Fəridə Həsən qızı Əliyarbəyli
Deyirlər, bütün insanlar özünəməxsus istedada malikdir, lakin bəziləri istedadını kəşf edə, bəziləri isə ondan istifadə edə bilmir. Elə insanlar da var ki, onların istedad çırağı bir neçə əsr boyunca digər insanların zəkasını nurlandırmağa xidmət edir. Vətənini anası, onun hər bir övladını öz övladı bilən, Natəvan ənənələrinin davamçısı Fəridə xanım belə nadir istedad sahiblərindəndir.Şair, publisist, dramaturq Fəridə xanım Həsən qızı Əliyarbəylinin şəxsi mənşəli fondu sağlığında öz təşəbbüsü ilə Dövlət Arxivinin Gəncə filialına təhvil verilmiş və 2008-ci ildə həmin sənədlər əsasında 598 saylı fond yaradılmışdır.Fondda müəllifin şəkilli tərcümeyi-halı, ilk şeirlərinin və “Xatirəyə dönən illər” şeirlər kitabının əlyazmaları, “Qonşular” (Azərbaycan və rus dillərində), “Xan qızı”, “Özgə yeri” pyesləri, uşaq şeirləri və poemaları, həmçinin Fəridə xanımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin dəvətnamələri, çıxışlar, Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının repertuarının gündəliyi, 70 illik yubileyi münasibətilə müxtəlif idarə, müəssisə və təşkilatların, dostlarının təbrik məktubları və s. mühafizə olunur.
Fəridə Əliyarbəyli 01 iyul 1924-cü ildə Gəncə şəhərində anadan olmuş, burada 1 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 2 il Respublika Elmlər Akademiyasının Gəncə bazasında kiçik elmi işçi (1948-1950), uzun müddət (1953-1989) Azərbaycan Yazıçılar İttifaqının Gəncə şəhər şöbəsinin məsul katibi vəzifələrində çalışmışdır.1953-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ yazıçılarının 2, 3, 5-ci qurultaylarının nümayəndəsi olmuşdur. 1959-1989-cu illərdə Kirovabad (Gəncə) şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. İctimai həyatda, həmçinin ədəbiyyat sahəsində yorulmadan çalışan Fəridə xanım “Əmək rəşadəti” medalı ilə təltif edilmiş, 1994-cü ildə anadan olmasının 70, 2004-cü ildə 80 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir.
Yaradıcılığa 1939-cu ildə “Kirovabad bolşeviki” qəzetində çap olunan “A dağlar” şeiri ilə başlamışdır. Müəllifin “Xan qızı”, “Qonşular” kimi uğur qazanmış pyesləri Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulmuş, izləyicilərin rəğbətini qazanmışdır. Xurşidbanu Natavana həsr edilmiş, daha çox uğur qazanan “Xan qızı”, həmçinin “Özgə yeri” pyesləri Respublika televiziyasında da tamaşaya qoyulmuşdur.
Fəridə xanım Əliyarbəyli eyni zamanda müxtəlif mövzulara həsr edilmiş rəngarəng məqalələr müəllifidir.
Publisistika, həmçinin dramaturgiya sahəsində səylə çalışan, bir-birindən gözəl əsərlər müəllifi, həmvətənlərinin sevgisinin qazanan Fəridə xanım şeirləri ilə istər estetik zövq, istər poetik, istər həyatı əlvan boyalarla, əsrarəngiz biçimdə əksetdirmə baxımından daha böyük uğurlara imza atmışdır.
Müəllifin şeirləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Moldova kimi xarici dövlətlərdə çap olunmuşdur. “Pesnya, meçta i lyubov” (1972), “Çinara nad krişey” (1977) kitabları Moskvada dərc edilmişdir.
“Arzular”, “Yasəmən”, “Gəncəli qız”, “Qayğı”, “Damlardan uca çinar”, “Dünyaya insan gəlir”, “Yağış”, “Payız kəpənəkləri”, “Sərv ağacı”, “Novruz bayramı”, “Xatirəyə dönən illər” kimi şeir və poemalardan ibarət kitabları oxucuların qəlbinə dərindən nüfuz etmiş, uşaq şeirləri tərbiyəvi və əyləncəli olmaqla, balaca oxuculara sevinc payı olmuşdur.
Kəndin nə gözəldir yaz axşamları,
İnsanları ayrı, həyatı ayrı
Samovar züy tutur min avaz ilə
Süfrə ətrafında toplaşar ailə
Zəhmətin bəhrəsi çox şirin olur,
Yaşamaq hünərlə, mənayla dolur.
“Kənd axşamları” şeirində kəndin səmimiyyətlə dolu qaynar həyatını, günün dağlar arxasına çəkilməsini, qoyun-quzunun səs-səsə verməsini, çobanın şirin nəğməsini qocaların axşam məclisini min bir incəliklə göz önündə canlandıran müəllif “Çinar”, “Arzular”, “Bahar”, “Bizim Gəncədə bahar”, “Göygöldə bahar”, “Maralgöl”, “Kəpəzim” kimi şeirlərində də bir rəssam kimi bütün boyalardan istifadə etmiş, oxucuların Gəncə təbiətinin ecazkar mənzərəsini əyani surətdə izləməsinə, bulaqların şırıltısını, yarpaqların xışıltısını, quşların cəh-cəhini öz qulaqları ilə eşitməsinə nail olmuşdur:
Baharda gözəldir vüsaltək Göygöl,
İnsanı cəlb edir xəyaltək Göygöl,
Səhər-səhər gölə günəş doğanda
Sanki cilvələnir bir tavus quşu.
Otların üstünə yağış yağanda,
Hər damcı yaradır bir zümrüd quşu.
Göygöl vətənimə gözəl zinyətdir,
Hələ yazılmamış bir şeiriyyətdir.
Yurdunun gözəlliklərini belə şirin dillə, zəngin bədii təsvir və ifadə vasitələrindən istifadə edərək sözlərə düzən şairə Maralgölün həqiqət olduğuna inanmır:
Bir bahar səhəri gədim dağlara,
Səni görən zaman möcüzə sandım.
Bu mavi göl hara, dağ başı hara,
Zirvədə parlayan firuzə sandım.
F. Əliyarbəylinin şeirlərini oxuyarkən belə bir maraqlı qeydlə qarşılaşdım.
Müəllifin “Bir yaz səhəri” şeirində belə bir bənd varmış:
Apar sürüləri dağlar ardına,
Girmiş çəmənliklər al-əlvan dona.
Həzin çeşmə axır otlar altına,
Orda gözləyirəm səni, sevgilim.
Səməd Vurğun şeirin bu yerini oxuyanda bərkdən gülmüş və demişdir: “bu yazıqlar suyun içində sətəlcəm olar” və axırıncı iki misranı belə düzəltmişdir:
Gecə ay doğanda yaşıl ormana
Səni gözləyirəm, gəl, ay sevgilim.
Fəridə xanım Səməd Vurğunun xətti ilə bu düzəlişi olduğu kimi saxlamışdır.
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı müxtəlif cəbhələrdən yazılıb ailələrinə göndərilən məktublar əsasında “Üçkünc məktublar”, “Qara kağız”, “Səni gözləyirəm”, “Əlvida, əzizim”, “Əsgər məktubu”, “Yenə bir məktub” və s. kimi şeirlər qələmə almışdır.İstər adı çəkilən, istərsə də vətənpərvərlik, müharibə mövzularına həsr olunmuş digər şeirlərində şairə vətənin qəhrəman ana, oğul və qızlarının tükənməz vətən sevgisindən, torpağa, ailəyə olan bağlılığından, ən əsası əsgər yolu gözləyənlərin sədaqətindən, inamından, qətiyyətindən ağızdolusu.ş qürurla danışır, gələcək nəsillər üçün nümunə olaraq göstərir.
“Qırmızı nar” toplusuna daxil olan şeirlər əsasən uşaqlarda vətənə sevgi, təbiətə qayğı, mehriban dostluq, əməyə, zəhmətə məhəbbət, böyüklərə hörmət hissi aşılamaq məqsədilə aydın, sadə və səmimi bir dillə qələmə alınmışdır.
Şairə SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudova, Puşkinə, Nazim Hikmətə həsr etdiyi şeirlərində onlara olan rəğbətini, sevgisini bildirir:
Sən nəğmə deyəndə elə, obaya,
Gəncə çöllərində lalələr güldü.
Kəpəz əl uzatdı ulduza, aya.
Mavi Göygölümün gözü süzüldü.
(R. Behbudova həsr etdiyi “Heyranam” şeirindən)
Məqalə hazırlanarkən 598 saylı fondun sənədlərindən istifadə edilmişdir.
F.R.BABAYEVA
Dövlət Arxivi Gəncə filialının arxivçisi
Bugün: | 114 |
Dünən: | 824 |
Bu həftə: | 3416 |
Son həftə: | 6294 |
Bu Ay: | 22419 |
Son Ay: | 25108 |
Bu İl: | 288568 |
Ümumi: | 1308989 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az