1908-ci il Milli Opera sənətimizin tarixinə qızıl hərflərlə yazılmışdır. Belə ki, həmin ildə “Leyli və Məcnun” operası tamaşaya qoyulmuş və Azərbaycan Şərqin ilk opera məkanı olmuşdur.
Bu gündə qoca Şərqin opera tarixinin məhz Azərbaycandan başladığını qürur hissi ilə xatırlayırıq. Bu şərəfli peşədə öz adını tarixə pozulmaz hərflərlə yazdıran, Şərqin ilk opera məskənində neçə-neçə aktyor və ifaçı nəsil yetişdi. Bu sənətkarlardan biri də Azərbaycanın tanınmış opera müğənnisi, Xalq artisti Fatma Muxtarovadır.
Muxtarova Fatma Səttar qızı 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya göz açmışdır. O, kiçik yaşlarında olarkən ailəsi Rusiyaya köçərək Rostovda, daha sonra isə bir neçə il Sankt-Peterburqda məskunlaşırlar. Atası rəhmətə gedəndən sonra anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununlada onun həyatının acınacaqlı günləri başlayır. Valideynləri qərara gəlirlər ki, onu diləndirməyə göndərsinlər. Fatma Muxtarova həmin günləri belə xatırlayırdı: ”Qərib soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin, əlim uzanmadı. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımı xatırladım. Ardıncada oxumağa başladım. Adamlar maraqla baxır, gümüş və ağ pular atırdılar. İlk “konsertimdən” sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım. Beləliklə, Fatma Muxtarova 12 yaşında şarmanka ilə küçələrdə mahnılar oxuyub pul qazanmağa başlayır. Çox çətin günlərdən sonra nəhayətki yeniyetməlik dövründə həyat onun üzünə gülür. O, xalq teatrı truppası tərkibində Saratova gəlir. Təsadüf nəticəsində onu “Saratovskie vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir və ifasına heyran qalır. Fatma Muxtarova Saratov Konservatoriyasını bitirdikdən sonra Moskva, Sank-Peterburq, Kiyev, Xarkov və başqa şəhərlərin opera teatrlarında datəhsil almşdır.
O, 1914-cü ildə ailə həyatı quraraq Moskvada yaşamağabaşlayır. Bir müddət burada yaşadıqdan sonra 1923-cü ildə həyat yoldaşı Aleksandr Malin ilə Bakıya köçür. Həyat yoldaşının ona dəstəyi ilə daha uğurlu işlərə imza atır. Fatma Muxtarova özünəməxsus səhnə mədəniyyəti ilə daim seçilir. Tez-tez teatrlara dəvət olunmağa başlayır. O, Azərbaycan teatrının 50 illiyi ilə bağlı Azərbaycan Dövlət Opera və Balet teatrına məktub göndərir. Məktubda özü belə yazırdı: “Gənc Azərbaycan teatrının rus opera səhnəsindəki ilk müsəlman qadınından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram.” Onun ürəyindəki bu arzuları tezliklə həyata keçir. Səhnədə tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edir, səsinin gözəlliyini nümayiş etdirə bilirdi.
Ailə həyatında xoşbəxt olan müğənni səhnə fəaliyyətində də uğurlar qazanmağa başlayır. O, Azərbaycan opera səhnəsində ilk dəfə olaraq J.Bizenin “Karmen” operası ilə səhnəyə çıxır. Bütün tamaşa boyu özünəməxsus ifası ilə seçilir. Tembrinə görə eyni zamanda qüvvətli metso-soprona səsə sahib müğənni bu işin öhdəsindən gəlir. Daha sonra o, “Qaratoxmaq qadın” operasında Polinanı, Saloxanın “Qar qız” operasında Baharı, “Çar gəlini” operasında Lyubaşanı və bir çox çətin rolları ifa edə bilir.
Mügənninin yaradıcılığında “Karmen” obrazı xüsusi yer tutur. “Karmen”operası ilk dəfə Azərbaycan dilinə Nigar Rəfibəyli tərəfindən tərcümə edilib və opera teatrında “Karmen”i oynayan yeganə qadın müğənni məhz Fatma Muxtarova olur. O, opera səhnəsində Fyodr Şalyapin, Bülbül, Sergey Lemeşevle çıxışlar edib. Solist kimi çox ölkələrdə qastrol səfərlərində olub.Bənzərsiz obrazları ilə 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olmuşdur. O 25 il Azərbaycan opera səhnəsində əvəzolunmaz rollarla çıxış etmişdir. Fatma Muxtarova səhnə ilə Tiflis şəhərində 1953-cü ildə sonuncu qastrol səfəri zamanı vidalaşıbdır.
Fatma Muxtarova yaddaşlarda öz işinin peşəkarı kimi qalmışdı. İllərlə onunla birgə çalışan sənət dostu Ağababa Bünyadzadə onu belə xatırlayırdı: “Mənə ilk dəfə Eskamilyo rolutapşırılmışdı. Fatma xanımın rolu olan “Karmen”ninsevgilisini oynayacaqdım. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun tamaşaya hazırlaşdığını gördüm. Bu onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut edirdi. Həddən artıq tələbkar idi. Onun baxışları həmişə dediyi sözlərə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi”.
İstər sənət dostları, istərsə də dövrü mətbuat onun əzmini, peşəkarlğını yüksək qiymətləndirdi. Dövrün qəzetləri isə onun haqqında yazırdı: “bu səs insanı xəncər kimi yaralayada bilər”.
Fatma Muxtarovanın səhnə ustalığı daim diqqət mərkəzində olmuşdur. O 1936-cı ildə Gürcüstanın SSR əməkdar artisti, 1940-cı ildə isə Azərbaycan SSR Xalq artisti,1946-cı ildə isə “Şərəf ordeni” nişanına layiq görülmüşdür.
Fatma xanım ömrünün sonlarına doğru evindən çıxmaq istəmirmiş.. O deyirdi: “İstəmirəm qocalığımı görsünlər, istəyirəm məni həmişə gözəl Fatma kimi xatırlasınlar”... O hər zaman dediyi zirvədə qala bildi.
Azərbaycanın tanınmış opera müğənnisi, Xalq artisti Fatma Muxtarovanın parlaq şəxsiyyəti və misilsiz istedadı bugündə xatirələrdədir. Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən xalq artisti 19 oktyabr 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məqalədə ARDƏİA-dəmühafizə edilən 239 №-li fondun materiallarından istifadə edilmişdir.
Gülnar Şərifova
ARDƏİA-nin aparıcı arxeoqrafı
Bugün: | 269 |
Dünən: | 774 |
Bu həftə: | 5638 |
Son həftə: | 6350 |
Bu Ay: | 18347 |
Son Ay: | 25108 |
Bu İl: | 284496 |
Ümumi: | 1304917 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az