Məqalə "Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli,
1865 nömrəli Sərəncamına əsasən hazırlanmışdır.
Əziz Mirəhmədov elmi fəaliyyətini əsas etibarilə, Azərbaycan romantizm və realizm ədəbiyyatının görkəmli simalarının bioqrafiyalarının tədqiqinə və təhlilinə həsr edərək, monoqrafiyalarında onların dahi portretlərini yaratmışdır. O, həm öz sələflərindən əxz etdiyi zəngin təcrübəni, həm də illərlə keçmiş İttifaqın bir çox böyük şəhərlərinin kitabxana və arxivlərindən araşdıraraq topladığı qiymətli sənədləri çağdaş milli ədəbiyyatşünaslıq, mətnşünaslıq və publisistikamız üçün hər daim aktual olacaq, hər zaman istinad mənbəyinə çevriləcək tədqiqat əsərlərinin ərsəyə gəlməsində istifadə etmişdir. Görkəmli alim monoqrafiyalarında müraciət etdiyi hər bir mövzunun ədəbi, tarixi, ictimai, siyasi və hətta dini əsaslarının dialektik vəhdətini nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətinin aşkar olunmasında hər zaman böyük tənqidçi kimliyini və dəsti-xəttini qorumağa çalışmışdır.
Əziz Mirəhmədovun elmi fəaliyyətini iki dövrə – sovet və post-sovet dövrünə bölmək olar. Mətnşünas alimin sovet dövründəki elmi fəaliyyətinə nəzər saldıqda onun Azərbaycanın bir çox mütərəqqi insanlarının söz irsinin sistemli araşdırılmasında böyük zəhmətinin olduğunu görürük. Belə ki, o Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi, İsmayılbəy Qutqaşınlı, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Abdulla Şaiq və digər ədiblərimizin zəngin söz və fikir xəzinəsinin xalqa çatdırılması üçün neçə-neçə elmi əsərlər, məqalələr və oçerklər yazmış, kitablar çap etdirmişdir. Bildiyimiz kimi, Azərbaycan milli fikri XX əsrin əvvəlində özünün intibah dövrünü yaşamışdır. Bu ideologiyanın formalaşmasında Azərbaycanın bir çox burjuaziya və inteligensiya nümayəndələrinin böyük xidmətləri olmuşdur. Təbii ki, Azərbaycanın sovetləşməsindən sonra bu insanların hamısına eyni gözdə baxılmırdı. Hakim kommunizm ideologiyası öz “qırmızı cizgi”si ilə elm adamları üçün bu sahədə bir çox sıxıntılar yaradırdı. Xüsusilə, xalqın milli müqəddəratında və düşüncə hərəkatında başlıca rol oynamış və bu fəaliyyəti ilə hakim ideologiyanın siyasətinə uymayan aydınların özkeçmişlərini tədqiq və təbliğ etmək bir mənalı şəkildə qəbul olunmurdu.
Bu sətirləri yazdıqda əlbəttə ki, ağla ilk növbədə Azərbaycanda türkçülük fikir cərəyanının ən güclü iki nümayəndəsi - Əlibəy Hüseynzadə və Əhmədbəy Ağaoğlu gəlməkdədir. Onların istər Azərbaycanda, istərsə də Türkiyədə ictimai-siyasi fəaliyyətlərini araşdırmaq və işıqlandırmaq cinayətə bərabər bir hərəkət hesab edilirdi. Bu iki vətənpərvər insanı ancaq kəskin tənqid edərək yad etmək olardı. Elə görkəmli alimin özü də həmin dövrdə onlar haqqında kəskin yazmağa məcbur olmuşdu. Qocaman alim bu nüansı dəfələrlə çıxışlarında ürək ağrısı ilə etiraf edirdi: “Əli bəy Hüseynzadə bizim ən bədbəxt mütəfəkkirimizdir. Hansı epitet qalıb ki, onun haqqında söyləməyək? Bircə faşist sözünü işlətməmişik onun adının qabağında. Biz Əli bəyin əsərlərində, şəxsiyyətində olan işığı, həqiqəti görə bilməmişik. Biz də görə bilməmişik, bizim müəllimlərimiz də görə bilməyib, heç müəllimlərimizin müəllimləri də görə bilməyib” (f.724,s.1,sax.vah.190).
Tənqidçi alim, Əhmədbəy Ağaoğluna həsr etdiyi “Ömür yolu” əsərində isə belə yazırdı: “Onun aşkarca bəxti gətirməmişdi. Ta son onilliklərə qədər bizdə çox vaxt Ə.Ağaoğlunun hətta sadəcə adını çəkmək də qadağan və “xatalı” olduğuna görə onu əsasən bir neçə tədqiqatçı alim tanıyırdı ki, bunların da çoxu ya başıbəlalı ədib haqqında ötəri, səthi qeydlərlə kifayətlənir, ya da onun portretini istər-istəməz əyri güzgüdə göstərməyi rəva görürdülər. Bəzən bilik, mərifət və istedadca, xalqa xidmətinin ölçüsünə görə böyük mütəfəkkir-ədibdən çox aşağı pillədə duranlar belə onun qarasına olmazın ittihamlar yağdırırdılar. Belə xətadan bir müddət bu sətirlərin müəllifi də yaxa qurtara bilməmişdir. Getsin o günlər gəlməsin!” (f.724,s.1,sax.vah.87).
Bəli, 1980-ci illərin sonlarında İttifaq dövlətində baş verən siyasi proseslərin gedişatı ölkədə yaşayan xalqların öz keçmişlərini, tarixlərini yenidən xatırlamalarına münbit şərait yaratdı. Məhz, bu dövrdə Azərbaycanda da neçə on illər bağlı qapılar arxasında, qaranlıq otaqlarda saxlanılan qadağan olunmuş mövzuların üstündəki tozu-torpağı silib gün üzünə çıxarmaq imkanı yarandı. “Xalq düşməni”, “xaricin cəsusu” adları ilə damğalanmış vətənsevər və millətpərvər ziyalıların bir çoxunun şərəfli tərcümeyi-halını tədqiq və təbliğ etməkdə artıq heç bir maneə qalmamışdı.
Milli ədəbiyyatşünaslığımızın salnaməçiliyini böyük ustalıqla icra edən Əziz Mirəhmədov məhz post-sovet dövründə illərlə arzuladığı mövzulara könül rahatlığı ilə toxunaraq, milli intibah tariximizin yazılmasında böyük xidmətləri olmuş insanların keşməkeşli və təlatümlü həyatlarının xalqa çatdırılması üçün bir çox işlər görmüş, geniş araşdırmalar aparmış, dövri mətbuatda bir sıra məqalələrlə çıxış etmiş, elmi əsərlərin müəllifi və elmi redaktoru olmuşdu.
Əziz Mirəhmədov öz işinə təkcə ədəbiyyatşünas alim kimi deyil, həm də ziyalı vətəndaş kimi yanaşırdı. O, Azərbaycanın tarixi keçmişinə aid hər bir çaların millətin, xüsusən də gənc nəslin yaddaşında yaşaması üçün əlindən gələni edirdi. Onun bir qrup elm və ədəbiyyat xadimləri ilə birlikdə böyük söz ustadı Məhəmməd Füzulinin mənsub olduğu Bayat qəbiləsinin adını daş abidə ilə əbədiləşdirilməsi üçün o zaman ki, respublika rəhbərliyinə etdikləri 2 dekabr 1983-cü il tarixli yazılı müraciəti buna bariz sübutdur (f.724,s.1,sax.vah.175).
Çox müsbət haldır ki, 55 illik tarixə malik olan Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində bu gün bir çox qiymətli şəxsi mənşəli fondlarla yanaşı qocaman alim Əziz Mirəhmədovun həyat və yaradıcılığını əks etdirən sənədlərin saxlandığı fondda fəaliyyət göstərməkdədir. Görkəmli alimin ömür-gün yoldaşı Əminə xanım Eldarova tərəfindən Arxivə qorunması üçün etibar edilmiş sənədlər əsasında 2009-cu ildə yaradılmış fond bu gündə tədqiqatçıların müraciət etdiyi ən zəngin fondlar sırasında yer almaqdadır.
Sonda onuda qeyd etmək istərdik ki, bu il yüz yaşı tamam olan görkəmli alimin elmi irsi yeni nəsillər üçün hər daim meyar olaraq qalacaq və milli ədəbiyyatşünaslığımızın tədqiqində işıq tutacaqdır.
Cavid MƏMMƏDLİ S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin şöbə müdiri
Bugün: | 326 |
Dünən: | 774 |
Bu həftə: | 5695 |
Son həftə: | 6350 |
Bu Ay: | 18404 |
Son Ay: | 25108 |
Bu İl: | 284553 |
Ümumi: | 1304974 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az