Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Şuşada doğuldu, Tiflisdə oxudu, Bakıda təhsil verdi

Son Yenilənmə : 2022-05-31 06:20:28
Baxış sayı : 816

Azərbaycan təhsil tarixinin ilk qadın pedaqoqlarından olan Zəhra xanım Ağayeva haqqında çox az məlumat var. Arxivlərdəki azsaylı sənədlər isə ziddiyətlidir. Bəzi mənbələrdə onun adı Zara, bəzilərində isə Zəhra və ya Zərintac kimi qeyd olunur. 

Zəhra xanım 1918-ci ilin noyabrında ərizə yazaraq öz xahişi ilə işdən azad olunur. Səbəb kimi isə ana dilini yaxşı bilməməsi göstərilir. Lakin 1918-ci ilin dekabrında Maarif naziri N.b. Yusifbəyovun əmri ilə yenidən məktəbə qəbul edilərək pedaqoji fəaliyyətini davam etdirir.

XIX ərin sonu - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş  tanınmış azərbaycanlı qadın pedaqoqlardan biri də Zəhra xanım Ağayevadır. Həmin dövrdə fəaliyyət göstərmiş bir sıra digər qadın pedaqoqlar kimi Zəhra xanım Ağayeva haqqında da cəmiyyətimizdə məlumat yoxdur. Ona görə də, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi və Dövlət Arxivindəki materialları araşdıraraq bu boşluğu doldurmaq istədik. 

Tiflisdən başlayan təhsil yolu 

Azərbaycan  Respublikasının  Dövlət Tarix Arxivi və  Dövlət Arxivlərində saxlanılan “Bakı - Dağıstan  xalq  məktəblərinin rəhbərliyi”, “Bakı Şəhər İdarəsi”, “Bakı şəhəri 3-cü qızlar gimnaziyası”, “Xalq Maarif Komissarlığı “ fondlarında Zəhra xanım Ağayevanın pedaqoji fəaliyyəti haqqında müəyyən sənədlər qorunub saxlanılır.  Bakı Şəhər İdarəsi nəzdindəki məktəb şöbəsi tərəfindən Zəhra xanım Ağayevanın adına tərtib edilmiş şagirdin şəxsi kartoçkasında olan  məlumatlara əsasən, o, 1892-ci il noyabrın17-də Şuşa şəhərində, müsəlman zadəgan ailəsində anadan olmuşdur. Lakin sənəddə onun valideynlərinin adları qeyd edilməmişdir. Şagirdin şəxsi  kartoçkasında yazılmış digər məlumatlara görə, Zəhra xanım 1909-cu ildə II Tiflis qadın gimnaziyasını bitirdikdən sonra təhsilini elə həmin şəhərdə fəaliyyət göstərən Ali qadın kurslarında davam etdirmişdir. O, Tiflisdə Ali qadın kurslarını  bitirdikdən sonra - 1913-cü il sentyabrın 16-dan etibarən  Bakıda şəhər ali-ibtidai məktəbində ştatlı müəllim vəzifəsinə təsdiq edilmişdir. Zəhra xanım Bakıda ali-ibtidai şəhər məktəbində rus dili, hesab, tarix, təbiət tarixi, coğrafiya və rəsmxət fənlərindən dərs demişdir. Şagirdin şəxsi kartoçkasında onun adı Zara kimi qeyd edilmişdir ki, bunu da həmin dövrdə  xüsusi adların rusca  göstərilməsində  yol verilmiş texniki qüsur  kimi də qiymətləndirmək mümkündür. Bəzi sənədlərdə onun adı Zəhra və Zərintac kimi də qeyd edilir.

Bakı Şəhər İdarəsinə göndərilən məktub 

Arxiv sənədləri təsdiq edir ki, Zəhra xanım 1913-cü ildə Bakıya gələrək əvvəlcə qadın rus-tatar məktəbində, sonra isə şəhər ali-ibtidai məktəbində pedaqoji  fəaliyyət göstərmişdir. Lakin onun Bakıda pedaqoji fəaliyyət göstərməsi heç də asanlıqla  başa gəlməmişdir. O, buna nail olmaq üçün hələ Tiflisdə Ali qadın kurslarında oxuyarkən Bakı Şəhər İdarəsinin Məktəb Şöbəsinin sədri ilə məktubla əlaqə yaradaraq gələcək işini planlaşdırmağa nail olmuşdur. Zəhra xanım Ağayeva 1913-cü il mayın 22-də Tiflis şəhərindən Bakı Şəhər İdarəsinin Məktəb Şöbəsinin sədrinə ərizə göndərərək ona  Bakıda  hər hansı bir məktəbdə müəllimə vəzifəsinin verilməsini xahiş etmişdir. Bununla  yanaşı,  onun ərizəsində həmçinin qeyd edilirdi ki, o, gimnaziyanın 7 sinfini bitirdiyi haqqında şəhadətnaməyə və Ali Müəllimlər kursunun IV kursunda oxuduğunu təsdiq edən vəsiqəyə malikdir.

Məktəb Komissiyasında  onun ərizəsinə baxıldıqdan sonra o,  yeni açılacaq 2-ci rus-tatar məktəbinin ştatına daxil edilmişdir.  Məktəb Komissiyası sədrinin məktubunda bildirilirdi ki, o, müəllimə vəzifəsinə qəbul edilmişdir və sentyabrın 16-dan işə başlamalıdır. Zəhra xanım həmin  məktəbdə 16 sentyabr 1913-cü ildən 1915-ci ilin may ayının sonunadək pedaqoji fəaliyyət göstərmişdir. Məktəb Komissiyası sədrinin  1915-ci il mayın 29-da Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri direktoruna Z.Ağayeva haqqında göndərdiyi məlumatda qeyd edilirdi: “Zəhra xanım 28 yanvar  1915-ci il tarixdə Tiflis Ali Qadın Kurslarını  bitirərək  17 saylı  attestat  əldə etmişdir. Ali təhsil ocağını bitirmiş və müəllimə vəzifəsini daşıyan bir şəxs kimi onun Xalq Maarif Nazirliyinin 4 may 1914-cü il tarixli 3261 saylı qərarına  uyğun  olaraq  ali-ibtidai  məktəblərdə  ştatda olan müəllimə vəzifəsini tutmağa  ixtiyarı  vardır”. 

Arxiv sənədlərində ziddiyyətli  məlumatlar

Arxiv sənədlərində Zəhra xanımla bağlı bəzi ziddiyyətli  məlumatlar yer almışdır. Belə ki, Zəhra xanım 1918-ci ilin noyabrında ərizə yazaraq öz xahişi ilə işdən azad olunur. Səbəb kimi isə öz dilini yaxşı bilməməsi göstərilir. Lakin 1918-ci ilin dekabrında Maarif Naziri N.b. Yusifbəyovun əmri ilə yenidən məktəbə qəbul edilərək pedaqoji fəaliyyətini davam etdirir. Xalq Maarif Nazirliyinin Dəftərxanasının müdir müavini  M.Kondratyevin Bakı 3-cü qadın gimnaziyasının pedaqoji şurasının sədrinə göndərdiyi 26 dekabr 1918-ci il tarixli 3725 saylı məktubunda qeyd edilirdi: “Xalq Maarif Nazirinin 259 saylı əmri ilə Zəhra xanım Ağayeva bu gündən etibarən sizə həvalə edilmiş gimnaziyada fizikadan dərs deməyə buraxılır”.

 

Arxiv sənədləri təsdiq edir ki, Zöhrə xanım Ağayeva xəstəlikdən əziyyət çəkirdi və müalicə olunmasına ehtiyac duyulurdu. Maarif Nazirinin 13 oktyabr 1919-cu il tarixli 423 saylı əmri ilə Zəhra xanıma  əmək haqqı saxlanılmaqla bir aylıq məzuniyyətə çıxmağa  icazə verilmişdir. Azərbaycan 1920-ci il aprelin 28-də XI Qırmızı Ordu tərəfindən işğal edilərək sovetləşdirildikdən sonra da Zəhra xanım Ağayeva 1-ci dərəcə 7-ci sovet qadın məktəbində və Bakı 6 aylıq müəllimlər kurslarında pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan  Respublikasının  təhsil tarixində rolu və izi qalmış bütün müəllim və pedaqoqlar  bu gün də xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir. Onların Azərbaycanda təhsilin və məktəb işinin geniş yayılmasında rolu danılmazdır. 

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi



Bugün: 791
Dünən: 793
Bu həftə: 1584
Son həftə: 5729
Bu Ay: 2286
Son Ay: 25108
Bu İl: 268435
Ümumi: 1288856
1288856