Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qarabağda və Zəngəzurda erməni cəza dəstələri - Andranik Ozanyanın qanlı cinayətləri

Son Yenilənmə : 2025-02-17 12:13:08
Baxış sayı : 113

Osmanlı imperiyasının erməniəsilli vətəndaşı Andranik Ozanyan öz vətəninin xəyanətkarı kimi tarixə düşmuşdür. O, 25 fevral 1865-ci ildə Osmanlı imperiyasının Trapezund vilayətinin Şapin-Qarahisar şəhərində (hazırda Türkiyənin Gerasun əyaləti) anadan olmuşdur. Andranik "Hnçak", sonra isə "Daşnaksütyun" partiyalarının üzvü olmuş, 1880-ci illərdə Osmanlı dövlətinə qarşı hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri kimi onun sağ qulağı kəsilmiş və bununla da xalq arasında "təkqulaqlı Andranik"adını qazanmışdır. Lakin layiq olduğu cəzanı almasına baxmayaraq, Osmanlı imperiyasına qarşı xəyanətkarlığından əl çəkmir, silah qaçaqmalçılığı ilə məşğul olur, Türk ordusuna qarşı döyüşlərdə iştirak edirdi. 1904-cü ildə erməni üsyanı türk hərbçiləri tərəfindən yatırıldıqdan sonra Andranik Türkiyədən qaçaraq bir müddət Qafqaza sığınır, daha sonra isə Avropaya yola düşür. O, 1907-ci ildə "Daşnaksütyun"un Bolqarıstanda keçirilmiş IV qurultayında iştirak etmişdi.

1914-cü ildə tayqulaq Andranik rus ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşərək rus ordusuna xidmətlərini təklif etmiş və bununla da Türkiyəyə qarşı satqınçılığını davam etdirmişdi. Malışayevski Andranikə erməni hərbi dəstələrinin formalaşdırılmasını tapşırmışdı. Qeyd edək ki, Andranik Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştirakına görə dəfələrlə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallara layiq görülmüşdür.

1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başladı. Andranikin başçılıq etdiyi erməni bandaları çar ordusundan qalmış hərbi silah və sursatı mənimsəyərək öz silahlı dəstələrini gücləndirirdilər. Zəngəzurda və digər bölgələrdə Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıdır, yandırır viran qoyurdular. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. Erməni tarixçisi A.Lalayan yazırdı: "Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kənd uşaqlarının, qadınlarının və qocalarının qətli zamanı "böyük şücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmır və həmin ərazilər insan qalıqları ilə dolu bir xarabalığa çevrilirdi".

Azərbaycan Demokratik Respublikası Nazirlər Sovetinin sədri F.X.Xoyskinin Azərbaycan nümayəndə heyətinin İstanbuldakı sədri M.Ə. Rəsulzadəyə 31 iyul 1918-ci il tarixdə ünvanladığı məlumatda qeyd edilirdi: "...Sizə deməliyəm ki, ermənilər qətiyyən sakitləşmirlər, gah orda, gah burda müsəlmanları qırır, onların kəndlərini və evlərini viran edirlər; bu günlərdə yenə də Novo-Bayazet qəzasında bir neçə müsəlman kəndlərini məhv etmişdilər. Onların generalı Andranik öz qoşunlarını İrəvan və Yelizavetpol quberniyalarına toplayır, Zəngəzur qəzasından Gorusa yaxınlaşır. Biz hələlik qəti tədbirlər görmürük, bütövlüklə Bakı məsələsi ilə məşğuluq. Allah qoysa, bu əməliyyatı başa çatdırdıqdan sonra bu iyrənc erməni hərəkatını da ləğv edəcəyik".

"Bakı məsələsi"nin həlli üçün tədbirlərin görülməsi haqqında F.X.Xoyskinin M.Ə.Rəsulzadəyə ünvanladığı 23 avqust 1918-ci il tarixli təcili diplomatik məlumatda isə bildirilirdi: "Çox hörmətli Məmməd Əmin! Əsas Bakı məsələsidir ki, hələ həll olunmayıb, Konstantinopolda bu məsələnin tezliklə həll olunmasına bütün gücümüzü sərf etməliyik, yoxsa sonra bunun düzəlməsi mümkün olmayacaqdır. Bakıya artıq öz texniki qurğuları ilə iki mindən artıq ingilis əsgəri gəlmişdir, vəziyyət gündən-günə ağırlaşır. Andranikin erməni qoşunları Qarabağ tərəfdən Zəngəzur qəzasının bir hissəsini tutmuş və Şuşa qəzasının bizimlə əlaqəsini kəsərək hərəkət edir, biz Bakı məsələsi bitməyənədək bir tədbir görə bilmirik".

Azərbaycan Respublikasının xarici işlər naziri M.Y.Cəfərovun 1919-cu il aprelin 30-da Cənubi Qafqazdakı Britaniya qüvvələrinin komandanı general-mayor G.Koriyə göndərdiyi etiraz notasında deyilirdi: "Mənim hökumətimdə olan məlumata görə Azərbaycan hökumətinə Qarabağın idarə olunması hansı şərtlərlə verilmişdirsə, həmin şərtlərlə də sizin tərəfdən Şərur-Dərələyəz, Sürməli və İrəvan mahalının hissələrinin idarə olunmasının Ermənistan hökumətinə verilməsi planlaşdırılır. Sülh konfransının qərarınadək Zaqafqaziya xalqlarının taleyi haqqında məsələni qabaqcadan müəyyənləşdirmədən mən bunların qeyd edilməsini vacib hesab edirəm ki, göstərilən həmin rayonlarda başdan-başa müsəlman əhalisi məskunlaşdırılmışdır. Ona görə də yerli əhalisinin bir hissəsinin zorla digər hissəsindən ayırmaq layihəsi yerli əhalidə haqlı qəzəb və hiddət doğuracaqdır. Qeyd olunan həmin rayonların ərazisi mənim hökumətim tərəfindən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edilmişdir, ona görə də nəzərdə tutulan tədbirlər onsuz da çətin və dolaşıq olan sərhəd məsələlərini daha da kəskinləşdirə bilər ki, bunun da məmləkətimizdə həmişə respublikaları barışdırmağa və nizam-intizamı bərpa etməyə çalışan ingilis komandanlığının maraqlarına cavab verəcəyinə şübhə doğurur.

Qeyd olunan rayonların Qarabağla müqayisə edilməsi də mümkün deyildir. Belə ki, bu ərazilərin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi faizlə nisbətdə müxtəlifdir: Cavanşir, Şuşa, Cəbrayıl qəzaları (Qarabağ) Azərbaycanın mərkəzində yerləşir, başdan-başa müsəlman əhalisi ilə əhatə olunmuşdur. Qarabağ ərazisində isə ermənilər bütün əhalini təşkil etməyən və heç də böyük olmayan qruplar şəklində yaşayırlar ki, bunu da müsəlman əhalisinin başdan-başa çoxluq təşkil etdiyi Naxçıvan, Sürməli, Şərur-Dərələyəz rayonları haqqında söyləmək mümkün deyildir.

Bununla yanaşı, Zəngəzur, Cavanşir, Şuşa, Cəbrayıl (Qarabağ) qəzaları Azərbaycan hökumətinin inzibati idarəçiliyinə daxildir və bunun yalnız general Andranikin bandaları tərəfindən zəbt edilmiş kiçik bir hissəsi mənim hökumətimin idarəçiliyindən müvəqqəti olaraq çıxarılmış və ona görə də bütün bu rayonların idarə olunmasının mənim hökumətimə verilməsi yalnız əvvəlki normal nizam-intizamın bərpa olunması demək olardı.

Naxçıvan, Şərur-Dərələyəz, Sürməli rayonları və İrəvan qəzasının hissələrinin vəziyyəti tamamilə başqadır və onlar heç zaman Ermənistan hökumətinin nüfuz dairəsində olmamışdılar və bu rayonların idarə olunmasının əhali üçün yad sayılan hökumətə təhvil verilməsi keçmişdəki vəziyyətin bərpa olunmasına deyil, yeni çətin vəziyyətin yaranmasına xidmət edir. Qeyd edilən rayonların idarə edilməsinin ermənilərə ötürülməsi kütləvi xoşagəlməz proseslər yarada bilər, Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və İrəvan qəzasının müsəlman əhalisinin taleyinə isə mənim hökumətim biganə qala bilməz və onun tapşırığına uyğun olaraq qeyd olunan rayonların idarə edilməsinin Ermənistan hökumətinə ötürülməsinə dair hazırlanan layihəyə qarşı qətiyyətlə etiraz edirəm və həmin rayonların idarə edilməsinin Ermənistan hökumətinə verilməsini dayandırmağı və sonrakı qərarlar haqqında məni məlumatlandırmağınızı xahiş edirəm".

Yeri gəlmişkən, bəzi internet saytlarındakı məlumatlara görə qudurğan erməni millətçilərinin "Hnçaq", sonralar isə "Daşnaksütyun" partiyasının üzvlərindən biri olan Andranik vaxtilə "madmazel Andranik" kimi də tanınmışdır. "Madmazel Andranik" 1-ci erməni könüllü dəstəsinin komandiri kimi 1912-ci ildən Balkan müharibələri zamanı Bolqarıstan ordusunun, Birinci Dünya müharibəsi dövründə isə Rusiya ordusunun tərkibində Türkiyəyə qarşı vuruşmuşdu. Çar II Nikolayın sərəncamı ilə ona general-mayor rütbəsi də verilmişdi.

1915-ci ilin iyulunda Van gölü bölgəsində gedən hərbi əməliyyatlar zamanı fəallaşmış rus qoşunlarının tərkibində Andranikin başkəsənləri türk əhalisinə qarşı kütləvi divan tutduğuna görə Türkiyə hökuməti bu üzdəniraq "generalı" qanundan kənar elan etmişdi. Bunun ardınca "qulağı kəsik Andranik" Türkiyədən qaçaraq İrəvana gəlmişdi.

1918-ci ildə Qarabağ və Zəngəzurda əsasən azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır. 1918-ci ildə Andranikin silahlı dəstələri Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmış, Qarabağda bir çox Azərbaycan kəndlərində kütləvi qətllər törədərək kəndləri talan etmişdilər. Rəsmi məlumatlara görə, həmin dövrdə 115 Azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq yerli əhali qətlə yetirilmiş, əmlakları talan edilmişdir.

Andraniklə bağlı internet saytlarında dərc edilmiş digər məlumata görə "Zəngəzurda Zıbıx kəndi yaxınlığında gedən döyüşlər zamanı Andranik və onun dəstəsi Sultan bəyin başçılıq etdiyi qoşun döyüşçüləri tərəfindən əsir götürülür və erməni başkəsənlərini mütləq ölüm cəzası gözləyirdi. Bunu anlayan təkqulaq Andranik Sultan bəyin qarşısında diz çökərək gözüyaşlı halda rəhm edilməsi üçün yalvarır. Cavabında isə Sultan bəy ona kişilərə layiq ölümü seçməyi, yox əgər o, özünü belə hesab etmirsə, əsir düşmüş erməni quldurlarının gözü önündə diziüstə onun ayaqları arasında sürünməyi təklif edir. Təkqulaq general öz canını qurtarmaq üçün təklifin ikinci variantını seçərək hamının gözü önündə diziüstə Sultan bəyin çəkmələri arasında sürünür. Beləliklə də Sultan bəy deyir: "Bu köpəyi buraxın. Bu murdar adama əl bulaşdırmağa dəyməz".

Andranikin komandanlığı ilə Qarabağda cövlan edən ermənilərin cəza qoşunlarının Zəngəzur qəzasının müsəlman əhalisinə qarşı böyük qırğınlar törətməsi arxiv sənəd və materiallarında öz əksini tapmışdır. Məsələn, Zəngəzur qəzasının müsəlman əhalisinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması və onların xilas edilməsi üçün tədbirlərin görülməsi haqqında Zəngəzur qəza rəisi H.Mahmudbəyovun 1919-cu il yanvarın 29-da Parlamentin deputatı və daxili işlər naziri X.Xasməmmədova göndərdiyi teleqramda qeyd edilirdi: "Zəngəzur qəzasında ermənilərin mərkəzində yerləşən Axçin dərəsinin müsəlmanları, müsəlmanların köməyindən məhrum edildiklərinə görə məhv olmaq ərəfəsindədilər. Bu gün oradan dolayı yollarla gəlmiş iki nəfər mənə aşağıdakıları qeyd etdilər: "Quşlu, Acılı, Arkazı, Aksarlı kəndləri yanvarın ilk günlərindən ermənilər tərəfindən darmadağın edilmiş, Şəhərcik, Açaquv, Oxcu kəndləri davamlı mühasirədən sonra silahları təhvil verərək ermənilərə təslim olmuşlar. Kirataq, Molodu, Kovnu, Qarabağlı, Qavarlı, Kiçi, Başbaki, Mahmudlu, Keydaşı, Karaç, Kuruqot, Kayçan, Kiri, Abjibadji kəndləri isə ermənilər tərəfindən mühasirəyə alınaraq əhalidən qəti şəkildə silahların təhvil verilməsi tələb olunmuş və əks halda məhv ediləcəkləri ilə qorxudulmuşlar. Yuxarıda adıçəkilən kəndlərin mühasirəyə alınmasında keçən il dekabrın 26-da Gorusdan Qətər zavodlarına gəlmiş Andranikin dəstəsinin sotnyası iştirak etmişdir. Şuşa və Gorusdakı Britaniya missiyası isə yalnız ermənilər üçün Qətər zavodlarından Şuşaya və digər yerlərdə yolun açılması ilə məşğul olurlar, müsəlmanların müdafiəsi üçün heç bir tədbir görmürlər. Yuxarıda təsvir olunanlarla bağlı Əli ilə birgə missiyaya müraciət etmişik. Bunları sizin nəzərinizə çatdırmağı və kənardan kömək ala bilmədiklərinə görə bundan sonra ermənilərin basqınlarına tab gətirə bilməyəcək, həmin kəndlərin xilas edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini sizdən xahiş etməyi özümə borc bilirəm".

Andranikin dəstəsinin Gorus kəndindən Cəbrayıl və Şuşa qəzaları istiqamətinə daxil olması haqqında Gəncə qubernatoru - general-mayor İ.A.Vəkilovun Parlamentin deputatı X.Xasməmmədova göndərdiyi 28 fevral 1919-cu il tarixli məlumatda qeyd edilirdi: "Zəngəzur qəza rəisindən aşağıdakı teleqram alınmışdır: "23 fevralda Andranikin möhkəm silahlanmış dəstəsi Gorusdan Dığa daxil olmuş, onun 4 sotnyası isə həmin vaxt Həkəri kəndinə gəlib çıxmışdır. Bu hərəkətlərin məqsədi bizə tam aydın olmasa da erməni mənbələrindən bəlli olur ki, ermənilərin məqsədi Əsgərana qədər Cəbrayıl və Şuşa qəzalarının bütün dağlıq ərazilərini, Xudafərin körpüsünə qədər bütövlükdə Zəngəzur qəzasını zəbt etməkdir. Andranikin Şuşa istiqamətində, onun dəstələrinin isə Həkəridən Araksa Zəngəzurun müsəlman əhalisini mühasirəyə almaq üçün yola düşməsi bu məlumatları bir qədər təsdiqləyir".

Birinci Dünya müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. 1919-cu ilin aprelində Andranik Eçmiədzinə gəlir, burada dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Andranik Fransada, sonra isə ABŞ-da yaşayır. Onun bəzi memuarları 1921-ci ildə ABŞ-da erməni dilində çapdan çıxan "Erməni əlahiddə zərbə hərbi hissəsi" adlı kitabda toplanmışdır. A.Ozanyan 1926-cı ildə Amerika qəzetlərindən birində "Mən hələ qayıdacağam" adlı müsahibəsini bu sonluqla bitirmişdi: "…virana qoyduğum türk torpaqlarında erməni dövləti yaratmaq üçün qayıdacağam". Türk-Azərbaycan əhalisinin qaniçən cəlladı Andranik Ozanyan 31 avqust 1927-ci ildə ABŞ-da, Kaliforniya ştatının Fresno şəhərində 62 yaşında öldü. 1965-ci ilin fevral ayında İrəvanda Andranik Ozanyanın anadan olmasının 100 illiyi təntənə ilə qeyd edildi. Ermənistanın "milli qəhrəmanı", "Garribaldisi" adlandırılan Andranikin nəşi 2000-ci ildə ABŞ-dan İrəvana gətirilir, həm də heykəli qoyulur. 28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində Andranik Ozanyanın 100 illiyi ilə əlaqədar abidəsinin açılması planlaşdırılsa da yerli hakimiyət orqanlarının etirazı nəticəsində bu baş tutmur.

Müasir dövrdə 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası ölkəmizin 20 faiz ərazisini işğal etmiş Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Lakin danışıqlar heç bir nəticə vermədi və Ermənistan tərəfi sadəcə vaxt udmağa və status-kvonu möhkəmləndirməyə çalışırdı. Lakin Azərbaycan işğal ilə barışa bilməzdi və barışmadı da.

Ermənistanın 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Sonrakı mərhələdə "Dəmir yumruq" adı alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı möhtəşəm qələbə çalaraq 30 ildən artıq müddətdə erməni işğalı altında qalan torpaqlarını azad etdi. İşğal edilmiş Qarabağın erməni millətçilərindən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin üç min nəfərədək hərbi qulluqçusu Vətən yolunda canlarını qurban vermiş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirmişdi. Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları erməni millətçilərinə qarşı mərdliklə döyüşərək onları Qarabağdan "iti qovan kimi" qovmuş və ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir.

44 günlük Vətən müharibəsi tarixə qızıl hərflərlə yazıldı və bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz torpağının sahibidir və hər zaman onun keşiyindədir! Vətən müharibəsinin hər günü xalqımızın şanlı tarixidir və qəhrəman xalqımız həmin tarixlə fəxr edir, qürur duyur!

Təcavüzkar erməni millətçiləri, Ermənistan və onun havadarları nəhayət ki, bu tarixdən nəticə çıxarmalıdırlar. Azərbaycan torpağına göz qoyan düşmən qüvvələrinin gözü Azərbaycan xalqı və dövləti tərəfindən mütləq ovulur və ovulacaqdır. Əgər azğın erməni millətçiləri çirkin məqsədlərindən əl çəkməsələr, onların bir dövlət olaraq Cənubi Qafqazda qalması böyük sual altında olacaq.

 

Rafiq Səfərov

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya

təminatı şöbəsinin baş məsləhətçisi

 



Bugün: 476
Dünən: 961
Bu həftə: 2112
Son həftə: 5782
Bu Ay: 22768
Son Ay: 20603
Bu İl: 69989
Ümumi: 1382573
1382573