Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Əlimərdan bəy Topçubaşov

Son Yenilənmə : 2018-06-21 21:36:35
Baxış sayı : 4740

 

Təkcə Azərbaycan xalqının deyil, bütün Rusiya müsəlmanlarının milli-azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olmuş nadir şəxsiyyətlərimizdən biri də Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurucularından biri, Cümhuriyyət Parlamentinin ilk sədri, xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy 1862-ci il may ayının 4-də Tiflisdə anadan olmuşdur. Hələ uşaq yaşlarında atasını itirən Əlimərdan bəy 1885-ci ildə birinci Tiflis gimnaziyasında orta təhsilini başa vurur. Elə həmin il o, Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur və 1889-cu ildə oranı fərqlənmə diplomu ilə bitirir.

Universteti bitirdikdən sonra bir neçə il Rusiyada işləyən Ə.Topçubaşov 1894-cü ildə Bakıya gəlir və burada görkəmli ictimai xadim Azərbaycan mətbuatı tarixinin yaranmasında müstəsna xidmətləri olmuş Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurur.

Əlimərdan bəy ilk vaxtlar Bakıda hüquq-mühafizə orqanlarında işə başlayır. O, burada məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi işləyir. Lakin hökumət məmurluğu onun ürəyincə olmadığı üçün tezliklə bu vəzifələrdən imtina edərək Bakıda müstəqil vəkil kimi fəaliyyət göstərməyə başlayır.

Hüquq elmlərinə dərindən bələd olan Əlimərdan bəy rus və azərbaycan dillərindən başqa fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilirdi. Özünün dərin biliyi və geniş dünyagörüşü ilə o, təkcə Bakıda deyil bütün Rusiyada böyük nüfuz sahibi olan görkəmli maarifpərvər H.Z.Tağıyevin diqqətini cəlb edir. 1895-ci ildə H.Z.Tağıyev «Kaspi» qəzeti redaksiyasını və onun mətbəəsini alır. 1898-ci ildə isə onu yeni binaya köçürərək qəzetə redaktorluğu Ə.Topçubaşova həvalə edir. Bu vaxtdan etibarən Əlimərdan bəy Bakının ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayır və tezliklə şəhər ictimaiyyəti arasında say seçmə ziyalılardan biri olur. Tezliklə o, Bakı dumasına üzv seçilir və hətta bir müddət Bakı dumasına sədrlik də edir. Həmin illərdə Bakıdakı bir çox məktəblərin himayədarlar Şurasının üzvü seçilən Əlimərdan bəy heç vaxt onlardan öz köməyini əsirgəməmişdir.

XX əsrin əvvəllərində çar hökumətinin ucqarlarda, xüsusilə müsəlman xalqları arasında yeritdiyi müstəmləkəçilik və ayrı-seçkilik siyasəti hüquqları tapdalanan xalqların bütün zümrələrindən olan nümayəndələrini o milli zəmində vahid bir cəbhədə birləşməyə sövq edirdi. Müsəlman xalqlarının azadlıq mübarizəsinə hazırlığının təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur.

1905-ci ildəki birinci rus inqilabı Rusiyada olan digər xalqlarla yanaşı müsəlmanlarında ictimai-siyasi şüurunun oyanmasında mühüm rol oynadı. Həmin il avqustun 15-də Nijni-Novqoroddakı yarmarka zamanı Oka çayında «Qustav Struve» gəmisində ümumrusiya müsəlmanlarının birinci qurultayı açılmışdı. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən 150 nəfərə yaxın nümayəndə iştirak edirdi. Qurultaya hüquq elmlərinin gözəl bilicisi, özünəməxsus dərin siyasi zəkaya və böyük təşkilatçılıq bacarığına malik Ə.Topçubaşov rəhbərlik edirdi. Həmin qurultayda çıxış edən Əlimərdan bəy deyir: «Ey möminlər ! Ey qardaşlarım, mən bu gün o qədər məmnun oldum ki, bu məmnunluğumu heç bir vaxt xatirimdən çıxarmaram. Bu günün bundan sonra ümumrusiya müsəlmanları üçün hər il milli bayram olacağı şübhəsizdir. Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbdən Şərqə qədər bizim atalarımızın mülkü idi. Atalarımız o qədər qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında, Krımın bağlarında, Kazanın çöllərində və Orta Asiyanın ovalıqlarında atalarımızın mülkü olan öz vətənimizdə, öz torpaqlarımızda, öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmadı».

Qurultayda Əlimərdan bəyin rusca hazırladığı 23 maddəlik nizamnamə və 79 maddəlik proqram layihələri üzrə «Ümumrusiya müsəlman ittifaqı» - «İttifaqül-Müslimin» partiyasını təşkil etmək qərara alınır. Qurultay Ə.Topçubaşov tərəfindən yazılmış Rusiya müsəlmanları arasında əlaqələr yaratmaq məsələlərinə həsr olunmuş qətnamə layihəsinidə cüzi dəyişikliklərlə qəbul edir. Qətnamədə göstərilirdi ki, Rusiya müsəlmanları türk xalqlarının ictimai, siyasi, iqtisadi və mədəni həyatına aid bütün məsələlərə münasibətdə həmrəy olmalı, birlikdə mübarizə aparmalıdırlar.

1906-cı il yanvarın 13-23-də Peterburqda gizli şəkildə Rusiya müsəlmanlarının 2-ci qurultayı keçirilir. Qurultayda azərbaycanlılar tərəfindən Əlimərdan bəy Topçubaşov, Q.Qarabəyov və A.H.Axundov iştirak edirdilər. Əlimərdan bəyin sədrliyi ilə keçən bu qurultayda da yuxarıda göstərildiyi kimi 1905-ci il avqustun 15-də keçirilən 1-ci qurultayda Əlimərdan bəy tərəfindən hazırlanaraq  müzakirəyə verilmiş «Müsəlman ittifaqı» partiyasının 23 maddəlik nizamnaməsi və 79 maddəlik proqramına yenidən baxılaraq qəbul edilir.

1906-cı il avqust ayının 16-21-də isə Nijni-Novqorodda yenə də Ə.Topçubaşovun sədrliyi ilə Rusiya müsəlmanlarının 3-cü qurultayı keçirilir. Əvvəlki qurultaylardan fərqli olaraq bu qurultayın keçirilməsinə çar hakimiyyət orqanları rəsmən razılıq verməmişdi. Bu qurultayda Əlimərdan bəyin hazırladığı «İttifaq» partiyasının nizamnamə və proqramına yenidən baxılır. Habelə qurultay yenə də Ə.Topçubaşov tərəfindən hazırlanmış türk müsəlman gənclərinin Rusiyadakı digər millətlərin gəncləri ilə bərabər təhsil hüquqları barədə tələbləri ilə bağlı layihəni də müzakirə edərək qəbul edir. Bu qurultayda digər iki məsələ haqqında da qərar qəbul olunur. Onlardan biri müsəlman qadınlarının seçmək və seçilmək hüququ, ikincisi isə Qafqaz şiyə müsəlmanları ilə sünnü tatarlar arasındakı məzhəb ayrılığının «İttifaq» da iş birliyinin uyğunlaşdırılması idi.

1906-cı il aprelin 27-də Peterburqda açılan I Dövlət dumasına Bakı və Yelizavetpol quberniyalarından həmin ilin mayında seçilmiş azərbaycanlı deputatlar – Ə.Topçubaşov, M.Əliyev, Ə.Muradxanov, İ.Ziyadxanov və Ə.Haqverdiyev yalnız iyun ayının əvvəllərində dumanın işində iştirak etmək imkanı qazanırlar.

Bakı quberniyasından I Dövlət dumasına deputat seçilən Ə.Topçubaşov tezliklə dumanın ən fəal deputatlarından biri olur. Əlimərdan bəyin təşəbbüsü ilə iyun ayının 21-də I Dövlət dumasında olan müsəlman deputatları bir yerə yığılaraq dumanın «müsəlman fraksiyası»nı yaradır və fraksiyanın 7 nəfərdən ibarət bürosunu seçirlər. Azərbaycandan Ə.Topçubaşov və Ə.Ziyadxanov da bu büroya daxil olur. 22 nəfərdən ibarət fraksiyanın sədri isə Əlimərdan bəy seçilir. Fraksiya qərar qəbul edir ki, müsəlman deputatlar xalq azadlığı partiyası ilə birlikdə hərəkət etsinlər.Ə.Topçubaşov çar hakimiyyətinə müxalifətdə olan qeyri rus millətlərinin Dövlət Dumasında yaratdıqları «Muxtariyyatçılar» qrupunun da fəal iştirakçısı idi. O, müsəlmanların arzu və istəklərini çatdırmaq üçün duma tribunasından məharətlə istifadə edirdi.

Çar II Nikolayın iyunun 22-də Dövlət Dumasını qovmaq haqqında fərmanına etiraz əlaməti olaraq «Müxtariyyatçıların» Vıborq şəhərində imzaladıqları və «Vıborq bəyannaməsi» adı ilə dərc etdirdikləri çara etiraz bəyannaməsini imza edən 167 nəfərə, o cümlədən Topçubaşov və Ziyadxanova üç aylıq həbs cəzası kəsilir və onlar gələcəkdə Dövlət Dumasına deputat seçilmək hüququndan məhrum edilirlər. Bu hadisədən sonra Əlimərdan bəy «Kaspi» qəzetinə rəhbərlikdən də uzaqlaşdırılmış və Bakı şəhər duması toplanaraq onu şəhər duması üzvlüyündən də xaric etmişdi. Seçib və seçilmək kimi siyasi hüquqlardan məhrum edilən Ə.Topçubaşov üçün müsəlman parlament üzvləri və «İttifaq» partiyası üzvləri tərəfindən Moskvada «Daimi təmsilçilik» bürosu açaraq ona fəaliyyət üçün imkan yaradılmışdı. Moskvada Əlimərdan bəyin rəhbərliyi ilə tez-tez toplantılar keçirilərək müxtəlif məsələlər, o cümlədən «Torpaq islahatı» məsələsi də müzakirə olunmuş, hüquq elmləri sahəsində Əlimərdan bəyin bilik və təcrübəsindən geniş istifadə edilmişdir.

Rusiya müsəlmanlarının digər böyük nüfuzlu şəxsiyyəti, uzun illər Krımın Baxçasaray şəhərində nəşr edilmiş «Tərcüman» qəzetinin sahibi və naşiri İsmayıl bəy Qaspirinskinin 1908-ci il aprel ayının 11-də Baxçasaraydan «Tərcüman» qəzeti redaktorunun blankında Ə.Topçubaşova yazdığı məktub Əlimərdən bəyin 1905-ci ildən sonrakı fəaliyyətinə aydınlıq gətirmək üçün çox xarakterikdir. Bu məktubdakı eyhamlar çox şeydən xəbər verir. O yazırdı: «Əzizim Mərdan ! Bizim birlikdə əzab çəkdiyimiz və başladığımız işin vəziyyəti, fraksiyanın vəziyyəti, bizim komitənin işi sənin şəxsində mənə məlumdur. Ona görə də sualı bir başa verirəm: Sonra nə? Necə olsun? Doğrudanmı hər şey bitdi…heç vaxt ! Hər şeydən əvvəl sən Peterburqda qalmalısan. Vilayətlərdə isə rus yaxud da Rusiya böhranının yaşanmış olduğu hərcmərclik dövründən daha ciddi təşkilatçılıq işləri başlanır. Xalqın və ziyalıların fikri daha ciddiləşib. Xalq işində psixoloji dönüş yaranır, nifaq və aludəlikdən uzaq yeni bir dövr başlanır. Bax, küt və yaramazlar istisna olmaqla, sağlam düşüncəli bütün insanlar sənin Peterburqda olmağının əhəmiyyətini anlayır. Ona görə də sənə lazımdır ki, orada qalasan və yaşayasan. Sonra hər hansı hadisə baş verərsə belə səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və bunu sən bilməlisən ki, sən xalqa daha çox lazımsan».

Lakin məlum olduğu kimi Rusiyada 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irtica yenidən baş qaldırır, əvvəllər verilmiş nisbi azadlıqlar getdikcə geri alınırdı. Belə bir şəraitdə Rusiya müsəlmanları tərəfindən «İttifaq» partiyasının sədri seçilmiş Ə.Topçubaşov müsəlman fraksiyasının daimi təmsilçisi olaraq Moskvada fəaliyyət göstərərkən idarənin maddi çətinliklərinin artmasına görə 1910-cu ildə Moskvanı tərk edərək Bakıya dönməyə məcbur olur.

İrtica illərində belə Bakıda keçirilən ictimai və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən Ə.Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət bir «Məşvərət» məclisi təşkil edərək müsəlmanların həllini gözləyən tələbləri barədə Dövlət Dumasına təqdim etmək üçün «Tələblər paketi» hazırlayaraq həmin heyət adından çar hakimiyyət orqanlarına göndərir.

Ə.Topçubaşov 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil etmiş, 1917-ci ildə isə əvvəlcə Bakıda, sonra isə Moskvada keçirilmiş müsəlmanların qurultayına sədrlik etmişdi.

Rusiyada 1917-ci il fevral inqilabı nəticəsində mütləqiyyət üsuli-idarəsinin devrilməsi nəticəsində yaranmış müvəqqəti hökumət özünün 1917-ci il 2 mart tarixli deklarasiyası ilə geniş demokratik dəyişikliklər ediləcəyinə – söz, mətbuat, yığıncaq, ittifaq, tətil və s. kimi siyasi azadlıqlar veriləcəyinə, silki, irqi, milli, dini bərabərsizliklərin aradan qaldırılacağını elan edir. Ümumi, bərabər, müstəqil və gizli səsvermə yolu ilə Müəssislər Məclisi çağıracağına söz verir.

Lakin tezliklə bu vədlərin tətbiqi prosesi heçə endirilir. Cəbhədə geniş miqyaslı hərbi hücum əməliyyatları məğlubiyyətlə nəticələnir, həmin ilin iyulunda Petroqradda baş verən hadisələr hökumət böhranı yaradır. Belə mürəkkəb bir şəraitdə 1917-ci il avqustun 12-15-də hökumət Moskvada Dövlət Şurasının müşavirəsini çağırır. Məqsəd isə ölkədə yaranmış siyasi vəziyyəti öyrənmək idi.

Rusiya müsəlmanlarının 8 demokratik təşkilatlarının – Ümumrusiya Müsəlman Şurası, Ümumrusiya Müsəlman Hərbi Şurası, Zaqafqaziya Müsəlmanları Mərkəzi Komitəsi funksiyasını yerinə yetirən Müsəlman İctimai Təşkilatlarının Bakı Komitəsi, Şimali Qafqaz və Dağıstan dağlılarının birləşmiş Mərkəzi Komitəsi, Türküstan Ölkə Şurası, Krım Vilayət Komitəsi, Qırğızistan və Başkırdıstan Vilayət Şuraları adından onların ümumi mövqeləri barədə avqust ayının 14-də Dövlət Şurasının müşavirəsində Ə.Topçubaşov geniş nitq söyləyir.  Öz çıxışında Əlimərdan bəy Rusiyada «dövlət quruluşunun əsasına müsəlman xalqlarının öz müqəddəratlarının təyini şuarının qoyduğunu»da bəyan edir.

Əlimərdan bəy öz nitqini bu sözlərlə bitirir: «Onlar (yəni müsəlmanlar – A.P.) əmindirlər ki, azad, demokratik Rusiya özündə bütün xalqların, o cümlədən də müsəlman xalqlarının bərabərlik və qardaşlığının bərqərar ediləcəyi gün üzaqda deyil… O vaxt bizdə bir səslə sevinclə deyəcəyik: Günəş Şərqdən doğur !»

1917-ci ilin sonuna qədər Bakıda Azərbaycan Milli Komitəsinə sədrlik edən Əlimərdan bəy elə həmin il Gəncədən Rusiya Müəssislər Məclisinə nümayəndə seçilir.

Onu da qeyd edək ki, sonralar çox məsul siyasi və dövlət vəzifələri tutmasına baxmayaraq Ə.Topçubaşov 1917-ci ilin fevralından ömrünün sonuna kimi heç bir siyasi partiyanın üzvü olmamışdır.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Yeni yaranmış Müstəqil Azərbaycan Cümhuriyyətinin bütün dünyada tanıdılmasında Əlimərdan bəyin xidmətləri əvəzsizdir. F.X.Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi ikinci hökumətdə əvvəlcə portfelsiz nazir, avqustun 20-dən isə Xarici İşlər Naziri vəzifəsini tutan Ə.Topçubaşov avqustun 23-də Azərbaycan Cümhuriyyəinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula yola düşmüşdü. Lakin, ondan asılı olmayan səbəblərə görə o, yolda ləngiyərək Tiflis və Batumda qalmalı olmuş və yalnız sentyabrın 28-də İnstanbula gedib çıxa bilmişdi. İnstanbula gələn kimi Əlimərdan bəy qızğın diplomatik fəaliyyətə başlamışdır. 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək o, İstanbulda 36 rəsmi görüş keçirmiş, danışıqlar aparmışdır. Danışıqlar barədə onun ətraflı qeydləri bu gündə arxivlərimizdə qorunub saxlanılır. Əlimərdan bəyin qeydlərində onun Türkiyə hökumətinin baş nazirləri Tələt paşa, İzzət paşa, Tofiq paşa ilə, Türkiyənin xarici işlər, ədliyyə, hərbi, xalq maarifi, maliyyə naziri və digər yüksək rütbəli hökumət nümayəndələri ilə və Şeyxülislamla görüşləri barədə ətraflı məlumat verilir.1919-cu il yanvar ayının 10-da isə onu Sultan Mehmed qəbul edir. Əlimərdan bəy deyəndə ki, «…biz azərbaycanlıların bədxahları həmişə olub və yenə də var. Amma sizi əmin etməyə cürət edirəm ki, azərbaycan türkləri heç vaxt bu düşmənlərdən qoxmamışlar. Ona görə bilirdilər ki, onların Türkiyə kimi «böyük dostu var». Sultan Əlimərdan bəyin sözlərinə düzəliş edərək «Dostu yox, qardaşı !» - deyir.

İstanbulda olarkən Əlimərdan bəy İngiltərənin, ABŞ-ın, İtaliyanın, Hollandiyanın, İsveçin, İranın, Ukraynanın İstanbulda olan səlahiyyətli nümayəndələrlə, İranın Xarici İşlər Naziri M.Əliqulu xanla, Rusiyanın keçmiş Xarici İşlər Nazirləri P.Milyukov və S.Sazonovla, Ermənistanın Paris Sülh Konfransına gedən nümayəndə heyətinin rəhbəri A.Ağaronyan və başqaları ilə görüşür və söhbət aparır. Bu görüşlər və  söhbətlər barədəki qeydlər Ə.Topçubaşovun dərin biliyə, geniş dünyagörüşünə, diplomatik danışıqlar aparmaq səriştəsinə, beynəlxalq hüquq və diplomatiya elmi ilə dərindən tanışlığına bir daha əyani sübutdur.

Əlimərdan bəy burada İstanbulda «Azərbaycan mətbuat bürosu»da yaratmışdı. Bu büronun Azərbaycan haqqında məlumatlar toplamaq, yaymaq və Azərbaycanın xaricdə tanıdılmasında mühüm xidmətləri olmuşdur.

Ə.Topçubaşov Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz xalqları arasında olan dini və milli fərqlərə baxmayaraq müştərək mənafeləri naminə birlikdə federasiya şəklində yaşamalarının qızğın tərəfdarı idi. O, 1918-ci ilin sonlarında İstanbulda nəşr etdirdiyi «Azərbaycanın təşəkkülü» kitabında bu barədə öz fikrini belə izah etmişdi: «Zaqafqaziya seymi bu məmləkətin tarixində ən parlaq bir şanlı səhifə olaraq öz işinə 1918-ci il aprelin 9-da Zaqafqaziya istiqlalını elan etməklə bildirmişdi. Zaqafqaziya seyminin təşəbbüsü ilə Azərbaycan türklərini, erməniləri və gürcüləri bir dərəcə daha birləşdirilmiş və Gürcüstan, Azərbaycan və Ermənistan adı ilə hər birini ayrılıqda müstəqil və eyni zamanda hər üçündən bir mürəkkəb Zaqafqaziya Cümhuriyyəti birliyi vücuda gətirməklə üç müstəqil hüquqi əlaqələrlə bir-birlərinə daha ziyada bağlanmışlar».

Onu qeyd edək ki, Ə.Topçubaşov Qafqazdakı millətlərin vahid bir federasiyada birləşməsi arzusunda idi. O, hesab edirdi ki, bununla da bu xalqlar öz aralarındakı münasibətləri daha yaxşı qura və kənar müdaxilələrə qarşı birlikdə daha müvəffəqiyyətlə cavab verə bilərlər. Beləki o, 1918-ci il dekabrın 16-da İstanbuldan Azərbaycan Cümhuriyyəti hökumətinin sədri F.X.Xoyskiyə yazdığı məktubunda bir daha təklif edirdi ki, bütün Zaqafqaziya Cümhuriyyətlərinin nümayəndələri Paris Sülh Konfransında vahid nümayəndə heyəti ilə çıxış etməlidirlər. Əlimərdan bəy öz məktubunda F.X.Xoyskiyə bu məsələ barədə sülh konfransı ölkələrinə xüsusi memorandumla müraciət etdiyini də bildirirdi.

Maraqlıdır ki, ermənilərin bu işə razı olacaqlarına Ə.Topçubaşov şübhə ilə yanaşırdı. Belə ki, o hələ 1918-ci il oktyabrın 2-də Türkiyənin Xarici  İşlər naziri Əhməd Nəsim bəylə görüş zamanı Zaqafqaziya Cümhuriyyətlərinin birlikdə hərəkət etməsinin mümkünlüyünə ermənilərin ərazi iddialarına görə mane olacaqlarını bildirirdi. Əhməd Nəsim bəyin Paris Sülh Konfransına Azərbaycan, Gürcüstan və Ermənistanın birlikdə getmək təklifi zamanı Əlimərdan bəy ona belə cavab vermişdi: «Cənab nazir biz də qonşularımızla dostluq şəraitində bu işi görmək istəyirik. Ancaq qorxuram ki, ermənilərlə razılığa gələ bilməyək, çünki ermənilərin iştahası çox böyükdür və həmdə bu iştahaları özgələrinin, ilk növbədə isə bizim hesabımıza doydurmaq istəyirlər. Az qala bütün paytaxtlarda bizim mənafeimizin zərərinə təbliğat aparır, bizi dövlət həyatı qurmağa qabil olmayan və başqa millətlərlə barışmaz millət kimi qələmə verirlər».

Ə.Topçubaşov İstanbulda Azərbaycanın fovqəladə elçisi və səlahiyyətli naziri kimi fəaliyyət göstərdiyi dövr Osmanlı dövlətinin hərbi və sosial-iqtisadi vəziyyətinin ən, böhranlı zamanlarına təsadüf edir. Almaniya-Osmanlı ittifaqı dünya müharibəsində məğlub olur. 1918-ci il oktyabrın 30-da İngiltərə ilə Türkiyə nümayəndə heyəti arasında Mudrost limanında saziş imzalanır. Bu sazişə görə Zaqafqaziyanın qapıları ingilis müdaxiləçilərinin üzünə açıq elan edilir. Həmin sazişin 11-ci maddəsinə əsasən Azərbaycan İngiltərənin nüfuz dairəsində elan olunur, 15-ci maddəsinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.

Bu sazişlə bağlı Ə.Topçubaşov noyabrın 3-də İstanbulda həmin sazişi imzalamış dənizçilik naziri, Batum və Trabzon konfranslarında Türkiyə nümayəndə heyətinin rəhbəri Rauf bəylə, noyabrın 4-də  Xarici İşlər Nazirinin müavini Rəşid Hikmət bəylə və noyabrın 5-də isə Xarici İşlər Naziri Naib bəylə görüşərək Mudrost sazişinin Azərbaycana aid 11 və 15-ci maddələriilə əlaqədar öz etirazını bildirir. Onlar öz cavablarında məğlub tərəf kimi Türkiyənin bu sazişi bağlamağa məcbur olduğunu bildirir və qeyd edirlər ki, siz müstəqil dövlət kimi öz hüquqlarınızı qorumağa haqlısınız.

1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildikdən sonra Azərbaycan Cümhuriyyəti hökuməti Bakıya köçür, noyabrın ortalarında Azərbaycan Cümhuriyyəti Milli Şurası öz fəaliyyətini bərpa edir və noyabrın 19-da 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyət Parlamentinin yaradılması barədə Qanun qəbul edir.

1918-ci il dekabr ayının 7-də təntənəli şəraitdə öz işinə başlayan Cümhuriyyətin Parlamenti özünün ilk iclasında M.Ə.Rəsulzadənin təklifləri ilə həmin vaxt İstanbulda olan Əlimərdan bəyi qiyabi olaraq bir səslə özünün sədri. Sədr burada olmadığı üçün parlamentin işini onun birinci müavini seçilən Həsən bəy Ağayev idarə edir.

Elə həmin il dekabr ayının 28-də isə Ə.Topçubaşov, Paris Sülh Konfransına göndəriləcək Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinə sədr təyin olunur və İstanbuldan birbaşa Parisə gedir. 1919-cu ilin dekabrında o, yenidən Cümhuriyyət Parlamentinə sədr seçilirsə də, taleyin hökmü ilə ömrünün sonuna qədər doğma vətəni olan Azərbaycanı görə bilmir.

1918-ci il dekabr ayının axırlarında Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin Parisə getməsi üçün viza verilməsinə böyük əngəllər törədilir. Bu işdə uzun illər Avropa ölkələrinin paytaxtlarında lövbər salmış ermənilərin xalqımıza və Azərbaycan nümayəndə heyətinə qarşı apardığı təbliğatın böyük rolu olmuşdur.

Nəhayət ki, Əlimərdan bəyin səyləri, yorulmadan apardığı təşkilatçılıq işlərinin nəticəsində yalnız üç aylıq mübarizədən sonra Parisə getmək üçün viza alan nümayəndə heyəti 1919-cu il aprel ayının 22-də dəniz və dəmir yolu ilə Parisə yola düşür və may ayının birinci ongünlüyündə böyük çətinliklərlə Parisə çatır.

Parisdə Ə.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin gecə-gündüz yorulmadan apardıqları diplomatik görüşlər, danışıqlar getdikcə öz nəticəsini verməyə başlayır. Beləki, ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsi gündəliyə salınaraq müzakirə olunur. Yığıncaqda bilavasitə Prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıdığı və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifi qəbul olunur. Bu isə nümayəndə heyəti üzvlərinə rahat nəfəs almağa və böyük həvəslə fəaliyyət göstərməyə imkan verir.

1919-cu il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci ildönümü günündə ABŞ Prezidenti V.Vilson. Ə.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul edir.

Qəbul zamanı nümayəndə heyətinin irəli sürdüyü təkliflərə cavab olaraq V.Vilson bildirir ki, onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər, Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxırlar. Bu federasiya Millətlər liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsində ola bilər, Qafqazda federasiya və ya Azərbaycanın müstəqilliyinin tanınması məsələsi isə rus məsələsindən əvvəl həll edilə bilməz.

Görüşdə Ə.Topçubaşov Vilsondan xahiş edir ki, konfransda ABŞ nümayəndə heyəti Azərbaycana dəstək versin və Azərbaycan haqqında yalnız bizim nümayəndə heyətinin verdiyi səhih məlumatlara istinad edilsin. Başqa mənbələrdən alınan məlumatlara etibar edilməsin. Görüşün sonunda Əlimərdan bəy nümayəndə heyətinin memorandum-xatırlatmasını da Vilsona təqdim edir.

ABŞ Prezidenti Vilsonla görüş zamanı nümayəndə heyəti Azərbaycan ərazisində Kolçakın hakimiyyətinin tanınmasının qeyri-mümkünlüyünü də elan edir və həmin il iyun ayının 5-də nümayəndə heyəti adından Sülh Konfransının sədrinə və Müttəfiq Dövlətlərin baş nazirlərinə keçmiş Rusiyanın bütün ərazisində Kolçakın hakimiyyətinin tanınması ehtimalı ilə əlaqədar etiraz notası göndərilmişdir.

Bundan sonra nümayəndə heyəti geniş şəkildə təbliğat işlərinə başlayır. Onlar  çoxlu görüşlər keçirməklə, geniş təbliğat işi aparmaqla yanaşı qısa bir vaxtda, sonunda Azərbaycanın Cümhuriyyətinin xəritəsi də verilməklə «Qafqaz Azərbaycanı Cümhuriyyəti» adlı 50 səhifəlik Azərbaycanı tanıdan kitabçanı nəşr edərək Sülh Konfransının bütün iştirakçılarına paylamışlar. Bundan əlavə Sülh Konfransına gənc Azərbaycan Cümhuriyyətinin tələbləri və Azərbaycan haqqında digər məlumat kitabçaları da hazırlayıb ingilis və fransız dillərində nəşr etdirərək Sülh Konfransı nümayəndələrinə paylayırlar. Bu ədəbiyyatlar arasında Ə.Topçubaşov tərəfindən hazırlanmış Azərbaycanın siyasi vəziyyəti və bizim tələblərimiz haqqındakı memorandum, M.H.Hacınski  tərəfindən hazırlanmış Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti haqqında broşüra, Ə.Şeyxülislamov tərəfindən hazırlanmış «Qafqaz Azərbaycanı əhalisinin antropoloji və etnik  tərkibi» broşürası, habelə Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin fransız dilində nəşr etdiyi Azərbaycan haqqında məlumat bülletenləri və s. var idi.

Ə.Topçubaşov  başda olmaqla Versal Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin fəaliyyəti tezliklə öz nəticələrini verir. Onu da qeyd edək ki, nümayəndə heyəti müxtəlif partiyaların və fraksiyaların üzvləri olmasına baxmayaraq Sülh Konfransında vahid mövqedən – gənc Azərbaycan Cümhuriyyətinin mənafei mövqeindən çıxış edirdilər. Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin tərkibində olan parlamentin sosialist fraksiyasının üzvü M.Məhərrəmovun sosialistlər bloku  tərəfindən geri çağırılması ilə bağlı məsələ barədə Ə.Topçubaşov Cümhuriyyət hökumətinin sədrinə ünvanladığı 1919-cu il 6-10 noyabr tarixli məktubunda bu çağırışa etirazını bildirərək yazırdı: «Nümayəndə heyəti ayrı-ayrı partiyalara mənsub şəxslərdən təşkil olunsa da, özünün indiyə qədərki  fəaliyyətində bütünlüklə partiya maraqlarına deyil, Azərbaycanın mənafelərini əsas tutan ümumi mülahizələrə əsaslandığını bildirməyi özümə borc sayıram. Məncə bu bizim nümayəndə heyəti üçün müsbət haldır və onun üzvlərinə şərəf gətirir».

Artıq 1919-cu ilin axırlarına yaxın Rusiyada bolşeviklərin vəziyyətinin getdikcə möhkəmlənməsi, habelə müttəfiq ölkələrinin son ümidi olan Denikinin, Yudeniçin və Kolçakın məğlubiyyətləri, qalib müttəfiq ölkələrinin Rusiyanın bütövlüyünü bərpa etmək arzusunu puç edir. Belə olduqda onların keçmiş çar Rusiyasına daxil olan və Rus inqilabından sonra öz müstəqilliklərini elan etmiş ölkələrə münasibətləri dəyişir. Beləki İngiltərənin baş naziri Lojd Corc 1919-cu il noyabrın 17-də İcmalar Palatasında söylədiyi nitqində yenidən Rusiyaya daxil olmaq istəməyən ölkələr kimi iki dəfə Azərbaycanın, Gürcüstanın və Ermənistanın adını çəkmişdir. Münasibətin bu cür dəyişməsi özünün müstəqilliyini elan etmiş ölkələrin nümayəndələrinin ümidini artırır və onların tanınacağına əlverişli şans yaradırdı. Nəhayət 1920-ci il yanvar ayının 11-də Paris Sülh Konfransı iştirakçı dövlətlərinin Ali Şurası çox gərgin şəraitdə Qafqaz məsələsini müzakirə edir və Corc Kerzonun təklifi ilə Azərbaycan və Gürcüstan hökumətlərinin müsləqilliyini de-fakto tanıdıqlarını elan edirlər. Hazırlanan sənəd yanvarın 12-də ali şura üzvləri tərəfindən imzalanır, yanvarın 15-də isə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov və M.Məhərrəmov Fransa Xarici İşlər Nazirliyinə dəvət olunaraq qərar onlara rəsmən təqdim olunur. Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması barədə məlumat alan Azərbaycan xalqı yanvarın 14-15-də bu hadisəni böyük bayram kimi qeyd edir. Bu hadisə xalqımızın və xüsusilə Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş sülh nümayəndə heyətinin böyük qələbəsi idi.

Təssüflər olsun ki, bu qələbə sevinci uzun sürmədi. 1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının XI Ordusu Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

İşğaldan sonra bir daha Azərbaycana qayıtmayaraq Parisdə yaşayan Əlimərdan bəy 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyətinin toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında Sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq Cümhuriyyət hökuməti tərəfindən ona verilmiş mandatla iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məlumatlar vermişdi.

Ə.Topçubaşov ömrünün sonuna qədər xaricdə olan mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdir ki, buda başqa bir məqalənin mövzusudur.

Ə.Topçubaşov 1934-cü il noyabr ayının 5-də Parisin Sen-Deni rayonunda vəfat etmiş və St. Kloud qəbirstanlığında dəfn olunmuşdur.

Həyatını təkcə öz xalqının deyil, həmdə bütün Rusiya müsəlmanlarının azadlığı uğrunda mübarizəyə həsr etmiş Əlimərdan bəyin xatirəsi bu gün təkcə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda bütün türk xalqları tərəfindən minnətdarlıqla yad edilir.

 

Ataxan Paşayev

Milli Arxiv İdarəsinin rəisi, 

 

Tarix elmləri doktoru

 



Bugün: 739
Dünən: 793
Bu həftə: 1532
Son həftə: 5729
Bu Ay: 2234
Son Ay: 25108
Bu İl: 268383
Ümumi: 1288804
1288804