Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tarixə qovuşan illər: "Azərbaycan tibb jurnalı"

Son Yenilənmə : 2022-04-05 03:18:21
Baxış sayı : 798

             Ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, ixtisaslı tibb işçilərinin çatışmazlığının aradan qaldırılması, xəstəxanaların tikilməsi, ucqar bölgələrə tibb xidmətinin çatdırılması, tibb müəssisələrinin maddi-texniki bazasını yaradılması, xəstəxanaların xidmət dairəsinin genişləndirilməsi, sanitar-epidemioloji sahənin gücləndirilməsi istiqamətində görülən işlərlə yanaşı bu sahədə maarifləndirmə və təbliğat işlərinin aparması məqsədilə xüsusi mətbu orqanının fəaliyyəti vacib idi. Bu mətbu orqan öz səhifələrində aktual vacib tibbi suallara cavabları işıqlandırmalı, inkişafda olan səhiyyənin yeniliklərini dərc etməklə əhaliyyə çatdırmalı idi.

            İxtisaslı, ali təhsilli həkimlərin, xususən terapevtlərin sayının artması həkim-terapevtlər cəmiyyətinin yaradılması ilə nəticələndi və cəmiyyətin qərarı ilə 1925-ci ildə “Bakı Tibb jurnalı” nəşr edilməsi həyata keçirildi. Jurnalın ilk nömrəsinin profesor P.Q.Mezernitskinin redaktorluğu ilə çapdan çıxdı.

            1927-   ci ildə ikinci nömrəsi çapdan çıxan jurnalın məsul redaktoru isə tibb elmləri doktoru, professor S.A.Kazımov oldu.

            1925-ci ildə ilk nömrəsi çıxan jurnalın aşağıdakı bölmələri vardı:

            Ftiziatriya;

            İctimai və sosial səhiyyə;

            Kliniki və eksperimental səhiyyə;

            İlk vaxtlar jurnalın redaksiya heyəti tanınmış alimlərdən P.Q.Mezernitski, İ.Q.Uşınski, İ.V.Fiqurovski, S.A.Kazımov və başqaları ilə sıx əlaqə yaratmışdı.

            1928-ci ildə “Bakı Tibb jurnalı” adını dəyişərək “Azərbaycan Tibb jurnalı” adlandırıldı. Bu jurnal Zaqafqaziyanın elmi, təcrübi və ictimai həyatını əks etdirirdi, mərkəz Bakı şəhərində idi, Jurnalın təsisçisi Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı və onun tabeçiliyində olan institutları idi. Məsul redaktorlar S.A.Kazımov və İ.Q.Uşınskidən, materialları toplayanlar İ.Qədirli, habelə Bakının, Moskvanın və başqa şəhərlərin tanınmış alim-həkimlərindən ibarətdi. Onların arasında A.A.Boqomolov, P.F.Zdrodovski, P.P.Lazarev, P.R.Gindes və başqalarının da adları qeyd olunmalıdır.

            1929-cu ildə jurnal dərc olunan materialların əhatə dairəsini, tematik mövzuları daha da genişləndirdi. Üç bölmə artaraq səkkizə çatdırıldı. Bu bölmələr klinik və eksperimental səhiyyə, ftiziatriya, sosial və ictimai səhiyyə, resenziya və referatlar, ictimai həkimlərin fəaliyyəti və hesabatı, xronika, xarici bölmə və türk bölməsindən ibarət oldu.

            Jurnalın fəaliyyətində əlamətdar hadisələr 1936-cı ildən başlandı. Həmin il “Azərbaycan Tibb jurnalı”nın səhifələrində Azərbaycan dilində məqalələr dərc olundu. 1935-1938-ci illərdə jurnalın məsul redaktoru Ə.M.Əliyev, müavinləri P.P.Popov, K.K.Əliyev təyin edildilər. Redaksiya heyətinə M.Q.Hüseynov, M.N.Qədirli, M.A.Topçubaşov, İ.İ.Şirokoqorov, V.A.Tarnoqradski, İ.P.Afonokin, M.Q.Hacıqasımov daxil idilər.

            1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq jurnal və fəaliyyətini 1955-ci ilədək dayandırdı. Yenidən nəşrini davam etdirən tibb jurnalı srukturunu da təzələdi. Yeni formaya aşağıdakı bölmələr daxil edildi:

            Səhiyyənin nəzəriyyəsi və praktikası;

            Həkimlərə praktiki kömək;

            Təcrübə mübadiləsi;

            Annotasiyalar;

            Xronika;

            Redaksiya heyətinə o dövrün tanınmış alimləri daxil edilmişdi: əməkdar elm xadimi, professor C.M.Abdullayev, Azərbaycan SSR Səhiyyə nazirinin müavini V.M.Ağayev, professorlar Ş.M.Həsənov, D.Y.Hüseynov, N.M.Kolesnikov, M.İ.Lurye, Ü.X.Musabəyova, M.M.Əfəndizadə, M.D.Cavadzadə, A.A.Namazova, R.N.Rəhimov və s.

            Yeni formada jurnal iki dildə - Azərbaycan və rus dillərində çap olunurdu. 1959-cu ildə qərara alındı ki, məqalələr bir dildə çap olunsun, digər dildə isə yazının qısa xülasəsi verilsin. Bu imkan verirdi ki, jurnalda dərc olunan məqalələrin sayı daha da çox olsun. Müəllliflərin əhatə dairəsi isə genişlənməkdə idi, artıq Gürcüstan, Qazaxstan, Latviya, Bolqarıstan, Polşa, Çexoslavakiya və s. ölkələrin alimləri öz əsərləri ilə çıxış edirdilər. Sonralar jurnal səhifələrində görkəmli səhiyyə işçilərin, tibb ocaqlarının yubileyləri qeyd olunmağa başladı.

            Getdikcə müasirləşən jurnal Azərbaycan və rus dillərində çıxır, dərc olunan məqalələrin ingilis dilində xülasəsi verilir, hər rübdə bir dəfə 500 nüsxə ilə çap edilir.

“Azərbaycan tibb jurnalı”nda dərc olunan qısa xülasələr beynəlxalq “İndeks Medikus” nəşriyyatı tərəfindən yayımlanırdı.

            Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində saxlanılan sənədlər 1964-1970-ci illəri əhatə edir. Sənədlərin xronoloji ardıcıllığı əlifba sırası ilə düzülmüş, illərə görə bölünmüşdür. (ARDETSA, fond 15, siy.1)

            2000-ci ildə sənədlərin ekspertizası aparılmış, ön söz yazılmış, göstəricilər müəyyənləşdirilmişdir.

            Təxminən bir əsrə yaxın müddətdə, fasilələrlə olsa da, “Azərbaycan tibb jurnalı” xalqımızın tarixində əhəmiyyətli rol oynamış, Azərbaycanda səhiyyənin inkişafına, tibb elminin dünya miqyasında təbliğinə, ən əsası insanların sağlam həyat tərzinə xidmət göstərmiş, özünün qiymətli töhfələrini vermişdir.

 

Müzahim Ələkbərov

Dövlət Elm və Texnika Sənədləri Arxivinin

 

aparıcı arxeoqrafı



Bugün: 275
Dünən: 774
Bu həftə: 5644
Son həftə: 6350
Bu Ay: 18353
Son Ay: 25108
Bu İl: 284502
Ümumi: 1304923
1304923