Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Təhsilimizin xanım sələfi - Gülbahar xanım Axriyeva

Son Yenilənmə : 2021-12-03 09:19:52
Baxış sayı : 1211

Azərbaycanda  qadın təhsilinin əsasının qoyulmasında, müsəlman qadınların məktəbə cəlb edilməsində rolu və xidmətləri olmuş tanınmış  pedaqoqlardan biri- Gülbahar  xanım Axriyeva

Azərbaycanda  qadın  təhsilinin əsasının  qoyulmasında  və  onun inkişaf   etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində  müəyyən xidmətləri  olmuş  bir sıra tanınmış qadın pedaqoqların, o cümlədən  Nigar xanım Vəlibəyova, Mina  xanım  Aslanova, Məryəm xanım Sulkeviç, Gülbahar  xanım Axriyeva, Məleykə xanım Hacıbəyova(Terequlova), Rəhilə xanım Hacıbababəyova (Terequlova) və  digər  qadın pedaqoqların  həyat və fəaliyyəti təəssüflər olsun ki, indiyə qədər kifayət qədər araşdırılmamış və  geniş xalq kütlələrinə çatdırılmamışdır. Həmin  pedaqoqlar haqqında  əvvəllər dərc olunmuş kütləvi nəşrlərdə, o cümlədən  ensiklopediyalarda  da təəssüflər olsun ki, heç  bir  məlumat dərc  edilməmişdir. Onlar haqqında  yazılmış məqalələrə də rast gəlmək mümkün deyildir. Belə bir acınacaqlı  vəziyyətin  aradan qaldırılmasına  və təhsil tariximizdə  rolu, yeri və xidməti  olmuş müəllim və pedaqoqların həyat və fəaliyyətlərini  dərindən  araşdıraraq  geniş xalq kütlələri  arasında  geniş yaymaq lazımdır ki, həmin pedaqoqlar  və onların əhəmiyyətli fəaliyyəti unudulmasın. Cünki, Azərbaycanda məktəb- təhsil işinin inkişafında, müsəlman qız və qadınlarının  məktəbə cəlb edilməsində və ölkəmizdə  savadsızlığın  aradan  qaldırılmasında  həmin  müəllim və  pedaqoqların  əhəmiyyətli  xidmətləri danılmazdır  və bunu unutmaq olmaz! Son zamanlar bu sahədə müəyyən əhəmiyyətli işlər, o cümlədən Nigar xanım Vəlibəyova, Mina  xanım  Aslanova, Məryəm xanım Sulkeviç, Məleykə xanım Hacıbəyova(Terequlova), Rəhilə xanım Hacıbababəyova (Terequlova) haqqında hazırladığım elmi-publisistik məqalələrim Azərbaycanın təhsil tarixinin öz səhifəsində işıqlandırılmasına diqqət yetirən “Kaspi” qəzetində dərc edilərək  geniş oxucu kütlələrinə çatdırılmışdır. Bu sahədə işlərin davam etdirilməsi lazımdır və əhəmiyyətlidir.

         Azərbaycanın  təhsil  tarixində  izi qalmış tanınmış müəllimələrdən biri də Gülbahar xanım Axriyeva  olmuşdur. Gülbahar xanım Axriyeva  haqqında  ensiklopediyalarda heç bir məlumat yoxdur. Gülbahar xanım Axriyeva  haqqında yalnız tarix üzrə fəlsəfə doktoru  Fərhad Cabbarovun  2011-ci ildə nəşr edilmiş “  H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabında müəyyən məlumatlar yer almışdır. İnternet saytlarında da Gülbahar xanım Axriyeva  haqqında yazılı məlumatlar yoxdur.

Arxiv sənəd və materialları əsasında hazırladığım  bu məqalə ilk məqalədir ki, Gülbahar xanım Axriyevanın  həyat  və fəaliyyətinə  həsr edilmişdir. İnternetdə olan məlumatlara  görə  Axriyeva soyadı  inquş  xalqına məxsus  soyaddır. Həmin məlumatlara  əsaslanaraq  qeyd  edirəm ki, Gülbahar xanım Аxriyevanı Azərbaycan  xalqının  inquş övladı kimi adlandırmaq  mümkündür. Azərbaycan xalqı tolerant  xalqdır  bu fakt bunun bariz nümunəsidir.

Dövrünün tanınmış qadın pedaqoqu Gülbahar xanım Axriyeva  1886-cı il yanvarın 8-də  Bakı  şəhərində  müsəlman  məmur  ailəsində  anadan  olmuşdur. O, 1894-cü ildə  imtahan verərək  Bakı Müq. Nina qadın məktəbinin aşağı hazırlıq sinfinə  qəbul  olmuş, 1895-ci ildə aşağı hazırlıq sinfindən yuxarı  hazırlıq sinfinə keçirilmişdir. Gülbahar xanım 1896-cı ildə I sinfi, daha  sonra  isə  ardıcıl olaraq 1897-ci ildə II; 1898-də III; 1899-da  IV, 1900-cü ildə V, 1901-cı ildə VI  və nəhayət 1902-ci ildə VII sinfi bitirərək  4 iyun 1903-cü il tarixdə  264 saylı Attestat əldə etmişdir. Gülbahar xanım təhsilini yalnız  bir məktəbdə - məhz Bakı Müq. Nina qadın məktəbində almışdır.  O, oxuduğu müddət ərzində davranışına görə əla qiymətə layiq görülmüşdür. Bakı Müq. Nina  məktəbini bitirdikdən sonra  Bakı qadın Müq. Nina məktəbinin pedaqoji şurası  tərəfindən ona 31 may 1903-cü il tarixdə attestatın verilməsini qərara almış və həmin attestat Gülbahar xanım Axriyevaya  1903-cü il iyulun 4-də təqdim edilmişdir.  Onun Attestatında qeyd olunmuş qiymətlərinə   əsaslanaraq  qeyd edirəm  ki, Gülbahar  xanım Axriyeva  oxuduğu  məktəbdə  tədris kursunu  əsasən “yaxşı” və “ əla” qiymətlərlə bitirmişdir.  

Gülbahar xanım Axriyeva 1903-cü il iyulun 4-də Bakı Müq. Nina qadın  məktəbinin 7-ci sinfini  bitirdikdən  sonra  təhsilini  davam  etdirərək  həmin məktəbin  əlavə  olaraq  birillik VIII sinfinə daxil olmuş və  həmin sinfi 1904-cü il mayın 24-də  müvəffəqiyyətlə bitirmişdir. Bakı Müq. Nina qadın məktəbinin  pedaqoji şurası tərəfindən  Gülbahar  xanım Axriyevaya  rəsmi olaraq ev müəlliməsi adı verilmiş və ona  bu haqda müvafiq 254 saylı Attestat  və 3062 saylı Şəhadətnamə təqdim  edilmişdir. Gülbahar  xanımın  əldə  etdiyi   şəhadətnamədə o cümlədən qeyd edilirdi ki, o,  yalnız  öz dindaşlarının evlərində rus dilini tədris etmək hüququna malikdir. Yeri gəlmişkən  qeyd edirəm   ki,  o dövrün mövcüd  qanunlarına görə  müsəlman məzunların  əldə etdiyi  şəhadətnamənin  verdiyi  hüquqlar  ev müəlliməsi vəzifəsinə layiq görülmüş xristian  dininə  məxsus şəxlərin səhadətnaməsinin  verdiyi hüquqlarla eyni quvvəyə  malik deyildir. Əgər Gülbahar  xanıma  yalnız  öz dindaşları arasında rus dilini  tədris etməyə ixtiyar verilirdisə,  xristian  dininə  məxsus şəxlərə  verilmiş səhadətnaməyə malik  olanlara   dinindan asılı olmayaraq  istənilən vətəndaşlar arasında rus dilini tədris etmək hüququ  verilirdi.

 Gülbahar  xanıma  Bakı Müq. Nina qadın  məktəbini bitirərək əldə etdiyi Attestat  əsasında  1906-cı il yanvarın 30-da  Tiflisdə  ev müəlliməsi adını təsdiq edən 3062 saylı  şəhadətnamə verilmişdir.

Gülbahar xanım  Axriyeva  1904-сü ildə Bakı Müq. Nina qadın məktəbini bitirdikdən sonra  1907-ci il  yanvarın  20-dən  1908-ci  il sentyabrın 10-dək Yelizavetpol  Müq. Nina qadın məktəbində baxıcı –müəllimə  vəzifəsində  çalışmışdır. Lakin sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Yelizavetpol  Müq. Nina qadın məktəbindəki fəaliyyətini başa vuraraq  Bakıya gəlməli  olmuşdur.

Gülbahar xanım Axriyeva 1908-ci il noyabrın 17-də Bakı Şəhər Duması  nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət edərək qeyd edirdi: ” Bakı Müq. Nina qadın məktəbini 1904-cü ildə bitirərək ev müəlliməsi hüququnu əldə etmişəm. Sonra isə bu ilin sentyabr ayınadək Yelizavetpol Müq. Nina təhsil ocağında müəllimə vəzifəsində qulluq etmişəm. Mənim sonuncu tədris ocağında pedaqoji fəaliyyətim haqqında yerli tədris rəhbərliyi tərəfindən verilmiş  şəhadətnaməni təqdim edirəm.

Cənab sədr, sizdən  acizanə xahiş edirəm ki, mənə şəhər məktəblərinin birində müəllimə yerinin verilməsinə etiraz etməyəsiniz. Bununla yanaşı əlavə edirəm ki, Yelizavetpoldakı xidmətimi mən ailə vəziyyətimlə əlaqədar olaraq tərk etmişəm.” Gülbahar xanım Axriyeva   pedaqoji fəaliyyətini 1910-cu ildən etibarən görkəmli mesenat H.Z. Tağıyevin açdığı Aleksandrinski  qızlar məktəbində davam etdirmişdir. H.Z.Tağıyevin 1910-cu il noyabrın 3-də Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S. Tixorjevskiyə unvanladığı məktubda bildirirdi ki, məktəbin müdirəsi vəzifəsini  müvəqqəti  olaraq Məryəm xanım Sulkeviç icra edir, müəllim personalı isə  Gülbahar xanım Axriyeva, Gövhər xanım Qazıyeva, Mina xanım Məmmədova, Palavandova Şəhrəbanu xanımdır ki,  onların sənədlərini təqdim edirəm:

- Gülbahar xanım Axriyeva - şəhadətnamə № 3062 və iki attestat - № 254 və 264;

- Gövhər xanım Qazıyeva şəhadətnamə № 2628;

- Mina xanım Məmmədava  şəhadətnamə № 13904;

- Palavandova Şəhrəbanu: attestat № 124, vəsiqə № 360 və imtahan kitabçası № 60.

Azərbaycan Respublikası Döxlət Tarix Arxivinin  f.389) “Bakı Şəhər İdarəsi”  fondundakı  Gülbahar xanım Axriyevanın  şəxsi işində onun Bakı  şəhər idarəsi nəzdindəki məktəb komissiyasının  sədrinə  1915-ci il iyunun 26-da yazdığı ərizə qorunub saxlanılır. Həmin ərizə  Bakı  rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi Gülbahar xanım Əhriyeva tərəfindən yazılmişdir. Başqa sözlə  decək  1904-cü ilin mayında  Bakı Müq. Nina qadın məktəbinin  əlavə olaraq VIII sinfini bitirərək Attestat  və Şəhadətnamə  əldə etmiş  və  ev müəlliməsi adına layıq görülmüş Gülbahar  xanım  artıq  1913-cü ildən etibarən  Bakı  rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi vəzifəsinə  qədər yüksələ  bilmişdir.

 Bakı  rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi Gülbahar xanım Axriyevanın  1915-ci il iyunun 26-da  Məktəb komissiyasının  sədrinə  yazdığı ərizəsində qeyd edirdi ki,  o, şəhər  xidmətinə keçmək istədiyi üçün ona Bakıdakı şəhər məktəblərinin birində vakant müəllimə  yeri  verilsin. Lakin  Gülbahar xanım Axriyeva 1915-ci il iyulun 16-da sağlamlığı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuş  və  həmin vəzifənin icrası  müvəqqəti olaraq A.X.  Şahtaxtinskiyə  həvalə edilmişdir.

Bakı şəhəri qadın 3-cü rus-tatar məktəbinin  müdiri Rəhilə xanım Hacıbababəyova 1915-ci il sentyabrın 5-də Məktəb komissiyasının sədrinə 41 saylı məktubla müraciət edərək ona həvalə edilmiş məktəbə orta ixtisaslı müəllimənin göndərilməsini xahiş etmişdir. Məktəb komissiyası sədrinin  Rəhilə xanım Hacıbababəyovaya  ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 943 saylı məktubunda bildirilirdi ki, ali-ibtidai məktəbin müəllimə vakant yerinin  tutulması üçün sentyabrın 7-dən etibarən Gülbahar xanım Axriyeva  sizin ünvana ezam  edilir. Həmçinin Məktəb komissiyası sədrinin 1915-ci il sentyabrın 5-də Gülbahar xanım Axriyevaya  ünvanladığı  944 saylı  məktubda qeyd edilirdi:” Xahiş edirəm ki, müvəqqəti olaraq  müsəlman  qızlar üçün  ali-ibtidai  məktəbindəki  vakant müəllimə vəzifəsini sentyabrın 7-dən etibarən tutasınız. Məktəbin ünvanı: Çadrovaya(indiki Mirə Ağa Əliyev küçəsi) və Müstafa Sübhi küçəsi, Hüseynovanın evi).”

Məktəb Komissiyasının sədri Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə  11 sentyabr  1915-ci ildə 1023 saylı məktub göndərərək  ondan  o cümlədən  xahiş  edirdi ki, “...ev müəlliməsi vəzifəsinə malik  Gülbahar xanım Axriyevaya  3-cü rus-tatar ali-ibtidai məktəbində müəllimə işləməsinə icazə  versin.” Müfəttiş  S.M. Qəniyevin Məktəb komissiyasının sədrinə unvanladığı 2096 saylı  cavab məktubunda bildirirdi ki, vətəndaş Axriyevaya  3-cü rus-tatar məktəbində müvəqqəti olaraq müəllimə vəzifəsini icra etməsinə  icazə verirəm.

1916-cı il noyabrın 11-də  Bakı Duması nəzdindəki Məktəb komissiyası  2118 saylı məktubla Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin direktoruna müraciət edərək  bildirirdi ki, “ Bakı Duması nəzdindəki Məktəb komissiyası 3 noyabr 1916-cı il tarixli iclasında ev müəlliməsi vəzifəsinə malik Gülbahar xanım Axriyeva nın 7 sentyabr 1915-ci il tarixindən etibarən müəllimə vəzifəsinə təsdiq edilməsi üçün sizə müraciət etməyi qərara almışdır. G. Axriyevanın  müəllimə  vəzifəsini  icra etməsinə icazə Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyev tərəfindən verilmişdir.”

Bakı Duması nəzdindəki Məktəb komissiyası sədrinin Şəhər başçısının dəftərxanasına göndərdiyi 29 noyabr 1916-cı il tarixli 2286 saylı məktubunda bildirilirdi ki, “... məktəb komissiyasının 3 noyabr 1916-cı il tarixli qərarına əsasən rus-tatar məktəblərində  müvəqqəti olaraq ştatlı müəllim və müəllimə vəzifələrini icra etmiş aşağıda qeyd olunan şəxslər  vəzifələrini icra edən gündən ştata qəbul edilir:

Mustafayev Mustafa -2-ci rus-tatar məktəbində 1915-ci il dekabrın 1-dən;

Hacıbəyova Məleykə xanım 7-ci rus-tatar məktəbində 1915-ci il sentyabrın 13-dən;

Terequlova Məleykə xanım 7-ci rus-tatar məktəbində1915-ci il dekabrın 1-dən;

 Axriyeva Gülbahar xanım qadın 3-cü rus-tatar məktəbində 1916-cı il sentyabrın 7-dən.

Siyahıda qeyd olunanlar ildə 900 rubl olmaqla maaş cədvəlinə qəbul edilir.”

Bakı 3-cü rus-tatar qadın məktəbinin müəlliməsi Gülbahar  xanım Axriyeva müsəlman qızlar üçün açılmış 3-cü ali-ibtidai məktəbinə həmin məktəbin  müdirinin xahişi ilə Məktəb komissiyası tərəfindən keçirilmişdir. Onun əsas maaşı isə bir qədər artırılaraq  ildə 1080 rubl təşkil edirdi.

Beləliklə, Bakı Şəhər İdarəsinin Məktəb Komissiyasının  tərtib etdiyi vəsiqədə qeyd edilmişdir ki, Gülbahar  xanım  Axriyeva  müsəlman qızlar üçün 3-qadın ali-ibtidai məktəbində  7 sentyabr  1915-ci ildən etibarən müəllimə vəzifəsində şəhər xidmətindədir.”

1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək Bakıda  fəaliyyət göstərmiş hakimiyyət orqanı olmuş Bakı sovetinin 25 aprel 1918-ci il tarixli qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Maarif Komissarlığı yaradıldı. Məktəb işinin islahatı, məktəb şəbəkəsinin genişləndirilməsi və s. məsələlər Maarif Komissarlığının qarşısında duran məsələlərdən idi. Gülbahar  xanım  Axriyevanın Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı Şəhər İdarəsi” f.389-da saxlanılan şəxsi işində onun 30 may 1918-ci il tarixdə Xalq Maarifi Komissarının adına yazdığı ərizə qorunub saxlanılır. Gülbahar xanımın həmin ərizəsində qeyd edilirdi:” Sizin Dekretə uyğun olaraq yenilənmiş xalq məktəbində pedaqoji fəaliyyətimi davam etdirmək istədiyimi bildirirəm və nəzərinizə çatdırıram ki, mən III ali-ibtidai qadın məktəbində 1915-ci il sentyabrın 7-dən etibarən işləyirəm. Mənim sənədlərim Xalq məktəbləri müdriyyətinin dəftərxanasındadır.” Təəssüflər olsun ki, Gülbahar Axriyevanın sağlamlağında yaranmış problemlər onun səmərəli fəaliyyətinə müəyyən çətinliklər törədirdi. Bakı  3-qadın ali-ibtidai məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova  1919-cu il mayın 14-də  Məktəb komissiyasının sədrinə 26 saylı məktubla müraciət edərək bildirirdi:” Mənə həvalə edilmiş məktəbin müəlliməsi G. Axriyeva  xəstələnmişdir,  mənim isə  böğazım ağrıdığı üçün məşğul ola bilmirəm. Xahiş edirəm ki, ehtiyat üçün müəllimə göndərəsiniz.”

Məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova  1919-cu il oktyabrın 27-də yenidən məktəb komissiyasının sədrinə məktubla müraciət edərək bildirirdi ki, mənə  həvalə edilmiş məktəbin müəlliməsi Gülbahar  xanım Axriyeva  bu müddətə qədər öz vəzifəsinin  icrasına  başlamamışdır.”

1919-cu ilin noyabrında Məktəb şöbəsinin idarə heyətinin üzvü Şəhər başçısının  dəftərxanasına  məktub yazıb xahiş edirdi ki, ” ...1915-ci il sentyabrın 7-dən şəhər xidmətində  olan qadın 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar  xanım Axriyevanın   işdən azad olunması haqqında əmrı yazsın”.

Beləliklə, 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar  xanım  Axriyevanın həmin məktəbdəki pedaqoji  fəaliyyəti  başa  çatmışdır. Gülbahar  xanım  Axriyevanın  şəxsi işində onun sonrakı  həyat və fəaliyyəti haqqında hər hansı bir sənəd aşkar edilmədiyi üçün onun sonrakı həyat və fəaliyyəti haqqında hər hansı bir fikir söyləmək mümkün deyildir.

Tarixi  mənbələr  təsdiq edir ki, Azərbaycan təh­sili həqiqətən də zəngin tarixi inkişaf  yolunu  keçmişdir. Azərbaycan məktəb-təhsil işinin inkişafında  yeri və rolu  olmuş hər bir pedaqoqun xatirəsi xalqımız üçün əzizdir və unudulmazdır.

Məqaləni hazırlayarkən tanınmış pedaqoq  Gülbahar  xanım  Axriyevanın  fotoportretini yalnız  tanınmış tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor – hörmətli Ədalət Tahirzadədən əldə etmək mümkün olmuşdur və buna görə Ədalət müəllimə dərin təşəkkürümü bildirirəm.

 

 Fotolar- Ədalət Tahirzadədəndir.

 Rafiq     Səfərov  

Azərbaycan  Respublikası Milli Arxiv İdarəsinin 

  Sənədlərin  nəşri  və  istifadəsi 

şöbəsinin  baş  məsləhətçisi

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

1. ARDTA, f.389, siy.8,iş.1468,v.2-2(arxa üzü); ARDTA, f.389, siy.8,iş.1468,v.5 

2. ARDTA, f.389, siy.8,iş.1468,v.2(arxa üzü)

3. Yenə orada.

4. ARDTA, f.389, siy.8,iş.1468,v.4-5

5. ARDTA, f.389, siy.8,iş.1468,v.5

6. ARDTA, f.389, siy.8,iş.1468,v.7

7. ARDTA, f.389, siy.8,iş.1467,v.1

8. ARDTA, f.389, siy.8,iş.1467,v.1

9. ARDTA, f.309, siy.1,s.v.805,v.37.

10. “Ежегодник Баку и его район.1914.с.183

11. ARDTA, f.389, siy.8,iş.1467,v.2

12. К истории русско-мусульманских женских учебных зав.Тамара Гумбатова

13. ARDTA, f.389, siy.8,iş.1467,v.3

14. ARDTA, f.389, siy.8,iş.1467,v.4

15. ARDTA, f.389, siy.8,iş.1467,v.5

16. ARDTA, f.389, siy.8,iş.1467,v.6

17. ARDTA, f.389, siy.8,iş.1467,v.7

18. ARDTA, f.389, siy.8,iş.1467,v.8

19. ARDTA, f.389, siy.8,iş.1467,v.10

20. ARDTA, f.389, siy.8,iş.1467,v.18

21. ARDTA, f.389, siy.8,iş.1467,v.19

22. ARDTA, f.389, siy.8,iş.1468,v.1.

24. ARDTA, f.389, siy.8,iş.1467,v.20

25. ARDTA, f.389, siy.8,iş.1467,v.21

26. ARDTA, f.389, siy.8,iş.1467,v.22

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bugün: 374
Dünən: 758
Bu həftə: 2809
Son həftə: 5861
Bu Ay: 5025
Son Ay: 28223
Bu İl: 246066
Ümumi: 1266487
1266487