Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-26 03:25:57
Baxış sayı : 4856

 

 “Bəzən bir ümid, bəzən göz yaşı” gətirən nəğmələrin müəllifi -      EMİN SABİTOĞLU - 80

 

Bu məqalə bəstəkarın anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən

368 və 528 nömrəli fondların  sənədləri əsasında hazırlanmışdır.

 

      Gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı bəstəkar Emin Sabitoğlu artıq 17 ildir ki, aramızda yoxdur. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə parlaq bir lövhə, bitkin bir tablo idi. Təəssüf ki, parlaq melodiyalardan əsrarəngiz təsvirlər yaradan bu bəstəkar palitrasındakı rənglər tükənməmiş bu dünyadan köç etdi. Amma hər halda biz xoşbəxt insanlarıq ki, onun müasirləri olmuşuq, yaratdığı hər musiqi şedevrinin sevincini yarandığı zamanın içində yaşamışıq.

      Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində anadan olmuşdur. Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına böyük təsir göstərib. İlk musiqi təhsilini onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alan Emin daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirir. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası “əla” qiymətləndirilir. Ötən əsrin altmışıncı illərində Moskvada “əla” qiymət almaq hər adamın işi deyildi.

      Həmin dövrün başqa bir yaradıcılıq məhsulu skripka və fortepiano üçün poemadır. Sonrakı illərdə Emin Sabitoğlu uvertüra , kantata, romansıar silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir. O, əsas diqqətini mahnıya yönəldir. Emin öz ilk nəğmələrini yazarkən artıq professional idi. Qələmini musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdı.  Eminin rəngarəng, geniş həcmli mahnı yaradıcılığı haqda geniş söhbət açmaq olar. O, 500-dən artıq mahnının müəllifidir.  Eminin musiqisinə iki əsas cəhət xasdır. Birincisi, bəstəkar mahnılarının  kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. İkincisi, Emin musiqisinin sevincidir. Həm də burada sevincin müxtəlif çalarları – şuxluq, şıltaqlıq, xüsusi təravət nəzərə çarpır. Emin mahnılarının təlqinedici gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa bir o qədər təsirli və cazibədardır. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”,  “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahıları Emin həyatda olmasa da, onun yaradıcılığını əbədiyaşar edir.

      Azərbaycan kinosununəsas dayaq sütunlarından  biri olan, milli kinomuzda Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, T.Quliyev kimi nəhəng sənətkarlarla əsası qoyulan musiqi estetikası daha sonralar P.Bülbüloğlu, E.Sabitoğlu və digərbəstəkarların bacarığı sayəsində daha da inkişaf etmiş, filmlərin emosional dilini zənginləşdirmiş, bu filmlərin geniş tamaşaçı auditoriyası tərəfindəndaha asanqavranılmasına şərait yaratmışdır.Azərbaycan kinematoqrafiyasına uğurlar gətirmiş Emin Sabitoğlunun filmlərə yazdığı kino musiqiləri haqqında xüsusi danışmağa dəyər.

       İlk dəfə 1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi bəstələyən E.Sabitoğlu sonralar 40-dan artıq kino əsərinin musiqi tərtibatını vermişdir. Emin hər zaman çalışmışdır ki , elə bir musiqi, elə bir mahnı yazsın ki,  burda filmin cövhəri təcəssüm olunsun.  Filmlərdə Eminin musiqisi təkrarsız atmosfer yaradır, mətnaltı psixoloji məzmunu açıqlayır, qəhrəmanların məxfi hisslərini üzə çıxarır. Məsələn, “Dədə Qorqud” filmində ulu babalarımız olanoğuz-türk tayfalarının qəhrəmanlıq ruhu, “Bizim Cəbiş müəllim” filmində İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların psixoloji sarsıntıları, “Gün keçdi”, “Park”, “İstintaq”, “Təhminə”, “Ölsəm, bağışla” filmlərində qəhrəmanların mənəvi ehtiyacları, daxili hiss və həyəcanları, məhv olmuş arzuları kadrlardakı lirik melodiyalarda öz təcəssümünü tapır, ümumilikdə filmin bədii təsir qüvvəsini möhkəmləndirir.

      Emin Sabitoğlunun peşəkar yaradıcılığı 40-a yaxın filmə uzunömürlü ekran həyatı bəxş etmişdir. Bu ekran əsərlərində kadrlaraltı mənalar, obrazların xarakterisikası məhz onun emosional ruhlu musiqisiləri vasitəsilə daha dərindən anlaşılır. Bəstəkarın filmlərin əvvəlində səslənən musiqiləri belə filmin ideyalarını anons edir, onun  ideya-bədii məğzini açır.

       Emin Sabitoğlunun kino musiqisi filmlərdəki hadisələrə tamaşaçının daha çox ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Onun bəstələrinin müşayiət etdiyi filmlər bitdikdən sonra belə tamaşaçını öz emosional təsirində saxlayır.Ən zəif süjet xəttinə malik olan filmlər belə, Emin Sabitoğlu musiqisi sayəsində emosional ekran həyatı qazanmışdır. Bizi bəzi filmlərə təkrar-təkrar baxmağa vadar edən məhz elə Emin bəyin musiqiləridir.

      Bəstəkarın yaradıcılığında mühüm sahə olan musiqili komediyaları da qeyd etmək vacibdir. Emin Sabitoğlu öz təkrarsız yumorunu burada tam mənada reallaşdırmağı bacarmışdır.Xüsusilə, atası Sabit Rəhmanın librettosu əsasında yazdığı,  parlaq yumoru ilə fərqlənən “Hicran” tamaşasında bunun bariz nümunəsini görürük. Burada cəmiyyətimizdə hökm sürən bir sıra eybəcər hallar çox incə yumorla tənqid olunur, gülüş obyektinə çevrilir. Tamaşadakı şux melodiyalar, şən mahnılar, aktyorların dialoqlarınımüşayiət edən vokal musiqilər, ariyalarbəstəkar istedadının məhsuludur.

      Emin Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin “Türk xalq musiqisi” şöbəsində çalışmışdır. Küləkli Bakını minarəli İstanbulla əvəz etmək Emin bəyə heç də asan başa gəlmirdi. O, doğma şəhər ilə ayrılığı çətin keçirirdi.

       2000-ci ildə atası Sabit Rəhmanın yubileyinin qeyd edilməsi ilə əlaqədar olaraq vətənə gələn Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

       Emin Sabitoğlunun musiqisindəinsanları hər zaman həyəcanlandıran və düşündürən mətləblər əks olunub – xeyirxahlıq, doğma ocağa bağlılıq, təbiətə vurğunluq, bəzən bir ümid, bəzən göz yaşı və sonsuz sevgi...

  

Xatirə QƏDİROVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat və

İncəsənət Arxivinin  aparıcı arxeoqrafı



Bugün: 337
Dünən: 758
Bu həftə: 2772
Son həftə: 5861
Bu Ay: 4988
Son Ay: 28223
Bu İl: 246029
Ümumi: 1266450
1266450