Azərbaycan Dövlət Tarix Arxivində XIX əsrdə yaşamış və fəaliyyət göstərmiş onlarla tanınmış pedaqoqlarımıza dair qiymətli sənədlər saxlanılır. Haqqında daha çox, ondan artıq mənbə olan, dövrünün böyük ziyalılarından biri də Əlisgəndər Cəfərzadədir.
Görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1887-1890-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır. Bu barədə Əlisgəndər Cəfərovun Bakı şəhər Qolovasına yazdığı ərizədə göstərilir (f.1013, siy.1, sax.vah.2, səh.2).
1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakıda Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim (f.1013, siy.1, sax.vah.2, səh.28), 1906-1918-ci illərdə "Nəşri-maarif" cəmiyyətində katib, 1920–1924-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin və "Azərnəşr" də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor işləmişdir. Dövlət Tarix Arxivinin sənədlərində 29 yanvar 1927-ci ildən 21 avqust 1928-ci ilə qədər Ə. Cəfərovun "Azərneft"də kadr şöbəsinin rəisi kimi xidmət etdiyi göstərilir (f.1013, siy.1, sax. vah.37, səh.16).
Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəşri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. Daha bir marağlı sənəd Əlisgəndər Cəfərzadənin Birinci Azərbaycan elmi nailiyyətlərin yubiley sərgisində türk nəşriyyatında qiymətli əməklərinə görə mükafata layiq görülməsi barədə aldığı diplomdur (f.1013, siy.1, sax.vah.29, səh.1).
XX əsrin əvvəllərində Azərbaycanda genişlənən maarifçilik işi bir sıra maraqlı nəşrlərin işıq üzü görməsinə şərait yaratdı. "Dəbistan" adlı ilk uşaq jurnalı məhz belə nəşrlərdəndir. “Dəbistan” jurnalının çıxarılmasına görə Cəfərzadənin Bakı şəhərinin Qradonaçalnikinə icazə üçün yazdığı ərizə (f. 1013, siy.1, sax.vah. 6, səh. 1) hələ də tarixi qiymətini saxlamaqda davam edir.
Böyük maarifçi Əlisgəndər Cəfərzadənin təşəbbüsü ilə 1906-cı il aprelin 16-da fəaliyyətə başlayan "Dəbistan" jurnalı mətbuat aləmində yeni bir istiqamətin başlanğıcını qoydu. Əvvəla qeyd edək ki, Ə.Cəfərzadə jurnalın razılığını əldə etmək üçün çox böyük zəhmətə qatlaşmalı olmuşdu. Bakı Qradonaçalnikinə göndərdiyi həmin ərizədə belə yazırdı: "Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından, biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı "Dəbistan" adlı bir jurnalı faydalı hesab edirik".
Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda nəşr olunurdu. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. Jurnalın idarəxanəsi H.Z.Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur" sözləri yazılmışdı. Bu xahiş və göstərişə "Dəbistan"ın, demək olar ki, bütün yazarları əməl etmişdilər. "Dəbistan" jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərirdi. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən Firudin bəy Köçərli idi. İmzası imzalar içində tanınmağa başlayan Məhəmməd Hadi də "Dəbistan"ı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.
Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
"Dəbistan" jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını da görmək mümkün idi. Ə.Cəfərzadə böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi" şeirini yazır və bu şeir "Dəbistan"ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda Sultan Məcid Qənizadənin, Həsən bəy Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr də dərc olunurdu. "Dəbistan"ın ətrafına bir çox ziyalı adamların, məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevirirdi. H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli, işıqlı fikir adamlarının "Dəbistan"dakı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdı.
1910-cu ildə Sabirin Balaxanıdakı oğlan məktəbinə işə düzəlməyinə vəsatət edir və onun köməkliyi ilə şair Azərbaycan dili müəllimi vəzifəsinə təyin olunur.
O, 1922-ci ildə "Maarif" adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövrü mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirətül-ətfal" müntəxabatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinin naşiri olmuşdur.
Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur. “Əkbər şah”, “Hacı Seyid Əzim Şirvani”, “Müəllim Naci”, “Əlişir Nəvai”, “Əli bəy Hüseynzadə”, “Həsən bəy Məlikov”, “Tac mahal, yaxud Mümtaz Mahal”, “Məşhur böyük binalar” və s. kimi məqalələrin müəllifidir. Onun hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır. “Balaca Firudin”, “Ata və oğul”, “Mərhəmətli Fatma”, “Cəmilənin sərgüzəşti” və sair.
Həmçinin, "Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun "Gülüstan" kitabına bir nəzər" adlı elmi əsəri, 1900-cü ildə isə Sultanməcid Qənizadə ilə birgə “Kilidi-ədəbiyyat” adlı dərsliyi yazmışdır.
Respublika qarşısında görkəmli xidmətlər göstərdiyinə görə Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Prezidiumunun 16 yanvar 1933-cu il tarixli qərarı ilə Cəfərov Əlisgəndər yoldaşa əmək qəhrəmanı adı verilmişdir (f.1013, siy.1, sax.vah.46, səh.1).
Əlisgəndər Cəfərzadə 28 yanvar 1941-ci il Bakıda vəfat etmışdir. Onun işıqlı xatirəsi hər zaman bizim yaddaşlarımızda yaşayacaqdır.
Səbinə Kamalova
Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı
| Bugün: | 411 |
| Dünən: | 1430 |
| Bu həftə: | 10047 |
| Son həftə: | 11350 |
| Bu Ay: | 38220 |
| Son Ay: | 48584 |
| Bu İl: | 38220 |
| Ümumi: | 1732145 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az