Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Xatirəsi daim yaşayacaq şəxsiyyət - N.Nərimanov - 150

Son Yenilənmə : 2020-12-22 00:23:44
Baxış sayı : 1776

         Görkəmli ictimai-siyasi xadim,  yazıçı, publisist, həkim, bir sözlə Azərbaycan tarixində dərin iz qoymuş Nəriman Nəcəf oğlu Nərimanov 1870- ci ildə Tiflis şəhərindəyoxsul bir ailədə dünyaya gəlmişdir. Atası böyük çətinliklərlə onu Qori seminariyasının hazırlıq kursuna göndərmişdir. Burada dərslər rus dilində keçirildiyindən, o, üç il hazırlıq qrupunda təhsil almış sonra isə seminariyanın birinci kursuna qəbul edilmişdi. Seminariyada oxuduğu müddətdə  pedoqoji elmləri israrla öyrənir, psixologiya ilə maraqlanır və rus ədəbiyyatı ilə dərindən tanış olurdu. Bu dövrdə Nəriman Nərimanov bir sira çətinliklərlə üzləşir. Atası dünyasını dəyişir və ailənin maddi sixintiları daha da artır. Tək başına ailənin bütün ehtiyaclarını ödəmək cox çətin idi. Amma bütün bunlara baxmayaraq Nəriman Nərimanov 1890 – cı ildə seminariyanı uğurla bitirir və Tiflis quberniyasının, Borçalı qəzasının, Qızılhacılı kəndinə müəllim təyin edilir.

           Kənddə bir müddət işlədikdən sonra, o, Bakı şəhərinə gəlir. 21 iyun 1891- ci ildə N.Nərimanov məktəb komissiyasının sədrinə onu Bakı şəhər duması tərəfindən açılmış rus-Azərbaycan məktəblərindən birinə nəzarətçi müəllim təyin etməsi üçün xahiş ərizəsi ilə müraciət edir ( f.389, siy.6,sax.vah. 32). Zaqafqaziya müəllimlər seminariyasını bitirmiş N.Nərimanovun məktəb komissiyasının sədrinə ünvanladığı ərizədə qeyd olunurdu: “Siz zati – alilərdən şərəf duyaraq xahiş edirəm ki, məni Bakı şəhər Duması tərəfindən yenidən açılmış rus-tatar məktəblərindən birinə nəzarətçi müəllim köməkçisi vəzifəsinə təyin edəsiniz, sənədlərimə gəldikdə isə onlar hal-hazırda Tiflis quberniyasının xalq məktəbləri müdiriyyətliyindədir. Və təyinatdan sonra dərhal təqdim olunacaq.”Burada onun fəaliyyəti uzun sürmür. O, Pobedonostsevin xüsusi progimnaziyasında hazırlıq sinfinə müəllim təyin edilir. 1896- cı ilin sentyabrında progimnaziya dövlət gimnaziyası kimi fəaliyyətə başlayir və Nəriman Nərimanov işdən kənarlaşdırılır. Çünki o zaman azərbaycanlılar dövlət gimnaziyasında müəllimlik etmək hüququna malik deyildilər. Amma buna baxmayaraq elə həmin ili Qafqaz təhsil dairəsinin müdirinin təklifi və xalq maarif nazirinin razılığı ilə  N.Nərimanov Bakı real məktəbindəsinif rəhbərinin köməkçisi kimi fəaliyyətə başlayır. Daha sonra isə, o, Bakı oğlanlar gimnaziyasında Azərbaycan dili müəllimi və sinif rəhbərinin köməkçisi kimi fəaliyyətini davam etdirir.

        Azərbaycan Respublikasının Dövlət Tarix arxivinin sənədlərində Nəriman Nərimanovun müəllimlik və yazıçılıq fəaliyyətini əks etdirən bir çox sənədlər saxlanılır. Buna misal olaraq Bakı qubernatorunun Bakı şəhərində yaşayan Azərbaycan ədəbiyyatının qabaqcıl istiqamətdə olan müəllifləri haqqında 14 noyabr 1901-ci il tarixli polis departamentinə ünvanladığı məktubu göstərmək olar (f.45, siy.1, sax.vah.35). Orada Bakı üçüncü İmperator Aleksandr gimnaziyasının müəllimi Nəriman Nərimanovun da adı qeyd olunmuşdur.

            Gimnaziyadakı düzgün və vicdanlı iş prinsipinə görə Nəriman Nərimanov 1897-ci ildə tunc medalla, 1899- cu ildə isə üçüncü dərəcəli Stanislav medalı ilə təltif olunur. Gimnaziyada çalışdığı dovrdə, o, eyni zamanda ictimai ədəbi işlərlə də məşğul olurdu. 1 avqust 1894-cü ildə N.Nərimanovun təşəbbüsü ilə Bakıda ilk kütləvi kitabxana – qiraətxana açılır (f.45,siy.2, sax.vah.231). “ Kaspi” qəzeti daxil olmaqla bir cox qəzetlər bu qiraətxananın böyük əhəmiyyətini qeyd edirdilər. Müdir kimi fəaliyyət göstərən  Nərimanov eyni zamanda dərslikləri tərtib və tərcümə edir, məqalələr yazirdı. Kitabxana dörd il fəaliyyət göstərdi. Elə ilk qələm təcrübəsi olan “ Nadanlıq” komediyası da bu dövrə təsadüf edir. Bundan başqa, o, “Bahadır və Sona” romanını, Azərbaycanın ilk tarixi faciəsi olan “Nadir şah”, “Şamdan bəy” və s. əsərlərini qələmə almışdır. Yazıçı əsərlərində dövrünün kəskin ictimai- siyasi problemlərini tənqid edir və onlarla mübarizə aparırdı. Nəriman Nərimanovun yazdığı pyeslər Azərbaycan milli teatrına bir töhfə idi. Onun milli teatr sənəti uğrunda mübarizəsi Azərbaycan teatrının inkişafına müsbət təsir göstərmişdir. 1906 -cı ildə “Nadir şah “ əsərinin Azərbaycan və rus dillərində tamaşaya qoyulması məhz bunun sübutudur. N.Nərimanov əsərləri tamaşaya hazırlanan zamanlarda məşqlərdə yaxından iştirak edir, aktyorlara məsləhətlər verirdi.

            Gimnaziyada fasiləsiz fəaliyyət göstərən Nəriman Nərimanov öz təhsilini artırmağı da unutmur. O, 1902 – ci ildə Odessada yerləşən Novorossiysk universitetinin tibb fakultəsinə daxil olur. Arxiv sənədlərində N.Nərimanovun Bakı dumasının məktəb komissiyasının sədrinə ünvanladığı ərizə saxlanılır (f.389,siy.6, sax.vah.261). Ərizədə  təhsilini davam etdirmək üçün maddi imkanının yetmədiyindən təqaüd verilməsini xahiş edir. Onun xahiş ərizəsi təmin olunur və 10 sentyabr 1904- cü ildə Novorossiysk universitetinin inspeksiyası (müfəttişliyi) tərəfindən həmin təqaüdün alması üçün vəsiqə verilir (f.389,siy.6, sax.vah.189). Beləliklə 2 noyabr 1906-cı ildən Bakı şəhər idarəsinin qərarı ilə ona 325 rubl təqaüd verilir.

Müəllimlik fəaliyyəti ilə yanaşı həkim olmaq arzusu Nərimanovun xalqına nə qədər bağlı olduğunu göstərirdi. Universitetdə oxuduğu illərdə o cox savadlı və fəal tələbə kimi yadda qalır. Tələbə qrupu yaradır, yığıncaqlarda yaxından iştirak edirdi. Bütün bu səylərə baxmayaraq daim onu cətinliklər izləyirdi. 1905 -ci ildə universitet iqtisadi səbəblər üzündən fəaliyyətini bir müddət dayandırır. Hətta professorlar da mühazirə oxumaqdan imtina edir. Müdriyyətin göstərişi ilə bütün təqaüdlər təxirə salınir. Təbii ki, bu vəziyyət unuversitetdə təhsil alan tələbələri o cümlədən də N.Nərimanovu cox narahat edirdi. Onun Bakı şəhər başçısına ünvanladığı 21 mart 1905- ci il tarixli ərizəsi məhz bu mövzuda idi. O, qeyd edirdi ki, universitetin bağlanması səbəbi ilə təqaüdlər də təxirə salınıb. Bu göstəriş dövlət təqaüdü alanlar üçün nəzərdə tutulub. Üçüncü kurs tələbəsi N.Nərimanov isə Bakı şəhər dumasının təqaüdçüsü idi. Dəftərxanaya dəfələrlə müraciət etsə də pulun hələ göndərilmədiyi cavabını almışdı. Bu səbəbdən də, o, dumadan həmin məbləğin Odessaya göndərilməsini acizanə xahiş edirdi. Nəhayət 1908 – ci ildə təhsilini uğurla başa vurub Bakıya qayıdır.

          1 mart 1909- cu ildə N.Nərimanov həbs edilərək 2 il müddətində Qafqazdan sürgün olunur və Həştərxan şəhərində yaşayır. 1913- cü ildə o, yenidən Bakıya qayıda bilir. Əsas həkimlik fəaliyyəti 1914 -cü ildən başlayir.

         Azərbaycan Respublikası Dövlət Tarix arxivində Nəriman bəy Nərimanovun həkimlik xidməti haqqında şəxsi kartoçkası (vərəqəsi) saxlanılır (kartoçka № 9009). 23 may 1914 -cü ildə, o, Qara şəhərdə (Çorni qorod) yerləşən müalicəxanada əmək haqqı 225 rubl olmaqla həkim kimi fəaliyyətə başlayır. 28 sentyabr 1917- ci ildə 8 № li şəhər xəstəxanasına müdir təyin olunur. Arxiv sənədlərində bununla bağlı Nəriman Nərimanovun 1917- ci il 4 sentyabr tarixli Bakı şəhər idarəsi tibbi- sanitar büroya unvanladığı xahiş ərizəsi vardır (f.389, siy.8,sax.vah.1104). Daha sonra  9№ li xəstəxanada fəaliyyətini davam etdirir. Burada, o, müdir vəzifəsində çalışır. Arxivdə  9№ li şəhər xəstəxana işçilərinin əmək haqqı cədvəli saxlanılır. Orada Nəriman Nərimanovun da adı qeyd olunub. Kartoçkada da qeyd olunduğu kimi 1918-ci il mayda Nərimanovun həkimlik xidməti başa çatır. Həkimlik fəaliyyəti dövründə, o, məhşur xalq həkimi kimi tanınır və sevilirdi.

          Arxiv materiallarından göründüyü kimi həkimlik fəaliyyəti dövründə Nəriman Nəcəf oğlu Nərimanov 1 dekabr 1916 – cı il tarixində Bakı şəhərində aylıq Azərbaycan dilində dərc olunan “Fikir” adı altında elmi, ədəbi və siyasi jurnalın nəşri barədə Bakı qradonaçalnikinə icazə ərizəsi ilə müraciət etmişdir  (f.46,siy.3, sax.vah.543). Ərizədə deyilirdi: “ Siz zati-alilərdən acizanə xahiş edirəm ki, Bakıda Azərbaycan dilində elmi, ədəbi, siyasi aylıq jurnalın nəşr və redaktə etməyimə icazə verəsiniz. Jurnal “Fikir” adı altında dərc olunacaq və aşağıdakı mövzulardan ibarət olacaq: günün öncül mövzusu, ədəbiyyat – nağıllar, povestlər, romanlar, komediya, dram, seirlər, elm – tibb, təbiət elmləri, pedaqoqika, tənqid, məktublar və elanlar”.

         Elə həmin ildən etibarən jurnal işıq üzü gormüşdür. “Fikir” jurnalı Spasskaya küçəsində yerləşən “Sovqat” qəzetinin mətbəəsində hər ayın birində çap olunurdu. Qiyməti şəhər abunəçiləri üçün 6 rubl, digər şəhər abunəçiləri üçün isə 7 rubl idi. Xalq jurnalın hər sayını böyük səbirsizliklə gözləyirdi. Hər buraxılışında yeni məqalələrin, şeirlərin və maraqlı xəbərlərin olması abunəçilərin sayını daha da artırırdı.

        Bütün bunlarla yanaşı Nəriman Nərimanovun böyük siyasi fəaliyyəti də danılmazdır. O, müxtəlif illərdə bir sıra hökumət orqanlarında da çalışmışdir. 1919- cu ildə N.Nərimanov Rusiya Federasiyasının Moskva şəhərində Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsində işləyir. Harda olmasına baxmayaraq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə onun fəaliyyətində başlıca yerlərdən birini tuturdu. Xalqına olan sevgisinin dərin ifadəsidir ki, əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

         Nəriman Nəcəf oğlu Nərimanov 1925 – ci ildə Moskva şəhərində vəfat etmiş, Kreml yaxınlığında dəfn olunmuşdur. 

         Bu il böyük şəxsiyyətin doğumunun 150 ili tamam olmuşdur. Azərbaycan xalqının ürəyində Nəriman Nərimanovun xatirəsi daim yaşayacaqdır.

 

Vəfa Əliyeva

ARDTA, Baş arxeoqraf

 

 

 



Bugün: 113
Dünən: 824
Bu həftə: 3415
Son həftə: 6294
Bu Ay: 22418
Son Ay: 25108
Bu İl: 288567
Ümumi: 1308988
1308988