1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə çox istedadlı, incə ruhlu, günahsız bir şair SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının saxta ittiham aktı əsasında 45 yaşında güllələnərək qətlə yetirilir. Onun günahlandırılmasında əsas səbəb kimi “Müsavat” partiyasına mənsubluğu, “əksinqilabi fəaliyyəti”, Türkiyə və türkçülük ideyalarına sadiqliyi göstərilirdi. Günahsız olduğu halda güllələnən həmin şəxs görkəmli istiqlal şairimiz Əhməd Cavad idi.
Geniş ədəbi-publisist yaradıcılığı, ictimai fəaliyyəti, xüsusilə də zəngin şeir dünyası olan Əhməd Cavad üçün cümhuriyyət, istiqlaliyyət, Türk və türkçülüklə bağlı olan bütün müsbət dəyərlərin hamısı əziz və sevimli idi. O, bu sevgisinə ömrünün sonunadək sadiq qaldı və həmin ideyalar uğrunda da qurban getdi.
Şair yalnız istiqlalı, türkçülüyü vəsf etməklə kifayətlənməmiş, bütün fürsət və imkanlardan istifadə edərək onu müdafiə və təbliğ etmiş, hətta bu yolda əldə silah savaşmışdır. Əqidəcə istiqlalçı və türkçü olan Əhməd Cavad Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə başlanan I Balkan müharibəsində könüllü əsgər kimi İstanbulda qurulan ”Qafqaz könüllü hissəsi” sıralarına qatılır və Türkiyə tərəfindən müharibəyə qoşularaq bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edir. Osmanlı dövlətinin 1914-cü ildə başlanan Birinci Dünya müharibəsində iştirak etməsindən həyəcanlanan Əhməd Cavad “Çırpınırdın, Qara dəniz” şeirini yazır və böyük ümidlərlə yaşayır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə bəstələdiyi mahnı bütün türk dünyasının azadlıq və mübarizə himninə çevrilir.
Ümumi təlatümlərdən və iğtişaşlardan sarsılmasına rəğmən Birinci Dünya müharibəsində öz gücünü qoruyub saxlaya bilmiş çar imperiyası isə yerlərdə azsaylı xalqlara qarşı şovinist siyasətini yürütməkdə davam edir və əyalətlərdə millətlərin öz müqəddəratını təyin etmək hüququnu amansızcasına boğurdu. Çar imperiyasının azlıqda qalan xalqlara qarşı yürütdüyü acımasız siyasəti gücləndkcə o dövrdə Azərbaycanın tərəqqipərvər ictimaiyyəti, xüsusilə yetişməkdə olan elm adamları, ziyalıları arasında istiqlal ideyaları güclənirdi.
Əhməd Cavadı və onun təmsil etdiyi hürriyyətsevər Azərbaycan ziyalılarını istiqlal və milli mücadilə cəbhəsinə gətirən səbəbləri araşdırmaq baxımından “Kuropatkinə” şeirinin xüsusi əhəmiyyəti var. Şeirdəki Kuropatkin rus imperiyasının milli əyalətlərdə hökmranlıqlarını sürdürən məmurların ümumiləşdirilmiş tipik bir obrazıdır. Artıq tarixin iflasa məhkum etdiyi çarizmin ömrünü uzatmaq üçün bu sadiq kölələr xalqların milli mübarizə ruhunu boğmaq üçün hər cür vəhşiliyə əl atırdılar. “Kimdir bizim minarədə azanları susduranlar?” misrası ilə başlayan şeirdə sadalanan bütün cinayətlərin səbəbkarları şairə görə Kuropatkin kimi “Türküstan cəlladlarıdır”. Məhz onların əmri və rəhbərliyi ilə camilərimizdə minbərlərə siyah pərdələr çəkilmiş, köləliyi şərəfsizlik sayan Türküstan oğullarının qürurlu başları kəsilmiş, babalarımızın müqəddəs məzarları dağıdılmış, nadir sənət əsərləri, yazılı abidələrimiz oğurlanmış, talan edilmişdir. Ə.Cavad onların xalqlarımız əleyhinə yürütdükləri cinayətkar genosid siyasətinin nəticələrini bir ittiham olaraq elan edirdi:
Zəngin idik, qurd oldunuz, yurdumuza saldırdınız,
Gözəllərin köksündəki altunları çaldırdınız !
Ə.Cavad üçün istilaçının milliyyəti əhəmiyyətli deyildir. Şair üçün bu istilaçının “mədəni” ingilis kralı, yaxud vəhşiliyi ilə dünyada ad çıxarmış, iflasa uğramaqda olan rus çarizmi olmasının heç bir fərqi yoxdur.
Nəhayət şairin gözlədiyi gün gəlib çatır. 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqımız şairin arzuladığı istiqlaliyyətinə qovuşur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı dövrdə Əhməd Cavad ən güclü milli şair kimi həmin dövrdə yaranan ədəbiyyatımızın bayraqdarı olmuşdur.
Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. AXC-nin yaranışından ruhlanaraq
Bən röyada nazlı yarın
Tellərini hörmüşdüm !
Bu sevincli zamanların
Röyasını görmüşdüm ! -
deyən Əhməd Cavadın 1918-1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilmişdir. Onun “Ey əsgər”, “İngilis”, “Bismillah”, “Röyasını görmüşdüm”, “Qalx”, “Şəhidlərə”, “Bən kiməm”, “Nədən yarandın”, “Dağlar”, “Türk ordusuna” və onlarla digər şeirləri həmin dövrün məhsuludur. Ə.Cavadın qələmə aldığı “Milli marş” şeirinə Üzeyir Hacıbəyovun bəstələdiyi musiqi Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qəbul edilmişdir. Şairin o dövrün əhval-ruhiyyəsini əks etdirən “Marş” adlı digər şeirində də azad bayrağımız tərənnüm olunur:
Bayrağıma xain baxan
Xain gözə mən tikanam.
Vurulursam kölgəsində
Həlal olsun ona qanım!
Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də “Bismillah” adlanır. Şeir həmin ilin 15 sentyabrda Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibəti ilə yazılmışdır. Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı:
Ey Bakü, sən qorxma, gəldik, gələli,
Səninçün atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, bismillah!
1918-1920-ci illəri əhatə edən və şairin yaradıcılığının üçüncü mərhələsi kimi təfsir edilən dövr Əhməd Cavad yaradıcılığında milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi.
Lakin Azərbaycanın müstəqilliyini qazanaraq öz milli dövlətini qurub yeni inkişaf yoluna qədəm qoyması rus çarizminin yerində meydana gələn qırmızı ilanları – bolşevikləri rahat buraxmırdı. Onlar guya yer üzündə “dünya inqilabının” zəfər çalması üçün xalqları əsarət altına almaq, eyni zamanda da müstəqil Azərbaycan dövlətini yıxmaq, ölkənin strateji sərvətlərini talamaq yolunu tutmuşdular.
Bu acı “şimal yeli”nin xalqımıza necə əzablar gətirəcəyini öncədən görən Əhməd Cavad “Gəlmə” şeirində bütün xalqın adından etiraz səsini ucaltmışdır:
Bu dağlar bənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə !
İnanma fələyə, dönükdür üzü,
Bir üzə gülməyir, hər zaman, gəlmə !
Könüllər bir dəniz, coşdurma onu,
Coşğun könüllərin fırtına sonu!
Sən ey Şimal yeli, gəl etmə bunu !
Yox isə əmrinə uymayan, gəlmə !
Üçrəngli bayrağımıza işarə edərək “Dəyişməm bən “alı”, o çirgin rəngə!” deyən şairin, təəssüf ki, arzularının əksi oldu. Qırmızı ilanların əsas qüvvəsi olan XI Qızıl Ordu 1920-ci ilin aprel ayının son günlərində Azərbaycana girərək Bakını işğal etdi. Uğrunda Əhməd Cavadın da can qoyduğu ilk qanuni demokratik cümhuriyyətimiz məğlub oldu.
Bir də 70 il sonra xalqımızın qovuşmuş olduğu müstəqilliyi, təəssüf ki, Əhməd Cavad görə bilmədi. Ölümündən sonra 1956-cı ildə bəraət almasına rəğmən, cümhuriyyət, istiqlal aşiqi olan şair ideyalarının təntənəsindən xəbərsiz dünyamızı tərk edib getdi...
Məqalənin hazırlanmasında 386 nömrəli fondun materiallarından istifadə edilmişdir.
Xatirə QƏDİROVA
S.Mümtaz adına ARDƏİA-nın
aparıcı arxeoqrafı
Bugün: | 738 |
Dünən: | 793 |
Bu həftə: | 1531 |
Son həftə: | 5729 |
Bu Ay: | 2233 |
Son Ay: | 25108 |
Bu İl: | 268382 |
Ümumi: | 1288803 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az