ƏLİYAR QARABAĞLI - 120
Görkəmli pedaqoq, müəllim, ədəbiyyatşünas alim, ədəbiyyatın tədrisi metodikası sahəsində onlarla elmi əsərlərin müəllifi Əliyar Məhəmməd oğlu Qarabağlının adı pedaqoji ictimaiyyətə yaxşı tanışdır. Əliyar Qarabağlı respublikamızda Azərbaycan ədəbiyyatı tədrisi metodikasının ən görkəmli mütəxəssislərindən biri olmuşdur. O, 40 illik müəllimlik fəaliyyəti dövründə həyatını orta və ali məktəblərdə şagird və tələbələrin təlim-tərbiyəsinə həsr etmiş, Azərbaycan dövri mətbuatında öz məzmunlu elmi məqalələri ilə çıxış etmişdir. Ə.Qarabağlı orta məktəbdə sıravi ədəbiyyat müəllimliyindən Azərbaycan Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimi vəzifəsinədək yüksəlmiş, dosent, professor elmi adlarına layiq görülmüşdür.
Əslən qədim türk yurdu Borçalı mahalının Lecbədin kəndindən olan Əliyar Qarabağlı 1921-ci ildə öz doğma kəndində ilk dünyəvi məktəbin açılması təşəbbüskarlarından olub. 20 yaşlı gənc Qarabağlı Əliyar həm də məktəbin müəllimi idi. Dərslər ərəb dilində keçirilirmiş. O zaman ərəb dilini mənimsəyən və təhsilini Qori seminariyasının Qazax filialında davam etdirən Ə.Qarabağlı məktəbdə yeni canlanma yaradaraq kənd uşaqlarında məktəbə həvəs oyatmağa çalışırdı. Daha sonra Bakıda pedaqoji təmayüllü məktəb və texnikum bitirən Ə.Qarabağlı təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirir.
Ə.Qarabağlının xatirələrindən aydın olur ki, ilk illər Bakıda böyük iqtisadi çətinliklərlə yaşayırmış. Kənddə öz böyük ailəsini çətinliklə dolandıran atası ona kifayət qədər pul göndərə bilmirmiş. Yataqxanada yerin olmaması, qaldığı mənzildəki darısqallıq, yarıaclıq onu iş axtarmağa məcbur edir. Nəhayət, çox çətinliklə iki aylıq məzuniyyətə getmiş bir müəllimin yerinə təyin edildiyini sevinclə yazır. Əliyar Qarabağlı müəllimlik fəaliyyətinin ilk günlərini təbəssümlə xatırlayır: “Uşaqlarla xoş rəftar edirdim, gördüm mümkün olmur, uşaqlar şuluqluq edirlər...Gördüm mümkün olmayır, uşaqlar məni ələ salıb oynadırlar, dərs də ayranaşı çıxır. Başladım şeşələnməyə...” (f.527, s.1, sv.172).
Çətinliklər gəlib keçir. Əliyar Bakı məktəblərində dərs verə-verə oxuyur, Pedaqoji İnstitutu fərqlənmə ilə qurtarır. 1931-ci ildə oranı bitirdikdən sonra Ə.Qarabağlı elmi fəaliyyətə başlayır. O zamanlar musiqi aləmində tarın bir musiqi aləti kimi köhnəlmiş olduğunu, onun havalarında guya ağlamaq motivləri olduğunu iddia edərək tarı ləğv etmək məsələsi qalxmışdı. Kimi bu məsələnin lehinə, kimi əleyhinə idi. Belə bir vaxtda Bakı qəzetlərinin birində “Tar ağlamayacaq” sərlövhəli qiymətli fikirlərdən ibarət bir məqalə çıxır. Bu, Əliyarın özünəməxsus çılğınlıqla yazdığı bir əsəri idi. Bu onun ilk işi sayıla bilər. Düzdür, ondan qabaq da Əliyarın xırda, xəbər məzmunlu yazıları çıxırdı, lakin onlar elmi, publisistik əsər deyildilər (f.527, s.1, sv.172).
Var-qüvvəsi və bacarığı ilə xalqına xidmət etməyə başlayan Ə.Qarabağlı məktəblərdə münasib dərsliklərin olmamasını, onlara böyük ehtiyac olduğunu görür və bu ciddi kəsiri aradan qaldırmaq üçün həmin sahəyə girişir. Az bir müddətdə bir çox dərsliklərin müəllifi olur. Bu dərsliklər ona böyük pedaqoji şöhrət qazandırır. Bundan başqa mətbuatda zaman-zaman onun elmi, ədəbi məqalələri çıxırdı.
Görkəmli pedaqoq Bakının 1 saylı məktəbində 1939-cu ilə kimi ədəbiyyat müəllimi işləmişdir. Əliyar Qarabağlının fond sənədlərini araşdırarkən qarşımıza əski bir qəzet kəsiyi çıxdı. Burada, yəni 14 noyabr 1933-cü il tarixli “Kommunist” qəzetində T.Hüseynov adlı müəllifin “Zərərli bir dərs kitabı haqqında” sərlövhəli məqaləsi dərc edilmişdir. Məqalədə 1933-cü ildə F.Qasımzadə və Ə.Qarabağlının birgə tərtib etdikləri və “Azərnəşr” nəşriyyatı tərəfindən çap edilmiş “4-cü təhsil ili üçün ədəbiyyat müntəxəbatı” dərsliyi barədə kəskin fikirlər söylənilir. Məqalə müəllifi - T.Hüseynov adlı şəxs dərs kitabında həyatın ancaq mənfi cəhətdən təsvir edilən materiallarla bol olduğunu yazır, dərsliyə daxil edilən C. Məmmədquluzadənin “Poçt qutusu”, Ə.Haqverdiyevin “Pir” hekayələrini olduqca müvəffəqiyyətsiz seçim adlandırır, dərsliyə 3 hekayəsi daxil edilmiş, müəllifin təbirincə desək “Çəmənzəminli təxəllüsü altında gizlənən” Yusif Vəzir Çəmənzəminlinin “sabiq musavat hökumətinin Ukrayna müvəkkili Mir Yusif Vəzirov” olduğunu “xatırladır”. Məqaləni yazan şəxs dərsliyin həmmüəlliflərindən olan Ə.Qarabağlını da qamçılamağı unutmur:
“Dərs kitabının müəlliflərindən biri Ə.Qarabağlı, şura hökuməti əleyhinə aktiv mübarizə aparan qolçomaq ailəsindəndir. İmdi isə o, necə görürsünüz, məktəb ədəbiyyatının aktiv xadimidir”, -deyə müəllif yazır (f.527, s.1, sv.173).
İşlədiyi illər ərzində Ə.Qarabağlının respublikanın orta məktəblərində ədəbiyyatın tədrisi üsulu haqqında onlarla elmi-metodik əsəri çap olunmuşdur. Orta məktəblərdə Azərbaycan ədəbiyyatının tədrisinə dair qiymətli monoqrafiyalar yazmış Qarabağlı eyni zamanda orta məktəb üçün yazılmış onlarla dərsliklərin də müəllifidir. Ə.Qarabağlının müəllifi olduğu dərsliklər dəfələrlə Azərbaycan Maarif Nazirliyinin elan etdiyi müsabiqələrdə birinci mükafata layiq görülmüşdür. Bu dərsliklərdən uzun müddət Sovet Azərbaycanı məktəblərində istifadə edilmişdir. Şübhəsiz ki, bu dərs vəsaitlərinin yazılmasında Qarabağlıya çoxillik iş təcrübəsi və məktəb işini dərindən bilməsi kömək edirdi. Onu da qeyd etmək lazımdır ki, həmin illərdə Azərbaycan dilində bu mövzuda yazılmış elmi-metodik ədəbiyyat olduqca az idi (f.527, s.1, sv.172).
Əliyar Qarabağlı bir ədəbiyyatşünas alim kimi də tanınırdı. O, Azərbaycan ədəbiyyatına, folkloruna, bunların orta məktəblərdə tədrisinə dair qiymətli məqalələrin müəllifidir. Ə.Qarabağlının Azərbaycan şifahi xalq ədəbiyyatının öyrənilməsi sahəsində böyük xidmətləri vardır. O dövrdə Azərbaycan folklorunun məktəbdə tədrisi üsulundan , demək olar ki, heç bir yerdə bəhs olunmamışdı. Ə.Qarabağlı tamamilə toxunulmamış bir mövzunu seçmiş və bu haqda topladığı materialları, tədqiqat və müşahidə nəticələrini 1949-cu ildə ildə yazdığı “Orta məktəbin ədəbiyyat kursunda Azərbaycan folklorunun yeri və tədris üsulu” adlı dissertasiya işi halında təqdim etmişdir. Ə.Qarabağlının folklor haqqında yazdığı bu elmi əsərdən, xüsusən də onun Azərbaycan foklorunun təsnifinə dair hissələrindən müəllifin sadəcə bir metodist deyil, eyni zamanda ədəbiyyatşünaslıq və folklorşünaslıq məsələlərinə dərindən bələd olan, bələd olduğu qədər də eyni dərəcədə bu sahələrin hamısı ilə tanış bir tədqiqatçı-ədəbiyyatçı metodist olması üzə çıxdı.
Ə.Qarabağlı ədəbiyyatın, maarif işinin müxtəlif sahələrinə aid - ədəbiyyat üzrə sinifdən və məktəbdən xaric işlərin təşkili metodikası, şagirdlərin ədəbiyyatdan geriləməsi və sinifdə qalması ilə mübarizə yolları, məktəbdə ədəbiyyat kabinəsinin vəzifələri və digər mövzularda da diqqətəlayiq əsərlər yazmışdır.
Görkəmli pedaqoq 30 ilə yaxın respublikamızın ali məktəblərində Azərbaycan ədəbiyyatı və ədəbiyyatın tədrisi üsulundan dərs demişdir. O, 45 illik elmi-pedaqoji fəaliyyətinin 30 ildən artığını ali məktəblərdə ədəbiyyat mütəxəssisləri və müəllimləri yetişdirməyə sərf etmişdir. ADU-nun pedaqogika kafedrasının dosenti olmuş Ə.Qarabağlı ali məktəb tələbələri və orta məktəb müəllimləri üçün ədəbiyyat metodikası üzrə bir sıra dərs vəsaitlərinin müəllifidir. Böyük pedaqoji istedada və natiqlik qabiliyyətinə malik Qarabağlının müəllimliyi ayrıca qeyd edilməlidir. Əliyar müəllimin tələbələri onun məzmunlu və duzlu mühazirələrini böyük minnətdarlıqla xatırlayırlar.
Bütün cəmiyyətlərdə hərtərəfli inkişaf etmiş, düzgün yazmağı və danışmağı bacaran, sağlam bədii zövqə malik vətəndaşların formalaşdırılması prioritet məsələlərdən biri olmuşdur. Bu isə məktəbdə dil və ədəbiyyat dərslərinin daha səmərəli üsullarla aparılması ilə mümkündür. Bu sahənin ən yaxşı mütəxəssislərindən biri olmuş Əliyar Qarabağlı ədəbiyyatın tədrisi və həmin mövzuda dərsliklərin yazılması, yüzlərlə savadlı alim və mütəxəssislərin, ədəbiyyat müəllimlərinin hazırlanması, pedaqogika elmimizin qiymətli elmi-metodik nəticələrlə zənginləşdirilməsi sahəsindəki fəaliyyəti ilə bu işə böyük töhfələr bəxş etmişdir. Qarabağlının elm, maarif və ədəbiyyatşünaslıq sahəsindəki 45 illik fəaliyyəti, yazdığı elmi, pedaqoji əsərləri, eyni zamanda ədəbiyyatşünaslığımızın inkişafına və bu sahədə yüzlərlə gənc kadrların yetişməsinə də güclü təkan vermişdir.
Xatirə QƏDİROVA
ARDƏİA-nin aparıcı arxeoqrafı
Bugün: | 54 |
Dünən: | 824 |
Bu həftə: | 3356 |
Son həftə: | 6294 |
Bu Ay: | 22359 |
Son Ay: | 25108 |
Bu İl: | 288508 |
Ümumi: | 1308929 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az