər il 600 rubl dəyərində maddi yardımı sayəsində fəaliyyət göstərən gimnaziyasına qəyyum seçilənlər arasında Topçubaşovun, F.Vəzirovun, H.B.Zərdabinin də adı qeyd ounmuşdur.
Ə.Topcubasov 1901-ci ildə H.Z.Tağiyevin maliyyə dəstəyi ilə açılan Kommersiya məktəbinin də 3 qəyyumundan biri olur. Arxiv sənədlərində “Bakı şəhər dumasının 23 yanvar 1901-ci ildə keçirilən iclas protokolundakı çixarışda Topçubasov və daha 2 nəfərin (A.N.Saparovun) Bakı şəhər kommersiya məktəbinin qəyyumluq şurasına seçilmələri haqda və dövlətin nə indiki nə də sonraki illərdə Kommersiya məktəbinin təmin etməyəcəkləri barədə məlumat yer almışdır. Bu məktəbin də bütün maliyyə xərclərini H.Z.Tağıyev öz öhtəsinə götürmüşdür. Sonrakı aylarda Topçubasov həmin məktəbdə sagirdlər üçün kitabxana və oxu zalının açılmasına üçün Bakı qubernatorluğina etdiyi xahışı və Bakı qubernatorluğununda Bakı şəhəri üzrə kitabxanalar və kitab mağazaları müdürünə verdiyi göstərişi barədə icazə sənədi vardır.
Topçubasov 1905-1917-ci illərdə Rusiya dumasının üzvü olmuşdur. O, Dumada fəaliyyət göstərdiyi illərdə hər zaman xalqımızın maraqları, mənafeyini, hüquqlarını müdafiə etmişdir. 1905-ci 15 avqustda Nijni Novqorod şəhərində Oka cayında gəmidə Topçubaşov, İ. Qaspıralı, Y.Akçoralı, İ. Ziyadxanov, Ə.Xasməmmədov, Ş.Əsədullayevin, Ə. Ağayevin, N. Vəzirovun H. İbrahimovun, Topçubaşovunda iştirakları ilə Ümumrusiya müsəlmanları qurultayı keçirilir. Həmin qurultayda Bütün Qafqaz, Krım, Kazan, Türküstan, Sibirdən və başqa yerlərdən nümayəndə heyyəti iştirak edirdi. Həmin qurultayda bütün Rusiyada yaşayan müsəlmanların mənafeyini müdafiə edən “İttifaq-əl-müslimin” təşkilatı yaradılır və Topçubasov ona sədr təyin olunur. Nijni-Novqorodda, Sankt-Peterburqda, Moskvada keçirilmiş I-IV qurultaylar demək olar ki onun sədrliyi ilə keçmişdir.
Topçubasov 25 yanvar 1905-ci ildə Dumada keçirilən iclaslarda müsəlmanlarin digər sakinlərlə şəhər özünü idarə etmə idarələrində eyni hüquqa malik olmalarına dair Bakı şəhər Dumasında çıxış etmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumanın gündəminə çıxarılan bir çox məsələlərin müzakirəsində fəal iştirak etmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbi ilə çıxış etmişdir. Arxiv sənədlərində nəzər salanda onun belə bir çıxışı gözdən qaçmamışdır : “Bakıda baş verən sonuncu hadisəLər bütün əhalini həyəcanlandırır. Qəzetlərdə bu məlumatları oxuyarkən adam vahimələnir. Ticarət-sənaye şəhəri olan Bakıda oğurluq, zorakılıq, qətl səhnələri baş alıb gedir. Hökumət milliyətindən və dinindən asili olmayaraq əhalini bir olmağa çağırır”. 8 mart 1905-ci il Bakı şəhər idarəsində 6-9 fevral hadisələrində erməni-müsəlman qirğınında ziyan çəkmis əhaliyə yardım komitəsi yaranır və ümumilikdə ayrılan 50 000 rubl məbləğində milliyətindən və dinindən asılı olmayaraq hamıya yardım göstərilməsini qeyd olunur. Həmin Komitənin tərkib üzvləri arasında Topçubaşovunda adı qeyd olunmusdur.
Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Topcubasov Krımdan Orta Asiyaya qədər butun Rusiya iperiyasında yaşayan müsəlmanların lideri seçilir. Lakin bu fraksiya çox şəkmir. Bu fraksiyada da Çar hökumətinin fəaliyyətini tənqid edildiyinə çar bir çox bəhanələri əsas gətirilərək Dumanı 72 gündən sonra qovur. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Müraciətnamə də hökümət verdiyi vədləri pozduğuna görə sərt tənqid olunur. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Çar höküməti bu ittihamlardan qəzəblənərək iştirakcilara qarsı ittiham qaldırır və bir cox deputatlarla yanaşı Topcubasov da həbs edilir.
Ə.Topçubaşovun siyasi fəaliyyəti 1917-ci illər çevrilişindən sonra genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə bütün quvvəsi ilə qoşulmuşdur. Fevral və Oktyabr inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni və bolşeviklər tərəfindən kütləvi qırğinların törədilməsi müstəqil dövlətin yaradılmasına çağırışları gücləndirir.
Bununla əlaqədar Dövlət Dumasının Qafqazdan olan üzvləri Tiflisdə bir araya gələrək Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. 1918-ci ilin martında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədəmin Rəsulzadə ilə birlikdə həmin il mayın 28-də Azərbaycan Respublikasının bəyannaməsini elan etdilər. Bundan sona hökümətin qarşısında növbəti böyük çətinlik respublikanın başqa ölkələr tərəfindən tanınması idi. Növbəti iki il ərzində Topçubaşovun yeni yaranan respublika qarsısında əsas məqsədi elə bundan ibarət idi. O, ilk növbədə İstanbulda Osmanlı hökuməti ilə danışıqlara başladı. Azərbaycan nümayəndə heyəti Türkiyə ilə etnik və dini bağlılığı tanıdı və Osmanlının hərbi dəstəyinə görə təşəkkürünü bildirdi.
1918-ci ildə Azərbaycan nümayəndə heyyəti Paris sülh konfransında iştirak etmək üçün İstanbula gəlir. Topçubaçovun oğlanları da katib qismində onu müşayət edirdilər. Azərbaycan nümayəndə heyyəti ilə birgə Ermənistan və Gürcüstan heyyəti də öz ölkərini tanıtmaq məqsədilə bu konfransda iştirak etmək üçün Parisə gəlmişdilər. 1919-cul ildə Gürcüstan və Ermənistan nümayəndə heyyəti Fransaya viza ala bilir. Onlar ora gedir və təblığat işinə başlayırlar. Azərbaycanın isə Turkiyəyə nəzarət edən B.Britaniya və Fransa tərəfində vizaları ləngidilirdi. Topçubasov nümayəndə heyyəti ilə birgə 1919-cu ildə Parisə gəlib çıxa bilirlər. Onlar Azərbaycanın bütövlüyünün tanınması üçün danışıqlara başlayırlar. Lakin artıq gec idi. Növbəti illərdə də Topcubaşov müstəqilliyimiz tanınması üçün Fransada danışıqlar aparırdı. Müttəfiqlər 8 aya yaxın müstəqil respublikamızı tanımaq istəmir və Azərbaycanda tezliklə yenidən bolseviklərin hakimiyyətə gələcəyinə inanırdılar. Nəhayət 1920-ci ildə Topçubaşov və onun komandası şərqdə ilk demokratik cümhüriyyət Azərbaycanın müstəqilliyini tanıda bildilər və bu çətin mübarizədə onlar qələbə qazandılar.
Lakin çox keçmədiki 1920-ci ildə Azərbaycan bolçeviklər tərəfindən yenidən tutulur. Bu vəziyyət Topçubaçovun bütün əməyini, səylərini məhv edir və cəmi 23 ay yasayan gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoyulur. Milli hökümət azərbaycanı tərk etməyə məcbur olur. Şəhərdə kommunist reğimi qurulduqdan sonra M. Ə. Rəsulzadə Turkiyidə, Topçubasov Fransada yaşamalı olurlar. Onlar bir daha vətənə qayıda bilməyərək mühacir həyatı yaşayırlar.. M.Rəsulzadə Avropada və Turkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaradır. Topcubaşovda bu təşkilata qoşularaq ömrünün sonuna qədər vətəninin müstəqilliyi uğrunda, bolsevik rusiyasının onun xalqına qarsı yürütdüyü siyasəti haqda mübarizəsini davam etdirir. O. 1934-cü ildə Parisdə vəfat edir və ora da dəfn olunur.
Z.A.Əhmədova
Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 325 |
Dünən: | 774 |
Bu həftə: | 5694 |
Son həftə: | 6350 |
Bu Ay: | 18403 |
Son Ay: | 25108 |
Bu İl: | 284553 |
Ümumi: | 1304974 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az