Əziz Şərifin ədəbi-elmi fəaliyyəti çoxsahəli, maraq dairəsi olduqca genişdir. Uzun illər O, ədəbiyyatşünas, tənqidçi, publisist, tərcüməçi, müəllim kimi çalışıb. Onun yaradıcılığı və fəaliyyəti ilə yaxından tanış olduqda görürülk ki, bu sahələrin hamısı onun üçün doğmadır, hamısında eyni professional yüksəlişdə dayanır.
Azərbaycan ədəbi-tənqidi fikrinin son illərdə keçdiyi inkişaf mərhələlərində Əziz Şərifin özünəməxsus yeri vardır. Müasir tənqidimizin tarixini Əziz Şərifsiz təsəvvür etmək çətindir. Onun müxtəlif zamanlarda M.P.Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı və b. Azərbaycan klassikləri, həmçinin ədəbi prosesin aktual problemləri haqda yazdığı monoqrafiyalar, kitablar, çoxlu elmi məqalələr müasir ədəbiyyatşünaslığımızın və tənqidimizin təşəkkül tapıb, inkişaf etməsində mühüm rol oynamışdır.
İyirminci illərdən başlayaraq Əziz Şərif Azərbaycan klassiklərinin və müasir yazıçılarımızın əsərlərini rus dilinə tərcümə edir. M.F.Axundov, C.Məmmədquluzadə, Ə.B.Haqverdiyevin əsərləri dəfələrlə rus dilində Ə.Şərifin tərcüməsi, elmi müqəddimə və şərhləri ilə nəşr edilmişdir. Əziz Şərif hələ gənc yaşlarında böyük xalq şairi Sabiri şəxsən tanımış, Tiflisdə onunla bir evdə , “Molla Nəsrəddin” jurnalına məxsus otaqlarda yaşamış, C.Məmmədquluzadədən atalıq qayğısı görmüş, H.Cavid, Ə.Haqverdiyev və digər görkəmli yazıçılarımızla yaxından dostluq etmiş, Azərbaycan ədəbiyyat və mədəniyyətinin, ictimai fikrinin onlarca görkəmli xadimləri ilə illər boyu səmərəli, işgüzar münasibətlərdə olmuş, müntəzəm surətdə yazışmışdır.
Böyük xalq şairimiz Nəbi Xəzrinin xatirələrində oxuyuruq:”Əziz Şərif lap bizim ürəyimizdən yazır:”Şəxsən mən sənədsiz və sənədlə təsdiq edilmiş xatirələrə həmişə şübhə ilə yanaşmağa adət etmişəm, özüm də uzaq keçmişin hadisəsini yada salanda çox ehtiyatla, min dəfə ölçüb-biçəndən, yoxlayıb təhlil edəndən sonra qələmə alır, oxuculara təqdim edirəm.” Elə buna görə də Ə.Şərifin yazdığı hər fakta dərindən inanırsan. Yazıçı hadisələri o qədər dəqiq, səliqəli qələmə alır ki, elə bilirsən ki, özün də o hadisələrin şahidisən. Müdrik bir kitab oxudum. Doğma ata-baba evində, Xırdalan kəndində iki günüm bu kitabla keçdi. Axşamı şəhərə yola düşdüm. Orada məni nə qədər böyük bir sevinc gözləyirmiş! Stolumun üstündə bir kitab bağlaması vardı... Açdım.Əziz müəllim mənə öz kitablarını hədiyyə göndərmişdi.Əziz müəllimin aydın və səliqəli dəst-xəttilə kitaba yazdığı sözlər mənim üçün nə qədər qiymətlidir:
“Əziz dostum Nəbi!
Bu kitabda sənin də adın çəkilir.Qoy qoca Əziz Şərifdən yadigar olsun”.
Əziz Şərif.
24.10.1977-ci il. Moskva.
Hörmətli Əziz müəllim!
Hədiyyəniz üçün çox saq olun! Amma bir sözünüzlə şərik deyiləm, “qoca” sözüylə, “qocaman” desən bəlkə yerinə düşər. Özünüz bilirsininiz ki, müdriklik qocalmır, o elə müdriklik yaşında qalır. Sizin kitabınız da müdrik kitabdır.
Nəbi Xəzri.
22.11.1977-ci il.
Moskvada hamı onu Azərbaycan mədəniyyətinin elçisi kimi tanıyır. Əziz Şərif respublikamızın ədəbi-ictimai həyatında o qədər yaxından iştirak edib ki, onun Moskvada yaşaması, orada işləməsi çoxlarının ağlına belə gəlməyib. Böyük Sabirin ümumittifaq miqyasında tanınmasında da Ə.Şərifin unudulmaz xidməti vardır.”Hop-Hopnamə”nin rusca nəşrinin hərfi tərcüməsi, müqəddimə və elmi izahları Ə.Şərifin qələmindən çıxmışdır. M.İbrahimov, S.Rəhimov, H.Mehdi, Mir Cəlal, Ə.Məmmədxanlı kimi tanınmış yazıçılarımızın əsərləri, M.P.Vaqifin şeirləri də ilk dəfə Ə.Şərif tərcüməsi sayəsində rus oxucusunun malı olmuşdur.
Ə.Şərifin tərcüməçilik fəaliyyəti birtərəfli mahiyyət daşımır. O.eyni zamanda rus ədəbiyyatının yaxşı nümunələrini də Azərbaycan dilinə tərcümə etmişdir. Əziz müəllimə bu barədə təşəkkür bildirdikdə sadəcə deyərdi:”Mən öz borcumu yerinə yetirirəm. Bilirsiniz, Moskva universitetində oxuyan tələbələrim Azərbaycan ədəbiyyatına necə maraq göstərirlər?! Hər dəfə mühazirədən sonra bu sözləri eşidirsən:”Bu ədəbiyyatda aləm varmış”. Bu sözləri eşidəndə isə adamın ürəyi dağa dönür”.
Əziz Şərif bütün fəaliyyəti boyu daim düzlüyə, doğruluğa meyl edən bir ziyalı, bir ictimai xadim və ədib olduğundan gündəliklərində də gördüklərini və tanıdıqlarını olduğu kimi boyamadan, ləkə vurmadan əks etdirmişdir.Əziz Şərif on üç yaşından etibarən gündəlik yazmağa başlamışdır. Qələm və kağız onun ən yaxın dostları olmuşdur. Bəzi mənbələrdə onun 1913-cü ildən gündəlik yazması qeyd edilmişdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi O, on üç yaşında yəni 1908-ci ildən gündəlik yazmağa başlamışdır.
Qocaman alim, görkəmli tədqiqatçı , professor Əziz Şərifin “Keçmiş günlərdən” adlı qiymətli xatirələr kitabı keçmiş günlərin gerçək faktlarıdır. “Keçmiş günlərdən” bir-birindən dəyərli ərməğanlar bəxş edir oxucuya. Yazıçı, Şair, əməkdar incəsənət xadimi Rəfiq Zəkanın xatirələrindən:”Hörmətli professor uzun illər bundan öncə tarixə qarışıb gedən, tarixin malı olan günləri, hadisələri, insanları bu gün gözlərimiz önündə tam aydınlığı ilə canlandırır. O günlər səfərbərdi, keçdi. Ancaq Əzəz Şərifin gündəlikləri sayəsində o günlər bir daha keçər kimidir. Hamımızı düşündürən, hamımızın ürəyində sevgiləri olan Sabirin, Hüseyn Cavidin, Mirzə Cəlilin, Hüseyn Ərəblinskinin, Əbdürrəhimbəy Haqverdiyevin, Simurğun, Səməd Vurğunun həyatından səhifələr, sənətindən incilər üzə çıxaran müəllif hər zaman tarixi sənəd kimi əlində olan gündəliklərinə müraciət edir və oxuculara təzə bir şey deyir. Bəxtiyar o insandır ki, ölkəsinin ən böyük oğullarının yanında yeri ola. Əziz Şərif belə bəxtiyarlardandır”.
Ecazkar iş üsulu, yorulmaz axtarışlar, gərgin iş rejiminə baxmayaraq, Əziz Şərif daima gündəlik ona yazılan dost-tanış məktublarını cavabsız qoymamışdır. Gorkəmli ədəbiyyat xadimləri ilə məktublaşması şəxsi arxivinin əsas hissəsidir.
Əziz Şərifin öz şəxsi arxivində olan xatirələrindən:”Azəri xalqının böyük oğlu və şairi S.Vurğun haqqında xatirə yazmaq nə qədər ağırdır! Qəlb heç inanmaq istəmir ki, S.Vurğun yoxdur.İnanmaq istəmir, lakin bu bir həqiqətdir, çox acı bir həqiqət. S.Vurğun yoxdur və onun haqqında xatirə yazmaq, onun yadda qalmış hər bir hərəkətini, hər sözünü canlandırıb kağıza köçürmək lazımdır ki, bu hərəkət və sözlər ölməz şairimizin həqiqi, canlı surətini yaratmaq işinə kömək etsin”.
Əziz Şərif
Noyabr 1963-cü il.
Əziz Şərif bu xatirəni “Səməd Vurğunla Ukraynada” adlandırmışdır. Müəllifin bu yazısı böyük şairə aid xatirələrinin kiçik bir fraqmentidir.
Onun şəxsi arxivində qorunub saxlanan bir avtoqrafı da xatırlayaq: Bu avtoqraf Tiflisdə 1911-ci il tarixli “Molla Nəsrəddin” jurnalının cildində yazılmış aşağıdakı sətirlərdir:”Bu kitabı mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə(Ə.Şərifin atası) ki, bizlər də ölüb gedəndən sonra onun oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar.”
Cəlil Məmmədqulu oğlu
4 iyun 1912-ci il.
1908-ci ildən 1987-ci ilin oktyabrına qədər yazdığı gündəliyinin sonuncu cildində sənədlərinin Ədəbiyyat və İnçəsənət Arxivinə verrilməsi barədə yazmışdır:
“Mənim çağırışıma əsasən Ədəbiyyat və İncəsənət arxivində çalışan Maarif Moskvaya gələcək, bütün sənədlərimi Arxivə təqdim edəcəm. Bununla da şüurlu həyatıma son qoydum...”
Doğrudan da belə olub. Davamlı olaraq sənədlərini Arxivə təqdim edən ədib, 1987-ci ildə bütün sənədlərini (bir tona yaxın), bir-birindən dəyərli kitabxanasını təhvil vermişdir. Bir il sonra 1988-ci il iyunun 1-də bu dünyaya gözlərini yumur.
O,şüurlu həyatına həsr etdiyi şəxsi sənədlərini Azərbaycana təqdim etdiyi kimi, vəfatından sonra öz cəsədinin də doğma vətəni Naxçıvanda, Arazın axar-baxarında, köhnə məzarlıqda 1917-ci ildə vəfat etmiş atası Qurbanəli Şərifzadənin dəfn olunduğu yerdə torpağa tapşırılmasını vəsiyyət etmişdir. Azərbaycandakı dostları, həmyerliləri qeyrətli vətən oğlunun vəsiyyətinə əməl edərək onu doğma Naxçıvan torpağında dəfn etmişlər.
Məqalədə ARDƏİA-nin 255 nömrəli fondunda mühafizə edilən sənədlərindən istifadə edilmişdir.
Könül NƏSİBOVA
S.Mümtaz adına DÖvlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru
Bugün: | 843 |
Dünən: | 817 |
Bu həftə: | 843 |
Son həftə: | 6197 |
Bu Ay: | 6115 |
Son Ay: | 25580 |
Bu İl: | 218933 |
Ümumi: | 1239354 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az