Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Xalq musiqisinin yorulmaz tədqiqatçısı - Firudin Şuşinski - 100

Son Yenilənmə : 2025-10-24 13:10:02
Baxış sayı : 113

    Musiqi mədəniyyətimizə aid ciddi tədqiqatların olmaması dahi bəstəkar Üzeyir Hacıbəyovu daim narahat ediridi. Ü.Hacıbəyov özü musiqi mədəniyyətimiz haqqında ilk dəyərli və çox ciddi elmi-tədqiqat əsəri olan  -“Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyasını yazmışdı. Ü.Hacıbəyovun bu monoqrafiyasından sonra nə aşıq sənəti musiqisi, nə  muğamlarımızın tədqiqi, nə də musiqimizin inkişaf mərhələləri haqqında  fundamental, diqqətəlayiq  heç bir əsər yaradılmamışdı. Dahi bəstəkar hər zaman musiqişünasları musiqi mədəniyyətimizi öyrənməyə, xalqın yetişdirdiyi dahi müsiqiçilərin irsini düzgün tədqiq etməyə və mənimsəməyə çağırırdı.

     Musiqişünas Firudin Şuşinskiyə qədər Azərbaycan musiqisinin bu sahəsi ilə heç kəs məşğul olmamış, heç kəs bu çətin və xeyirxah işi öz üzərinə götürməmişdi. Bu mənada Firudin Şuşinskini musiqi mədəniyyətimizin ilk tədqiqatçısı, “ilk qaranquşu” adlandırsaq yanılmarıq. Xalqımızın musiqi sənəti tarixinin, onun nadir incilərinin araşdırılması, tapılıb bugünkü nəslə çatdırılması işində F.Şuşinskinin misilsiz xidmətləri olmuşdur.

     Firudin Məhəmməd oğlu Şuşinski 1925-ci il oktyabrın 20-də Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində anadan olmuşdur. Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firudini Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alan Firudin orta məktəbi də əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Darülfününün (Universitet) tarix fakültəsinə daxil olur.

     F.Şuşalı 1962-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında ilk kitabını yazır.  “Şuşa” kitabı müəllifin uzun müddət apardığı yaradıcılıq axtarışlarının, tədqiqat işlərinin və respublikamızın  müxtəlif rayonlarında, şəhərlərində yaşayan, bir sıra hadisələrin canlı şahidləri olan qocaman şuşalılardan topladığı dəqiq xatirələrin məhsulu idi. Kitabın ən gözəl məziyyətlərindən biri o idi ki, şəhərin musiqi sənətkarlarını  geniş oxucu kütləsinə tanıtdırır, məşhur müğənnilər, incəsənətin, mədəniyyətin tanınmış nümayəndələri haqqında yığcam  və maraqlı məlumatlar verilirdi.

     F.Şuşinskinin ikinci kitabı 1964-cü ildə məşhur xanəndə və musiqi xadimi Cabbar Qaryağdıoğlu haqqında yazdığı “Cabbar Qaryağdıoğlu” əsəridir. Kitab Azərbaycan vokal sənətinin əvəzsiz nümayəndələrindən olan məşhur müğənni Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığından bəhs edirdi. Tədqiqatçı bu kitabda ustad sənətkarın həyata gəlişi ilə “Azərbaycanda musiqi tarixində yeni mərhələnin” yarandığını söyləyirdi. Müəllif haqlı olaraq yazırdı ki, Azərbaycan musiqi tarixində heç kəs xalq musiqimizi Qaryağdıoğlu qədər dərindən bilməmiş və onu geniş xalq kütlələrinə bacarıqla çatdırmamış, sevdirməmişdir.

      Müəllifin “Şuşa”, “Cabbar Qaryağdıoğlu” əsərlərindən sonra 1966-cı ildə məşhur muğam ustası Seyid Şuşinski haqqında yazdığı “Seyid Şuşinski” kitabı çıxır. Kitabda F.Şuşinskinin müraciət etdiyi əsaslı, inandırıcı faktlar oxucunun diqqətini cəlb edirdi. Aydın olurdu ki, müəllif yuxusuz gecələr keçirmiş, müxtəlif arxivlərin qovluqlarını vərəqləmiş, Cabbar Qaryağdıoğlu məktəbinin davamçısı Seyid Şuşinski irsini hərtərəfli öyrənmişdir.

     Bütün bunlara baxmayaraq, 60-cı illərin əvvəllərində  “Şuşa” haqqında yazdığı ilk kiçik həcmli əsəri tədqiqatçını qane etmirdi. Şuşanın tarixini geniş və əhatəli şəkildə araşdırmaq tədqiqatçının ən böyük arzusu idi. Bunun nəticəsi idi ki, Firudin bəy Şuşanın tarixi haqqında sənədlər toplamaq üçün öz hesabına, heç kəsdən təmənna güdmədən keçmiş SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqat işləri aparmışdır. Şəxsi vəsaiti hesabına ayrı-ayrı şəxslərdən musiqi tariximizdən bəhs edən sənədlər alan, gecə-gündüz gərgin işləyən, hər cür çətinliklərə sinə gərən Firudin bəy bilmirdi ki, keçirdiyi yuxusuz gecələrin nəticəsində ərsəyə gələn “Şuşa”  bir tərəfdən ona şöhrət gətirəcəksə, digər tərəfdən onu uzun müddət təqiblərə məruz qoyacaqdır.

    1969-cu ildə tədqiqatçı “Şuşa”  əsərini geniş, əhatəli şəkildə yenidən işləyərək oxucuların müzakirəsinə verir. O bir tərəfdən bu vüqarlı qalanın tarixi əzəməti, düşmənə basılmazlığı haqda yazırdısa, digər tərəfdən mənfur ermənilərin Şuşada və ətraf rayonlarda hansı tarixi şəraitdə məskunlaşmasını tarixi faktlar əsasında açıb göstərirdi. Müəllif hələ o uzaq illərdə gələcək təhlükədən xəbər verərək yazırdı ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi özgə torpaqlarına göz  dikən bədxahların münaqişə obyekti ola biər.

     F.Şuşinski yazırdı: “ ”Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi?! O zaman mən ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basırdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə siu-qəsd də etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın bütün mətbuatı əleyhimə böhtanlar və söyüşlər yazdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdilər”.    

      O vaxt Azərbaycan KP MK-nın ikinci katibi olmuş rus milliyətindən olan bir şəxs  hətta tələb etmişdi ki, Şuşinski İrəvana gedib camaat qarşısında ermənilərdən üzr istəsin. Hətta bunun müqabilində F.Şuşinskiyə SSRİ Dövlət Mükafatı verilməsi də vəd olunurmuş.

     Moskvanın təkidi ilə müəllifin və kitabın məsələsi Azərbaycan KP MK bürosunda müzakirəyə qoyulur. Altı saat yarım davam edən müzakirələr zamanı ona bildirilir ki, kitab millətlərarası ədavəti qızışdırır və ona görə də  “Şuşa” kitabının bütün tirajı məhv edilməlidir. Lakin MK bürosunda kitabı müdafiə edənlər də olur. Onların arasında o vaxtkı respublika DTK-sının sədri Heydər Əliyev də var idi. Onun şəxsi göstərişi ilə Şuşinskinin təqib olunmasına son qoyulur.

      “Şuşa” kitabına görə müəllifin yazılarının çapına səkkiz il qadağa qoyulur. Lakin yorulmaz tədqiqatçı Azərbaycan musiqi ifaçıları haqqında iki əsri əhatə edən monumental əsər üzərində işləyirdi. Heç kəsdən maddi kömək ummayan F.Şuşalı atasından qalan var-dövləti əsirgəməyərək xalq sənətkarlarını tanıtdırmaq üçün neçə-neçə şəhərlərin arxivlərində günlərlə, bəzən də aylarla işləyir. Muğam tarixini işıqlandıran sənədləri əldə etmək üçün xəsislik etməməsinin nəticəsi idi ki, 1971-ci ildə F.Şuşinski XIX-XX əsrlərdə yaşayan ustad sənətkarlarımızın həyat və yaradıcılığından bəhs edən “Azərbaycan xalq musiqiçiləri” adlı irihəcmli əsərini oxuculara təqdim edir. Kitabda musiqi tariximizdə böyük xidmətləri olan 40 musiqiçinin həyat və yaradıclığı haqqında arxiv sənədləri əsasında oxucuya məlumat verilirdi.  F.Şuşinski musiqiçilər haqqında sözünü XIX əsrin böyük müğənnisi Hacı Hüsü ilə başlayıb görkəmli xanəndəmiz Xan Şuşinski ilə bitirirdi. Belə bir kitabı yazmaq üçün müəllif 20 il arxivlərdə axtarışlar aparmışdı.

     70-ci illərdə radio dalğalarında vaxtaşırı səslənən “Xanəndəlik sənəti”, “Şərq konsertləri”, “Qədim Azərbaycan toyları”, “İlk qrammofon valları” kimi verilişlərin də müəllifi Firudin Şuşinski idi. Firudin Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli bir vəzifəni təkbaşına görürdü. Deyilənlərə görə, onun mənzili qeyri-adi muzeyi xatırladırmış. Mənzildə mədəniyyət tariximizdən xəbər verən minlərlə fotoşəkil, afişa, konsert proqramı, çoxu 1906-1912-ci illərdə yazılmış yüzlərlə qrammofon valı toplanmışdı.   Cabbar Qaryağdıoğlunun şəxsi qavalı, məşhur tarzən Qurban Primovun 1886-cı ildəki ilk tarı, şairə Xurşudbanu Natəvanın öz əlləri ilə naxış vurub tikdiyi iki tənbəki kisəsi də muzeyin qiymətli eksponatlarından idi.

     Yorulmaz tədqiqatçı 1984-cü ilin noyabrında tamaşaçılara “İfaçılıq sənəti” adlı yeni veriliş təqdim edir. Burada o milli mədəniyyətimizin keçmişindən, sənət dünyasına bəxş etdiyi qüdrətli simalardan söhbət açırdı. F.Şuşinski verilişə görə ona təşəkkür edən dostlarına deyirmiş ki, “bilmirsiniz ki, mən onu hansı maneələrdən keçirdirəm”.

      Bütün ruhu ilə Şuşaya bağlı olan F.Şuşinski 1996-cı ildə - Şuşanın düşmən əlində olduğu bir vaxtda “Şuşa” kitabının yeni nəşri üzərində işləri başa çatdırır.

      Musiqi mədəniyyətimizə, onun qüdrətli simalarına aid yüzlərlə məqalənin, monoqrafiyanın müəllifi  olan F.Şuşinski ölümündən iki il öncə deyirmiş ki, Azərbaycanın Opera sənətinin tarixi haqqında, görkəmli müğənni Bülbülün həyatı və sənətinə aid kitablar yazmaq istəyir. Üç cildlik Azərbaycan Musiqi Ensiklopediyasını hazırlamaq tədqiqatçının ən böyük arzusu imiş.

      Təəssüf ki, ömür  vəfa etmir. Bütün şüurlu həyatını, gənclik hərarətini, tükənməz enerjisini övlad borcu ilə Azərbaycan xalq musiqi sənətinin öyrənilməsinə və təbliğinə həsr etmiş Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də gözlərini əbədi olaraq bu dünyaya yumur.

 

 

                                                                                  Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat    

                                                                           və İncəsənət arxivinin şöbə müdiri 

                                                

                                                                            Məqalənin hazırlanmasında 725 №-li fondun 

                                                                                   sənədlərindən istifadə olunmuşdur.

       



Bugün: 356
Dünən: 1430
Bu həftə: 9992
Son həftə: 11350
Bu Ay: 38165
Son Ay: 48584
Bu İl: 38165
Ümumi: 1732090
1732090